Düşüncə Jurnalı

header photo

Sizin də uşağınız barmağını əmir? - Onunla belə davranın

 

Həyatın ilk aylarında uşaqlar dünyanı ağızları ilə tanıyırlar. Oyuncaqları, barmaqlarını və evdə əllərinə keçən hər şeyi ağızlarına salırlar, çünki bu, onların dünyanı tanıma üsuludur. Uşağın ilk ayları üçün bu, normal haldır. Lakin uşağın dörd yaşından sonra hələ də barmaq əmmə vərdişi davam edirsə, deməli, burada gözlə görünməyən problem var. Aile.lent.az uşaqların barmaqlarını sorma vərdişlərini araşdırıb.

Dörd yaşından sonra uşağın özünü körpə kimi aparması hələ də onun bu çağdan çıxmaq istəməməsi deməkdir. Buna reqressiv davranış deyilir, yəni inkişaf olaraq geriyə dönmə. Uşağın körpə qalmaq istəməsinin bir çox fərqli səbəbləri ola bilər. Məsələn, yeni qardaş-bacısı olan bir uşaq özünə marağı artırmaq üçün özünü körpə kimi aparır və buna sübut kimi körpə davranışı olaraq barmağını sorur. Qorxuları olan və ya valideynlərinin, nənə-babasının mübahisələrinə şahid olan uşaqlarda da bu davranışı müşahidə etmək olar. Mütəxəssislər bildirir ki, bu sadalananlardan savayı da başqa səbəblər ola bilər.

İlk növbədə bu vərdişdən əl çəkə bilməyən uşaqlara səbrlə yanaşmaq lazımdır. Ailənizi, evdə baş verənləri müşahidə edin, nələrin yolunda getmədiyinə fikir verin. Sizin üçün normal və ya əhəmiyyətsiz görünən vəziyyətlər uşağınızın inkişafına təsir edəcək qədər əhəmiyyətli ola bilər.

Ümumiyyətlə, uşaqlar barmaq əmmə vərdişini üç yaşında tərgitməlidirlər. O yaşdan sonra da uşağınız barmaq sormağa davam edirsə, aşağıdakı suallara cavab axtarın:

- Bu davranış xüsusi hallarda və vəziyyətlərdə reallaşır, yoxsa günün çox vaxtında davam edən bir haldır?

- Bu davranış onun ictimai və sosial aktivliyinə mane olurmu? Danışma, tələffüz və dil istifadəsində bir maneə yaradırmı?

Barmaq əmmə vərdişi 4 yaşında da davam edirsə, demək, burada psixoloji faktorlar mövcuddur. Bu halda uşağınıza kömək edə bilərsiniz. Mütəxəssislər bunun üçün bir neçə sadə təklif irəli sürür. Əvvəlcə barmaq əmmə davranışını yalnız evdə etməsinə icazə verə bilərsiniz. Kənar yerdə bunu etmədikdə bunun üçün onu kiçik bir şeylə mükafatlandıra bilərsiniz. Müəyyən müddət bu şəkildə davam edə bilərsiniz. Daha sonra mətbəxdə barmaq əmməsini qadağan edin. Onun ağzını məşğul tutun, bunu kiçik qəlyanaltılarla edə bilərsiniz, birlikdə mahnı, hekayələr oxuya bilərsiniz. Ən əsası isə yeri gəldikcə onunla bu mövzuda danışa bilərsiniz. Uşağın tez bir zamanda bu vərdişi ilə vidalaşmasını gözləməyin və ona zaman verin. Yavaş və addım-addım irəliləyin.

Əsla uşağa “özünü körpə kimi aparırsan” deməyin. Bununla bir az daha körpə qalmasına şərait yaradırsınız. Çünki körpə qalmaq onsuz da onun marağındadır. Uşaq istədiyi marağı cəlb edir və bu davranışını gücləndirir. Bundan başqa, bu mövzuda onunla baş-başa gəlmək müsbət nəticələr verməyəcək. Əvvəlcə uşağınızı və ailə həyatınızı müşahidə altına alın. Bu davranışın alt qatındakı səbəbləri tapın və onları mümkün qədər aradan qaldırın. Birlikdə əyləncəli və maraqlı vaxt keçirin. Nəzərə alın ki, valideynlərlə keçirilən zaman uşaqlar üçün çox əhəmiyyətlidir. Bütün cəhdlərinizə baxmayaraq, uşağınız barmaq əmmə vərdişinə davam edirsə, ana-ata mütləq mütəxəssis köməyindən faydalanmalıdır. 

aile.lent.az

 

Go Back

Sorğu göndər