Düşüncə Jurnalı

header photo

“6 yaşlı akademik”, yoxsa ömürlük dəli? – SOS

Valideynlərin çoxu övladlarının hərtərəfli böyüyüb inkişaf etməsini arzulayırlar. Bunun üçün hətta kiçik yaşlarından onlara hərfləri, rəqəmləri, xarici dili öyrədir, üstəlik hansısa yaradıcılıq növünə və ya idmana yazdırırlar. Bir sözlə, artıq kiçik yaşlarından valideynlər övladlarının uşaqlığını əllərindən alırlar. Məktəb yaşına çatdıqdan sonra isə uşaq təkcə dərsləri ilə məşğul olmur. Valideyn övladını dərsdən sonra repetitor məşğələləri və əlavə dərnəklərə aparır. Bu halda uşağın istirahətə vaxtı heç qalmır. Bəzi valideynlər bunu övladlarının gələcəyi, inkişafı naminə etdiklərini deyir. Lakin həkimlər və psixoloqlar bunun əksini düşünür. Aile.lent.az bununla bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, valideynlərin kübar görüntüsü yaratmaq üçün kiçik yaşlı uşaqları “bir neçə yerə parçalaması” mənasızdır. Uşaqların lazımsız yükə qatlaşması onlarda fiziki və psixoloji baxımdan problemlər yaradır. Valideynlər üçün ilk növbədə övladlarının səhhəti vacib olmalıdır.

Pediatr Vaqif Qarayev deyir ki, fitri istedadı olmayan uşağı hansısa dərnəyə məcbur  aparmağın mənası yoxdur: “Bəzi valideynlər heç nədən uşağından rəssam, pianoçu, rəqqas düzəltmək istəyir. Əgər uşaq istəmirsə və ya istedadı yoxdursa, bu, fiziki və psixoloji baxımdan əlavə yükdür. Uşaqlara zorakılıq göstərilir ki, mütləq rəssam, musiqiçi olmalıdır, çünki filankəs də olub. Ötən günlərin birində 7 yaşında uşağın anası şikayət edirdi ki, gecələr yatmır. Bunun səbəbini aydınlaşdıranda bəlli oldu ki, həmin uşaq həm rəqsə, həm də musiqiyə gedir, üstəlik ana uşağını rəsm dərnəyinə də yazdırmaq istəyir. Soruşdum ki, xanım, siz bu uşaqdan nə düzəltmək məqsədindəsiniz? Cavab verdi ki, övladının savadlı olmasını arzulayır. Valideyn bilməlidir ki, zorla kimisə savadlı və istedadlı etmək olmaz”.

Həkimin sözlərinə görə, uşağın musiqi, rəng duyumunu mütəxəssis təyin etməlidir. Yalnız bu halda onun əlavə yaradıcı dərnəklərdə məşğul olmasına şərait yaratmaq olar. Lakin sağlamlığına zərər vurmamaq şərti ilə: “Uşağın immuniteti zəifdirsə, onu dərslər, əlavə məşğələ və dərnəklərlə çox yükləmək olmaz. Əsas problem gün ərzində boş yerə uşaqları ora-bura daşımaqdır. Məktəbin proqramı ağırdır, valideynlər çatdırmır - bunu anlayırıq. Amma bununla yanaşı 1-ci sinif şagirdi məktəbdən qayıdandan sonra təzədən müəllim yanına gedir, oradan qayıdandan sonra valideyn onu məşğələlərə aparır. Bəs bu 6-7 yaşlı uşaq nə vaxt istirahət etməlidir? Təhsil sağlamlığa mane olmamalıdır. Dərsdən sonra əlavə repetitor yanına getmək nə uşağın yaddaşını möhkəmlədəcək, nə də qavrama qabiliyyətini artıracaq. Bir sinifdə 20 uşaq varsa, onun hamısının qavrama qabiliyyəti, yaddaşı eyni deyil. Pedaqoqlar həm də psixoloq olmalıdırlar. Əgər sinifdə bir uşağın yaddaşı güclüdürsə, yaxşı qavrayırsa, bu o demək deyil ki, 19 nəfər də belə olmalıdır”.

Kiçik yaşlı akademik

V. Qarayev bu cür uşaqlarda psixoloji pozğunluq aşkarlandığını vurğulayır. Onun sözlərinə görə, uşaqları çox yükləyəndə mütləq psixikalarında, davranışlarında pozğunluq yaranır, yatmır, yemir, sözə baxmır, əsəbi və fikri dağınıq olurlar: “Şeiri əzbərləyə, misal həll edə bilmir, amma əzbərləməyə, həll etməyə məcbur edilir. Bu, uşağa qarşı zorakılıq göstərməkdir. Valideynlər deyir ki, nə etsinlər, proqram belədir. Əgər uşaqlarınızı xəstələndirmək istəyirsinizsə, proqramın arxasınca qaçın”.

Həyəcan təbili çalan pediatr uşaqlarda problemin daha dərin iz buraxdığını da gizlətmədi. O, kiçik yaşlı uşaqların düzgün duruş, yeriş qabiliyyəti olmadığını, bel və çiyinlərinin əyildiyini açıqladı: “Təcrübə göstərir ki, təhsil proqramının ağır olmasından irəli gələrək uşaqların səhhətində narahatlıqlarla rastlaşırıq. Son illər 6-7 yaşlı uşaqlarda onurğa sütunu problemi yarandığını müşahidə etmişəm. Düzdür, fikir verirəm ki, uşaqların çantalarını əsasən valideynlər götürür. Amma elə anlar olur ki, çantanı uşağın özü daşımalı olur. Çanta isə uşağın öz çəkisindən ağırdır. Bu halda onurğa sütununda mütləq əyriliklər yaranır. Sonradan problemlər daha da dərinləşir. Valideyndə də günah çoxdur. Bəziləri 6 yaşlı uşaqdan akademik olmağı gözləyirlər. Analar panika ilə mənə bildirirlər ki, “həkim, uşaq oxumur, mən nə edim?” Oxumur, oxuyacaq, nə qədər oxuya bilir, o qədər oxusun. Ananın özünün də əsəbi pozulur. Süni surətdə həm uşağının, həm də özünün əsəbini pozur”.

 

Böyük yaşlı uşaqlarda da buna oxşar başqa hallar baş verir. Ali məktəbə imtahan vaxtı yaxınlaşdıqca valideynlərin övladlarından tələbi və istəyi daha da çoxalır. Valideynin təlaşı onsuz da həyəcanlı olan uşaqda stressin yaranmasına gətirib çıxarır: “İlin bu vaxtında 6-7 yaşlı uşaqların əsəbi pozulur, may ayında da 11-ci siniflərin. Çünki imtahan verməlidirlər və  həyəcan artır. Valideyn bir tərəfdən, repetitor o biri tərəfdən. Amma uşaq da proqramı qavraya bilməyib, il ərzində yalandan gedib-gəlib, əsəbi pozulub. Ən çox da yetkinlik yaşında, hormonal dəyişikliklər olan dövrdə. 16-17 yaşlı qızların yumurtalığında az qala kələm boyda kista var. Hamısı əsəb və stressin nəticəsidir ki, hormonal pozğunluqlar yaranır, təzyiq qalxır, düşür, yuxu pozulur. Ona görə də mən ali məktəbə daxil olma kompaniyasının əleyhinəyəm: “hamının uşağı oxuyur, mənimki də oxumalıdır” – doğru prinsip deyil”.

Məşğələ və dərnək vaxtı nə qədər olmalıdır?

İstedadı, yaradıcılığa və ya idmana həvəsi olan uşaqların gününü isə düzgün tənzimləmək məsləhət görülür. Məktəb yaşlı uşaqlar dərsdən sonra 1-1,5 saat əlavə dərnək və məşğuliyyətlərə vaxt ayıra bilər. Lakin uşağın istedadı və həvəsi varsa. Pediatr xüsusi qabiliyyəti olan uşaqlara qarşı diqqətli olmağı tapşırır: “Musiqi məktəbində təhsil alan uşaqlar istisnadır. Lakin orta məktəbdə təhsil alan uşaqlar üçün əlavə dərnək və məşğələlər onları məktəb və sinif sindromundan çəkib çıxardır. Onların kitab və dəftərdən uzaq əlavə məşğuliyyətləri olur. Bu da onların beyninin bir balaca yükdən azal olmasına kömək edir. İstedad elə şeydir ki, onu boğduqda da uşağın psixikası pozula bilər. Valideynlər də səbrli olmalıdırlar. 6-7 yaşında uşağın istedad və həvəsi yoxdursa, gözləsinlər, bəlkə 10 yaşında olacaq”.

Bəs asudə vaxt?

Əlbəttə, ən azı böyüklər qədər uşaqlar üçün də asudə vaxtın səmərəli təşkili vacib amillərdən biridir. Uşaqlarda asudə vaxtın səmərəli təşkili məktəb yaşlarından deyil, hətta 3 yaşından başlamalıdır. Bunun ən gözəl başlanğıcı isə bağçadır. Sirr deyil ki, uşaqların sosiallaşması, pedaqoji və psixoloji inkişafı baxımından bağça əvəzolunmazdır.

 

Psixoloq Narınc Rüstəmova valideynlərə 3 yaşından övladlarını bağçaya qoymağı məsləhət görür: “Bizdə bəzən fikirləşirlər ki, ana işləmirsə, demək, uşaq bağçaya getməməlidir, bağça vaxt öldürmək, uşağa nəzarət etdirmək üçün aparılan yerdir. Xeyr, bağça uşağın hər bir mənada inkişafı üçün əlverişli məkandır. Bağçada incəsənət yönündə müəyyən tədbirlər həyata keçirilir, səhnəciklər oynanılır, şeir, saymaq  öyrədilir, şənliklər keçirilir”.

 

Məktəb yaşına çatdıqdan sonra isə uşaqlar üçün yeni dövr başlayır. 6-7 yaşına çatan uşaq artıq gününü planlama ilə keçirməlidir. Bu daxili planlamanı isə valideyn tərtib etməlidir: “Hər kəs axşamdan səhəri gününü planlaşdırır: səhər oyanmaq, diş fırçalamaq və ya duş qəbul etmək, səhər yeməyi yemək, geyinmək və məktəbə, universitetə, işə getmək və s... Uşaqlarda bu, əvvəlcə ananın köməyi ilə edilir. Sonra isə uşaq avtomatik olaraq bilir ki, səhər oyanacaq, dişlərini fırçalayacaq, paltarını geyinəcək, dərsə gedəcək, dərsdən dönəndən sonra paltarını dəyişəcək, yeməyini yeyəcək, məşğələyə və ya dərnəyə gedəcək və s. 9 yaşından isə uşaq saatı öyrənir və bunu saatlara bölərək edir. Amma əlbəttə ki, valideyn yetkinlik yaşınadək qıraqdan buna nəzarət etməlidir. Təəssüf ki, bu gün 15 yaşlı böyük qız və ya oğlan hələ də günlük planını qura bilmir, ana onun günlük qrafikini planlaşdırır. Çünki valideyn övladının planlaşmasını nəzarət yox, təzyiq şəklində edib. Bu halda da uşaq özgüvənsiz və məsuliyyət hissindən azad böyüyür”.

 

Asudə vaxta gəldikdə isə psixoloq bunu uşağın bacarığı, intellektual səviyyəsi, onların xarakter tipinə uyğun olaraq seçilməsini məsləhət görür. Daha diqqətli valideynlər özü, diqqətli olmayanlarsa psixoloqun köməyi ilə övladının idmana və ya incəsənətə yönümlü olmasını ayırd edə bilər: “Çox aktiv və ya çox passiv uşaqlar üçün üzgüçülük əvəzolunmaz bir məşğuliyyətdir. Çünki suda olan ionlar aktiv uşaqları passivləşdirir, passiv uşaqları aktivləşdirir, müsbəti mənfiyə, mənfini isə müsbətə ötürür. Çox zaman valideynlər şiddətə yönəlik uşaqları idmana, xüsusən də cüdoya aparır ki, enerjisi çoxdur. Lakin əksinə, şiddət şiddət doğurur. Üzgüçülük isə şiddətə yönəlik uşaqlarda səbr etməyi öyrədir. Döymədən, qırmadan, incitmədən özünü necə idarə etməyi öyrədən idman növləri də var. Duyumu yaxşı olan uşaqlar üçünsə incəsənət yönümlü məşğuliyyətlər az deyil. Diqqət yayınıqlığı olan uşaqlar üçün rəssamlıq yaxşı vasitədir. Piano, rəsm kimi əl və göz ilə olan oturaq məşğuliyyətlər uşağın diqqətini inkişaf etdirir. Bəzən hansısa valideyn Azərbaycan dilindən başqa dil bilmir, amma uşağını rus dilində məktəbə qoyur. Lakin nəzərə almaq lazımdır ki, uşağın psixi inkişafında rus dilinin yaratdığı ab-hava var. Bu zaman da problemlər yaranmağa başlayır. Valideynlər övladlarının dil öyrənmə bacarığını da bilməlidirlər”.

 

Asudə vaxtın səmərəli təşkili uşaqların enerjisini faydalı şəkildə bölmək, intellektual inkişafı, ünsiyyət, bölüşmək, paylaşmaq kimi müsbət xüsusiyyətlərinin yaranmasına təsir göstərir. N. Rüstəmova bildirir ki, uşaqların xarakteri və tipinə uyğun seçilən əlavə məşğuliyyətləri olarsa, onların fikri televiziya, kompüter və planşetə yönəlməyəcək: “Məşğuliyyəti olmayan, özünü cəmiyyətdə görə bilməyən uşaqlar birtərəfli ünsiyyətə meylli olurlar, seriallara, kinolara baxırlar, telefonlarla oynayırlar. Bəzən valideynlər uşaqlarını aşırı dərəcədə yükləyirlər. Bu da doğru deyil, baxırsan ki, uşaq saat 9-dək hazırlıqlardadır: rəsm, rəqs, dil, idman və s. Bu da normal deyil. Valideyn öz eqosunu kənara qoymalıdır, övladının sağlamlığını fikirləşməlidir. Uşaqlar üçün bunları iş, prinsip kimi etmək olmaz. Uşaq bununla sevərək, dincələrək, istirahət edərək məşğul olmalıdır. Uşaq dərnəyə, məşğələyə məcburən getməməlidir. Valideynlər deyir ki, uşaqlarının komplekssiz olmasını istəyirlər. Əgər uşağın kompleksi varsa, onu psixoloq yanına aparmaq lazımdır. Bir neçə kursa, dərnəyə və məşğələyə gedən uşaqlarda tez bezmə halları olur. Nəticədə isə onlar valideynə qarşı üsyana başlayırlar və davranışlarında  pozuntular yaranır. Xüsusən yeniyetməlik vaxtında uşaqlarda aqressiya baş verir. Valideynlər bu mövzuya diqqət etməlidirlər. Bunları uşağı yormadan, onu sevərək, istirahətini təmin edərək yerinə yetirmək lazımdır. Uşaq bacardığı işlə məşğul olanda özünə güvəni artır, özünü daha faydalı hiss edir. Bu zaman uşaqlar nə kompüterə, nə də gələcəkdə zərərli vərdişlərə meylli olacaq”.

 

Ümidə QƏHRƏMAN

aile.lent .az

Go Back

Sorğu göndər