Ürəyini məzar etdin; cəsarətinə, hüquqlarına, hisslərinə...
Deyirlər, romantiklər həyatı olduğu kimi görməzlər. Çünki, onların baxışlarındakı təsvir dairəsi tamam fərqlidir. Onların xəyal dəyirmanı dövr edir, Yerin Günəş ətrafında dövri hərəkəti kimi. Onlar öz gözləri ilə görmək istədiklərini həsrətlə birgə xurcununa yerləşdirən təlatüm dolu insanlardır. Ancaq bəzən insan görmək istəmədiklərini görür, sarsılır, mənən sınır, nifrət qığılcımı alovlanaraq mənlik məhfumunu kül edir. Necə ki, az öncə, qarşımda yalqızlıqla boğulan, göz yaşı ilə yanağının vaxtsız qırışını isladan, nəfəsini özünə yadlaşdıran və hər ürək döyüntüsündə özünü “mən”dən uzaq edən qadın vardı. Bəli, qadın!
Duyğusallığını dərinliyinə hopduran, gülüşünü illər öncə yelə bəxş edən, hər damla göz yaşında bir xatirəni göz önünə gətirən qadın! İndi niyə ağlayırdı? Görəsən, yenə də “ömür yoldaşı” kədərini ona yoldaş etmişdi? Görəsən, yenə də Heraklın əfsanəvi kişi gücünü göstərməsinə səhnə yoldaşı olmuşdu qadın? Görəsən, yenə də məchul təzyiqlərlə səbəbi sual dolusu təhqirlərə məruz qalaraq tək çarəni ağlamaqda görmüşdü?
Qadın, bəlkə indi danışasan? Bəlkə indi sənin də ağzında bir dilinin olduğunu göstərəsən? Bəlkə indi azad olasan süni təbəssümlərdən? Onsuz göz bəbəklərin səni ifşa edəcək qədər sədaqətsizdir… Bəsdir, ürəkləri bulandıran “xoşbəxt ailə”ndən ürək dolusu danışdın! Yox, əzizim, səni bir tək qadın anlar. Gözlərini gözlərimə daya. Əlini ovcumda isit. Nəfəsini qulağıma eşitdir. Həmdəm olum deyə sənə. Şərik olum qəminə. İzin ver, patriarxal cəmiyyətin tilsimini açmaq üçün qəfəsdəki quşu azad edim. İzin verə bilərsənmi? Yox, axı sən, izin vermək deyil, izin almaq haqqlarına mənsub olmusan! Yox, axı sən, ambisiya qarışıq insanın iddialarına itaətkar cavablar verməklə özünü məhkum etmisən izinsizliyinə…
Amma qadınıq biz. Sən də, mən də. Bilirəm, baş üzərini qara buludlar sardığından bir daha başını qaldırmağa cürət eləmədin. Qorxdun, çəkindin atanın namusuna, ananın adına xələl gələr deyə. Qorxdun, çəkindin bacılarının bəxtinə ləkə gətirərsən deyə…Və sadəcə göz yaşlarına sığınaraq ürəyini məzar etdin, cəsarətinə, hüquqlarına, hisslərinə! Qorxdun, çəkindin. Bir dəfə də olsun, başını qaldırıb göy üzünü zəbt edən buludlara baxmadın, əydin başını. Hər gün biraz daha əydin və əyildin.
Əziz qadın, bəs indi? İndi yenə də gözlərinin səmtini dəyişmək, başını qaldırmaq istəmirsən? Bax, sən! Gör ki, o buludlar daha yoxdur. Gör ki, buludlar dözməyib göz yaşı tökdü, baş üzərindəki qara ləkələri silsin deyə. Elə o göz yaşı sənə aydınlıq, səni özünə məhkum edənlərə isə boğuculuq gətirdi…Bax, yağışdan sonrakı göy qurşağı necə də gözəldir. Gözünü qamaşdıran çəhrayı işığa bax…
AZADƏ BAYRAMOVA