Düşüncə Jurnalı

header photo

KREDİT BORCLARINA GÖRƏ İNTİHAR SON ÇARƏDİRMİ

Son məlumatlara görə, ötən illə nisbətən intihar edənlərin sayı artıb. Buna səbəb kimi ötən il baş verən devalvasiya, dolların manata nisbətən bahalaşması kimi iqtisadi faktorlar göstərilir.

Kredit götürən şəxslər borcunu qaytara bilmir və nəticədə, banklara böyük məbləğdə borclanırlar. Psixi iradəsi zəif olan və bu səbəbdən gərginlik keçirən vətəndaşlar isə son çarəni intihar etməkdə görürlər.

Psixoloq Elnur Rüstəmov Admiral.az-a bildirib ki, bu məsələdə günahı birbaşa olaraq banklarda görmək düzgün olmaz:

“Razıyam, son zamanlar baş verən intiharlar cəhdlərinin əsas səbəbi iqtisadi faktorlardır. Bu isə onunla əlaqəlidir ki, bir çox hallarda banklar vətəndaşlarla davranma prosesində yanlışlığa yol verirlər. Bu, özünü həm faiz göstəricilərində, həm də kreditlərin verilmə prosesində göstərir. Devalvasiyadan sonra kredit borcu olanlarda psixoloji gərginlik, sarsıntı, narahatlıq və intihara cəhd halları çoxalıb. Bununla bağlı anti-böhran proqramları hazırlanır. İstər sosial, istər iqtisadi baxımdan müəyyən işlər görülür. Lakin birbaşa olaraq intiharların artmasını bankların üzərinə yıxmaq doğru deyil. Doğrudur, bankların faiz dərəcələri yuxarıdır, bir çoxları bəzi məqamları nəzərə almırdılar, amma indi kredit alan şəxsin durumu araşdırılır və nəticələrə uyğun olaraq kreditlər verilir”.

E.Rüstəmov bildirir ki, intihar son çarə deyil. Belə vəziyyətdə olan vətəndaşlar psixoloji dəstək alaraq bu situasiyadan uzaqlaşa bilər:

“Psixoloji gərginlik, narahatlıq yaşayan insanlar mütləq psixoloji dəstək almalıdır. Çox yaxşı olar ki, banklar da bu məsələdə diqqətli olsunlar. İşləyən vətəndaş işini daha yaxşı qurmaq üçün bankdan kredit götürür. Amma bir çoxları ehtiyac olmadığı halda belə banka müraciət edir və ödəyə bilmədiyi zaman həm vətəndaşın özü, həm də bank üçün problem yaradır. Psixologiyada şəxsiyyət pozuntusu olan insan qrupu var. Belə problemi olan şəxslər bəzən dələduzluqla məşğul olur. Məsələn, ehtiyac olmadığı halda bir neçə bankdan iri məbləğdə kredit götürür və nəticədə, ödəyə bilmir. Bu cür problemli insanlar intihar etmirlər, amma faktiki olaraq dələduzluqla məşğuldurlar və belə şəxslərə qarşı iş görülür. Hər bir halda vətəndaşlar ya fərdi qaydada psixoloqlara müraciət edə, ya da müvafiq dövlət qurumuna müraciət edə, psixoloji dəstək ala bilər”.

Psixoloq Murad İsayev isə Admiral.az-a bildirib ki, intihar düşüncəsi insanda anidən yaranmır. Bu cür hal uzun müddət əvvəl beyində formalaşır və getdikcə ağır nəticələr verir:

 

“Böyük ehtimalla həmin insanlar minimum 6-9 ay ərzində bu problemlə yaşayır. Həmin dövrdə insanın həyat eşqi ölür, yaşamaq həvəsi azalır. Cavabdeh olduğu məsələlər onun üçün adiləşir, ailəsinin, yaxınlarının əhəmiyyəti onun fikrində sıfır dərəcəsinə enir. Nəticədə, hər şeyin üstündən xətt çəkərək, intihara əl atır. Bu cür insanlara psixoloji dəstək mütləq şəkildə lazımdır. Eyni zamanda, tibbi dəstək də göstərilməlidir. Bu konsultasiyalar bir neçə dəfə təkrarlanmalıdır ki, vəziyyət stabilləşsin və vətəndaş cəmiyyətə adaptasiya ola bilsin”.

M.İsayevin sözlərinə görə, intihara cəhd edənlərin yaxınları daha diqqətli olmalıdır:

“İntihar etməyi düşünən adamın beynindən bu düşüncəni uzaqlaşdırmaq lazımdır. Suisidal vəziyyətə çatan insana tibbi müdaxilə mütləqdir. Mütəxəssislə əlaqə yaratmaq, anti-depressantlar verməklə həmin şəxsi sakitləşdirmək vacibdir. Biz özümüz ona müəyyən yol göstərə, “belə etmək yaxşı deyil, özünü öldürmə” kimi məsləhətlər verə bilərik. Hətta bəzi hallarda danışıq əsnasında da bu fikirlərini büruzə verir. İnsan onsuz da əvvəldən intiharı düşünür və daha yaxşı olaraq ki, birbaşa mütəxəssislə danışılsın”.

Mütəxəssislər hesab edir ki, insanların dünyagörüşü və məsələyə yanaşma tərzi dəyişməlidir. Bunlar dəyişsə, intiharların da qarşısı alınar.

Kamil Əmirli

https://admiral.az/s/default.aspx?i=32778#

 

Go Back

Sorğu göndər