Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Hüseyn Cavid
Qadın zəriflik təcəssümüdür,amma baxın dahi mütəfəkkirimiz qadının gücünü,dəyərini və ucalığını necə gözəl ifadə etmişdir.Həqiqətən də belədir,tarixən bəşəriyyətimizdə qadınlar zəriflik nümunəsi olaraq göstərilsə də onların bir sözü bir insanı,ölkəni və ümumilikdə bir cəmiyyəti yaxşı yöndə dəyişikliyə gətirib çıxarmışdır. Anasız uşaq necə ola bilmirsə, nəfəs olmadan necə həyat ola bilmirsə,susuz bitki necə yaşaya bilmirsə,qadınsız bir cəmiyyət da əsla düşünülə bilməz.Qadınlar özlərini kəşf etdikcə cəmiyyət də özünü dərk edər və böyüyər özünü inkişaf etdirər.Məhz qadın kimi,sevildikcə gözəlləşər.Qadına sadəcə və sadəcə dəyər verməyi bacarmalıdır insanlar.Təbii ki,yaxşı yönləriylə bərabər qadınlara şiddəti də qeyd etmək lazımdır.Elə ölkəmizin qadınları da “ruhi xəstəliyi” əks cinsin nümayəndələri olan insanlar tərəfindən şiddətə,təcavüzə uğrayırlar.Gəlin etiraf edək ki,təcavüzə uğramış bir qıza günahkar gözüylə baxan insanlarıq.Amma heç kim qarşı cinsi yəni kişiləri günahlandırmır.Bilirsiz niyə?!Çünki,etiraf edək ki,kişilərin hakimiyyət üstünlüyü şəraitində yaşayırıq bu dünyada.Və nəticə olaraq,qadın daim ikinci planda qalır və günah da qadının üzərinə atılır.Mən isə kişi cinsinin nümayəndəsi olaraq bu məqaləni yazıram,amma bu o demək deyildir ki.doğruları deməməliyəm.Hər zaman haqq tərəfdarı olmuşam.Qadınların daha yüksək məqama çatması haqda müqəddəs İslam dinimiz “Cənnət anaların ayaqları altındadır” deyə buyurmuşdur.Sizcə qadına bundan daha önəmli dəyəri kim verə bilər,əlbəttə Uca Allah qiymət vermişdir.
Bir oğlana təhsil versən bir insana təhsil vermiş olursan,
Bir qıza təhsil versən bir Ailəyə təhsil vermiş olursan.
H.Z.Tağıyev
Bu sözlərin müəllifi olan məşhur xeyriyyəçimiz H.Z.Tağıyev haqda yəqinki eşitmişsinizdir.Yəqin onun XX əsrin əvvəllərində təzadlı günlərini yaşayan Bakıda şərqin ilk Müsəlman qız məktəbi açdırma cəhdlərini də bilirsinizmi?!Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də yox cavab alır.SonraII Nikolay taxta çıxanda Tağıyev yenə cəhdlər edir.1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən H.Z.Tağıyev fürsəti əldən vermir,çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir.1896-cı ildə şifahi,2 il sonra isə rəsmi razılıq alır.Bundan sonra o məktəbdə yüzlərlə müsəlman qızlarımız təhsil almağa başlayır.Bu o dövr üçün inqilabi bir iş idi və uğurlu da oldu.Elə indiki zamanda da bəzi regionlarda ailələrin qız uşaqlarını təhsildən yayındırmalarını eşidirik.Təəsüf ki,bunu din adı altında guya “qızları qorumaq” fikri ilə edirlər.Amma bilmirlər ki,bununla onların gözlərini bağlayır və dünyadan təcrid edirlər.Elə lap dinimizi götürək,əslində İslam dini də müqəddəs kitabında “Beşikdən qəbrədək elm öyrənin” deyə insanları doğru yola çəkir,amma bəzi düşüncəsi geri insanlar bunu anlamırlar və səhv yolla gedirlər.Bir daha qeyd edirəm,təhsil qadın üçün önəmli bir faktordur.
Son illər geniş hal almış bir mənfi durumdan bəhs etmək istəyirəm.Belə ki,bizim mentalitetdə “yeddi oğul istərəm bircə dənə qız gəlin” deyimini eşitməmiş olmazsınız?!Belə ki,bu deyim hələ yaxşıdır,amma bizim bəzi “gələcəyi düşünən” insanlarımız qız övladını istəmirlər,imtina edirlər və ya bəzi yollarla onların dünyaya gəlmədən məhvinə şərait yaradırlar.İlk öncə bu bir günahdır,ikincisi qız övladı doğulmasa gələcəkdə ölkədə qızlar olamayacaq və bu zaman nə edəcək bizim millət.Bu siyahını uzatmaq da olar və nəticə odur ki,bu düzgün yol deyil,amma dediyim kimi təəssüf ki ailələr bunu bilərək edirlər.Bunun üçün sosial təbliğatlar aparmaq lazımdır,ən azından gələcəkdə belə hallar azalsın və insanlar maariflənsin deyə.
Bir nəzər salsaq bizim məşhur,elmdə,sənətdə ad qoymuş sənətkar Qadınlarımızda az deyil.Götürək,İlk qadın oftalmoloq Zərifə Əliyeva,şərqdə ilk opera yazan qadın Şəfiqə Axundova,ilk maarifçi qadınlardan Həmidə Cavanşır və sairə adlar çəkə bilərik.Eləcə də,əlinə silah alıb vətən uğrunda döyüşən mərd qadınlarımızı da unutmayaq.Bununla onu demək istəyirəm ki,qadınlar da güclüdür və atalar “Aslanın erkəyi dişisi olmaz” deyiblər.Həqiqətən də belədir və sadəcə qadınların inkişafı üçün onlara yol açmaq və onların necə ki saydığım məşhur Azərbaycanlı qadınlarımız kimi ailədə,cəmiyyətdə yer tutmalarına imkan yarada bilərik.Qadınlara sadəcə biraz sevgi,qayğı və dəyər verin,o zaman bu dünyanın da gözəlləşdiyini görəcəksiniz.
Yazıb hazırlayan : Məmmədli Ramin