Düşüncə Jurnalı

header photo

“Bütün işlərini çatdıran” qadınlar

25-02-2017

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. 
Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən bu, bu, bu, bu, bu və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.
Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. 
Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!
Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.
Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.
Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.
Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.
Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir. 

Müəllif: Yelena Zamyatkina
Mənbə: «Про женщин, которые “всё успевают”» 
Tərcümə edən: Xumar Ərşadlı

Go Back

Sorğu göndər