Düşüncə Jurnalı

header photo

Ünsiyyət

Ünsiyyət insanı sosiallaşdıran başlıcalıqdır. İnsanlara sadə gələn bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda — heyvan, bitki və insanlarda var. Amma bizi digər canlılardan fəqləndirən cəhət şüurumuzla ünsiyyəti mükəmməl şəkildə həyata keçirməyimizdir.

Ümumiyyətlə, ünsiyyət deyəndə nə başa düşürük? Gəlin, birlikdə aydınlaşdıraq. İnsan bir fikri başqasına çatdırmaq, fikrə münasibət bildirmək və münasibət öyrənmək üçün ünsiyyətə girir. Ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən faktordur. İnsan bu keyfiyyəti ilə gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs də ola bilər.

Psixologiyanın bir qolu olan NLP-də (Neyro Linqvistik Proqramlama) ünsiyyət prosesi geniş şəkildə izah olunur. Ünsiyyət sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) şəkildədir. 

Biz fikrimizi sözlə ifadə etsək də, eyni anda bədən dilimizlə də danışırıq. Sözlü və sözsüz dilimiz bir-biriylə nə qədər ahəngdar olsa, ünsiyyətimiz bir o qədər təsirli və uğurlu olar. Qarşınızdakının dili yalan söyləsə belə, bədən dili özünü ələ verir. Çünki bədən dilini idarə etmək dil qədər asan deyil.

Ünsiyyət  prosesində alıcı (qəbul edən) və ötürücü (mənbə) tərəflər mövcuddur. Ötürücü tərəf mövzu haqda məlumatlı, alıcı ilə ünsiyyətə maraqlı, lazım gəldikdə həm də alıcı olmalıdır. Alıcı tərəf isə almağa həvəsli olmalı, seçici olmamalı, qaynaq olmağa istəkli olmalıdır ki, onların ünsiyyəti uğurlu alınsın. Yəni biz həm dinləməyi, həm də fikrimizi düzgün şəkildə çatdırmağı bacarmalıyıq. Deyəcəksiniz ki, bəzən qarşımızdakı elə boş danışır ki, nəinki onu dinləmək istəyi, hətta kəskin münasibət bildirməyimiz gəlir. Amerika siyasətçisi E.Marks yaxşı deyir:  “Boş danışanın danışdıqlarında belə, özünə götürəcəyin çox şey var. Ən azı danışdıqlarının insanlara nə zaman boş gələcəyini biləcəksən”.
 

Psixologiyada, xüsusən də, transakt analiz deyilən nəzəriyyədə insanın rolları və bunların uzlaşması məhfumu var ki, bu da bizə doğru ünsiyyət qurmağa kömək edir. Bu nəzəriyyəyə əsasən hər bir insanda 3 başlıca rol var: yaşlı, valideyn, uşaq. Məsələn, bəzən özümüzdən kiçiklərə və ya dostlarımıza, bir sözlə ətrafdakılara nəyin doğru, nəyin yanlış olduğunu başa salırıq (valideyn rolu), bəzən məsləhət verir (yaşlı rolu), bəzən isə özümüzü dəcəl və şıltaq aparırıq (uşaq rolu). Bunların hamısı bizdə var. Və biz bunları doğru zamanda, doğru yerdə istifadə etsək, ünsiyyətimiz uğurlu alınar. Bu istiqamət əsasən, ailə münasibətlərində korreksiya aparılmasına kömək edir.

Əgər qarşınızdakı ilə eyni roldan çıxış etsəniz, uduzmazsınız. Məsələn, sevdiyiniz insan sizinlə uşaq kimi danışır, oynayırsa, çalışın siz də onunla bu şəkildə rəftar edin. Və ya sizi danlayırsa, sizin də ona “çalışaram olmasın” və ya “səni nə narahat edir? Nədən narazısan?” və s. kimi stiuasiyaya uyğun cavab verməniz gərəkir. Əgər siz uşaq kimi ona cavab versəniz, vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilərsiniz. Tolstoyun yaxşı sözü var: “Xoşbəxt o insandır ki, özü başa düşdüyü kimi başqasını da başa salır”. Xüsusən cütlüklər arasında yaranan problemlərin kökündə özünü düzgün ifadə edə bilməmək durur. Biz əgər qarşımızdakının başa düşəcəyi dildə danışsaq, fikrimiz aydın olar. Bunun üçün də yuxarıda qeyd edilənlərdən kömək kimi istifadə edə bilərsiniz.

Beləliklə, qısa misallarla da olsa ünsiyyətinizdə çətinlik çəkdiyiniz hissələrdə köməkçi olmağa çalışdım. Toxunduğum məsələlərdən düzgün istifadə etsəniz, sizə çox faydalı olacaq. Bunları həyata keçirmək üçün sabahı gözləməyin. Məqaləni oxuyub bitirdiyiniz ilk andan sonra həyatınızda tətbiq etməyə başlayın. Sonda isə onu qeyd etmək lazımdır ki, hər cür ünsiyyətdə qarşılıqlı hörmət, dinləməyi bacarmaq və səbrli olmaq ən əsasdır. Bunların hamısı öz yerində olsa, ünsiyyətin yarısından çoxunun uğurlu olduğu anlamına gəlmək olar.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu

Narınc Rüstəmova

Go Back

Sorğu göndər