Düşüncə Jurnalı

header photo

Nəyə inanırıq, kimi itiririk

Xanımlar elə tələyə düşürlər ki, bunu həmin an fərqində olmurlar. Ancaq zaman keçdikcə hər birinin “Gör o vaxt nəyi böyütmüşəm, keçmək olardı” demək məcburiyyətində qaldıqlarını görürük. Qadınlar kişilərin iki səhvini bağışlaya bilmirlər: yalan və xəyanət. Əslində bu ikisi eyni bir şeydir. Yalan danışmaq səmimiyyəti pozmaqdır, yalan varsa, mütləq şəkildə xəyanət də olacaqdır. Təbii burada xırda yalanlardan söz gedə bilməz. Çox vaxt partnyorumuzda yalan tapdığımız zaman “indi, burada” anlayışından uzaqlaşıb arxivlə maraqlamağa başlayırıq. Məsələn, “bunu yalan deyibsə, yəqin çox şeyi də yalan deyib” deyə düşünmək. Bir işin içinə şübhə də qarışdımı orada həll yolunun tapılmasından söz gedə bilməz. Siz deyəcəksiniz, o deyəcək, beləliklə, ya siz, ya da o evi tərk edəcək.

Heç nə olmamış kimi davranan insanlar var bilirsiz. Xəyanət edər sizə “Mən heç nə etməmişəm” deyər. Sübutlarınızı gözünün önünə sərərsiniz, “Nə əlaqəsi var?” deyə cavab verər. “Səni görüblər, filan saatda, filankəslə filan yerdəymişsiniz” deyə tarix, zaman, insan adı çəkərsiniz “Kim görüb?” deyə soruşar. Yəni nə etsəniz səhvini qəbul etdirə bilməzsiniz. Bir az daha danışsanız səsini yüksəldər, bağırar üstəlik sizi günahlandırar. Özü süddən çıxmış ağ qaşıqdır, amma siz paranoidsiniz. Bunlar yetmədi bir də qapını çırpıb çıxar, ortadan yox olar. Əslində zaman qazanmaqdadır, yeni bir plan içindədir. Məsələnin necə ortaya çıxmasını araşdıracaq, ona uyğun müdafiə axtaracaq. Bir neçə gün sonra döndüyündə sizi nə qədər sevdiyini, sizin üçün nələri gözə aldığını deyər “Mən bunları edərkən sən məni günahlandırırsan” deyib üstə çıxmağa çalışar.

Bəs nə edək bu vəziyyət qarşısında? Həyat yoldaşınız üzərində qadın saçı ilə evə gəlirsə, bunu unutmayın: Evə üzərində saçla gələn kişi yoxdur, evə üzərində saç ilə göndərilən kişi vardır. Düşünün, siz onun həyat yoldaşısınız, heç olubmu o öz üzərində sizin saçınızla işə getsin? Heç vaxt. Bəs necə olur sadəcə 4-5 saatını keçirdiyi qadının saçı onun üzərində olur? Oyun bitənə qədər necə bir oyunun içində olduğunu anlamazsan. Ona görə də tələsməyin. Onun sizə rəftarına baxın. Ancaq ən xırda sizə qarşı mənfi hərəkətinə “həmin qadına görədir” mənasını yükləməyin. Birini itirmək asandır, qazanmaq çətin. Buna riayət etmək adına öz yolumuzla getməyi, səbr etməyi öyrənək. Unutmayın, siz onun yüzlərcə qadını seçə bildiyi azadlıq vaxtlarının tək seçimisiniz. Siz o 50 qadının içində 49-nun qurban verildiyi tək qadınsınız. Bunu heç vaxt unutmayın və hər zaman özünüzə aid kiçik bir dünyanız olsun. Olsun ki, sabah bu vəziyyətlərdə “İndi nə edəcəm?” qorxusu yaşayıb hər şey sonmuş kimi görməyəsiniz. Hər zaman qaldığınız yerdən başlaya bilmə şansınız var.

Səbinə Ələkbərova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər