Düşüncə Jurnalı

header photo

Qadın hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza - NƏZRİN CAVİD

Damarlarından qan yerinə yağış suyu axan qadın idi o.Bu gecə o gecələrdən deyildi.Yağış damlası sanki bir yumruq kimi dəymişdi alnının ortasından.Gecə qəfildən yağış möhkəm yağmağa başladı.Bədənində üşütmə hiss edib ayıldı yuxudan.Barmağıyla alnından soyuq damcını silib dilinə toxundurarkən hiss etdi,acısından,tozundan.Evin damından axan yağış suyu,işarə idi.Yenə də yastığının yerini dəyişib eləcə yuxuya getməyə çalışmalıydı.Bu gecə o gecələrdən deyildi.

Bütün küçə qupquru idi.Tanrı yalnız qadının evinə yağdırmışdı bu gecə.Bütün o gecələrdən fərqli.Qadın islaq saçlarını çılpaq bədəninə sərib pəncərəyə yaxınlaşdı.Əgər bundan həzz alırsa qadın daha gözəldir.Hələ öpülməmiş bir cüt qara gözləri varsa.Ensiz alnında vaxtından əvvəl qırışlar yaranmışdı.Bir də yağış damlasının alnının ortasında yaratdığı iz bəlkə də onun cənnətə gedəcəyinə kiçicik işarə idi.Tanrı sanki öz əlləriylə qadının alnına imza atmışdı.Zatən bütün qadınları Tanrı yaratmamışdımı?

Nədənsə hər kəsə çəhrayı boyalı qadın dodaqlarından gözəl görünürdü qırmızı gödəkçəli qadının soyuqdan çat vermiş dodaqları.Bu gecə o gecələrdən deyildi ki,sabahları da eyni olsun.Bu sabah günəş damlalara çevilib qadının içinə dolurdu.Tanrı bircə qadına pıçıldadı: “Bir daha günəş olmayacaq” deyə.O gün bugün insanlar hələ də günəşin yoxluğundan xəbərdar deyillər.Kim bilərdi ki,qara gözlü qadın hərkəsin tanıdığı günəşi içində daşıyırdı?Yaşadığı balaca komasının divarlarına yağış hopmuşdu.Qeybdən portretlər yaratmışdı divarlarda.Müqəddəslərin əks olunduğu əsrarəngiz tablo idi.

Bu ki,başqa bir qadının uydurmasıdır.İnanmayacaqsınız.Siz zatən Məryəmin İsaya bakirəykən hamilə qaldığına da inanmamışdınız.İçində günəşi daşıyan qadın.Toxunsan,yandıracaqdı.Əlinə qələmi alıb sanki içindəki alovu sətirlərə püskürməyə başladı.Qonşuluqdakı Muradla çərpələng uçurduqları vaxtı xatırladı.Çərpələngin qanadarında uçub rüzgara qarışan saflığını.O rüzgar ki, bir də onun həndəvərində dolaşmamışdı.Bir zamanlar xəyallarını çərpələngdə uçuran qadın keçmişini,xatirələrini,sevgisini hətta namusunu belə cümlələrə çevirib satmışdı.Olsun.Bəlkə də pula çevriləcək yazılar qədər mənasız görünürdü qırmızı gödəkçəli qadının həyatı.Amma bütün bunların arxasında gizlənən xoşbəxtliyi onun kimi,ona bənzərlər görə biləcəkdi.Nə zamansa yazılan o sətirlərdə gəzərkən gözlər o sevdiyi sətirləri fısıldayacaqdı dünyanın ən xoşbəxt insanına.

“Zatən mənə qalanda sevdiyim yazarların bir-iki misrası olacaq.Öləndə məktub buraxacam.Həmin misralardan yazacam sətirlərə.Məsələn, “Kişi gül şəkli çəkməz” kimi.Sən kimi,sənin kimilərə”.

“Olacaq,bunların hamısı olacaq”

Qadın sevərdi dərdli insanların dərdlərini.Qara üzəri ağ,nazik zolaqlı qələmi var idi.Tanrıya növbəti məktubunu yazırdı.Nəm tutmuş komasının divarlarını bir nəfəsi ilə isidirdi qadın.Uzaqlaşmalı idi,kağızından,qələmindən.Çayını süzüb,radionu açıb pəncərə yaxınlaşdı.Göz yaşları süzülməyə başladı sakitcə.Beynində fırtınalar qopurdu.Radiodan səslər eşidilirdi arabir. “Göz yaşları ömrü uzadır”.Bəlkə də qadın bütün günahlarının cəzasını çəkirdi.Atasına küsmüşdü.Artıq başa düşmüşdü ki,atanın qoruya bilmədiyi qızı Tanrı belə qorumayacaqdı.Amma insanlar unutmasınlar ki,qadın özü alnının tən ortasındakı imzadan xəbərsiz idi,bu sadəcə sənin kimilərə və onun kimilərə atasız olmanın nə qədər çətin olduğunu izah edən qısa və ən sadə cümlə idi.

Qadın bu həyatın bütün acı anlarını dadmışdı bəlkə də.İllər keçər tanımadığı şəhərin ən sıx küçələrində insanlar arasında atasını kiməsə tələsərkən görər.Onu qonaq çağırardı...İlluziya... “Olacaq,bunların hamısı olacaq” Bir gün mütləq yeməklər isinəcək,müəllim öz səhvini anlayıb balaca qızdan üzr istəyəcəkdi.

Stulları qoşalaşdırıb yatan bir ananın övladı  xısın-xısın ağlayırdı yorğanın altında,kimsə duymasın deyə.Qonşuluqda ana körpəsi üçün kağızdan od qalayıb dəmir qazanda yemək isidirdi göz yaşları içində.Biri isə tanımadığı atasından yazırdı məktəb gündəliyinin arxasına,anasının pəncərə mismarlamaqdan qanayan əllərini möhkəmcə sıxaraq.Müəllim onu danlamışdı.

Pəncərənin yanından tərpənmirdi.Zaman ötdükcə isyan edir,özünü söyməyə başlayırdı.Hönkür-hönkür ağlayırdı.Bəlkə də bilərəkdən ömrünü uzadırdı.Bütün bunlar qırmızı gödəkçəli qadının yaşadığı ayrı-ayrı günlərinə həsr etdiyi ayrı-ayrı cümlələr idi.Başqa hər bir qadını hekayənin ayrı cümləsini sorğuya çəkəcəkdi.Qadın  hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza. Bu gecə o gecələrdən deyildi.Sonuncu dəfə mürəbbə ilə çay içdi.Atası mürəbbə sevməzdi.Təsadüfən ağlına gəlmiş,anasından soruşmuşdu.

-Sevmirdi...

Qadın anası ilə yaşadığı evdə yazırdı.Şairləri çox sevirdi.O,atası üçün çox darıxardı və bir də mürəbbə ilə çay içməyəcəkdi.Tanrının onda olan imzasından xəbərsiz olsa da,Tanrıya inandığını məktubunda yazırdı.Nəhayət o,tək idi.

Qadından hekayə yazmaq istəmişdim.Qadın kimi qarışıq və hər cümləsi ilə aldadıcı oldu.

                                                                                             

                                                                                                          Nəzrin Cavid

Go Back

Sorğu göndər