Düşüncə Jurnalı

header photo

Özünə inam+bacarıq=Müsbət nəticə!!!! - GÜNEL ƏLİYEVA

         

  Biz - insanlar, bizim ailəmiz, bizim bacarığımız, məqsədimiz, imkanlarımız.  

         Biz həyata gələrkən məqsədsiz, arzusuz oluruq. Yaşadıqca, ən əsası böyüdükcə həyatdakı məqsədlərimiz, arzularımız da böyüyür. İlk əvvəl yəni, balaca ikən istəklərimiz valideynlərimiz tərəfindən yerinə yetirilməyə başlanır. Artıq böyüdükcə və ən əsası düşünməyə, həyatı anlamağa başladıqca sanki istəklərimiz də bizimlə birlikdə böyüyür. Əslində düşüncə tərzinin də burda rolu böyükdür. Bəzilərimiz düşünərək hərəkət edirik, bəzilərimiz isə hərəkət edib sonra düşünürük. Əslində düşünməliyikmi? Hansı daha doğrudur? İnsan istədiyi şeyi düşünərək əldə edə bilərmi? Və ya sadəcə istəmək-mi lazım? Düşünmək bizə məxsus olan bir şeydir. İnsan bir şeyi ürəkdən istəyərsə o yerinə yetə bilər. Bu həm də insanın nə istədiyinə bağlı olan bir şeydir.

         Düşüncələrimiz bəzən bizi yanılda bilər. Bəli, insanlar onlara deyilən sözü, edilən hərəkətləri istədikləri kimi başa düşə, istədikləri kimi başqalarına çatdıra bilərlər. Bəlkə də biz sadəcə nəyi necə istəyiriksə elədə düşünürük. Bəlkə sadəcə bizim üçün düşünmək çox bəsit anlayışdan başqa bir şey deyildir. Çünki bəzən insanlar düşündüklərinə əsasən öz beynindəki fikirlərini yönəldə bilirlər.

         İnsan doğulur, böyüyür, formalaşır, şəxsiyyətə çevrilir. Onun məqsədi, istəkləri yaranır. Onu formalaşdırmağa çalışır. Bəzən heç bir şey əlindən gəlməsə belə yenə də ümid edir, düşünür, çabalayır. Hər bir insanın köməyə ehtiyacı vardır. Mənəvi dəstəyin, köməyin yerini heç nə əvəz edə bilməz.

         Hər bir insanda müəyyən bir düşüncə tərzi formalaşır. İnsan həyatda istədikləri şeyi reallaşdırmağa çalışır. Bəzən insanlar mümkün olmayacaq şeyləri istəyirlər və onu bir gün reallaşdıracaqlarına inanırlar. Bu zaman bu onlarda xülyaya çevrilir. Bu zaman həmin insan istəməyərəkdən  olsa belə həmişə həmin şeyləri düşünür və günbəgün onları reallaşdırmaq istəyir. Alınmadıqda isə psixoloji olaraq depressiya yaranır. Və bu müalicə olunmazsa daha da arta bilər. İnanmaq əldə edə biləcəyimiz qalibiyyətlərin yarısıdır deyilir. Bu doğurdan da belədir. Məsələn: İnsan bir şeyi istəyir və onu əldə edə bilərsə, bu zaman onu mənimsəməli, yəni, özününküləşdirməlidir. Mən psixoloq olacam. Bunu sadəcə sözdə demək yox, beyində də hiss etmək gərəklidir. Yəni, artıq mən öz istəyimə çatmışam kimi hiss edilməlidir. Təbii ki, bu istiqamətdə işlər görərək və uğurlar əldə edərək. Əbəs yerə Ronda Bernin "SECRET" əsərində qeyd olunmayıb ki, insan bir şeyi istərsə onu öz gücü ilə əldə edə bilər. Bunun üçün ilk növbədə insan özündən neqativləri uzaqlaşdırmağı bacara bilməlidir.

         Məsələn : Mənə sarı saç yaraşmır əvəzinə, mənə qara saç daha çox yaraşır. Və ya məni heç kim düşünmür əvəzinə nə yaxşı ki, mən varam kimi müsbət fikirlər daha çox düşünülməlidir. Görürük ki, adi cümlədə söylənilən neqativ fikirlər belə insana mənfi təsir göstərə bilər.

         Əgər mən istəyirəm ki, adlı-sanlı, tanınan bir psixoloq olum, ilk əvvəl özüm özlüyümdə bunu qəbul etməliyəm və bu işdə uğurlar qazanıb, irəliyə getməliyəm ki, sonra ətrafımdakılar da mənim həqiqətən işimdə uğur qazana biləcək psixoloq ola biləcəyimə inana bilsinlər. İstənilən iş belədir. Əgər sən həqiqətən yüksəlmək, yəni, uğur qazanmaq niyyətindəsənsə o zaman elə indidən bunun belə olacağına ilk növbədə özün, sonra ətrafındakılar inanmalıdırlar. Sən danışığınla, işdəki uğurlarınla irəli gedəcəksən. Bunun olmaması mümkün deyil. Təbii ki, ruh yüksəkliyinin də burada rolu böyükdür. Əgər sən pessimist insansansa demək ki, bunların özünə düzgün şəkildə aşılamaq bir az zaman alacaq. Çünki sən adi çətinliklə rastlaşdıqda belə əhvalın pozulacaq, artıq özünə inanmamaya, uğur qazana bilməyəcəyinə inanmamağa başlayacaqsan. Bu da artıq sənin fikirlərini tamamilə dəyişməyə başlayacaq. Bəs bu zaman nə etməli????

         İlk növbədə, insan bir işə başladığı zaman belə neqativ halların olacağını da düşünməlidir. Hə kəs pilləkənləri qaça-qaça qalxmır. Əlbəttə bir yerdə büdrəmə ola bilər. Bunu düşünərək bir yola başlamalısan. Bəli, mənim qarşıma çox çətinliklər çıxacaq. Məni bəlkə də bu işi əldə edə bilməyəcəyimə inandıracaqlar. Amma mən elə o anda yenidən işləməyə başlayacam. Mən axı özümə söz vermişəm. Yavaş-yavaş olsa belə sağlam addımlarla irəliləyəcəm. Əgər mən özümə inanıramsa niyə də istədiyim, bacardığım işə sahib olmayım. Biliyim, bacarığım öz yerində. Və ən əsası özümə güvənirəm. Əgər mən istəsəm bacara bilərəm. Budur mənim inandığım.

                             Özünə inam+bacarıq=Müsbət nəticə!!!!

         Bəs mən özümə güvənmək üçün kifayət qədər bilik sahibiyəmmi? Bəli, bacarıqla yanaşı bilikdə əsasdır. İnsanın bacarığı biliklə birləşdikdə bu zaman gözəl nəticələr alına bilər. Bəzən insan seçim etmək məcburiyyətində qalır. Ya çalışaraq irəliyə gedəcək, yadaki elə sadəcə yerində sayacaq.

      Bəs görəsən cəmiyyətin insana təsiri olurmu?

      Əlbəttə, olur. Amma fərq ondadır ki, hər bir insanın orqanizmi fərqli olduğu kimi, hər bir insanın xarakteri də fərqlidir. Tutaq ki, melanxolik bir iş görürsə, bir başqa biri onun işini bəyənmir və ona müdaxilə etməyə çalışırsa, demək bu zaman melanxolik ruhdan düşəcək və həmin işi yerinə yetirməkdən boyun qaçırdacaq. İnsan sadəcə iş sahəsində deyil, bütün sahələrdə özünə güvənməyi bacara bilməlidir. İnsanın özünə güvənməsi uğura gedəcəyi yolun başlanğıcıdır.

            Müsahibə -   Ailə yoxsa karyera....

         Əslində ailədən çox danışmaq olar. Bəli, AİLƏ müqəddəsdir, loru dildə desək, etibar edə biləcəyimiz yer ailədir. Hər insana bu kiçik dövlət nəsib olmur. Əslində əsas xoşbəxtliyimiz bizim ailəmizdir. Bu kiçik dövlət güvəndiyimiz, inandığımız, bir-birinə kömək edən, ən əsası bir-birini SEVƏN insanlardan ibarətdir. Bəli, mən AİLƏ bir cümlədə ifadə etdim, amma mənası bir ömrə yetər. Nə yaxşı ki, bu kiçik dövlət bizə də nəsib olunub. Dost, rəfiqə insana çətin günündə kömək ola bilər, amma söhbət ailədən gedirsə o sadəcə kömək olmur, o həm də ailədən həmdə ailədəki insanla eyni hissləri keçirir.

         Əksər insanlar çox zaman Ailə-ni seçməyi üstün tuturlar. Çünki düşünürlər ki, onların həyatları üçün Ailə əsasdır. Bu zaman tək qalmaqdan qurtula bilərlər. Amma karyera elə deyil. Bəzi insanlar üçün isə karyera əsas məqsədə çevrilir. Onlar üçün karyera hər şeyin önündə gedir. Bəzən isə şərtlər sadəcə və sadəcə insanı işləməyə məcbur edir.

                           Müsahibə -

     Təbii ki,  ilk sualım bundan ibarət olacaq. Sizin üçün ailə yoxsa karyera əsas olmalıdır?

     Bir tərəfdən ailə, digər tərəfdən karyera. İlk olaraq təhsil, sonra yaxşı iş və sonra düzgün seçilmiş ailə.

     Bəs, istisnalar olarsa. Yəni ailə qurmaq sizin iş həyatınıza mane olacaqsa, bu zaman?

      Əslində hər kəs kimi məndə ailəni əsas sayıram. Çünki müqəddəsdir. Ailə qurarkən sevginin deyil də, hörmətin, bir-birinə qarşı olan düzgün münasibətin əsas olduğunu hesab edirəm. Bir gün, yəni, sevgi adlandırdığımız məfhum sona çatdığı zaman ailədə hörmətin əsas olduğu özünü göstərir.  İş həyatı lazımlı ola bilər, amma o qədər də vacib deyil. Amma bir işi sevirəmsə çalışıb sonunda həmin işə nail olaram. Təbii ki, bir işə başlayarkən ən əvvəldən başlamaq lazımdır. Balaca uşaqlar pilləkənlərlə əvvəldən qaça-qaça çıxa bilmirlər. Elə işləmək də belədir. Pilləkənin birinci pilləsindən başlayıb sonuna qədər qalxmağı bacarmaq lazımdır. Əgər sadəcə yerimdə addımlayıramsa, çıxmağın heç bir mənası olmaz. Valideynlərin uşaqlar üçün ilk istəyi onun xoşbəxt ailə qurmasıdır. Məncə də belə olmalıdır.

 

                                               Sevgi, hörmət + səbr, dözüm = ailə       

GÜNEL ƏLİYEVA

Go Back

Comment