Düşüncə Jurnalı

header photo

Atlasın yükü - PEYKƏR İBRAHİMOVA

11-03-2016

Tam tibb  təhsilimi yenicə başa vurmuşdum. Artıq mən də insanların həyatını xilas edən, onlara hər an kömək etməyə hazır tibb işçisi idim. Məni nə fərqlənmə diplomu ilə universiteti bitirmək, nə rezidenturanı xaricdə oxumaq qürurlandırırdı. Cərrah kimi ölkənin ən böyük xəstəxanalarından birində fəaliyyətə başlayanda  sevinməyimə və gözlərimdən beynimin əmrinə tabe olmayan yaşların gəlməsinə səbəb ailəmə kömək edə biləcəyimdən hiss  etdiyim qürurla birləşmiş fəxarət hissi idi. Əslində elə universitet vaxtından  ailəmə  kömək edirdim. Öz xərclərimi özüm ödəyir, arada bacardığım qədər ev üçün də nə isə etməyə çalışırdım. Həm oxumaq, həm də işləmək yuxusuzluqla dost olmaq demək idi. Bəzən yüklərim məni o qədər yorurdu ki, universiteti atmaq, xəyalımı bir kənara qoyub bir neçə iş daha tapmaq fikrinə düşürdüm. Hər gün iki saatlıq yuxumdan oyananda monotonlaşmış şikayətlərimi özümə təkrar edərdim: "Sən hara, oxumaq hara! Sən yük daşımaq üçün doğulmusan. Buna bir bax! Cərrah olmaq istəyir özü də!" Ancaq bunu o qədər sakit və pıçıltı ilə deyirdim ki, nə xəstə ola-ola işləyən  atam, nə də hələ yenicə məktəbə gedən qardaşım eşidirdi. Anam biz uşaq olanda həyatdan köçmüşdü. O vaxtdan da atam bizi böyütmək üçün eynilə mənim kimi bir neçə işdə işləyirdi. Həm çöldə, həm də evdə işləmək onu ikiqat yorurdu. Düzdür, mən ondan heç vaxt köməyimi əsirgəmirdim. Lakin, o, mənim oxumağımı və onun çəkdiyi əzabları çəkməməyimi istəyirdi. Əvvəllər etdiyim şikayətlərin obyekti elə dərdlərin özü idi. Lakin, bir müddət sonra obyekt şikayətlər yox, onlardan yorulmağa çevrildi. Gələcəyə olan inamımı saxlayan yeganə motivasiyam, ailəmin mənə inamı idi. Hərdən bütün çətinliklərimizi unudub saatlarla çəkən söhbətlərimizin mövzusunda xilasedici mən idim. Atam "qızım həkim olsun, onda hər şey düzələcək" deyib mənə olan inamını əks etdirən gözlərindəki parlaq işıqla qaranlıq düşüncələrimə işıq salırdı. Qardaşım isə  "bacı həkim olanda" adlı özü üçün istədiklərini yazdığı  siyahısını  hər dəfə nəsə əlavə edib, mənə oxuyardı.

Cərrah kimi fəaliyyətə başlamağımdan bir-iki il keçdikdən sonra, ölkənin ən məşhur və bacarıqlı cərrahlarından biri kimi tanınırdım. Daha bir neçə il keçdikdən sonra isə, artıq dünyada özünə ad-san qazanmış həkimə çevrilmişdim. Bəlkə də qocalıqdandır keçmişi tez-tez xatırlamağım. İnsan yaşa dolduqca dünyada özündən sonra iz qoymaq düşüncəsi (əslində, mən iz yox miras sözünü işlətməyi üstün tuturam) onu yaşadıqlarını və yaşatdıqlarını xatırlamağa məcbur edir. Bəli, məhz məcbur edir. Bu cəhətdən də, özümdən razıyam. Ancaq, yaşadıqlarım arasında bir hadisə var ki, onu xüsusi vurğulamalıyam. Mən insanları kişi və ya qadın olaraq ayırıb kiminsə irəli getməyində bu cəhətin rolu olmağına inanmamışam. Çünki, ailəmdə ayrıseçkilik görməmişəm. Lakin, həmin hadisədən sonra mənim qəbul etmədiyim ayrıseçkiliyin cəmiyyətdə özünə evlənməkdən tutmuş iş həyatına  qədər hər sahədə necə  yer tutduğuna şahid oldum.

Həkimlik fəaliyyətimin üçüncü ili idi. Soyuq bir payız günü idi. Günüm həmişəkindən gərgin keçmişdi. Düşüncəmə tezliklə işdən çıxıb dincəlmək hakim kəsilmişdi. Hətta tıxacda qalmaq da istirahət demək idi mənim üçün. Yavaş-yavaş yığışıb çıxmağa hazırlaşırdım ki, tibb bacısı qapını həyəcanla açıb qışqıraraq: "Həkim Ş. tələsin! Ağır vəziyyətdə xəstə gəlib". Çantamı, şərfimi hərəsini bir yerə tullayıb onun arxasınca qaçdım. O günədək gördüyüm ən ağır əməliyyatım olmuşdu. Xəstəni xilas edə bilmişdim. Ancaq, sağ ayağını amputasiya etməli olmuşdum. Əməliyyat yorğunluğumu yaddan çıxarmışdı. Səhərə qədər xəstəxanada qalıb onun özünə gəlməsini gözlədim. Əlbəttə, həyatı üçün təhlükə yox idi. Sanki, adlandıra bilmədiyim bir  qüvvə və ya hiss qalmağı məndən tələb edirdi. Hadisənin necə baş verməsi mənə maraqlı deyildi. Lakin,daxilimdə bir səs "əgər onu vaxtında gətirsəydilər, nəticə belə olmazdı" deyirdi.

Səhəri düşüncələrin və kofenin köməyilə gözümü bir dəqiqə olsun yummadan açdım. Mənə maraqlı olan digər bir məqam isə, heç kəsin onun vəziyyətini soruşmaması idi. Bəlkə kimsəsiz idi. O, çox gözəl bir gənc qadın idi. Hətta çəkdiyi ağrılar da onu çirkinləşdirə bilmirdi. İnsanları ilk baxışdan tanımaq lənətlə hədiyyənin ərafıdır. Onun siması gənc və gözəl ola bilərdi, lakin yüz yaşında bir ruha sahib olduğuna əmin idim. Ağrılarla əzablarla zəncirlənmiş qəlb. Yox, bəlkə də o da hər gün qarşılaşdığım saysız-hesabsız öz dünyasını çiyinlərində gəzdirən Atlaslardan biri idi.

Düşüncələrdən məni yenə onun gəlişini xəbər verən tibb bacısı ayırdı.

- Doktor Ş. bayaqkı xəstənin ailəsi gəlib.

- Lap yaxşı, gəlirəm.

Ailəsi olmasına çox sevinirdim. Onun qayğısına qalası insanlar vardı. Lakin, otağa girən kimi sevincim də yoxa çıxdı. Qoca bir qadın yenicə oyanmış qızı elə hey danlayırdı. Qarının yanında  "ölsə daha yaxşı olardı" baxışlarını qıza zillləmiş bir kişi dayanmışdı.

Qoca nəfəs almadan Atlası (onun adı həqiqətən belə imiş) təhqir edirdi:

- Kaş öləydin. Səni adam içinə nətər çıxaracam mən?! Deyəcəklər, Samayanın gəlini topaldı. Bu nə iş idi başımıza gəldi.

Dərin, qəzəbli bir ah çəkib bu dəfə üzünü səhərdən baxışlayırla od püskürən adama tutub  qışıqrdı:

- Aldığın budur! İşbilməzin birini tapdın. Bununla evləndiyin günə daş düşəydi.

Atlas o qədər cılızlaşmışdı ki, bacarsaydı yox olardı. Əgər qarının susmağını gözləsəydim bir gün daha oyaq qalacaqdım. Yuxusuzluğum, stressim özünü indi büruzə verdi və üzümü qarıya tutub səbrimi güc-bəla basaraq dedim:

- Xanım, siz onun yaşamağına sevinmək əvəzinə onu təhqir edirsiniz?! Bir az da gec gətirilsəydi..

- Belə yaxşı edib gec gətirmişəm. Ərini gözləyirdim. Özbaşına deyiləm  ki. Alıb işbilməzi bu da nəticəsi!- cümləmi tamamlamağa imkan vermədi.

Sonra bir neçə saniyəliyinə mənə nəzər saldı və inanmağa çətinlik çəkdiyim cümlələrini dedi:

- Həəə, sənsən bunun ayağını kəsən. Öldürə bilmirdin?! Kimə lazımdı bu?! Heç fikirləşdin topal kimə lazımdı?! Əllərin qırılsın!

Səbr kasasına düşən sonuncu damcının səsindən başqa heç nə eşitmirdim.

- Bu otaqdan çıxmaq üçün bir dəqiqə vaxtın var. Ya çıx, ya da elə indicə polisə sənin kefin ucbatından bir nəfərin həyatını itirə biləcəyi barədə məlumat verirəm. Tez! Tərk elə otağı sən də, yanındakı da!

Belə cavab gözləməsə də, yenə özünün "haqlılığını" göstərməyə çalışırdı.

- Görüm onun xəstəxana pulunu kim ödəyəcək sən yoxsa, o acından ölən anası?

- Mən ödəyəcəyəm. Çıx otaqdan yoxsa, zəng edirəm. Cəld!

Otaqdan çıxhaçıxda üzünü hansı ağrını çəkməli olduğunu bilməyən Atlasa tutub dedi:

- Burdan çıxan kimi boşanacaqsan! Nə çoxdu qız.

Onlar çıxan kimi yazıq qızın gözlərindən yaşlar tökülməyə başladı.

- Narahat olma, hər şey yaxşı olacaq! - başqa heç nə deyə bilmədim və deyə də bilməzdim.

Birtəhər yazıq qızın anası ilə əlaqə saxlaya bildim. Sözləri bacardığım qədər ehtiyatla seçib qızının vəziyyətini ona izah etdim.

Titrəyən səsi ilə məsafənin uzaq olması səbəbindən ən tez səhər xəstəxanaya gələcəyini bildirdi.

Xəstəxanada boş otaqların birində bir neçə saatlıq yuxu düşüncələrimi nizama salmışdı.

Atlasın anası dediyi kimi, səhər tezdən xəstəxanada idi. Qızı kimi onun da üzündən yüz illərin yorğunluğu oxunurdu. Yazıq qadın qızını görən kimi ağlamağa, özünü günahlandrmağa başladı. Dünən baş verənlərdən anasının da onunla kobud rəftar edəcəyindən qorxurdum. Lakin, hər şeyin qaydasında olduğunu gördükdən sonra qadına "mənimlə mütləq danışmalınız" deyə pıçıldayıb otaqdan çıxdım. Bir neçə dəqiqə sonra o göz yaşlarını silə-silə mənə yaxınlaşdı.

- Buyurun xanım, otağıma keçək. Orda danışaq.

Heç nə demədən arxamca gəldi. Otaqda bir müddət heç birimiz danışmadıq. Onun səssiz gözyaşları hələ də üzündən aşağı süzülürdü. Yəqin ki, qızı ona hər şeyi danışmışdı. O da boşanmadan tutmuş xəstəxana pulunu necə ödəməyə qədər hər şeyi fikirləşdikcə çarəsizlik gözyaşları axıdırdı. Sözə necə başlayacağımı bilmirdim. Dərin bir nəfəs alıb sözə başladım:

- O yaxşı olacaq, xanım..

- Leyla..- titrəyən səsi ilə dedi.

- Leyla xanım.

- Sizə təşəkkür edirəm, həkim. Çox sağolun. Həm qızımın həyatını xilas etdiyiniz üçün, həm də onu müdafiə etdiyiniz üçün. Ödənişi ən qısa müddətdə ödəyəcəyəm. Bir iki şey gətirmişəm satmağa, onlar..

- O barədə narahat olmayın. Ödəniləcək. Ancaq sizdən bir şey soruşmaq istəyirəm. Siz necə qızınızın belə bir adamla evlənməsinə imkan verə bildiniz? Qaynanası  barədə heç  nə demirəm.

- Çox təşəkkür edirəm sizə. Sualınıza gəldikdə isə, cavabı eşitmək sizi ən çətin əməliyyatdan da yorğun salacaq həddədir. - qadın danışmaq istəmədiyini qətiyyətlə bildirdi.

Lakin mən də eyni qətiyyətlə cavabı eşitmək istəyirdim.

- Danışın, eşitməyə hazıram. Nəticədə eşitdiyim yazıçı təxəyyülü yox reallıqdır.

Leyla xanım danışıb danışmamaq arasında tərəddüd edirdi. Mən isə, gözlərimi üzünə zilləyib durmuşdum. Bir neçə saniyəlik sakitlikdən sonra o dərin bir ah çəkərək sözə başladı:

- Atlas bizim tək uşağımız idi. Atası həmişə oğlu olmasını istəyib. İlk uşağımız qız oldu. Ərimin onda da uşağı görməyə gözü yox idi. Sonra bir neçə dəfə də hamilə qalsam da uşağın qız olduğunu öyrənən kimi onları abort etdirməyimi tələb edirdi. Hər dəfə də məni qızımız olmasına görə təhqir edirdi. Onun bütün əzablarına dözməyimin tək səbəbi qızım idi. Bəzən ona yemək verməyim də dava-dalaş səbəbi idi. Atlasın 17 yaşı tamam olan kimi onu evləndirmək planlarına başladı. İlk gələn elçiyə yox demədi. Qızımın ikinci bədbəxtliyi bundan sonra başladı. Bilmirəm, ilahi ədalətə inanırsınız ya yox, ərim onun toyundan bir həftə sonra öldü.

Bir müddət fasilə verdi. Leyla xanımın gözlərində sadist baxışlar dodaqlarında isə ondan heç də geri qalmayan təbəssüm vardı.

Sonra yenə davam etdi:

- Qızım hər gün zəng edib ailəsinin ona verdiyi əzablardan danışan birisi deyil. Lakin, səsindən hər şeyi başa düşürdüm. Mənim başqa çarəm yox idi. Boşanmaq istəyəndə ərim məni qızımı öldürməklə təhdid edirdi. Düşünə bilirsiniz belə bir şeyi?!

Yumruqlarımı qəzəbdən bərk-bərk sıxıb ona qulaq asırdım.

- O  öləndən üstümdən böyük bir yük qalxmışdı. Təsəvvür edirsiniz, o öləndə bir damcı da göz yaşı tökməmişdim. Qadın olmaq yük çəkmək deməkdir, yükünün çəkilməsi yox. Bəlkə mənim üçün gecdir. Ancaq, qızım üçün elə olmayacaq. Onun qayğısına qalacağam. Yaxşı iş də tapmışam. Bir həftəyə başlayıram. Qızımı da götürüb gedirəm.

- Düz deyirsiniz, yük çəkirik. Ancaq, heç olmazsa kimin yükünü çəkə biləcəyimizi seçə bilərik. Sizə bacardığım köməyi etməyə hazıram.

O mənə çoxlu təşəkkür edib otaqdan çıxdı. Bu otaq, xəstəxana və ən əsası Atlasın həyatı məni necə də yormuşdu. Leyla xanım haqlı imiş. Həyətə çıxıb binadan bir müddətlik də olsa uzaqlaşmalı idim.

Böyük həyətin  sonuna, demək olar heç kəs olmayan hissəsinə çatan kimi dizlərimin üstündə çökdüm. Özümü o qədər yorğun və gücsüz hiss etdim ki. İlk dəfə qadın olmağın ağırlığını  çiyinlərimdə hiss etdim. Qadın olmaq, yük daşımaq və əzablara dözmək demək idi?! Nəyə görə Atlası atası qadın olduğuna görə istəmirdi?! Nəyə görə ayağı kəsildiyinə görə ondan boşanırdılar?! Ancaq, hadisənin tam əksi olsaydı, o ərinə baxmalı idi. Bilirəm, həmişə belə olmur, ancaq əksər hallarda hadisələr bu cür cərəyan edir. Qadın olmaq Atlas kimi Yeri və Göy qübbəsini çiyinlərində daşımaqdır?! Niyə qadın olmağı yük daşımanın sinoniminə çevirmiş bir dünya mövcuddur?! Bəs birdən bizlər yükümüzü tullasaq necə?! Hə?! Biz dünyanı istədiyimiz vaxt çiyinlərimizdən ata bilərik. Biz Atlas kimi güclüyük. Lakin, Atlas kimi Dünyanı daşımağa məcbur deyilik. Yük daşımağımıza səbəb sevgimizdir.

Bu hadisədən illər keçib və bu uzun müddət ərzində həmin hadisə yaddaşıma hər detalına qədər  həkk olunub. Çünki, Atlas  mənə bir qadın olaraq öz gücümə laqeyd olmamağı və alçalmamağı öyrətdi. Onun reallığı mənə o qədər təsir etmişdi ki, "Sərhəd(-siz)siniz" adlı xeyriyyə cəmiyyətini qurub ehtiyacı olanlara bacardığım qədər kömək edirdim. Əgər mən çətinliklərin öhdəsindən gəlmişəmsə, ətrafımdakılara da bu işdə dəstək olmaq ən böyük qazancım olardı. Nəticə etibarilə, zəfərlər öz gücünə bələd olmayanların yolunda inam olub, onları addım atmağa sövq etməlidir.

QEYD: Atlas – yunan mifologiyasında Yeri və göy qübbəsini öz çiyinlərində daşıyan Titan

Go Back

Sorğu göndər