Düşüncə Jurnalı

header photo

CEYLAN MUMOĞLU: Qəlbləri Qırmayın, İçində ALLAH Var

29-05-2015

O kefsiz idi. Artıq özünü əvvəlki kimi hiss edə bilmirdi. Olub bitənləri rəfiqələrinə anlatsa da, onlarla bölüşsə də, hələ ürəyi sakitləşməmişdi. Onu sakitləşdirəcək, ruhunu dinləyəcək biri lazım idi. "Psixoloqa getsəmmi? Yox, hazırda ona ödəyəcək pulum da yoxdur. Bəs nə edim, necə qurtulum bu acı verən düşüncələrdən? Bu halımla mən özümü yeyib bitirmək üzrəyəm". Səhər yuxudan qalxandan ağzına bir loxma da qoymamışdı. Başı gicəllənirdi. Pəncərəyə yaxınlaşdı. Bir qədər küçəni seyr etdikdən sonra masanın üstündə qoyduğu telefonuna yaxınlaşdı. Bir neçə mesajı vardı, "Rəfiqələrdəndir yəqin, narahatdırlar mənə görə". İnternetə daxil oldu, sosial şəbəkədə bir-iki paylaşmaya nəzər saldıqdan sonra bağlamaq qərarına gəldi. Anidən durdu, rəfiqəsinin ona məsləhət bildiyi bir xanımla danışmaq üçün mesaj qutusuna göndərdiyi profil ünvanını xatırladı. Həmin mesajı dünən də açmışdı, amma "Eh" deyib bağlamışdı. Bu gün isə yoxlamaq qərarına gəldi. "Axı biri mənə mütləq kömək etməlidir. Mən bu cür çox davam gətirə bilməyəcəyəm". Artıq gözləmədən rəfiqəsinin göndərdiyi ünvana yazmağa başladı.

- Salam. Sizinlə danışmaq olar?

- Əleykümə salam. Buyurun.

- Kiminləsə danışmağa ehtiyacım var. Rəfiqələrim məni tam anlamırlar, bəlkə də mənə belə gəlir.

- Anlayıram. Çəkinməyin.

- Mənə elə gəlir ki, insanların bir-birinə ehtiyacı yoxdur artıq. Hər kəs bir-birini aldadır, hərəkətləri, danışıqları ilə nəsə umurlar.

- Sıxıntılarınız var deyəsən, bölüşə bilərsiniz, dinləyirəm sizi.

- Bir il əvvəl bir oğlanla tanış oldum. Mən onun hisslərinə heç cür inana bilmədim. Bir gün mənə sevgisini etiraf etdi. Mənsə ona "Bu sevgini dərindən hiss edə bilmirəm" cavabını verdim. O isə "Mən nə edim ki, səni sevdiyimə inanasan?" deyirdi. Bir müddət yenə məni izlədi. Hər gəlişində sevgisini hiss etdirməyə çalışırdı. Sonra bir gün daha gəlmədi. On gün heç yerdə görünmədi. Mən narahat olmağa başlamışdım. Hiss edirdim ki, ona bağlanmışam. Əvvəlki kimi məni izləməsini, dərsdən çıxarkən gözləməsini və qayğımı çəkməsini istəyirdim. Yoxluğundan darıxmağa başlamışdım. Və bir gün yenə dərsdən çıxarkən məni gözlədiyini gördüm. Çox sevinmişdim. Ona niyə belə etdiyini soruşduqda xəstə olduğunu və gələ bilmədiyini demişdi.

- Siz onun xəstə olması məsləsinə inanmışdınız?

- Bəli. Həmin gündən sonra səmimi münasibətimiz yarandı. Bir-birimizi görmədikdə çox darıxırdıq. Ən çox da mən. Düşünmüşdüm ki, bu, həqiqi hisslərdir və artıq hər ikimizdə mövcuddur. O isə münasibətlərimizin daha da səmimi olması üçün əlindən gələni edirdi. Günlərin bir günü o, yenə gözlənilmədən yoxa çıxdı. Telefonu söndürülmüş, heç bir yerdə izi-tozu qalmamışdı. Sanki havaya buxarlanmışdı. Mən yenə üzülməyə, darıxmağa başladım. Niyə belə etdiyini, ən əsası da xəbərsiz itməsini anlamırdım.

- Belə yoxa çıxması sizdə şübhə oyatmadımı?

- Oyatmışdı əslində.

O, bir xeyli zaman yazmadı. Deyəsən qəhərlənmişdi. Sonra davam etdi.

- Düşünürdüm ki, yəqin səhhəti ilə bağlı yenə nəsə baş verib, ona görə əlaqə qura bilmir, gözləməkdən başqa çarəm qalmırdı. Hətta özümü qınamağa başlamışdım ki, niyə axı onun haqqında məlumatları, harda yaşamasını, yaxın insanlarını öyrənməmişdim. Və bir gün dərsdən çıxarkən onu yol kənarında başqa bir qızla danışan gördüm. Bir anlıq nə baş verdiyinin fərqinə varmaq istədim, amma artıq şok keçirirdim. Nə edəcəyimi bilmədim. Məni bu vəziyyətdən elə o özü çıxardı. Yaxınlaşaraq salamlaşdı və yenə də xəstə yatdığını dedi, az əvvəl danışdığı qızın isə qrup yoldaşı olduğunu bildirdi. Mən isə danışa bilmirdim. Hiss edirdim ki, nəsə yolunda getmir, amma bunu ona bildirməyi də mənasız hesab edirdim.

Sonunda özümə gəlib güclə eşidiləcək bir səslə, "Səni anlamıram, Teymur, bu davranışlarını izah edə bilərsənmi?" - dedim.

- Nəyi izah edim, Lalə? Dedim axı, xəstə idim, əlaqə saxlamağa heç halım yox idi.

- Məncə, sən yalan söyləyirsən, məqsədin nədir? Nəyə nail olmağa çalışırsan? Dürüst ol!

- Düzünü bilmək istəsən, mən artıq istədiyimə nail olmuşam. Səni heç vaxt sevməmişəm. Sadəcə, inadkar qızları da tora salmağı bacardığımı sübüt etdim özümə. Bu qədər sadə. Səninlə əylənmək istəyirdim. Sən ilk gündən təcrübədən keçirdiyim digər qızlardan biri olmusan mənim üçün. Bundan artıq dəyərin yoxdur gözümdə!

- Rədd ol qarşımdan! "Pişiyin ağzı ətə çatmayanda deyər iy verir". Səni bir daha görmək istəmirəm!

Bu, bizim son söhbətimiz idi. Mən həmin gündən qəlbi qırılmış birisiyəm. Belə haqsızlıq məni çox üzür. Mən bu haqsızlıqla necə yaşamağa davam edim, bilmirəm.

- Anlatdığınız hekayəyə bənzər hekayələri çox dinləmişəm, hamısının da acı çəkdiyi yer sınıq qəlbləridir. Odur ki, ürək sındırma ilə bağlı kiçik bir araşdırma aparıb yazı hazırlamışam. İstəyirsiniz, söhbətə davam etmədən əvvəl həmin yazını oxuyun.

Qəlbləri qırmayın, içində Allah var

Ürək sındırmaq, könül yıxmaq, incitmək, incimək, qəlb qırmaq. Bu kimi sözləri çox eşitmisiz. Bir insanın ürəyini sndırmaq nədir, bilirsinizmi?

Ürək sındırmaq müxtəlifdir, forması, dərinliyi, ustalıqla hazırlanmasına görə bir-birindən fərqli, çeşidlidir. Bəzi mənbələrdə qəlbin qırılması hadisəsini övlad itkisindən sonra ən dərin üzüntü, iztirab kimi göstəriblər. Xalq arasında “Bir insanın qəlbini qırmaq Kəbəni yetmiş dəfə dağıtmaq qədər günahdır” deyimi çox geniş yayılıb. Deyirlər, insan daşdan sərt və güldən də nazikdir. Yəni o, qırmağa və qırılmağa sahib xüsusiyyətlərə malikdir. Xalq ozanı Yunus Əmrənin qəlb qırılmasına dair kamil baxışı belə idi:

Bir kəz kö­nül yıx­dın isə,

Bu, qıl­dı­ğın na­maz de­yil.

Yet­miş iki mil­lət də­xi

Əlin-üzün yu­maz de­yil.

Burda nə görürük ? Şübhəsiz ki, səmimi qəlblərin Allah dərgahında böyük dəyəri vardır. İslam alimləri insan qəlbini Kəbəyə bənzətmişlər. Könül yıxmaq Kəbəni yıxmaqdan daha böyük bir günah kimi qəbul edilir. Sizcə, niyə Kəbəni yenidən tikmək mümkün olduğu kimi qırılan bir qəlbi bərpa etmək olmur? Çünki, Kəbəni insan yaratmışdır, onu bir insanın yenidən inşa etməsi mümkündür. Qəlbi yaradan, ona dəyər verən, təcəlli edən isə Allah-Təaladır, insan onu yenidən bərpa etmək qüdrətində deyil! Yəqin elə buna görədir ki, Yunus Əmrə könül barədə fikirlərini bu cür izah edib:

Könül Çələbin taxtı,

Çələb könülə baxdı.

İki cahan bədbəxti,

Kim könül yıxarsa.

Allah-Təala müqəddəs Quranda belə buyurur:

“Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal, 24)

Kiçik bir rəvayətlə qırılmış qəlbin düzəldilməsinin mümkünsüz olmasını izah etməyə çalışacağam.

Qəlbləri qırmayın, içində Allah var!

"Bir gün atası pis davranan oğluna bir taxta alır və deyir: "Oğul, hər qırdığın qəlb üçün bu taxtaya bir mismar çax". Oğul atasının sözlərinə əməl edir. Bundan sonra atası "İndi də hər kəsin könlünü al, üzr istə və bu mismarları bir-bir taxtadan çıxar" deyir. Oğul atasının bu xahişini də yerinə yetirdikdən sonra ata taxtanı əlinə alaraq oğluna nəsihət verir: "Bax, oğlum, bu taxtanı görürsənmi? Mənim sənə verdiyim əvvəlki halda deyil artıq. Onu sənə verdiyim şəkildə görə bilməyəcəksən. İnsan qəlbi də belədir. Bir dəfə qırdınmı, incitdinmi, əvvəlki halına dönməsi müşkül məsələdir, hətta mümkünsüzdür. Buna görə də bu məsələlərdə çox diqqətli olmalısan!"

Rəvayətdən də göründüyü kimi, qırılımış qəlbi hətta sonradan üzr istəməklə də bərpa etmək mümkün olmur! Şair Əliağa Vahid də bu haqda belə deyib:

Naşad eləyən könlümü dilşad eləsən də.

Sındırmısan, əl vurma sınıq könlümə, zalım.

Viranə düzəlməz necə abad eləsən də.

Doğrudur, müasir tibb aləmində zərər görmüş ürəyi (qəlbi) sağaltmaq, hətta xəstəyə yeni ürək köçürmə əməliyyatları da artıq məlumdur və mümkündür. Ancaq bu, məsələnin fiziki tərəfidir. Bəs mənən zərər çəkmiş ürəklər necə sağalsın? Sağalmaq nədir, hələ son 10 ildir ki, belə bir xəstəlikdən də danışılır - "Qırıq qəlb sindromu". Qəlb qırıqlığı sadəcə mənəvi deyil, fiziki narahatlığa da yol aça bilər. Böhran əlamətləri göstərən xəstəliyin müalicəsi də fərqlidir. İnfarktı təqlid edə bilən qırıq ürək sindromu bədənin şiddətli stressə verdiyi fərqli bir cavab reaksiyasıdır. "Qırıq ürək sindromuna" "Takotsubo sindromu" da deyilir. Takotsubo - Yapon balıqçılarının səkkizayaqlı ilbiz ovlamaq üçün istifadə etdikləri bir növ saxsı qabdır və bu xəstəliyə tutulanların ürəyinin görünüşü kardioqramda həmin saxsı qaba (çömlək) bənzəyir. Bu vəziyyət ürəyə ciddi şəkildə təsir edir, bədənə kifayət qədər qan vura bilmir və nəticədə ürək çatışmazlığı yaranır. Əlamətləri infarkta çox oxşadığı üçün bir çox həkim bu vəziyyəti infarktla səhv sala bilir.

"Qırıq qəlb nəzəriyyəsi" üzərində çalışan tədqiqatçılar, xüsusilə avstriyalı nevroloq Yrsa Sverrisdottir və həmkarları iki il müddətində qırılmış qəlbləri incələyərək qəlbin əslində necə qırıldığını tapıblar. Onların sözlərinə görə, stress altında hücuma keçən hormonlar ürəkdə yığılır və bu zaman ürək özünü müdafiə etmək üçün qapanır. Beləliklə, ürəyin şəkli dəyişir və orqanlara qan vurmaqda çətinlik çəkir. Hələ bundan xeyli əvvəl - 1920-ci illərdə stress nəzəriyyəsinin yaradıcısı hesab olunan Kanada endokrinoloqu Hans Selye canlılar üzərində təqqiqat apararaq bu nəticəyə gəlib ki, qəlb qırılması zamanı stress hormonları, əsasən də adrenalin onlarca dəfə artır ki, bu da ürəyin işləmə funksiyasına mənfi təsir göstərir. Bu səbəbdən də ürəyi sınmış insanlarda yuxusuzluq, iştahsızlıq, hərəkət etmənin azalması və ya hər hansı bir iş görməyə istəksizlik yaranır.

Görürsünüzmü, qırıq, sınmış ürək nələrə gətirib çıxara bilir?

Bəzi insanlarımız var ki, qəlb qırmaqdan, ürək sındırmaqdan sanki zövq alırlar - bir dəfə incidirlər, sonra təkrar edirlər, daha sonra azğınlaşıb qəlbi qırıq-qırıq, çilik-çilik edir, hətta bu azmış kimi "üstünə çıxıb tapdalayır" və bundan bir "qalib" kimi həzz alırlar. Amma anlamırlar, anlamırlar ki, insan Qəlbi bütün fəzilətlərin məskəni və mərkəzidir. Mənəvi qəlbə könül dеyirlər ki, Allahın insana rəhmət еtdiyi ilahi sirlər onunla bağlıdır. Könül insanı sənin haqqını tapdalamaz, düşmənçiliyə düşmənçiliklə, zülmə zülmlə cavab verməz. Ən çətin vəziyyətdə belə soyuqqanlılıqla, hadisələr qarşısında sarsılmadan, təmkinlə hərəkət edər, nə olursa-olsun, bir könül əri olmağın vəzifələrini mükəmməl şəkildə yerinə yetirməkdən əsla çəkinməz. Pislik edənlərə hər zaman yaxşılıqla cavab verər. Pis işləri şər qüvvələrin işi sayar və bir xeyirxahlıq abidəsi olmağa çalışar.

Allah Müqəddəs Quranda buyurur:

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O za­man sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar. Bu isə ancaq səbr edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sahib­lərinə nə­­sib olur” (Fussilət, 34-35).

Qəlbin qırılması bir insanın yalnız özü ilə bağlı olan proses deyil. Qəlb tək bir söz, acı xəbər, bir haqsızlıqdan da qırıla bilər. Qəlb xaricdən gələn təsirdən qırılır.

Qırılmış qəlbləri gələcəkdə daha çox qırılmalardan qorumaq üçün hadisələrə qarşı soyuqqanlı ola bilmək bacarığını inkişaf etdirmək lazımdır. Yalnız bu zaman stress azalacaq və ürək daha az zərər görəcək. Qəlbi nəzarət altına ala bilmək hər birimizin sağlamlıq borcudur.

Məqalədə qeyd etdiyim kimi, qəlb qırılması həm də hərəkətsizliyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün mütləq idman hərəkətləri, fiziki işlər görmək vacibdir.

Düzdür, həssas ruhlar tez qırılır, tez inciyir. Amma həyat öyrədicidir. Əsas olan öyrənərək, inkişaf edərək yetişməkdir, müdrikləşməkdir. Həyatı olduğu kimi - həm sevinci, həm də kədəri ilə qucaqlamağı öyrəndikcə qəlb daha az qırılır. Buna görə də ilk əvvəl özünüzə, daxilinizə səyahət etməyi öyrənməlisiniz. Mütaliənizi gücləndirin, anlamadığınız məsələləri araşdırıraq öyrənin, biliklər əldə edin. Dünyagörüşünüz artsın. Bir sözlə, ürəyinizin yüksək dozada sevinməsi üçün heç nəyinizi əsirgəməyin. Və bu yolda Allahın göndərdiyi müqəddəs Qurani Kərim bizlərə işıq olsun.

Yazını oxuduqdan sonra Lalə əvvəlcə utandı, öz sadəlövhlüyünü anladı. Sən demə, onun kimi qəlbi qırılanlar çoxmuş. O isə günlərdir nə qədər əzab çəkdiyinin fərqində deyilmiş. Bundan əlavə, Lalə inanılmaz dərəcədə rahatlaşmışdı. Onu dinləyən və yazısı ilə kömək olan xanıma dəfələrlə "Çox sağ ol" deyib təşəkkürünü bildirdi. O, artıq məlumatlı idi. Acısı hələ tam keçməsə də, yüngülləşmişdi.

 

CEYLAN MUMOĞLU

qadin.net saytının Baş Redaktoru

Go Back

Çox dərin problemdən bəhs olunub, bəyəndim. Davamlı olsun.

Çox gözəl, təşəkkürlər



Sorğu göndər