Düşüncə Jurnalı

header photo

Qarlı Bir Qış Sabahı...

 

Bugün bütün duyğularımı çıxarıb qəlbimdən,yağan qara sipər etdim. Bəlkə üşüsünlər, bəlkə donsunlar,biraz keyləşsinlər… Bəlkə onda həssaslıqlarını bir qədər itirib ürəyimə azacıq aman verərlər deyə… Hər birinə bir qar danəsi düşdü,amma bəzilərinə birdən daha çox. Bəzilərinin don tutmasına bir qar danəsi kifayət edərkən,bəzilərini üşütmədi belə!

Donmuş duyğulardan incə bir soyuq sızır qəlbimə… Narın –narın işləyir qəlbimin hər telinə… Aha, qəlbim də üşümək istəyir deyəsən... Bir anlıq sevinirəm! Qurtuluram deyəsən … Hiss edirəm artıq soyuğu ən şah damarımda… Qəribə bir səssizlik çökür ruhuma. Bu arada qar hələ də yağmaqda. Qar danələri bəzi duyğularımı görünməz edib artıq. Haralardasa,hansılarınınsa nəfəs alışını duyuram. İnadına yaşayırlar sanki!  İnadına nəsfəs alırlar… Bəlkə də nəfəsləriylə isti tutmağa çalışırlar özlərini,əritməyə çalışırlar buzdan əcəllərini...

Qəribə bir gülümsəmə qonur dodaqlarıma. Nafilə,bacararlarmi ki? Qar amansız yağır,kəsəcəyə də oxşamır! Nəhayət yorğun düşdükləri anda bitəcək hər şey! Qəlbimin sağ yarısını hiss etməməyə başlayıram artıq. Deməkki sağdakı duyğular daha cılız imiş,yeqin elə sağ qəlbin özü qədər çirkli imiş ki,rahatlıqla təslim etdilər nəfəslərini…

Pəncərənin önündə oturub ,yerimi daha da rahatlayıram. Çiynimdə qalın bir şal cismimi isidərkən,qəlbimin donuşunu qəribə bir səssizlik içində izləyirəm. Sanki bir filmdir izlədiyim,sonunda nə olacağının marağında olmadan! Bəzi filmlər var axı, hələ ta başından,sonunun nə olacağını təxmin edərsən…

Dayan!!! Ola bilməz! yooxx. Daayaannn,olmaazz,indi yoxx… Yox bu dəfə də sənmi beynim?  Sənki mənim tərəfimdə idin?! Yoxx çıxın beynimdən! Olmazz,axı az qalıb. Axı artıq yorğun düşüblər… İndi olmaz!  Olmaz….

Amma gec idi artıq…

 Beynimə gedən damarların daraldığını hiss edirəm,qan ən böyük təzyiqlə yürüyür beynimə… Lənət olsun,həmişə belə olur! Şah damarım atlanır,sanki bağrımı yarıb çıxacaq. Lənətə gələsən! Və yenə də gözlənilən sonluq! Budur yavaş-yavaş istilik yayılır bədənimə. Baş qaldırırlar qarlar içindən Sol yandakı duyğularım! Özləmim ən başda,qayıdırlar sol ürək məskəninə… Gəlişləri ürəyimi yenidən al qana boyayır,ruhum isinir… Eh,yenə nəfəs alışları aramsız bir ritmlə qulağımda səslənir. Yenilmişcəsinə qəlbimin sol yanına,atıram şalımı çiynimdən,keçirəm aramsız yağan qarın altına və cavab yazıram,tərtəmiz duyğularla “NECƏSƏN” sualına….

 

Fəridə Qasımova

 

 

Go Back

Sorğu göndər