Sevginin sehri
Mövlanəyə görə sevən və sevilən üçün ayrılıq yoxdur. Sevgi həqiqi olarsa, maddi məsafənin də heç bir əhəmiyyəti olmaz. Çünki sevginin əsli ruhdadır. Bu həqiqəti Mövlanə çox sadə anladır: -sevənlər sonda bir yerdə görüşməz. Onlar əvvəldən bir-birlərinin içindədirlər.
Torpaqda bitən güllər solar gedər. Qəlbdə bitən güllər isə daimi və xoşdur. Mövlanənin bu təbiri "ilahi sevgi"yə aid olsa da, bu sevgini mən, nənəm və babama da aid etsəm yanılmaram.
55 il öncə. . . Bir-birlərindən kilometrlərlə uzaqda olan 2sevgili. . . Onlar üçün də məsafənin önəmi yox idi. Sanki bir-birlərinin içində idilər. Yalnız gülümsəyən şəkilləri ilə öyünürdülər. Müharibənin çətin və ağır günləri əmiqızı və əmioğlunu bir-birindən ayırmışdı. Artıq 2-ci Dünya müharibəsindən illər keçmişdi. Sevənlərin üstündən xoş günlərin tez ötüb keçdiyi kimi. . .
Bakı mayın 17-si 1960-cı il. . . Artıq gözlənilən gün gəlib çatmışdı-qara buludların çəkildiyi o xoşbəxt gün. Bir cüt sevən ürək nəhayət ki, qovuşurdu-boş torpaqdan ibarət ərazidə. Burada onlara kömək edə bilən insanlar belə az məskunlaşmışdı. Yeni evlərinin təməlini belə birlikdə quracaqdılar-yeni həyatlarını quracaqları kimi. . . Çoxdan gözlənilən an yetişmişdi, ailənin təməl daşlarını atırdılar. Onlar üçün problem yalnız sağlıqları ola bilərdi. Qalan hər şeyə sinə gərib firavan yaşaya bilərdilər. Yaşadılar da. . . Həyatlarının coşqun çağlarında bir-birlərinə dəstək oldular. Hər şeyi anlayışla qarşıladılar. Xoşbəxtliyin açarı, onların səbr etməsində imiş.
Artıq illər sonra 5övlad valideyni olmuşdular. İlk övladlarının uşaq yaşda suda boğulması isə ataya qəm yükü olmuşdu. Lakin o, bununla belə barışırdı. Bu gənc ailə birlikdə ikimərtəbəli, yaşıl bağçalı evlərini qurmuşdu. Ailənin başçısı həmçinin, çətinlikdə olan qohumlarına, tanışlarına öz evinin qapılarını açmışdı. Baş verən çökmələrə isə ailə hələ də sinə gərirdi. Səbəb çox güclü ya da digər variantlar deyildi, səbəb ~SEVGİ~ idi. 6nəfərlik ailə üzvləri arasında sözlərlə ifadə olunması mümkün olmayan sevgi hökm sürürdü. Ana və ata işdə olarkən belə övladlar hər şeyin qaydasını bilirdilər. Ailədən 3qız övladı ailə həyatı qurub, evi tərk etmişdilər. Evin tək oğlu da artıq evlənmişdi. Bir sözlə illər öncə cavan sevgili olan bu 2şəxs artıq nənə və baba adını da almışdılar. Sevinclərinin həddi hüdudu yox idi. Lakin bu illər ərzində ailə başçısında ara sıra boğulmalar evdəkiləri qorxudurdu. Buna baxmayaraq o, evdə birgə yaşadığı 2nəvəsi ilə daim məşğul olurdu. Onlarla birgə gəzintiyə çıxır, kitab oxuyur və şahmat oynayırdı. Bu ailədə sevgi isə artıq getdikcə çoxalırdı. Ailə üzvləri öz sevgilərini paylaşdıqca çoxaltmışdılar. Hər bazar günü bu 2 qoca sevgilini hamı öz gəlişləri ilə sevindirirdi.
55 il sonra. . . Qoca sevgililər artıq nəvə və nəticələri ilə vaxtlarını keçirdirdilər. Həyatlarında baş vermiş bütün mənfi hadisələrə-müharibə illərinə, yeni evin tikilməsinə, ilk övladlarının ölümünə, bir sözlə ailə çətinliklərinə qalib gəlmişdilər. Sevgiləri 55ildə tükənməmişdi, Əksinə çoxalmışdı. . .
İndi isə onların hekayəsi bitmək üzrədir. Yox, yox mənim yazımda deyil, real həyatda da bitmək üzrədir. Ailənin başçısı-yəni babam Kamil, bir neçə il öncə məğlub olmuşdur. . . Ağciyəri onu artıq tərk edir. Nəfəsləri ilə sevgisini qoruyan Kamil, indi sevgisi ilə nəfəsini davam etdirməyə çalışır. Ailənin xanımı- Şüşə isə yorulmadan, ərinmədən yoldaşının başından heç ayrılmır. Sanki sevgi hekayələri bitməsin deyə əllərindən gələni edirlər. Namazlarında bir-birlərinin dualarında olduğu kimi indi sevgilərini nəfəslərində gəzdirirlər. Həqiqi sevginin sehri ömür boyu davam edir. Sehrin isə nə bir düsturu, nə də qaydası vardır. Bircə bilinən odur ki, sevgi insanın təkcə qəlbində deyil, bütün varlığında, vücudundadır. Sevənlər isə bədənlərində bir yox, iki qəlb, iki ruh daşayırlar. Əbədiyyətə qovuşsalar belə. . .
---Həyatımın qəhrəmanı Kamil babama və canım nənəmə. . . Müsabiqə mənə şərait yaratdı ki, onların sevgisi haqqında kiçik də olsa yazı yazım. Yazdıqlarım,əlbəttə ki, 55ilik ömrün,hekayənin çox xırda bir parçasıdır. . .
Sevgilərlə, sevgilərinin bəhrəsi olan, nəvələri-Günay Günay Babazadə
Xəzər universiteti Psixologiya fakültesi 3-cü kurs