Düşüncə Jurnalı

header photo

UŞAQLARDA EMPATİYA NECƏ İNKİŞAF EDİR?

İnsanın özünü qarşısındakının yerinə qoyaraq hadisələrə onungözü ilə baxması, həmin insanın duyğularını, düşüncələrini düzgün şəkildə anlaması, hiss etməsi və bu vəziyyəti ona çatdırması prosesinə “empatiya” adı verilir. Empatiya insanın həyatının hər sahəsində ehtiyac duyduğu bir şey olduğu üçün həyatın ilk illərindən etibarən inkişafı vacibdir. Valideynlər empatiyanın inkişafında böyük rol oynayırlar.

Uşaqlarda empatiya qabiliyyətinin anadangəlmə olduğu və ya sonradan inkişaf etdiyi ilə bağlı müxtəlif fikirlər olsa da, tədqiqatçılar empatiyanın inkişafının köklərinin körpəliyə söykəndiyini deyirlər. Valideynlərin uşaq doğulduğu andan etibarən onun duyğularına diqqət yönəltmələri vacibdir, çünki, empatiya gördükcə, qarşılaşılan hadisələrdə bu davranışı görərək inkişaf edir. Uşaqlarda empatiya kiçik yaşlarından etibarən valideynlərin davranışlarına verdikləri reaksiyalardan müşahidə edilə bilər. Valideynin halına nə dərəcədə uyğun reaksiya verdiyi, gözləntilərə qarşılıq verməsi, öz duyğu və düşüncələrinin fərqində olması və onları ifadə etməsi bizə empatiya qurmağa olan meyillilikləri ilə bağlı ipucları verir.

Empatiya qura bilmək, insanları anlaya bilmək ilk öncə özümüzü anlamaqdan keçir. Öz duyğularımızı adlandıra bilmək, özünüdərkin olması empatiya qura bilmək üçün vacibdir. Buna görə də, uşaqların ilk öncə öz hisslərini başa düşməsi lazımdır. Duyğuları ehtiva edən anlayışların mənasını yaşayaraq, təcrübə qazanaraq özlərini daha yaxşı ifadə etməyi öyrənəcəklər. Erkən uşaqlıqda, sorğulama dövründə valideynlərin onlarla öz hisslərini ifadə etdikləri cümlələrlə danışması vacibdir. Bu dövrdən sonra başqalarının hisslərini başa düşməyə və öz hislərini başqalarınınkı ilə əlaqələndirməyə başlayırlar. Bütün bu bacarıqların inkişafında mücərrəd düşünəbilmə bacarığının da təsirli olduğu üçün məktəb dövrünə qədər uşaqların yuxarıda izah olunduğu kimi tam mənada empatik bir əlaqə qurması gözlənilə bilməz.

Empatiya qurmaqda digər vacib məsələ uşaqların anlaşıldığı mühitdə böyüməsidir. Ana-ataları tərəfindən başa düşülən uşaqların daha sağlam münasibət qura bildiyi müşahidə olunmuşdur. Uşaqların narahatlıqlarını anlaya bilmək, hisslərinin fərqində olmaq və bunu hiss etdirmək vacibdir. Empatiya qabiliyyətini inkişaf etdirmək üçün uşağa yaşadığı bir vəziyyəti, düşüncələrini, hisslərini izah etməsi üçün fürsət vermək, mühakimədən qaçmaq, hadisələr arasında əlaqə qurmasını təmin edərək yaşadıqlarından bir nəticə çıxarmasına şərait yaratmaq lazımdır.

Empatiya qura bilən uşaq öz duyğularının fərqində olur. Tələb etdiyi şeyin başqasına zərər verməyən və ya başqasının haqqını qoruyan bir tələb olmasına səy göstərir. Baş verən bir hadisə qarşısında digərlərinin nələr hiss edə biləcəyini və onlara nəyin yaxşı təsir göstərəciyini, o anda nəyə ehtiyac duyduqlarını düşünə bilir və ona uyğun reaksiyalar verir.

Uşaqların empatiya qabiliyyətlərini inkişaf etdirərkən, uşaqları kifayət qədər dinləməyə, hisslərini adlandıra bilməsi üçün dəstəkləməyə, duyğu və düşüncələrini ifadə etməyə istiqamətləndirməyə, yaşanan ya da qurma bir hadisə barədə söhbət etməyə, ondan gözlənildiyi kimi ona qarşı da başa düşüldüyünü hiss etdirməyə səy göstərilməlidir. Uşaqlarda davranış problemləri çox vaxt başa düşülməyən uşaqlarda görülür. Uşağın ehtiyacını başa düşə bilməyən valideyn uşağın istəyini fərqli davranışlarla dilə gətirməyə yönəltmiş olur.

Empatiyanın tam şəkildə formalaşması üçün uşağın özünü qarşısındakının yerinə qoyaraq hadisələrə onun gözü ilə baxa bilməsi, qarşısındakının duyğu və düşüncələrini düzgün şəkildə anlaya bilməsi, hiss edə bilməsi və buna uyğun reaksiyalar verməsi lazımdır.

https://psikolojigazetesi.com/cocuklarda-empati-nasil-gelisir/

Tərcümə etdi: Fatimə Qəhrəmanova

Go Back

Sorğu göndər