Bir salama dəymədi
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Yaman Güclüsən
Yatmaq istəyirəm…sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm… ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
– Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Ağ saçlar, qara saçlar”
Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın, ürəyinə qəm düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!
Alışıram gecələr, masa arxasında mən,
Saçlarım da ağarır, qəlbiminatəşindən.
Sən demə ki balamın bəlkə gizli dərdi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.
Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töfhəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.
Allah ( Fəryad Pyesindən)
Idraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!
ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH.
Bildik,bilirikgizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH!
Fitrətdə yatır sözdə sözün öz yükü fikrin.
Seçmiş,seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlərkökü fikrim.
Sözlərdə deyil sözlərdəki hikmətdədir ALLAH!
İnsan!-təpədən dırnağa sən arzu diləksən.
Nəfsində doyumsuz,fəqət eşqində mələksən.
Zülmün üzünə haqq düyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətədir ALLAH!
Cahil enər alçaqlığa öz qədddini yenməz.
Vicdandan əgər dönsədə,öz xeyrindən dönməz.
Zülmətdə,cəhalətdə,ədavətdə görünməz.
İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH!
Dünyanın
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.
Deyilmi?...
Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?
Ağıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.
Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ - solumdur
Şeytan başqa, mələk başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Ҫatmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.
Təklik
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın
Yaman darımışam...
Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...
Yaman darıxmışam...Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam...Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım...
Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...