Düşüncə Jurnalı

header photo

Məğlub yox qalib olmalıyıq!!!

03-11-2014

 

Həyatda bizə geri qayıtmaq şansı verilməyib!

 Hər birimizin ağlından keçmişdir. Həyat nədir? Biz kimik? Niyə yaranmışıq? və.s  kimi sualları hər birimiz özümüzə və yaxud da başqasına vermişik. İnsan var olandan bu suallara müxtəlif  yanaşmalar olmuşdur. Filosoflar, alimlər bu suallara müxtəlif cavablar vermişlər. Onların bəziləri dinə, bəziləri isə məntiq və ağıla əsaslanaraq cavablandırmışlar.

 Bəs, biz niyə bu qədər əzablara dözürük? Sevinc, kədər, mübarizə, xoşbəxtlik, itki - bunlar hamısı biz yaşadıqca var olan əlamətlərdəndir. Hər birimiz bunları həyatda yaşamışıq. Bəzilərmiz çətnliklə üzləşdikdə həyatı qınayır. Özünü bədbəxt sanır. Çıxış yolu axtarmaqdansa, taleyi ilə barışır və nəticədə ona verilən bu həyata birdəfəlik  son qoyur. Xeyir, bunu etməməlisən! Axı bu sənin həyatındır. Sənin mübarizəndir. Əgər geri çəkilmək istəsən bunu düşün. Həyatda bizə geri qayıtmaq şansı verilməyib. Hər bir anı bir dəfə yaşayırıq. Hər birimizdən belə cümlə eşidilib: “Kaşki geri qayıtmaq şansım olsaydı”. Bu kaşkıları yaşamamaq üçün gərək diqqətli olaq. Tərslik, qürür, küskünlük, kin, intiqam - bu kimi əlamətlər həyatı çətinləşdirir. Nəticədə həyat dözülməz olur.

Həyat əslində biz dərindən düşünsək, elə də mürəkkəb deyil.  Uşaqlıq, gənclik və qocalıq. Bu üç dövrü çoxumuz yaşayırıq. Bəzilərimizə heç biri qismət olmazkən, bəzilərmiz qocalığına kimi ömür sürür. Burdan belə nəticəyə gəlmək olar ki,  hamımız bizə verilən vaxt limiti əsasında yaşayırıq. Amma nədənsə bizlər  bu vaxt limitini sonsuzluq kimi başa düşürük. Vaxt gəldikdə isə bu həyatla vidalaşırıq. Hər birimiz bu həyatda  izlər qoyuruq. Həyat o izləri özündə saxlayır. Mənim üçün maraqsız olan o iz başqasının həyatı olur.  Deməli həyat biz insanların bir-birimizə olan bağlılığından ibarətdir. Ailə, qohumluq, tanışlıq, dostluq. Bəs, tanımadığımız insanlar? Onlarla heç vaxt qarşılaşmaq şansımız olmur. Onlar da öz ailələrinin, qohumlarının, dostlarının həyatında yer almışlar. Onlarla sevinclərini, kədərlərini paylaşmışlar. Amma biz  onların həyatından xəbərsizik. Eləcə də onlar bizimkilərdən. Biz əhatə olunduğumuz insanlara bağlıyıq. Bəzilərimiz yaxınları xoşbəxt olsunlar deyə öz istəklərindən vaz keçib onları xoşbəxt görmək naminə onların razılaşdığı həyatı yaşayırlar. Bəzilərimiz isə öz istəklərimiz naminə yaxınlarımızın  üstündən xətt çəkirik. Beləliklə də həyatda tək yaşamağa məcbur oluruq.

Həyat  - birlik, mübarizə, məğlubiyyət, qələbə - bunların vəhdəti əsasında yaşanılan bir dünyadır. Düşdükdə qalxmağı, göz yaşlarından sonra gülməyi bizə öyrədən həyatdır. Həyat əslində bizə verilən bir zamandır. Zaman isə geri dönüşü olmayan bir yoldur.  Biz bu yolla irəliləyirik. Kimisi bu yolda başlanğıc addımını  atarkən kimisi isə son addımını atır. Təzaddır həyat. Bəzilərmiz  tox olarkən, bəzilərmiz ac və susuzdurlar. Bəzilərimiz yeni həyata qədəm qoyarkən, bəzilərimiz son mənzilə yola salınır. Bax belə... Gəlin, bu həyatı bizə verilən bir sınaq kimi başa düşək. Sadəcə bir sınaq. Burda məğlub yox qalib olmalıyıq.

Alimə Quliyeva

Go Back

Sorğu göndər