Frances E.Jensen yeniyetmələrin psixologiyası haqqında yeni kitab yazıb. Bu kitab yeniyetmələrin niyə və necə fərqli düşündüyünü izah edib. Eyni zamanda uşaqların ruh halı dəyişikliklərinin onların günahı olmadığını, bunun beyinlə əlaqəli bir hal olduğunu ortaya çıxarıb.
Övladınızı ilk dəfə qucağınıza aldığınız andan məktəbə gedənə kimi onun dünyasının mərkəzində olursuz. Yeniyetməlik dövründə yaşanan bütün dəyişikliklər isə sizdən ayrılıb müstəqilliyə atıldığı andan başlayır. Kitabda valideyn olaraq övladınıza bu keşməkeşli dövründə necə dəstək ola biləcəyinizlə bağlı tövsiyələr də verilib.
Onu şirin, sevimli uşaqdan mağara canavarına çevirən nədir?
Ən əsas dəyişiklik testesteron, progesteron və esterogen hormonları ilə bağlı olur. Oğlanlarda üzün tüklənməsi, səsin kobudlaşması, qızlarda döşlərin böyüməsi və menstruasiyanın başlaması ilə biruzə verən bir haldır. Yeniyetmələr bu hormonlarla yeni tanış olur və bunlar beynin emosional bölməsi olan limbik sistemində daha da aktiv olur.
Valideynlər övladının hər hərəkətinə reaksiya vermədən əvvəl 10-a kimi saymalıdır.
Niyə bütün gecə oyaq qalıb gündüzlər yatırlar?
Səbəbi bizə “artıq yatmaq vaxtıdır” siqnalını göndərən melatonin hormonunun bu siqnalı yeniyetmə beyinlərinə iki saat gec ötürməsidir. Gündüzlər məktəbə getmək vaxtında isə melatonin ifrazı hələ də davam etdiyindən oyanmaq çətinləşir.
Yeniyetmələrin bu yaşda çox az yatması uşaq cinayətləri, depressiya, öyrənmə çətinliyi, yüksək təzyiq, piylənmə və ürək xəstəliklərinə səbəb olur.
Valideyn olaraq gecə yatmadan 2 saat əvvəl televizor, kompüter, telefona qadağa qoyun. Beyni yoran fiziki işlərlə məşğul etdirin, qızartma yemək, şirniyyat və kofein qəbulunu azaldın.
Niyə onlar bu cür axmaq şeylər etməyə məcburdur?
Dərsdən qaçmaq, mənasız şəkillərini internetdə paylaşmaq yeniyetmənin axmaq davranışlarındandır. Müəllifin fikrincə, bu hərəkətlər övladların valideynlərindən ayrılıb müstəqil həyat yaşamaq çabalarıdır. Çünki yeniyetmələrdə yanlış hərəkətlərə görə məsuliyyət hissini dərk edən beyin bölməsi hələ tam formalaşmayıb və davranışlarının nə ilə nəticələnəcəyini və ya səhv olduğunu anlamaqda çətinlik çəkirlər.
Nəyin nə olduğunu və nəyə icazə verilmədiyini ona xatırladın.
Onlar niyə unutqandır?
Yeniyetmələrin 20 yaşı tamam olana kimi yaddaşı idarə edən beyin bölməsi inkişafını tam bitirmiş olmur. Buna görə unutqan olan yeniyetmələr hər işlərində valideynlərinə güvənirlər.
Nəyisə edəndə siz də ona kömək edin. Bununla da eyni hərəkəti növbəti dəfə necə etməli olduğunu unutmayacaq. Məktəbə gedərkən, ya evdən çıxarkən nə etməli olduğunun siyahısını tutub ona verin. Bu yolla işlərini sizin köməyiniz olmadan etməyi öyrənəcək.
Smart telefonlar onlara ziyandırmı?
Yeniyetmə olsalar da kompüter, planşet, smart telefonların istifadəsini qəbul etmirsiz.
Onların bu yaşdakı məcburi ehtiyacı iki formada (davranış və biokimyəvi şəkildə) özünü göstərən digital əlaqədə olmaqdır. Yetkinlərin seks, içki, narkotik maddədən aldığı dopamin zövqünü yeniyetmələr smart telefonlarına gələn mesaj, zəngdən alır.
Ancaq oyun asılılığı onlarda qərar vermə bacarığı və öyrənmə keyfiyyətinə zərər verir. Yaşanan depressiya, zəif akademik göstərici və bacarıqsızlıq “online”da keçirilən vaxtla əlaqələndirilir.
Yeniyetmələr virtual zamanda keçirdiyi vaxta limit qoymağı mümkünsüz hesab edir. Siz bir valideyn olaraq buna məhdudiyyət qoyub, bir, ya iki saat vaxt təyin edin. Daha çox real aləmlə ünsiyyətdə olması üçün bir şeylər etməyi tapşırın.
Yeniyetməlik imtahanlar üçün ən yaxşı vaxtdır?
Sinif yoldaşları ilə mübahisə, hər səhər yataqdan qalxmaq əzabı, uşaqlıqdan məhrum edilmə hissi də üstünə gəlincə çətin dövr olaraq xarakterizə edilən yeniyetməlik, imtahanlarda uğur qazanmaq üçün ən uyğun dövr hesab olunur.
Yeniyetmənin beyni səmərəliliyi ilə fərqlənir. Xatirələr yaddaşa daha asan həkk olunur və uzun müddət qalır. Dil öyrənmək və hansısa alətdə çalmağı öyrənməyin bundan yaxşı vaxtı yoxdur.
Ancaq acı haldır ki , təhsil bu vaxtı yeniyetmə həyatında ən əhəmiyyətsiz yerdə durur.
Valideyn olaraq evdə dərsini hazırlaya bilmək üçün məkan hazırlayın. Dərsini öyrənib təkrarlamasına nəzarət edin. Axşam erkəndən dərslərini hazırlayıb gecə biliklərini möhkəmləndirmək üçün vaxtında yatmasına çalışın.
Niyə seçilmiş hiss edirlər?
Müəllimlərinin onları nümunə gətirməsi, ədalətli olmayan valideynlər, onları tərk edən qondarma dostlar yeniyetməyə özünü “seçilmiş, təcrid olunmuş” hiss etdirir. Çünki bu yaşda onların həyatını idarə edən emosional qaydalar və məsuliyyət hansısa səbəblə deyil, hisslərlə idarə olunur. Yaşanan neqativ hisslər “tetrahidro” hormonu ilə əlaqədardır və “əsəbi pələng” kimi davranmasına səbəb olur.
Uşağınızda baş verən dəyişiklikləri (depressiya, yemək yeməmə kimi) nəzarətdə saxlayın. Həmişə onun yanında olub dinləyin.
Qız və oğlanlar fərqlidirmi?
Yeniyetmə qızlar həyatında baş verənlərə dramatik şərh versələr də, oğlanlar monosillabik həyat yaşamağa çalışırlar. Səbəb isə qızların yalnız şifahi deyil, həm də yazı və oxuda oğlanlardan üstün olmasıdır.
Oğlunuz bir işi bacarmırsa, onu rəfiqənizin qızı ilə müqayisə etməyin. Unutmayın ki, qız və oğlanlar bu yaşda fərqli olurlar.
Əgər onlar da “palaza bürün, ellə sürün” məsəlinə əməl edərək yanlış davranışlar edər, sizdən gizli siqaret çəkər, içki içərsə, sərhədlər seçin və cəzalar tətbiq edin.
Elektron cihazlarını müsadirə edin.
Onlar nə zaman böyüyəcək?
Yenidən sizi qucaqlayan, sevimli övladınız kimi davranması üçün darıxmısız?
Bir neçə ildən sonra bu münasibətlər yenidən geri qayıdacaq. Möhkəm və səbrli olun.
lent.az