Xoşbəxt uşaq yetişdirməyin sirri nədə gizlidir? Necə olur ki, bəzi uşaqlar sevinc dolu, xoşbəxt olduqları halda, bəziləri bunu etmək iqtidarında olmurlar? Bildiyiniz kimi uşaq tərbiyəsində bir neçə faktor önəmli rol oynayır. Bu məqalədə daha çox tərbiyə prosesində istifadə olunan mükafatlandırmanın uşaq tərbiyəsindəki rolundan danışıcağıq.
Bir çox hallarda valideynlərlə ünsiyyətdə olarkən uşaqlarını həvəsləndirmək və daha yaxşı nəticələr göstərmələrini təmin etmək üçün mükafatlandırma üsulundan istifadə edildiyinin şahidi oluruq. Belə ki, bir çox hallarda ana – ata uşağa dərs ilini yüksək qiymətlərlə bitirsən sənə telefon (kompyuter, ayaqqabı və s) alacam və ya gəzməyə aparacam kimi həvəsləndirici hədiyyələr təklif edirlər. Ancaq bu formada olan yanaşma tərzi uşağa şüuraltı olaraq özüm olduğum üçün sevilmirəm düşüncəsini verir, yəni məni, mən olduğum üçün yox, dərslərimi yaxşı oxuduğum üçün sevib, çox istəyirlər mesajı verir. Nəticədə uşaqda dəyərsizlik hissləri formalaşmağa başlayır. Bu dəyərsizlik hissi ilə ailəsi tərəfindən qəbul edilmədiyi fikrini formalaşdıran uşaq, qəbul edilməyin başqa yollarını tapmaq üçün ətrafdakılar ilə yaxşı münasibətdə olub onlardan təsdiq almağa, onların sevgisini qazanmağa çalışır. Nəticədə heç kimə yox deyə bilmir və hər hərəkəti üçün daima ətrafdan təsdiq gözləyir. Hətta bəzən uğurlu olduqda yoldaşları ilə münasibəti pozulacağından qorxaraq şüuraltı olaraq uğursuz olmağı seçir.
Mükafatlandırma insanda daxili motivasiyanı öldürdüyü kimi həm də insanlarda (xüsusən uşaqlarda) ona qarşı bir asılılıq yaradır və növbəti dəfə eyni nəticəni göstərmək üçün yenə mükafat tələb edir. Ancaq bir müddət sonra artıq eyni tipli mükafat adiləşdiyi üçün uşaq daha böyük və daha fərqli bir mükafat tələb etməyə başlayır. Valideynin bunu təmin etməməsinə görə bir şantaj vasitəsi kimi uşaq dərs oxumur, üzərinə düşən işləri görmür və nəticədə valideyni manipulyasiya edərək istəyinə nail olmağa çalışır. Bunun bir digər neqativ təsiri isə münasibətlərin pozulmasına səbəb olmasıdır. Mükafat istəkləri yerinə yetirilməyən uşaq valideynlərin tələbini yerinə yetirməməyə başlayır və buda konfliktlərin artmasına gətirib çıxarır. Əlavə olaraq mükafatlandırma uğuruzluqların artmasına, faydalı iş əmsalının aşağı düşməsinə və inkişafın zəifləməsinə səbəb olur.
Məşhur Türkiyəli araşdırmacı Özgür Bolat uşaq tərbiyəsinə həsr etdiyi bir kitabında son 70 il ərzində mükafat və tərbiyə arasındakı olan əlaqəni göstərən təcrübi araşdırmaları öyrənərək, müxtəlif nümunələrlə mükafatlandırmanın şagirdlərin və uşaqların tərbiyəsinə ziyanlarını göstərməyə çalışıb. Məsələn belə bir təcrübə var ki, uşaqları iki qrupa bölüb onlara krossvord həll etdirirlər və birinci qrupa krossord həll etdiklərinə görə hədiyyə verəcəklərini vəd etdikləri halda, digər qrupa heç bir mükafat vermirlər. Nəticədə, mükafatlandırma dayandırılan kimi birinci qrupdakı uşaqlar krossvordu həll etməkdən imtina edirlər. Ancaq mükafatlandırılmayan qrup isə krosvordu həll etməyə davam edir. Bir digər araşdırmada dostlarına, yoldaşlarına kömək edən uşaqlar mükafatlandırılırlar ancaq mükafat kəsilən kimi edilən köməyin miqdarıda azalmağa başlayır. Bu kimi yüzlərlə araşdırma onu sübut edir ki, mükafatlandırma haqqında bildiyimiz gerçəklər əslində reallığı əks etdirmir.
Digər bir məsələ isə uşağın sinifi keçdiyinə və ya dərs ilinin sonunda yaxşı qiymət cədvəli gətirdiyinə görə hədiyyə alınaraq, mükafatlandırılmasıdır. Bu birmənalı olaraq qadağan olunmalı məsələlər sırasına aiddir, çünki qiymətinə görə hədiyyə verilən uşaq öyrənmək əvəzinə sadəcə hədiyyə almaq üçün oxumağa başlayır. Artıq onun üçün biliyin, elmin heç bir önəmi qalmır və bütün çalışdığı sinifi yüksək qiymətlərlə keçməyə və hədiyyəni qazanmağa istiqamətlənir. Nəticədə uşaq yaxşı qiymətlərlə oxusa da, dərin biliklər qazanmaq iqtidarında olmur. Bunun qarşısını almaq üçün uşaqda daxili motivasiyanı inkişaf etdirmək və kontrolun onun öz əlində olduğunu hiss etdirmək lazımdır. Çünki özünə nəzarəti öz əlində olan insanlar daha xoşbəxt və rahat yaşayır, məsuliyyət altına girməkdən qorxmurlar.
Mükafat sistemi tək uşaqlarda deyil, yetkin insanların belə qeyri etik davranışlar göstərməsinə səbəb olur. İqtisadiyyatda kobra təsiri deyilən bir anlayış var ki, bu da davam edən bir problemi aradan qaldırmaq üçün müdaxilə edilməsi ancaq bu müdaxilə nəticəsində vəziyyətin daha da pisləşdiyi vəziyyətlərə verilən addır. Keçmişdə Hindistanda kobra ilanı sayı artdığına görə, ingilis höküməti kobra ilanı öldürüb gətirənə hər ilan üçün az miqdarda ödəniş edəcəyini açıqlayır. Lakin zamanla kobraların sayında azalma əvəzinə artım olduğu üzə çıxır. Çünki daha çox pul qazansınlar deyə insanlar kobra fermaları qurub, suni yolla kobra sayını artırır və onları öldürərək hər kobraya görə hökümətdən pul almağa başlayırlar. Bu da mükafatlandırmanın insanın etdiyi davranışa bəraət qazandırdığını, bu yolla öz davranışını rasionalizasiya etdiyini və insanları saxtakarlığıa istiqamətləndirdiyini bir daha göstərir.
Rövşən Hümbətov
Psixoloq, Gənc Psixoloqlar Birliyinin (GPB) baş katibi
Mənbə: "NARINC" Psixologiya Qəzeti