Düşüncə Jurnalı

header photo

Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar - KƏMALƏ RƏSULOVA

                                               

             Qadın. Heç bilirsənmi necə də ucadır sənin o adın.?

Hey ,sən! Mənə de görək; sən heç bir günlüyünə belə qadın oldunmu? Bu yer kürəsində bircə anliq nəfəsini qadin kimi aldınmı? Qadin təlaşı keçirdinmi? Qadın əzabı çəkdinmi? Sən heç bilirsənmi qadın olmaq nədir? Qadın olmaq ana bətninə düşməklə başlayar.Ailələrin bəziləri dünyaya gələcək övladlarının qadın olduğunu bildiyi anda son qoyar həyatına.Bəli, qadın olmaq, qadın kimi yaşamaq hələ ana bətninə düşdüyün andan bəri öz çətinliyini , əzabını göstərər.Bəziləri isə birinci pilləni keçərlər.Və heç də yaxşı qarşılanmadiqları ,gələcəkdə min bir əziyyətlə tənəffüs edəcəkləri dünyaya göz açarlar.

       Kiçik qadın.Olmazlar çərçivəsində,qapalı həyat şəraitində,qardaşından xeyli fərqli olaraq böyüyər kiçik qadın.Böyüdükcə görər qardaşının etdiyi hərəkətlərin ona qadağan olunduğunu,qardaşının dostları ilə tez-tez görüşüb ,onun görüşmədiyini, hətta bəzi ailələrdə qardaşının sevilib onun sevilmədiyini görər qadın.

        Yavaş-yavaş böyüyər kiçik qadın. Böyüdükcə görər,hiss edər necə də çox fərqləndiyini.Böyüdükcə qəmi artar, qorxusu artar.Sən də bilirsən nə demək istədiyimi, sən də bilirsən qadına qoyulan olmazlar çəpərini.Hər bir şeyi qoy bir kənara “Qızını döyməyən , dizini döyər ” ata sözü ilə böyüyən bir xalqıq.

        Qadının başına nə gəlmədi ki bu dünyada? Ana bətnində abort olunmağındanmı danışım , atası , qardaşı, əri tərəfindən  ata sözündə deyildiyi kimi döyülməyindənmi danışım, yüksək səslə güldü deyə qınaq obyekti olduğundan, yoxsa ən ürək yandırıcı tək hansısa yerə getməkdən qorxmasındanmı? Tək olanda təcavüzə məruz qalmaqdan qorxar qadın. Hansı ki hal-hazırda bir çox yerlərdə dəb halını alıb.

            Qadin olmaq qorxudur.Qadın çox şeydən qorxar; əks cinslərin yanında tək qalmaqdan, ona yaxınlaşmasından, kiməsə bağlanmaqdan, tez-tez küçəyə çıxmaqdan, yolda, parkda, küçədə , qaranlıq olduqda öz məhəlləsində tək gəzməkdən qorxar qadın. Əks cinsin əlini tutmaqdan,gözünə baxmaqdan qorxar qadın.

       Hər şeydən qorxar qadın, zərifdir amma bir o qədər də güclü, ağıllı, iradəli. Qadın olmaq sərt qanunlara qarşı mübarizə ilə yaşamaqdır. Qadın olmaq ana, bacı olmaq deməkdir.

        Qadının sevgiyə ehtiyacı olur. Ata, qardaş, həyat yoldaşı sevgisinə. Qadın həmişə yanında kiminsə olmağını istər amma öz dünyasında o həmişə təkdir. Həyat mübarizələrini həmişə tək aparar, tək savaşar maneələrlə.Qadın olmaq incə ruhun , güclü iradənin, çoxluqda tək olmağın, şayiələrin nə demək olduğunu dərk etməkdir.

        Qadın olmaq hətta əri tərərfindən şiddətə məruz qalmaq,və ailəsi dağılmasın deyə buna da göz yummaqdır. Həyatda bir səhfi belə bağışlanmayan, günümüzə qədər şiddətə məruz qalan qadın.

        Biz görəsən nəyə görə qadına bu qədər hörmətsizlik edirik? Onun  arzularını , cəsarətini, şənliyini əlindən alırıq. Uşaqlara həmişə qadına verdiyimiz tələbləri öyrətdik, amma oğlumuza heç bir tələb qoymadıq. “Qadına hörmətlə yanaş,qoy qadın qısa ətək geysin, tərbiyəsi yerində olmasın, sən ona hörmət et, səhvi olanda səbrlə başa sal, güc göstərmə.” demədik. Biz həmişə qadını qinaq obyektinə çevirdik. Halbuki qadın necə də zərif, incə, saf düşüncəli şəxsdir. Dində dedilər ki , “ cənnət anaların ayaqları altındadır”. Ona hörmət et, amma biz onları ayaqlar altına saldıq. Allah kişini qadına nisbətən gülü yaratdı, onu qorusun , sevsin, dayaq olsun deyə. Amma kişilrin çoxu bu gücü onlara əziyyət verməklə işlətdilər.

        Qadın hər şeydən qabaq anadır.Səni bətnində daşıyar, nəfəsi nəfəsin, bədəni bədənin, hissləri hisslərin olar. Onunla qidalanarsan, yaşadar səni bütünüylə. Dünyaya gətirər  hamidan çox sevər. Fədakarlıq edər, sənin sevincini öz sevincindən üstün tutar. Ananın bişirdiyi yeməkləri sevərsən, qoxusunu sevərsən, sevgisini sevərsən. Neçə yaşın olur-olsun ana qayğısına , ana sığalına ehtiyac duyarsan.

        Yoldaşdır qadın , ailəsinə və ərinə sadiqdir. Səni sevən, mərhəmətinə, sevginə möhtac olan qadin, öz mərhəmətini, isti sevgisini , əziyyətini də əsirgəməz səndən. Öz incəliyini ,zərifliyini göstərər sənə. Bəzən naz edər bəzən nazını çəkər.Ailə edər səni və səninlə qürurlanar, dayağı bilər.Sənə övlad verər , səni də öz övladı kimi sevər, eyni sevgini səndən də tələb edər. Bəlkə çox danışar deyingən olar, qeybət edər, çox şeyi bəyənməz,kindar olar amma sinəsində saxladığı qəlbi bir gülümsəmə qədər saf , bir çiçək kimi zərif olar. Həmişə səndən xoş söz gözləyər.

         Qadın həm saf bir mələk, həm də yavalı şeytandır.Neçə müharibələr oldu qadın üstündə, neçə qardaşlar düşmən oldu bir- birinə, qadına görə neçə yuvalar dağıldı, nə qeybətlər etdilər qadınlar. Neçə yalanlar danışdılar.

          Çünki sıxıldılar. Seçilməkdən sıxıldılar. Neçə qız uşağı təhsilindən geri qalır. Çünki qız oxumaz çox bilsə əgər ərinin üzünə qayıdar.Neçə azyaşlı qız uşağı daha  qadın olduğunu dərk etmədən ərə verildi. Neçə qız uşağı uşaqlığını yaşamadan, qadınlığını yaşadı. Bəzən də yaşaya bilmədi. 9 yaşında 40 yaşlı kişiyə ərə verildiyi üçün intihar edənlər, orqanizmi dözməyib ölənlər, 10 yaşında ana olanlar, bütün ömrü boyu bu əzabla yaşayanlar oldu. Yol getdikdə əks cinsin təcavüzünə məruz qaldılar. Və neçə belə ağla gəlməyən eybəcərliklər gördü qadın və sıxıldı. Qeybət etdi, yuva dağıtdı və s. Əzab gördü, əzab verdi.

          Sevgi oldu qadın, gözəllik oldu. Həmişə cəmiyyət tərəfindən gözəl olmağı, tərbiyəli, namuslu, danışığını bilən biri olmağı tələb edildi. Amma belə münasibət göstərilmədi qadına. Həmişə günah qadında axtarıldı. Tənqid olundu , vəhşicəsinə yanaşıldı, fiziki güc  göstərdilər və hətta siz bunu oxuduqda neçə qadın əri, qardaşı , atası tərəfindən işgəncəyə məruz qalır. Üzü , bədəni göyərib , ömür boyu bədənində bu izi daşıyacaq. Bəziləri də həyatlarını dəyişdi. Bu işgəncəyə dözə bilmədi.

         Qadın olmaq bax budur əziz oxucum. Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar.

         Bu məqalə qadınlar günü münasibətilə yazılıb. Sən söylə. Qadın olmaq bir bayramdır? Qadın olduğunuz üçün sizi təbrik edim?

 

                                                               Azərbaycan dövlət PEDODOJİ UNİVERSİTETİ.

                                                            Psixologiya ixtisası uzrə III kurs tələbəsi

                                                                Rəsulova Kəmalə

Go Back

Sorğu göndər