Düşüncə Jurnalı

header photo

Sensor afaziya

   

Sensor afaziya akustik – qnostik və akustik – mnestik afaziyaya ayrılır.

      Akustik – qnostik afaziya baş beyin qabığının sol yarımkürəsinin yuxarı gicgah payının arxa hissəsinin zədələnməsi nəticəsində yaranır ( vernike 22- ci sahə ). Afaziyanın bu forması zamanı mərkəzi mexanizm fonematik eşitmənin pozulması ilə nəticələnən akustik təhlilin və danışıq səslərinin sintezinin patologiyasıdır. Fonematik eşitmənin pozulması sensor afaziyanın mərkəzi qüsuru olub impressiv nitqin kobud pozulmaları ilə şərtlənir. Nitqin paradinamik sistemi artıq fonem səviyyəsində pozulmuş olur. Fonemləri cingiltili – kar, bərk – yumşaq, nazal – qeyri nazal xassələrinə görə ayıra bilmirlər. Akustik – qnostik afaziyalı xəstələr səsləri bu əlamətlərinə görə ayıra bilmədiklərinə görə bütün səsləri eyni cür tələfffüz edirlər. Və ya səsləri oxşar səslərlə əvəz edirlər. Nəticədə sözün mənası itmiş olur.  Akustik – qnostik afaziya zamanı:

  1. Oxu və yazı qüsurları müşahidə olunur.
  2. Eşitmə ilə şərtlənən hesab pozulmuş olur.
  3. Ritmin pozulması müşahidə olunur.
  4. Emosional iradi sferanın pozulması müşahidə olunur.

       Afaziyanın bu növündə hətta sadə təlimat anlaşılmaz olur. Lakin bəzən deyilənin ümumi mənası qavranılır. Nitqi anlamın 3 səviyyəsi qeyd olunur:

  1. Kobud – anlama çox məhduddur.
  2. Orta – stituativ nitq anlaşılır.
  3. Yüngül – məntiqi ardıcıllığa varmadan nitq nisbətən sərbəst anlaşılır.

Akustik – qnostik afaziya zamanı yaranan şifagi nitqin üç inkişaf səviyyəsi qeyd olunur:

  1. Ağır səviyyə - nitq müxtəlif səs, söz, ifadə yığımından ibarət olur. Nitqi ifadə etmək mümkün deyil. Bu cür nitq bir müddət sonra loqoreya ilə əvəz olunur. Loqoreya – lazımsız informasiya axınıdır.
  2. Orta səviyyə - loqoreya elementləri hərfi və verbal parafaziyalarla əvəz olunur. Parafaziya – nitqə yaxınlaşma sözlərin səslərin cümlələrin mənasız əvəzlənməsidir. Nitqin tempi sürətli olur. Lakin özünü idarə və özünü korreksiya cəhdləri olaraq sözün içərisində və ya sözlər arasında pauza verilir. Nitqdə cümlə üzvlərindən istifadə olunsada mübtəda və xəbər üstünlük təşkil edir.
  3. Yüngül səviyyə - nitqin bərpa olunmasının sonuncu mərhələsidir. Insanın şifahi nitqi leksik tərkibinə və sintaktik strukturuna görə müxtəlif və açıqdır. Tələffüz çətinlikləri hiss olunur.

         Akustik – mnestik afaziya gicgah sahənin orta və arxa payının zədələnməsindən yaranır. Bu qüsurun əsasını eşitmə yolunun artan tormozlanmasından yaranan nitqi eşitmə yaddaşının azalması təşkil edir. Afaziyanın bu növü zamanı bir neçə mərkəzin pozulması baş verir:

  1. Nitqi eşitmə mərkəzi pozulur.
  2. Akustik qavramanın həcmi azalır.
  3. Əşyavi obrazlı təfəkkür pozulur.

      Əsas mərkəzi qüsur isə nitqi anlamanın pozulmasıdır. Akustik – qnostik afaziyadan fərqli olaraq loqoreya müşahidə olunmur. Bəzi hallarda sözün düzgün tələffüzünə baxmayaraq mənanın fərqli qavranılması ola bilər. Bu qüsur zamanı ötürücü yolların tormozlanması baş verir. Tormozlanma nəticəsində öncə gələn informasiya yaddan çıxır, yeni informasiyaya yer verilir. Informasiyanın çoxluğu qüsuru ağırlaşdırır. Ağır yazı qüsurları müşahidə olunmur. Afaziyanın bu tipində qısa cümlələrdən istifadə olunur. Lazımı sözün axtarışına müəyyən vaxt sərf olunur.

Go Back

Sorğu göndər