Düşüncə Jurnalı

header photo

Xürrəm Sultanın sirrləri

Kişiləri idarə etmək bir çox xanımların əsas arzularından olsa da, bunu hər qadın bacarmır. Xüsusilədə qədim zamanlarda şərq ölkələrində qadınlar daim kişiyə və onun istəklərinə tabe olublar. Sultanların xanımları belə onların sözündən çıxmağa cəhd etməyiblər. Buna baxmayaraq əksər qadınların özünü kişilərin qulu kimi apardığı təqdirdə qul olarkən kişilərin sultanı olmağı bacaran qadınlar da olub. Belə qadınlardan biri də Xürrəm Sultandır. O, Osmanlı sultanı ilə nikahla evlənmiş ilk avropalı qadındır. Əsl adı Aleksandra Anastasiya Lisovskaya olan bu xanım düz qırx il sultan Süleymanın arvadı olub.

Sultan olan qul

Nəzərinizə çatdıraq ki, Avropada Roksolana adı ilə tanınan Xürrəm Sultan Qərbi Ukraynada yerləşən Roqatin şəhərciyində keşiş ailəsində dünyaya göz açır. XVI əsrdə bu ərazi tez-tez krım tatarlarının hücumuna məruz qalırdı. Və bu hücumların birində keşişin gözəl və gənc qızı əsir götürülür. Əsir götürülən gələcək Sultan qul kimi satış üçün əvvəlcə Krıma gətirilir. Krımda gözəlliyi ilə tatarları heyran edən Aleksandranı yaxşı gəlir əldə etmək məqsədilə İstanbula gətirirlər. İstanbulda bazara çıxarılan Aleksandranı Sultan Süleymanın vəziri Rüstəm paşa görəndə heyran olur və kənizi sultana hədiyyə etmək məqsədilə almaq istəyir. Bunun üçün Aleksandranı təbiblər müayinə edib onun bakirə və tamamilə sağlam olmasını bildirirlər. Belə ki, yalnız ciddi yoxlamalardan sonra kənizlər hərəmxanaya hədiyyə olunurdu.

Sultan Süleyman ilə Xürrəm Sultanın tanışlığı

Sultan Süleymanın Aleksandra ilə tanışlığı barədə müxtəlif fərziyələr var. Misal üçün, Qanuni Sultan Süleymanın Aleksandra ilə tanışlığı onun mirzəsi tərəfindən belə təsvir edilir: “Dünyanın ən möhtəşəm şəhərlərindən olan İstanbulda Sultan gözəlliyi ilə məşhur olan çərkəz, həmçinin gürcü qızlarının önündə qərib addımlarla çox dolaşdı. Gözləri qəfildən bir qıza sataşdı. Bu qızın üzündə heç rast gəlmədiyi bir gözəllik gördü. Şirin-şirin gülməsi, yaşıl gözləri, uzun kirpikləri

vardı. O, heç gözləmədiyi halda bu gözlərə təslim oldu”.
Bəzi mənbələrdə isə bunun əksinə olaraq göstərilir ki, Aleksandra sultanın diqqətini ilk baxışdan cəlb etmir. Onda ehtiras alovlandıraraq tədricən ürəyinə sahib olur. Əlinin altında kişini valeh edə bilən yüzlərlə hərəmi olan Sultan kənizin üzərinə o dəqiqə atıla bilməzdi.
Başqa bir fərziyyəyə görə isə Aleksandra balaca boy və diqqəti çəkməyən xarici görünüşə malik idi. Düzdür, o, eybəcər deyildi. Amma gözəl də onu adlandırmaq olmazdı. Sultan Süleyman heç onu görməyəcəkdi də. Əgər Aleksandra buna cəhd etməsəydi. Onların tanışlığının ilk günü sultanı gözəl, qamətli və hündür rəqqasələr əyləndirən zaman Aleksandra baqşa kənizlər kimi kənarda dayanıb baxırdı. Lakin o, birdən qızları itələyib gülərək şən əhvalda Süleymanın qarşısına çıxıb mahnı oxumağa başlayır. Aleksandraya qədər heç kim bu hərəkətə yol vermirdi. Sultan Süleymanı qızın bu hərəkəti əyləndirir və güldürür. Həmin gündən sonra sultan Aleksandra barədə düşünməyə başlayır. İlk baxışdan sevməsə belə Sultan Süleyman sonradan Aleksandranı çox sevir. O, hər dəfə onun hiylə ilə qurduğu torlara düşür, onun istəklərini yerinə yetirirdi.
Hərəmdə Aleksandraya iti dilinə və cəlbedici gülüşünə görə Xürrəm (şən) adını verirlər. Tədricən Süleymanın ürəyini fəth edən Xürrəm Süleymanın etibarını qazanaraq onun birinci və yeganə qanuni həyat yoldaşı olur.

Sevgi məktubları

Xürrəm bütün bunlara yalnız sevginin incəliklərinə bələd olmaqla deyil, eyni zamanda ağlı, ünsiyyət qurmaq bacarığı, maraqlı söhbətlər etməyi, dövlət işlərini yaxşı bildiyi üçün də nail oldu. Xürrəm sevgilisinin gözündə ucalmaq üçün hərəmxanadakılara nisbətən daha çox çalışır, sevginin incəliklərini, onun üçün yad olan dilləri və başqa bilikləri öyrənir. Sultan Süleymanın hərbi yürüşlərə çıxdığı vaxtlarda belə Xürrəm onu diqqətsiz qoymur sultanı valeh edən sevgi dolu məktublar yazırdı. Sultan da Xürrəmə “Mühibbi” təxəllüsü ilə qəzəllər qoşurdu. Xürrəm isə Süleymana yazdığı məktublarında ona “mənim padşahım, sultanım, iki gözümün nuru, dövlət günəşim, səadətimin şahı” deyə müraciət edirdi. Xürrəmin məktublarından bəzi sətirlər: “Sevgili
padşahım, üzümü yerə qoyaraq xoşbəxtliyimin taxtı olan ayağınızın torpaqlarını öpdükdən
sonra... Mənim dövlətimin günəşi və səadətimin sərmayəsi sultanım, əgər bu ayrılıq atəşinə yanmış, ciyəri kabab, sinəsi xarab, gözləri yaşla dolu, gecəsi-gündüzü dərdli-qəmli, həsrət dəryasına qərq olmuş, biçarə, Fərhad və Məcnundan betər eşqə düçar olan kölənizin halını xəbər alsanız, sultanımdan ayrı düşən bülbül kimi ah və fəryadım dayanmayıb.

Sultan Süleymanı Xürrəmin bu hərəkəti əyləndirir və güldürür

Ayrılıqdan dolayı elə bir haldayam ki, Allah kafirlərə də bu halı qismət etməsin”. Xürrəmin məktubda yazdığı bu sözlərdən sonra Sultanın əsir-yesir olmaması, onu bir könüldən min könülə kor-koranə sevməməsi mümkün deyildi. Sultanın Xürrəmə cavab məktubları da ülvi sözlərlə dolu idi. Sultanın Xürrəmə məktubundan: “Mənim parıldayan ayım, can dostum, ən yaxınım, gözlərimin şahı sultanım. Həyatımın, yaşamamın səbəbi, cənnətim, Kevsər şərabım, baharım, sevincim, günlərimin mənası, mənim gülən gözlərim, sevinc qaynağım, könlümdəki Misirin sultanısan. İstanbula, bütün Anadolu və Rum ölkəsinə bərabər sevgilimsən”.

40 il Sultanın qanuni həyat yoldaşı olan Xürrəm hərəmxanada minlərlə sevginin incəliklərini ustalıqla öyrənən bir-birindən gözəl qadınların olmasına baxmayaraq Sultan Süleymanın qəlbində sönməyən atəş yandırmışdı. Elə buna görə də ona sevdiyi kişini idarə etmək o qədər də çətin olmadı.

 

Baş redaktorun müavini
Aynurə Məmmədova

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.