Düşüncə Jurnalı

header photo

Azadə Bayramova - BİZİM MƏKTUBUMUZ

15-02-2015

Salam, Sevgilim! Sən gəlməyib də mən gəldim. Gecikmiş görüş olsa belə...Və gözlənilməmiş görüş olsa belə. Məgər sevgi gözlənilməzlik deyilmi? Adını bilmədiyimdən sadəcə Sevgilim yazmaqla kifayətlənirəm. Məgər sevgi müəmma deyilmi? Ulu babalarının adlarını əzbər biləcək qədər sinə dəftər olan "Sevgililər" gördüm ki, adlar unuduldu, sevgi tükəndi və sinəyə dağlar çəkildi...Bax bu sevgi deyil. Sevgi bilinməzlikdi...Düzü heç ünvanın da bəlli deyil, bu məktubu hansı məkana göndərəcəm deyə. Bir tək bunu bilmək bəs edir mənə - qəlbimdə yaşayırsan. Bunun üçün mənə heç bir poçt indeksi lazım deyil, Sevgilim. Mən bu məktubu sənlə yazıram, bizlə yazıram.
Hər günümün qısa anını yazmaq istəyirəm. Və bilirəm, bilirəm ki, səndə istərdin bunlari yazaq. Elə isə ürəyimin sakini, biz birlikdə qələm tutaq, cümləmiz sənlə başlayıb mənlə bitsin və ya əksinə. Utanclığımızı ilk görüşdə qonaq etmişdik aramıza, indi isə gedən vaxtıdır . Yoxsa bizlə qalib sevgimizi daşlaşmış kodlara məhkum edəcəkdir. Beləliklə , hər gün rastlaşdığım müəmmanın lokal təsvirini qələmimizlə yaziram.
Sən varsan, gözümün önündə , amma görə bilmirəm səni. (Və) bəlkə də saatlarla baxışırıq, gözlərimiz daha nələrdən danışmır ki? Sən məndən növbəti yazımın mövzusunu sual edirsən, mən isə haralardasan deyə.Beləcə istiqamətlənməmiş suallar veririk bir birimizə, sən mənə mən də sənə . Sərbəstlik, hüdud yoxdur qarşımızda. Ağlımıza gələn ilk suali çəkinmədən ünvanlayırıq, sən mənə mən də sənə. Nədənsə gözlərimizlə, demək ki, susqunluğumuzla. Bəzən sevgi susqunluğun nitqi kimi təzahür edir. 
Sən varsan, səsini eşidirəm və bu an dünyanın bütün valehedici səsləri - suyun şırıltısı, mehin həzin nəğməsi, quşlarn nüfuzedici civildəşməsi və.s mənə interküy kimi təsir bağışlayır və onlar olmasin istəyirəm. Səsini eşidirəm Sevgilim, qəzəbli, yorğun, sevincli, stresli, bir sözlə, hər bir vəziyyətimdə. Hər an eşitdiyim səsi unutmağa məhkumam amma. Əbədi olaraq eşidəcəyim səsi...
Sən varsan, qəlbimdə. Buna görə başqasına yer yoxdur orada. Sənin eqoist olduğunu, sevgimizlə qidanı təmin edərək, özünü kökəltməyə və qəlbimdə zərrə qədər də boş yer qoymamağa çalışmanla bilirəm. Amma anlamazsan, vergini daimi ödəyən sakindən heç bir şəhər rəhbəri imtina edə bilməz. Sən, vergini sevgimizlə ödəyən daimi Sevgilim statusu olan yerli sakinisən ürəyimin. Əslində etiraf etməliyəm, sənin eqoist olmağın mənim xoşuma gəlir, istər sevgi, istər eqoistlik eynilik yaradır sevgimizdə, bəlkə də. Amma bəzən o eyniliyin sərhəddində böyük fərqi yaratmaq lazım gəlir. Məsələn, sən sevdiyinin səninlə bədbin olacaq ömrünü , onunla nikbin olacaq kəsə verməlisən. Əslində sən bu ömrü rəqibinə deyil, dostuna vermiş olursan. Çünki, o, sənin sevdiyini məmnun edəcək tək insandir. 
Sən varsan, ruhumda. Ruhum demek, varlığım demek deyil. Buna görə də sən tək ruhumda deyil, həm də varlığımdasan. Səni bütün vücudumla hiss edirəm. Doğrudur, bəlkə də gecikirsən, bəlkə də gənc olaraq qarşıma çıxmayacaqsan və bəlkə də o an mənim də üzümdə ilk qırış olacaq, amma bunu bilirəm, həsrətə verdiyimiz gəncliyimizi, görüşərkən orta yaşlı olsaq bele sevgimizlə yeni Gənclik yaradacaq qədər güclü olacağıq. Amma her kəs kimi Gənclik yox... Gəncliyimlə səni gözləyirəm, bəlkə də sən də illərin ötməsini gözləyirsən. Ki, sevgimiz daha da artsin deyə...
Gözləyirəm, son ümidi ölüm olan bədbəxt kimi
Gözləyirəm, həsrətini xəyalına sıxışdırmış aşiq kimi
Gözləyirəm, budağından ayrı düşmüş yarpaq kimi
Gözləyirəm, əcəlinə son sözünü vəsf eyləyəb xəstə kimi
Gözləyirəm, ağlamağı fürsət bilən Leyli kimi
Gözləyirəm, bir həftəsi sona çatmış səhləb kimi...
Gözləyirəm, Sevgilim, avtobusun nə zaman gələcəyini bilmədiyim halda dayanacaqda hər an saata baxib uşaq tək gözləyirəm, sən gələrsən deyə... Bilirəm, gülüşün məni valeh edəcək qədər gözəldi... Bilirəm, gözlərin, hər dəfə gözlərimi ona baxmağa sövq edəcək qədər mənalıdı... Bilirəm, sən gözlədiyim qədər deyil de, gözləmədiyim qədər mükəmməlsən. Deyirlər, mükəmməl insan yoxdur, amma mən deyərdim, mükəmməl heç nə yoxdur. Sadecə sevgi, onu ideallaşdıracaq, gözündə Everesti fəth etdirəcək qədər güclüdür...Və sadəcə sən aşiqsən, buna görə ideallaşmış insan var qarşında. Sənin mənim qarşımda olduğun kimi...Sevgilərlə! 
Gələcək Gənclik şəhəri, Sevgimiz küçəsi, Bizim evimiz mənzili.
Gecikmiş gələcəyə çatacaq...

Azadə Bayramova

BSU, Jurnalistika fakültəsi, II kurs

Go Back

Sorğu göndər