Düşüncə Jurnalı

header photo

Erkən doğulan uşaqlarda ROP

04-04-2015

Bədəndə baş verən anormal dəyişikliklər, xəstəliklər hər hansı bir siqnalla özünü göstərsə də, elə xəstəliklər var ki, onların heç bir simptomu əvvəlcədən özünü büruzə vermir. Təəssüf ki, bu cür xəstəliklər aşkar olunduqda çox gec olur. Gecikdirilmiş müalicələrin isə effekti əksər vaxt nəticəsiz qalır. ROP adlandırılan yarımçıq retinopatisi məhz bu cür xəstəliklərdəndir ki, onun vaxtında aşkar edilməsi olduqca çətindir.

Valideynlər tərəfindən bu diaqnozun qoyulması, ümumiyyətlə, mümkün deyil. ROP müayinəsi inkişaf etmiş ölkələrdə körpə dünyaya gələn gün edilir. Azərbaycanda isə valideynlər, ümumiyyətlə, bu cür problemin varlığından xəbərsizdir. Müayinə edilməsi isə klinikalardan asılıdır. Bir sözlə, təhlükə bütün erkən doğulmuş körpələr üçün mövcuddur.

ROP uşaqlıq zamanı ən çox korluq səbəbi olan və yarımçıq doğulan körpələrdə görülən göz xəstəliyidir. ROP xəstəliyi 32 həftədən tez və 1500 qr-dan az çəkisi olan yeni doğulmuş körpələrdə rast gəlinir. Erkən doğulmuş uşaqlarda ROP muayinəsi mütləq edilməlidir. Erkən doğulmuş, çəkisi az olan uşaqlarda göz dibi damarlarının inkişafının başa çatmaması uşaqlarda korluğa səbəb ola bilər. Bunlardan əlavə böyüdükcə çəpgözlük, görmə zəifliyi bu uşaqlarda ən çox rast gəlinən xəstəliklərdir.

Oftalmoloq Xəlil Özcanın sözlərinə görə, göz körpələrdə ana bətnində ikən gec formalaşan orqanlar sırasındadır. Bütün orqanlar doğuş ərəfəsinə kimi inkişafını bitirdiyi halda ciyərlər və gözlər inkişafını davam etdirir. Erkən doğuş zamanı bu orqanlar tam inkişafını tamamlaya bilmir. Digər orqanların inkişaf azlığı doğumdan dərhal sonra nəzərə çarpsa da, gözlə bağlı problemlər müayinə edilmədikdə özünü göstərmir. Buna görə də, valideynlərin bu cür xəstəliklərdən xəbərdar olması vacibdir ki, həkim müayinə etməsə belə onlar məcburi müayinə tələb edə bilsinlər: "ROP xəstəliyinin valideynlərin aşkar edə biləcəyi bir əlaməti olmadığı üçün uşaq xəstəlikləri mütəxəssisləri doğumdan 4 həftə sonra bu körpələri ROP müayinəsi edə bilən bir göz mütəxəssisinə göndərirlər. Bu səbəbdən ata-analara düşən vəzifə körpələrini doğumdan bir ay sonra göz müayinəsinə aparmaqdır. Reanimasiyada yatmaqda olan körpələrdə reanimasiya şəraitində ROP müayinəsi edilə bilər".

Normal hamiləlik müddəti 280 gündür. Bu, tam 40 həftə hesab olunur. 37-ci həftədən erkən doğulan uşaqlarda göz tam inkişaf etmir. Üstəlik erkən doğulan uşaqları həyatda saxlamaq üçün onlara verilən yüksək oksigen də göz damarlarının yüklənmə və zəifləməsinə səbəb olur. Bunun nəticəsində gözün orta qatında olan torlu qışada ROP adlandırdığımız retinopatiya yaranır. Əksər doğum evlərində erkən doğulmuş uşaqlarda gözdə retinopatiya olub-olmaması yoxlanılmır. Həkimə müraciət etdikdə isə çox gec olur. "ROP vaxtında müayinə edilib müalicəsinə başlanılmadığı halda hər iki gözdə korluğa səbəb olur".

Həkim deyir ki, əksər qadınlar qeysəriyyə üsulu ilə daha erkən doğuşa üstünlük verirlər. Məsələn, analar düşünür ki, 6 aylıq körpə dünyaya gələn zaman həyatda qala bilirsə, 36 həftənin tamamından sonra dünyaya gələn uşaqda ümumiyyətlə, problem olmaz. "Bu, yanlış düşüncədir. Uşaq 40 həftənin tamamına kimi inkişaf edir. Onun hətta 1 gün erkən ana bətnindən ayrılması hansısa bir damar və ya orqanda kiçik bir iz qoyur".

Dünyaya gələn körpənin çəkisi 1 kilo 500 qram və bundan azdırsa, belə körpənin 100% müayinə edilməsi lazımdır. Çünki bu çəkidə doğulan körpəyə ROP diaqnozu əksər hallarda qoyulur. Xəstəlik ilkin 5 mərhələdən ibarətdir. İlk 2 mərhələ zamanı uşağın gözləri sadəcə müşahidəyə alınır. 3 və 4 cü dərəcədə artık lazer müalicəsinə başlanılır. 5-ci mərhələ isə artıq əməliyyat tələb edir və ən pisi odur ki, edilən hər 3 əməliyyatdan 2-si nəticəsiz olur. Yeni dünyaya gələn körpələrin ilk 1-ci ayında müayinəsi vacibdir. ROP olmasa belə göz dibi problemləri, çəplik, gözdə təzyiq, göz yaşı kanalının tutulması və s. problemin olub-olmaması müəyyən edilməlidir. Erkən diaqnoz bütün xəstəliklərdə olduğu kimi göz üçün də müalicənin effektliyi baxımından önəmlidir.

Həmsöhbətimizin sözlərinə görə, hamiləliyin dördüncü ayına qədər gözdə damar olmur. Bircə arteriya olur və onun hesabına göz qidalanır. Dördüncü aydan başlayaraq gözün mərkəzindən burun nahiyəsində doğru şaxə şəklində damarlar inkişaf edir. Və bu səkkizinci aya qədər davam edir. Səkkizinci aydan isə damarlar yanaq, gicgah və alın nahiyəsinə qədər inkişaf edir. Bu isə qırxıncı həftəyə qədər çəkir. Hətta uşaq dünyaya gələndən bir ay sonra proses davam edir. Uşaq bu tamamlanma başa çatmadan əvvəl, xüsusən də 32 həftədən tez, 1500 qram çəkidə doğularsa, deməli, gözdə damarlanma başa çatmayıb və torlu qişanın yarıdan çoxunda damar yoxdur. Bu isə doğumdan sonra sadəcə müayinə əsnasında aşkar oluna bilər.

eskpress.az

Go Back

Sorğu göndər