Düşüncə Jurnalı

header photo

UŞAQ TƏRBİYƏSİNDƏ ATA FAKTORU

 

                                                                                                                                 

"Uşaq ailənin güzgüsüdür."

Atalarımızın bu sözlərini ilk başda  qeyd etməyə bilməzdim.Çünki,bir ailədə xüsusən ata ,ana arasında yaşanan istər xoş,istərsə də xoş olmayan münasibət uşağın psixikasına müsbət və ya mənfi təsir göstərir.Məhz buna görə də uşağı tərbiyə edərkən valideynlər öz vəzifələrini layiqincə yerinə yetirməli,övladlarının sağlam gələcəyə sahib olmaları üçün əllərindən gələni əsirgəməməlidirlər.Həmçinin də ailədə ata və ananın uşağın tərbiyəsində olan mövqeyi bir-birini tamamlamalıdır.Ata-ana müraciət edərkən xoş sözlərdən istifadə edirsə,ailədə qarşılıqlı hörmət mövcuddursa təbii ki,uşaqlarda da həm valideynlərinə,həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşar.Ancaq uşağın tərbiyə olunmasında daha çox ananın rolu ön plana çəkilir.Adətən bir çox ailələrdə uşağın qayğısına qalmaq və tərbiyəsi ilə məşğul olmaq ananın üzərinə düşür.Buna görə də bir çox ailələrdə uşaq böyütməkdə ana özünü tək hiss edir.Çünki,atanın sadəcə evin maddi ehtiyaclarını qarşılayan bir model olduğu düşünülür.Halbuki,uşaqların doğulmağından böyüməyinə,tərbiyəsindən sosial həyatına qədər atalarının dəstəyinə ehtiyacı vardır.

 Ata-uşaq münasibətləri adətən uşaq həyatının 2-ci ilindən formalaşmağa başlayır.Çünki,çağalıq dövründən ayrılan uşaq öz hərəkətləri və yarım danışığı ilə atanın diqqətini çəkir.2 yaşdan sonra ata obrazının güclü olması uşaq həyatının ən vacib şərtlərindəndir.Araşdırmalar zamanı məlum olmuşdur ki,ata obrazının güclü olması uşaq şəxsiyyətinin inkişafına,uşağın zəka səviyyəsinə,psixosexsual və cinsi inkişafına böyük təsir göstərir.Ancaq uşaq 2 yaşına çatanda ona yaxınlaşmağa,qayğı göstərməyə çalışan bir ata,əslində atalıq vəzifəsini yerinə yetirmək üçün gecikmiş sayılır.Çünki,atalıq-çağalıq dövrünün sonunda başlamır.

  Atalıq hissi də,analıq hissi kimi uşağa sahib olma istəyiylə başlamalıdır.Ata öz uşağına hələ doğulmamışdan sevgi və şəfqət göstərməlidir.Hamiləlik dönəmində ananın da ata dəstəyinə ehtiyacı vardır.Ata hər addımında həm hamilə “ana”nın ,həm də dünyaya gələcək körpəsinin qayğısına qalmalıdır.Dünyaya gəldiyi andan etibarən də uşaq ata sevgisinə ehtiyac duyar,atanın qucağında özünü güvəndə hiss edər,onunla isti münasibətdən zövq alar.

 Ata uşaq dialoqunun erkən qurulduğu ailələrdə uşaq kiçik yaşlarından başlayaraq ana modeli ilə bərabər ata modelinə də sahib olur və anadan fərqli bir modelin olduğunu da öyrənir.Hazırki dövrümüzdə ata-ana rolları keçmişə görə getdikcə dəyişir.Ana  atalar öz davranışlarının uşaqlarının tərbiyəsində nə qədər böyük rol oynadığının fərqinə varırlar.Özlərini daha çox inkişaf etdirmək üçün bir çox valideynlər öyrənmə seminarlarına da qatılırlar.Uşağın bədən və ruh sağlığı üçün həm ata,həm də ana modelinə ehtiyacı var.

 Uşaq üçün ata xarici aləmin təmsilçisidir.Belə ki,günün çox hissəsini evdən kənarda keçirən,ətrafdakılarla daima təmasda olan,ətraf aləmlə bağlı gözəllik və çirkinlikləri uşağa tanıdan atadır.Ata uşaqla münasibətini,disiplini uşağı qorxudaraq,ona qarşı təcavüzkar mövqedə dayanaraq yaradarsa uşaq da ətraf aləmi qorxuducu olaraq görər.Uşağın öz düşüncələrində yaratdığı ata obrazı daha sonra onun cəmiyyətə adaptasiyasının təməlini qoyur.Uşağın sosial mühitdə uğurlu və güvəndə olması üçün uşaq özünü atanın yanında rahat hiss etməli,ondan çəkinsə də qorxmamalıdır.Çünki,insan qorxduğu modelə yaxınlaşa,onunla münasibət qura bilməz.

 Adətən atasını axşamdan axşama görən uşaq onun evə dönməsini səbrsizliklə gözləyər,onunla oynamaq,danışmaq istəyər.Ancaq təəssüf ki uşağın bu istəyinə cavab verən ,yorğun olsa belə uşağına zaman ayıran atalar azlıq təşkil edir.Bir çox ata işdən evə dönərkən sakitlik istəyər,uşaqla maraqlanmaz,əksinə tək başına dincəlməyə üstünlük verər.Atanın bu yanaşması gün ərzində etdiklərini söyləmək üçün atasını həyəcanla gözləyən uşağı məyus 

edər,ondan gözlədiyi qayğını görə bilməyən uşaq xəyal qırıqlığı yaşayar və ata-uşaq münasibətləri zədələnmiş olar.Xüsusən oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olmayan atalar öz uşaqlarının gələcəkdə qarşı cinsə şiddətlə yanaşması meyillərinə yol açmış olar.Belə ki,sadəcə ana tərəfindən böyüdülən uşaqlar daha sonra ən kiçik problemləri olanda belə ananı günahlandıra bilər,bu da sonrakı yaşlarda anaya qarşı çıxmağına,həm də əks cinsə qarşı nifrət hissini qazanmasına yol aça bilər.

            Ata oğlan uşağı üçün kişilik modelidir. Oğlanlar kişilik gücünü ,rəqabəti,qalib gəlməyi,məğlubiyyət duyğularını atayla öyrənər.Bundan əlavə,5 yaşından sonra  öz cinsiyyətinin fərqində olmağa başladıqda atanı təqlid etməyə ,onun kim geyinməyə ,onun kimi olmağa çalışar.Bəzən isə atanı öz rəqibi kimi görər və anasını onunla paylaşmaq istəməz,ona qarşı gəlməyə çalışar.Belə hallarda ata uşağının duyğularından xəbərdar olmalı və onu bu vəziyyətdən çıxarmağa çalışmalıdır.

Atalar qızlar üçün qarşı cinsin təmsilçisidir.Qızlar qarşı cinsə aid ilk fikir və düşüncələrini ataları sayəsində öyrənirlər.

            Ata uşaq üçün həm də güc ,qüvvət və qüdrət mənbəyidir.Hər sahədə bilgi sahibi olan,ondan icazəsiz heç bir iş görülməyən,hər iş barədə ondan icazə alınan şəxsdir.O,istədiyini istədiyi vaxt edən tək ailə üzvüdür.Uşağın gözündə bu qədər güclü olan ata heyranlıq duyulan,ancaq çəkinilməsi gərəkilən bir modeldir.Ataya heyranlıq duyan ,onu güclü görən, eyni zamanda atasından sevgi və qayğı görən uşaq ondan ürkməz,onun qoyduğu qaydalara uyğunlaşmağı , özünü idarə etməyi öyrənər və öz hərəkətlərini dəyərləndirməyi bacarar.Atasını güclü görən,lakin ondan sevgi görmədiyi üçün yaxınlaşmaqdan qorxan uşaq isə atanın qoyduğu qaydalara tabe olmaq istəməz,ona qarşı gələr.Deməli,güclü və sevgi dolu bir ata uşağı üçün güvən qaynağı,güclü,lakin qəddar bir ata isə uşağı üçün təlaş ,qorxu mənbəyidir.

Yaxşı ata modeli necə olmalı?

-Yaxşı bir ata uşağın ehtiyaclarını qarşılayarkən ondan sevgi və şəfqət hissini də əsirgəməməli

-Fürsət düşdükcə uşağına vaxt ayırmalı

-Uşağı ilə düzgün münasibət qurmağın yollarını axtarmalı

-Uşağını tanıyaraq,ondakı bacarıq və qabiliyyətləri kəşf etməli və onu lazımi istiqamətdə yönəltməli

-Boş vaxtlarında uşağı ilə oyun oynamalı,gəzintiyə çıxarmalı,kitab oxumalı,dərdləşməli,fikirlərini bölüşməli,onun fikirlərini dinləməli və düşüncələrinə əhəmiyyət verməli

-Verdiyi sözləri tutmalı və tutmayacağı sözlər verməməli.

 Ata uşaq arasında olan isti münasibət tək uşağı deyil,atanı da xoşbəxt edər.Gün sonunda yorğun evə dönən ata uşağı ilə zaman keçirərkən  rahatlıq tapar,yorğunluğu aradan qalxmış olar.

             Fikrimi daha bir qiymətli fikirlə yekunlaşdırmaq istərdim.

Dodson demişdir:” Heç kim yaxşı ata olaraq doğulmaz,yaxşı ata olmaq səbr,sevgi,araşdırma və bilgi işidir.”

Gülnar Yusifova

Psixoloq

Go Back

Sorğu göndər