Düşüncə Jurnalı

header photo

Uşaq tərbiyəsi və edilən yanlışlar - I HİSSƏ

Bəşər övladı dünyaya gəldiyi ilk gündən etibarən müəyyən genetik fərqliliklər ilə dünyaya göz açır və sonradan həyat yolunda qazandığı bilik, bacarıq, təcrübə və qabiliyyətlər onun dünyaya baxışlarını, düşüncələrini xasiyyət və xarakterini formalaşdırır. Hər bir uşaq öz ailəsinin genetik kodunun daşıyıcısı olmasına baxmayaraq, ilk əvvəllər ailədə gördüyü davranış formaları və münasibətlər sistemi sonradan məktəbdə qazandığı biliklər toplusu, cəmiyyətdən və insanlardan öyrəndiyi qabiliyyətlər ilə birləşərək insanın şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır.

Yaşlı nəslin, xüsusilə də ailənin, uşağın inkişafı prosesində oynadığı rol həddindən artıq vacibdir. Bu yolda böyüklərin uşağın istəklərini nəzərə almadan öz təcrübə və istəklərini onlara köçürməsi, uşağa hər şeyin hazır şəkildə, özünün iştirakı olmadan verilməsi düşünməyən, tez təsir altına düşüb idarə edilən, özünü aktuallaşdırmağı bacarmayan bir nəslin yaranmasına səbəb olur.

Hər bir uşaq öz fərdi xüsusiyyətlərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir və əgər bütün uşaqlara eyni tərbiyə və davranış üsulu ilə yanaşıb, onlardan eyni nəticəni gözləsək tamamilə yanılmış olarıq, hətta bu uşaqlar bacı - qardaş olsalar belə. Unutmaq olmaz ki, 0-7 yaş arası uşaq inkişafının və xarakterinin formalaşmasının təməlidir və insan demək olar ki, dünya haqqında biliklərinin 75 faizini 7 yaşına qədər olan bu dövrdə qazanır.

İnkişaf etməmiş cəmiyyətlərdə ailəsi ilə bərabər hüquqlu münasibətləri olan uşaq yerinə valideynlərindən asılı olan, müstəqil qərarlar qəbul edə bilməyən, nə geyinəcəyindən universitetin hansı ixtisasına qəbul olunacağına qədər qərarların ailə və qohumlar tərəfindən verildiyi, problemli uşaqlar yetişdirilir. Bu tip cəmiyyətlərdə uşaq fərd və şəxsiyyət kimi qəbul edilməyərək, hər şeyin ən yaxşısını ata - ana və yaşlı nəslin nümayəndələri bilər kimi fikirlərlə uşaqlara yanaşılır. Uşağın sual verməsi və cavablar axtarması xoş qarşılanmayaraq, sual verməyə başlayan kimi kəs səsini, sakit dur kimi sözlər valideynlərin köməyinə çatır. Vəziyyət biraz qəlizləşdikdə isə axşam atan gələndə səni atana şikayət edəcəm, onda gününü görərsən kimi təhdit edici formada uşaqlarla ünsiyyət qurulur. Atanın qəddar və əzazil bir məxluq kimi qələmə verilərək, ana tərəfindən qorxu vasitəsi olaraq istifadə edilməsi, atanı uşağın gözündə düşmən obrazına çevirir və uşaq şüuraltı olaraq atasını düşməni kimi görməyə başlayır. Beləliklə uşaq ata ilə zorakılığın əlaqəsini qurur və içində ataya qarşı sevgi hissləri yerinə qorxu və nifrət yaranmağa başlayır. Bu tipli ailədə ana dırnaq arası vasitəçi və ara düzəldən rolu oynayaraq sonda hər kəsi razı salıb aranı sakitləşdirir və xilasedici qəhrəman rolu ilə öz missiyasını tamamlamış olur. 

Ölkəmizdə geniş yayılan tərbiyə üsullarından biri də uşağa yalan söyləyərək, onu aldadaraq müəyyən dividentlər qazanılmasıdır. Bəzən ana uşağı vasitəsilə digərlərini aldadır, evə zəng gəldikdə telefonun dəstəyini uşağa qaldırtdırıb anam evdə yoxdur deməsini tapşırır. Ancaq eyni zamanda uşağın yalan deməsinə qarşı heç bir tolerantlıq göstərilmir, uşaq yalan danışdığı zaman cəzalandırılır, çox zaman isə ona qarşı fiziki zorakılıq (döymək, vurmaq) tətbiq olunur. Uşaq həyətdə oynadığı zaman yerə yıxılıb, zərər gördükdə isə uşağın valideyn tərəfindən niyə ehtiyatlı oynamırsan deyə döyülməsi, bir başqa tərbiyə üsulu kimi cəmiyyət fərdlərində öz əksini tapır. Bu misalda uşaq həyətdə insanların qarşısında ən yaxını olan ana atası tərəfindən döyülür və nəticədə özünə olan güvəni və inamı sarsılır. Bu tip davranış formalarının dəfələrlə təkrarlanması fonunda ailəsinin addımlarını izləyən, cəsarətsiz, özündən əmin olmayan bir uşaq daha cəmiyyət sıralarına daxil olmuş olur.

Bu kimi cəsarətsiz nəsillər yetişdirməyin qarşısını almaq üçün nələr edilə bilər sualını belə cavablandıra bilərik ki, uşaq ailədə sevildiyini və ailəsi üçün özəl olduğunu hiss etməlidir. Onun duyğu, düşüncə və hisslərinə diqqət edilməli, hər sözü diqqətlə dinlənməli, yaşına uyğun məsuliyyət hissləri ona aşılanmalıdır. Ailə daxilində alınan qərarlarda öz fikrini söyləməsinə imkan və şərait yaradılmalı ama eyni zamanda bu qərar və fikirlərin hamısı uşaq tərəfindən təklif olunub deyə tətbiq olunmamalıdır. Güvənsizlik və uşağın potensialını aşağılamaq, onu digərlərinin yanında pisləmək, tənqid etmək, uğursuz, bacarıqsız olduğunu bildirmək, digər uşaqlarla müqayisə etmək və s kimi neqativ məna daşıyan sözlərdən və hərəkətlərdən uzaq durmaq, həddindən artıq səviyyədə olan nəzarət funksiyasını azaldaraq, uşağın müstəqil qərarlar verməsinə kömək etmək ən vacib və ciddi şəkildə diqqət edilməsi olan məsələlərdəndir.

Uşaqlarda özlərinə olan güvəni aşağı salan faktorlar nələrdir bəs? Valideynləri tərəfindən daimi şəkildə tənqid edilən uşaqlarda utancaqlıq və özünə qapanma halları yaranmağa başlayır və belə uşaqlar hər zaman nəyisə səhv etməkdən qorxurlar. Bu cür uşaq böyüyüb məktəbə getdiyində öz yoldaşları ilə ünsiyyət qura bilməyərək, içinə qapanıq məktəb həyatı yaşayır.

Həddindən artıq nəzarət və təndiqlə böyüdüyü üçün məktəb həyatına daxil olduğu ilk gündən özünü sərbəst apara bilmir, indiyə qədər olan hər şeyi ailəsinin sayəsində qazandığını düşünür, dərslərində və yoldaşları ilə münasibətlərində uğurlu ola bilməyəcəyi fikrinə qapılır. Bu vəziyyət yetkinlik yaşına çatana qədər davam edir. Bunun qarşısını almaq üçün uşağa yetkin olduğunu hiss etdirmək və mən bunu bacardım hissini yaşaya bilməsi üçün eyni şeyi dəfələrlə təkrar etməsinə icazə vermək gərəkdir. Valideynlərə belə bir tövsiyyə verə bilərik ki, uşaq bir şeyi edib bacarmadığında onu dəstəkləmək, biz sənin bunu edə biləcəyinə inanırıq demək, eyni şeyləri yenidən etməsinə şərait yaratmaq və ən sonunda uğurlu olacağı ana qədər gözləmək lazımdır. Nəticədə uşaq öz potensial və qabiliyyətinə bələd olaraq nəyi edib nəyi edə bilməyəcəyini özü üçün müəyyənləşdirmiş olur. Uşaq xoşbəxt olsun deyə ana ata onun yerinə qərar verməməli, onun yerinə düşünməməlidir, çünki belə olduqda uşaq düşünməyi və qərar verməyi öyrənə bilməz, böyüklər uşağın işlərini görərsə uşaq valideynlərdən asılı olar və özü haqqında yalan yanlış fikir və inanclara qapılar. Sağlam tərbiyə və özgüvən içərisində yetişdirilmiş uşaqlar həyatını heç kimə möhtac olmadan, cəsarətli addımlar ataraq yaşayan nəsillərin yaranmasına səbəb olur.

Uşaqların uğur və uğursuzluqları valideynlər tərəfindən düzgün qiymətləndirilməli daha çox uşağın uğurlu olduğu istiqamətlərə fikir verilməlidir. Uşaq dərslərdən 95 alıbsa niyə görə 100 almamısan deyən, yarışda yer tutan ama birinci olmayan uşağa sən birinci olmalıydın kimi fikirlərlə yanaşan valideynlər, uşaqda sadəcə uğurlu olduğumda sevilirəm hissini formalaşdırırlar və bu  tipli uşaqlarda intihar meyllərinin yüksək olduğu aşkar şəkildə müşahidə olunmuşdur. 

Rövşən Hümbətov

Psixoloq, Gənc Psixoloqlar Birliyinin (GPB) baş katibi

Go Back

Teshekkur edirem genish etrafli melumat ucun

Reply


Sorğu göndər