Düşüncə Jurnalı

header photo

O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam - TURAC AĞAYEVA

11-03-2016

                                     

Qoyulan bu 3 nöqtədə nələrin əks olunduğunu tək qadınlar deyə bilər. Bəlkə də,  deyə bilməzlər.  Çünki “ Qadın olmaq ” ifadəsində sonsuz mətləblər gizlənib. Xalq şairimiz S.Vurğun demişdir:

Bu qoca dünyada bir adət də var,

Qadın olan yerdə ədalət də var.

         Həqiqətən də,  bu belədir. Milli- mənəvi dəyərlərimiz içərisində belə bir dəyər var.Əgər dava- dalaş olan yerdə qadın öz örpəyini yerə atardısa davaya son qoyulardı. Bu qadına olan hörmətdən irəli gəlir. Lakin təəssüflər olsun ki, o dövrdən bu dövrə o qədər dəyişikliklər baş verib ki, qadının örpəyini tapdalayıb keçənlərin sayı həddən artıq artıb. Nəinki tapdalamaq hətta son zamanlar qadına qarşı zorakılıqların sayı ölçülməz dərəcədədir. Romantik cərəyanımızın nümayəndəsi H.Cavid qadını  günəşə bənzədib. Qadınsız ölkənin tez məhv olub zavallı qaldığını qeyd etmişdir. Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Qadın olmasa nə şair olar, nə qəhrəman, nə prezident, nə də heç kim. Allahdan sonra ikinci yaradıcı qadındır. Qadın o qədər incə və zərif məxluqdur  ki, onu gül yarpağı ilə də vurmaq olmaz.

                      Hüququndan söhbət aç, bir az söylə, ey qadın!

                     Ağır zəncirləri qır, düşsün dillərə adın.

Qadınlarla keçirdiyim kiçik bir sorğunu qeyd edim. Ümumiyyətlə, qadınların fikri hər zaman məndə maraq oyadıb. Məhz buna görə dəfələrlə fərqli zamanda, fərqli məkanda  onlardan aldığım təəssüratlar fərqli idi. Qadın nə istəyir? Qadın nədən məhrumdur? Hüquqlar bərabərdirmi? Bu tipli sualların fərqli və maraqlı cavabları oldu.

Qadın nə istəyir?- sualına bir çox qadınlar diqqət, nəzakət və problemlərin həllinə əks cinslə bərabər sinə gərmək istədiklərini söylədilər. Əminəm ki, bu sualı xarici ölkə vətəndaşlarının qadınlarına ünvanlamış olsaydıq əksəriyyəti fərqli cavab verəcəkdilər. Çünki Azərbaycan qadını ilə heç bir ölkənin qadını müqayisə oluna bilməz. Ona görə ki, hər addımında yasaq, hər addımında  qınaq və “sən qadınsan” dırnaqarası frazası daima Azərbaycan qadınını təqib edir və qadında özünə inamı öldürür.Üstəlik bizdə qadına aid bir çox yazılmamış qanunlar var. Bütün ev işlərini xanımlar görməlidir, uşaqların tərbiyəsi ilə qadın məşğul olmalıdır və bir çox saymaqla bitməyən qanunlar. Bütün bu cəmiyyətin qadına qarşı olan tələblərinə sinə gərən Azərbaycan qadınıdır. Uzaq keçmişimizdə “ Kitabi-Dədə Qorqud “ dastanında Əzrayıl Dəli Domrulun canını almağa gələndə qadını Dəli Domrulun yerinə öz canını almağı istəyir. Budur Azərbaycan qadını.Belə faktlarlar çoxdur Nizami Gəncəvinin         “ Xosrov və Şirin ” poemasında həyat yoldaşı Xosrovun öldüyünü eşidən türk qızı Şirinin özünü öldürməsi də buna sübutdur. Çox uzağa getməyək İlhama görə özünü öldürən Fərizə …

Erkək tinətliyəm, olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir erkəyəm düşünsən bir az,

Aslanın erkəyi dişisi olmaz!

 Bizim Nüşabə, Sara Xatun , Tomris kimi kişilərə sözün yaxşı mənasında nümunə olan mübariz qadınlarımız da  həddən artıq çoxdur.

 Şeyx Şamilə Çar Nikolay sual verir ki, sənə hamı niyə bu qədər hörmət edir? Sən gələndə niyə hamı ayağa qalxır? Cavabında məşhur inqilab başçısı deyir ki, ilk öncə mən evə daxil olanda qadınım ayağa qalxardı. Bunu görən bacım, qardaşım da bu ənənəni davam etdirdilər. Sonra bütün xalq. Bu gün bu hörməti  mən həyat yoldaşımın timsalında qazanmışam. Bax, budur qadının hikməti.

Ey qadın, mənbeyi- nəzakətsən,

Sən təcəssüm edən lətafətsən.

Qadın anadır , bacıdır, nənədir, xaladır, həyat yoldaşıdır. Məhəmməd  peyğəmbər demişdir:

“ Cənnət anaların ayaqları altındadır.”

                   Adın şərəflidir sənin, ey qadın,

                   Dahilər anası çağrılır adın.

Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın anası Kövkəb xanım kimi övladlarını ən böyük xəstəliklərdən qurtarmağı bacaran analar hər cür hörmət və izzətə layiqdirlər. Şair anası haqqında nahaq yerə deməmişdir:

         …Mən onun sayəsində boya-başa çatmışam,

             Anam məni yaratmış, mən aləm yaratmışam.

Qadına münasibət – namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır. Qadın hətta o qədər böyük gücə malikdir ki, onun müdrikliyi və dəyanəti kişidə  namusluluq tərbiyə edir.

Yazımı N.Q. Çernışevskinin sözləri ilə qurtarmaq istəyərdim. “ O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam. ”

TURAC AĞAYEVA

Go Back

Sorğu göndər