Düşüncə Jurnalı

header photo

HƏM DƏ MƏDƏNİYYƏT OLAN İSTİRAHƏT: ONU NECƏ QURMALI?

Təbiət qoynunda, telefondan, internetdən uzaq…

“İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”. Bu fikir Con Vanameykerə məxsusdur. Xüsusilə yay aylarında hər kəs mütləq istirahətə vaxt ayırmağa çalışır, etməlidir də. Çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq… Bu siyahını kifayət qədər uzatmaq da olar. Amma bizdə istirahət dedikdə çox insanın düşüncəsinə “yemək-içmək” məsələsi hakim olur.  Bir sözlə, istirahət həm də mədəniyyətdir. Biz istirahət mədəniyyətini necə qurmalıyıq?

Mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək…

“Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, tibbi cəhətdən dünya təcrübəsində həkimlər səyahət etməyi, gəzməyi xəstələrə dərman kimi məsləhət görürlər: “Gəzmək, səyahət etmək bir nömrəli müalicə deməkdir. İnsan psixologiyasına ən müsbət təsir edən amillərdən biri səyahətdir. Bu elmi cəhətdən də sübut olunub. Bizdə həkimlər adətən dərmanlara üstünlük verirlər. Amma Avropada müayinəyə gedəndə, həkimin məsləhətindən biri də səyahət, istirahət olur. Avropada bəzi həkimlər Naftalana gəlməyi tövsiyə edirlər. Səhər, yaxud axşamlar dəniz qırağında gəzinti, mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək. Bunlar hamısı turistin özünün müalicəsinə birbaşa təsir edən amillərdəndir. İstirahət etmək üçün böyük maliyyənin olması şərt deyil. Hər kəs cibinə uyğun nəsə edə bilər”.

“Yemək üstünlük təşkil edəndə…”

R.Quliyev deyir ki, bizdə istirahət deyəndə, yerli turistlərin önəm verdiyi əsas məsələlərdən biri, hətta bəzən birincisi “yemək-içmək məclisi” olur: “İstirahət anlayışı azərbaycanlıların psixologiyasında əcnəbilərdən bir az fərqlidir. Bizdə istirahət deyəndə yemək məclisi ən vacib amil olaraq nəzərdə tutulur. Antalyada otel sifariş verəndə ilk suallardan biri yeməklə bağlı olur. Müalicə məqsədli istirahətlərdə belə birinci yeməklə maraqlanırlar. Amma əcnəbi turistlərdə yemək diqqət mərkəzində olmur. Avropalıları, rusiyalıları, yaxud körfəz ölkələrindən olanları Azərbaycana, əsasən çimərlik turizmi ilə cəlb edə bilərik. Onlar oteli, yeməyi deyil, dənizi, dənizdəki mineralları fikirləşirlər. Bizim yeməklə maraqlanmağımıza pis baxmıram, qınamaq olmaz. Bu, illərdən formalaşmış bir yanaşmadır. Yaxşı yeməyə, geyinməyə adət etmişik. Rusiyadan gələn turistə otel, xidmətlər haqda məlumat verəndə deyir ki, yeməyi yox, təbiəti, dənizi de, gəzməli, sakit istirahət etməli yer olsun. Yemək üstünlük təşkil edəndə, ağırlıq olur, istirahət yox”.

“Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən”

Psixoloq Elnur Rüstəmov deyir ki, istirahət anlayışı insandan-insana dəyişir. Yəni kimə necə xoşdursa, o cür edə bilər: “Kimisi gərgin işdən sonra ailəsi ilə vaxt keçirməyi, kimisi valideynlərinin yanında olmağı, kimisi də dostlarla vaxt keçirməyi istirahət bilir, kimisi də yarımçıq qalan işləri tamamlamağı. Yaradıcı insanlar, elm adamları yay istirahətindən yarımçıq işlərini görmək cəhətdən də yararlanırlar. Yazıçıların, şairlərin əsərlərinə baxsaq, görərik ki, onların bir qismi yay aylarında yazılıb. Həm dincəliblər, həm də əsərlərini tamamlayıblar. Bu, fərdidir. Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən. Onsuz da çalışan insanlar uzunmüddətli istirahət etmirlər. Qısamüddətli istirahətə üstünük verirlər. Çox yaxşı olar ki, doğmalara, yaxınlara vaxt ayrılsın. Çünki bu gün biz çox dinamik bir həyat yaşayırıq, doğmalara az vaxt ayırırıq. Ona görə ailəyə, uşaqlara vaxt ayırmaq yaxşıdır”.

Ailə ilə birlikdə

E.Rüstəmov deyir ki, istirahət zamanı telefondan, internetdən mümkün qədər uzaq durmaq yaxşı olar: “Bu gün istirahət bir az fərqli anlam daşıyır. Yeyib-içmək, yaxud şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq… Bəzən üç gün istirahətdə olurlar, bir ay şəkil paylaşırlar. Bunun pis olduğunu demirəm, təki xoş şeylər çox olsun. Yəni istirahət fərdi xarakter daşıyır. Bu da informasiya əsrinin yaratmış olduğu nüanslardan biridir. Amma insan da var ki, istirahət zamanı sosial şəbəkədən, işdən uzaq durmaq istəyir. Biz də tövsiyə edirik ki, istirahət edərkən telefondan, internetdən mümkün qədər uzaq dayansınlar. Alınmırsa, az istifadə etsinlər. İstirahətdə olarkən bütün günü əldə telefon olması doğru bir şey deyil. İstirahətin effektli olması üçün işdən, gərginlikdən uzaq durmaq lazımdır”.

İstirahətə nə qədər vaxt ayrılmasına gəlincə, psixoloq bunun da fərdlərə görə dəyişdiyini dedi: “Şəxsən mənim özümə 4-5 günlük istirahət tam bəs edir. 15 gün gedib istirahət etmək mənə çatmır. Amma adam var ki, gərək istirahəti üçün xeyli vaxt ayırsın. Vaxt və istirahətin növündən, məkanından asılı olmayaraq, çalışmaq lazımdır ki, ailə ilə bir yerdə plan qurulsun, bir yerdə xoş anlar keçirilsin, can deyib, can eşitsinlər. Amma bəzən istirahətə gedərkən də dalaşırlar, qayıdarkən də. Bu cür istirahətə getməyin nə mənası oldu?”

“Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir”

Həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, təbiət qoynunda istirahət sağlamlıq üçün ən gözəlidir: “Adətən, biz ili sentyabr ayından qururuq. Çünki işlər, dərslər bu ayda başlayır. O vaxtdan da insanların beyninin bir qismində növbəti yayın istirahət planı durur. Hər kəs öz maddi durumuna görə təbii ki istirahət edəcəyi yeri də seçir. Ölkə xaricinə gedənlər də var, regionlarımızı seçənlər də. Elə insanlar var ki, Bakı daxilində şəhərdə əyləncə yerlərinə, dəniz kənarına, çimərliklərə getməklə  istirahət müddətlərini bitirirlər. Amma bir qisim adamlar gəzməyi, təbiət qoynunda olmağı sevirlər. Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir. Həm sağlamlıq üçün yaxşıdır, həm də “çox gəzən çox bilər” misalının təsdiqi üçün. İstirahət deyərkən, yaşadığımız şəhərdən mümkün qədər uzaqda olmaq lazımdır. Çünki Bakının ekoloji xüsusiyyəti kənd yerlərindəkindən qat-qat aşağıdır. Ona görə bir ay, ay yarım Bakının kəndlərinə, respublikamızın digər yerlərinə getmək gözəl olar. Təbiət qoynunda olan istirahət zamanı orqanizm bol oksigen qəbul edir. Yaxud kənd yerlərindəki təbii suyun yerini heç nə vermir. O sulardan istifadə etmək çox xeyirlidir”.

Qidalanmaya diqqət…

Həkim deyir ki, istirahət zamanı qidalanmaya da diqqət etmək vacibdir: “İnsanlar istirahət zamanı yeməyə çox diqqət ayırırlar. Çünki psixoloji olaraq düşünürlər ki, artıq heç yerə tələsmirlər. İşə çağıran yoxdur, tezdən durub harasa getməyəcəklər. Tam arxayınlıqla  süfrənin üstünə xeyli qida düzürlər və uzun müddət də yeyirlər. İstirahət olduğu üçün bunu tam qadağan etmək də olmaz. Amma bu, davamlı olaraq təkrarlanarsa, gələcəkdə onlar üçün istirahət olmayacaq. İstər-istəməz çox yemək orqanizmə mənfi təsirini göstərəcək. Təmiz hava olan yerdə iştaha da artır. Ona görə həm də çox yeyilir. İstirahət zamanı bir az çox yeməkdən, çəki almaqdan qorxmaq olmaz. Bunun üçün özünü gərginliyə salmağa ehtiyac yoxdur. Əgər bu il bir-iki kilo çəki alıbsınızsa, gələn il istirahətə gedərkən sizi kökəltməyəcək bir qida rejimi seçə bilərsiniz. Rayonda bişirilən yeməklərin tərkibindəkilər ekoloji cəhətdən təmizdir. Ona görə rayonlara gedənlər o qidalardan vaz keçə bilmirlər”.

“Uşaqları istirahətə öyrəşdirmək lazımdır”

Bir çox hallarda, azyaşlı uşaqla istirahətə getməkdən valideynlər çəkinirlər. Bunu onların tez xəstələnməyi ilə əlaqələndirirlər. Həkim deyir ki, uşaqları öyrəşdirmək lazımdır: “Uşaqları nəinki rayonlara, eyni zamanda Bakı şəhəri daxilində də istirahətə tez-tez aparmaq lazımdır. Çox zaman hava bir az soyuq olan kimi uşağı “xəstələnər” deyib, çölə çıxarmırlar. Amma Bakının havası daha sərtdir, uşaq bu havaya öyrəşməlidir. Həyətə çıxmayan, hər yerə maşınla gedib-gələn uşaqlar, əlbəttə ki, çölə çıxdıqda hətta isti hava olsa da, xəstələnəcəklər, mədə-bağırsaq infeksiyaları baş qaldıracaq. Bir də səyahət zamanı uşağı soyuqdan gözləmək lazımdır. Xarici ölkəyə gedirsinizsə, uşaqlar üçün bir günlük yemək aparılsın. Onların mətbəxi ilə tanış olmadığımız üçün bunu nəzərə almaq lazımdır”.

Aygün Asimqızı

pcc.az

 

Go Back

Sorğu göndər