Ən böyük ədalətsizlik...
Türk professor Səfa Sayqılı hesab edir ki, uşaqlar arasında cinsi fərq qoymadan tərbiyə etmək ədalətsizlikdir.
Uzman həkimin sözlərinə görə, oğlan və qız uşaqlarının duyğuları fərqli olduğu üçün tərbiyə üsulu da ona uyğun olmalıdır: "Qız və oğlan uşağını cinsiyyətini hər vaxt ön plana çıxararaq tərbiyə etmək lazımdır. Oğlanı qız, qızı oğlan kimi böyütmək onlara edilən ən böyük ədalətsizlikdir. Qız və oğlan fiziki baxımdan fərqli yaradıldığı kimi, duyğuları da fərqli olur. Bu səbəbdən qız və oğlan uşağının tərbiyəsində mütləq fərq qoyulmalıdır".
Həkim hesab edir ki, cinsi tərbiyə uşaq yetkinlik yaşına çatana qədər davam etməlidir: "Cinsi tərbiyə uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır. Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Ata qızları, ana isə oğlanları çimizdirməkdən nə qədər tez uzaqlaşdırılsa, bir o qədər yaxşı olar. 5-6 yaşlı uşaqların əksəriyyəti artıq nisbətən müstəqil olaraq çimmək, yuyunmaq iqtidarında olurlar. Onlara, sadəcə, belini sürtməkdə, sabunlamaqda və başını yumaqda yardımçı olmağınız kifayət edər. Həmçinin, uşağı vannaya da alt paltarında otuzdurmaq, ona ehtiyacı olan yardımı göstərdikdən sonra isə vanna otağından çıxmaq lazımdır ki, digər yuyunmaq hərəkətlərini uşaq özü etsin".
"Sən qızsan?"
Psixoloq Narınc Rüstəmova hesab edir ki, valideyn 6 yaşına qədər oğlan uşağı ilə qız uşağının tərbiyəsində böyük fərq qoymamalıdır: "Uşaq tərbiyəsində cinsi ayrımlıq mühüm rol oynayır. 6 yaşına qədər uşaqların cinsiyyətini kəşf etmə dönəmidir ki, o dövrə qədər oğlan uşağı qız kimi, qız uşağı oğlan kimi rəftar edə bilir. Bu proses 6 yaşına qədər heç bir halda qorxulu deyil. Bəzi hallarda 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayırlar. Bu, heç də uşağın öz burnuna, qulaqlarına, göbəyinə və digər orqanlarına olan marağından başqa bir şey deyil. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. Əgər uşağınızın belə işlə məşğul olduğunu görsəniz, onu qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Bu zaman ehmalca olaraq uşağın başını başqa bir maraqlı məşğuliyyətə cəlb etmək məsləhət görülür. Bu dövrə qədər valideynlər uşaqlar arasında kəskin fərq qoymamalıdırlar. Amma 3 yaşından etibarən uşağın tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bu periodda valideynlər bəzən müşahidə edirlər ki, oğlan uşaqları anasının hündür ayaqqabılarını geyinmək istəyir, qız da atasının köynəyini geyinir. Xüsusən oğlan uşaqlarında bu, panika yaradır. Çünki qız uşağını düşünürlər ki, kişi qeyrətlidir, qız uşağı oğlan oyuncağı ilə oynayarkən valideyn normal qəbul edir. Amma oğlan uşağında bu, normal qarşılanmır. Hansı ki təbiidir. Bu dönəmdə uşaq həm qızın, həm oğlanın xüsusiyyətlərini öz üzərində daşıyır. Hər ikisini kəşf edərək öyrənməyə, arasındakı fərqi görməyə başlayır. Valideynlər belə situasiya ilə qarşılaşanda buna gülməməlidir. Lakin yaxşı bir şey olmadığı mesajını da ötürməməlidir ki, uşaq bunu oyun şəklinə çevirib intensivləşdirməsin. Vurmaq, ayıblamaq, utandırmaq, "sən qızsan?", "arvad kimisən" demək də olmaz. Çünki bu dönəmdə hələ onun cinsi kimliyi formalaşır. Bunlar təbiidir. Uşaq ətrafda gördüyü hər bir şeyi özünə bənzətməyə çalışır. Hətta, baxdığı cizgi filminin personasını belə özünə bənzədir. Bu, qorxulu deyil".
"İlk sevgili valideyndir"
Psixoloq deyir ki, uşaqlar öz cinsiyyətinin mahiyyətini valideynlə məhəbbətdə dərk edirlər: "Oğlanlar öz cinsiyyətini ana ilə məhəbbətdə, qızlar isə ata ilə məhəbbətdə öyrənir. Oğlanın ilk sevgilisi anası, qızın da ilk sevgilisi atası olur. Bu dönəmdə qız uşaqları öz atalarına böyük məhəbbət bəsləyirlər, eynilə oğlan uşaqları da analarına məhəbbət göstərirlər. Bu periodlarda valideynlər anlayış göstərməli, analar qızlarını, atalar da oğlanları qısqanmamalıdır. Çünki bu dövrdə uşağın aldığı travma irəlidə onun cinsi kimliyini alçaldır. Qız uşağı ata ilə münasibət qurmursa və yaxud da natamam ailədirsə, mütləq ata obrazını dayı, baba, əmi əvəz etməlidir. Əgər bu obraz olmasa, qız gələcəkdə oğlan kimi böyüyür. Yalnız ana ilə ünsiyyətdə olan oğlan isə öz kimliyini öyrənmədiyi, hiss etmədiyi üçün gələcəkdə davranışları daha çox qadın xüsusiyyətlərinə bənzəyəcək. Qorxaqlığı, həssaslığı, hadisələrə yanaşması fərqli olacaq. Buna görə də valideyn əks cinsə diqqət etməlidir. Məcazi mənada ata öz qızının sevgilisi, ana da oğlunun sevgilisi olmalıdır".
"Güzəşt etmə!!!"
Qız və oğlan arasında rəng ayrımına toxunan psixoloq vurğuladı ki, valideynlər maksimum belə ayrımlardan qaçmalıdır: "Bəzən valideynlər rəng ayrımı edirlər. Məsələn "oğlana qırmızı geyinmək olmaz", "qız uşağı mavi rəng geyinməz" kimi fikirlər irəli sürürlər. Günümüzdə rəng ayrımı yoxdur. Yəni oğlan uşaqları qırmızı, çəhrayı koftalar da geyinir. Və ya qız uşaqları mavi paltarlar geyinirlər. Valideynlər maksimum dərəcədə rəng ayrımından qaçmalıdırlar. "Sən qızsan, bu rəngdə geyinmə", "sən oğlansan, bu rəng geyinmək olmaz" kimi fikirlərdən uzaq olmaq lazımdır. Digər hallarda cəzalar, qiymətləndirmə, həvəsləndirmə hər ikisinə eyni dərəcədə lazımdır və arada fərq qoymağa ehtiyac yoxdur. Cəzanın ağırlığı qız və ya oğlana görə dəyişməməlidir. "Bu qızdır, güzəşt et" kimi ifadələr işlədilməməlidir".
Cəzalar fərqli ola bilər, amma...
Psixoloq Hüseyn Xəlilov isə deyir ki, oğlan uşağı əsgər kimi, qız da xanım kimi yetişdirilməlidir: "Oğlanla qız uşağının təlim-tərbiyəsində fərqli cəhətlər var. Əslində tərbiyə prosesi hamiləlikdən gedir. Ana övladını öz bətnində tərbiyələndirir. Xüsusilə hamiləliyin 5-ci ayından başlayaraq ana daha çox övladına müsbət şeylər təlqin etməli, əhval-ruhiyyəsinin pozitiv olmasına çalışmalıdır. Psixoloqların gəldiyi qənaətə görə, körpə uşaqlar 5 yaşına qədər ömürlərinin 60 faizini yaşamış olurlar. Yəni şüuraltı olaraq onlar bir çox şeyləri götürə bilirlər. Təlim-tərbiyədə oğlan uşaqlarına verilən diqqət qız uşaqlarından fərqlənir. Dədə Qorqud dastanında da ata oğluna bir əsgər kimi yanaşır. Uşağa deyiləcək nağıllar, kitablar da, cizgi filmləri də oğlan uşağının tərbiyəsinə yansıyır. Uşaq ailədə cəsarəti, fədakarlığı, paylaşmağı görməlidir. Qız uşağına diqqət oğlandan fərqli olur. Qız uşağı qabalığı, kobudluğu görməməlidir. Onun tərbiyəsində üsullar ondan ibarətdir ki, doğru danışmaq, çevrəsində olan uşaqlarla paylaşmağı bacarmaq, ədəb-ərkan üsullarına riayət etməlidir. Uşaq müəyyən hadisələri şüur altında saxlayır, sonradan bunu ya müsbətə, ya da mənfiyə çevirə bilir. Uşağın tərbiyəsində daha çox reallıqları göstərmək lazımdır. Valideyn əgər uşaqlarını cəzalandırırsa, cəza üsulları döymək, söymək, təhqir etmək deyil, uşağın istədiyini verməməklə olmalıdır. Amma nə oğlanı, nə qızı ərköyün böyütmək lazım deyil. Cəzalar fərqli ola bilər. Amma heç birini ərköyün böyütmək olmaz".
Kaspi.az