Düşüncə Jurnalı

header photo

Rüfət Əhmədzadə - AVTOBUSDA SEVDİYİM QIZ

Bütün insani eşqlər arasında belə bir duyğu da var: “Avtobus sevgisi”. Nə olan şeydir bu? Dəqiq soruşan olsa, izah edə bilmərəm.

Amma proses olaraq, “Avtobus sevgisi” belə bir şeydir: Sən ona baxırsan – o, hələ sənə baxmır, amma onun gözü sənə sataşana qədər yenə baxırsan – qəfil baxışlarınız toqquşur, gözünü qaçırırsan; utansan da, qızarsan da, yenə baxırsan, o da baxır; elə baxışırsınız, sonra onun düşmək vaxtı çatır, sənə baxa-baxa düşür... Amma sən qəfil üzünü ayrı səmtə çevirirsən. Uzaqlaşandan sonra, başqasına baxırsan.

Bəlkə də bir az dolaşıq alındı. Di gəl ki, bu “sevgi”də böyük bir fəlsəfə var. Sən ondan qabaq düşsən, nə olar? Fərqi nədir, avtobusda yaranan sevgi avtobusda qalır. Səhəri gün yenidən doğulsa da, bu sevgi biriniz düşdüyü anda yoxa çıxacaq.

Bəlkə oxucum fərqli bir fəlsəfə marağındadır? Baxışa-baxışa xoşbəxt olanların məhəbbət əfsanəsini oxumaq istəyir? Qabaqcadan pəjmürdə edim: Bu hekayədə xoşbəxt sonluq yoxdur. Olsa da, bizə aid, ümumi sonluq deyil. Baxmayaraq ki, elə günü sabah, sən bu hekayəni oxuduğun zaman biz onunla üz-üzə gələ bilərik. Yenə qəribə üz ifadələri, yenə mənasız baxış atışması... Niyə “mənasız”? İndən belə baxışmağın, atışmağın nə mənası qalıb ki? O...

Hə, o, elə də gözəl qız deyil. Arıq, solğun bənizli və şairanə vəsflərə yad – girdə gözləri olan bir qızdır. Açıq qəhvəyi rəngdə, düz saçları var. Hündürboy xanımdır, amma boyda məndən çox hündür olmaz. Boyu uzaqbaşı, 175 santimetrdir. Elə, yaşca da çox böyük olmaz, bəlkə də 25-26 yaşında. Onu çoxdan tanıyıram – qəsəbəyə köçdüyüm 8-9 ildə vaxtaşırı avtobusda rastlaşırıq. “Hər gün” deməzdim, heç “hər həftə” də. Bəzən aylarla onu görmədiyim, amma ac qurd ov axtarantək görməyi arzuladığım vaxtlar da olub. Bu “avtobus sevgi”sinin necə, nə vaxt doğulması isə özümə də sirdir.

Tələbə idim, axşamlar – ikinci növbədən sonra özümü “Memar Əcəmi”nin qarşısındakı Masazır avtobuslarına atırdım, o da orda olurdu. Bəzən də, mən özümə yer tutandan sonra həmin qız gəlir, mən qalxıb ona yer verirdim. Di gəl ki, həmişə qaşqabaqlı, adi nəzakət xatirinə təbəssümü belə qıymayan insan. Hətta üzündə elə ifadə yaranardı ki, sanki yer verməklə onu təhqir eləmişəm. Amma... Oturduğu yerdən mənə baxardı. Həm də, gözlərini bərəldərək. Bəzən gözlərimizi qırpmadan, dəqiqələrlə baxışdığımız vaxtlar da olurdu. Amma yaxınlaşmırdım.

O qıza çox vaxt cüssəli, xarici görkəmindən imkanlı və yaraşıqlı gənclər yaxınlaşardı. Bir neçə dəfə onun ardınca müxtəlif oğlanların düşməsinin, avtobusa minəndə və ya düşüb evə gedəndə dilə tutmasının da şahid olmuşam. Amma o oğlanların heç birində heç nə alınmırdı. Oğlanlar dəyişir, o qızın sərt üz ifadəsi isə həmənki kimi qalırdı.

Mənimlə baxışmağa da davam edirdi. Sonra bir müddət onu görmədim. Həm xaricdə yaşadım, həm Gəncədə magistratura təhsili aldım, həm də iş vaxtımdanmı, ya da nədənsə, iki-üç il görüşmədik. İstəyirdim, o düşdüyü dayanacağa gedim, evini tapım, amma bu arzu yerində qalır, çin ola bilmirdi.

Nəhayət, 2 il bundan əvvəl fürsət düşdü. Bir gün səhər qonşu küçədə yaşayan dostum Vasiflə avtobusa mindik. Hələ dayanacaqda dedim ki, “o girdəgöz qız var ha, onu necə tapa bilərəm, ağlımdan çıxmır”. Dostum isə qayıtdı ki, “əşi, nə var ey onda, düzgün qıza oxşamır”.... Hissə qapılmadım, sadəcə, söhbətin yüngülləşməsinə də imkan vermədim. Vasifdən adını soruşdum, bilmədi. Öyrənməyini xahiş etdim, söz verdi, hələ də öyrənməyib.

Qısası, avtobusa mindik, o qız hələ avtobusda deyildi. Vasif pıçıltı ilə, amma yanıqlı-yanıqlı keçmiş sevgilisindən danışır, mənsə şablon məsləhətlərlə ona ürək-dirək verirdim. Avtobus “Günəş Market” tərəfdə dayandı, bu qız mindi. Bəh-bəh! Mən yenə rəng verib, rəng almağa başladım. “Əcəmi”yə qədər aramızda baxışma oldu. Cəsarətləndim. “Əcəmi”də düşüb yaxınlaşdım. Dilim topuq vura-vura, çoxdan xoşlandığımı dedim, hətta telefon nömrəmi neçə dəfə təkrarladım ki, bəlkə insafa gələr. Cavabı isə:

– Yox! Tanış olmaq istəmirəm. Əl çək!

Əsəbi halda üz çevirib, başqa bir avtobusa minmək üçün dayanacağa tələsdi. Dayanacaqda da bir həngamə saldı ki, ordakı qadın-qızdan utanıb, aradan sivişdim. Vasif dedi ki, hələ naz edir, ümidini üzmə. İki gün sonra yenə yaxınlaşdım. Yenə də “yox, əl çək!..” dedi. Bir həftə sonra isə söyüş eşitdim: “Rədd ol, əclaf, psix, başıxarab”... Belə sərt reaksiyaya layiq olmaq üçün nə etdiyimi anlamadım, özümü alçalmış hiss edərək, ondan əl çəkdim. Daha yaxınlaşmadım, amma yenə də rastıma çıxırdı. Məndən qorxurdu, çox vaxt ürkək-ürkək baxırdı. Mənsə ara-sıra qəzəbli baxışlar atır, kinimi bildirirdim. Vəssəlam.

Son rədd cavabından bir ay sonra gördüm ki, barmağında nişan üzüyü var. Anladım – gecikmişəm. Bir ay boyunca, hər gün nişan üzüyü ilə rastıma çıxdı, yenə kinlə baxdım, yenə qorxaq baxışlarla cavab aldım... Amma sonra gözdən itdi. Düşündüm ki, evlənib. Vasifdən soruşdum, dedi:

– Hə, deyəsən, nişanlanıb, amma dəqiqləşdirərəm.

Vasifdən hələ xəbər yoxdur.

Sonra, mən onu unutmağa başladım. Əsl sevgimi tapdım, “Avtobus sevgisi” fəlsəfəsindən uzaq bir fəlsəfəyə təslim oldum. Nişanlandım, evləndim... Və bir gün, həyat yoldaşımla avtobusa minəndə bu qızı gördüm. Barmağında nişan üzüyü yox idi. Qaşları əvvəlkinə nisbətən daha nazik görünürdü, amma evləndiyi və ya boşandığını bilmirdim. Üzü də sınıxmış, sərtləşmişdi. Əvvəlki dikbaş və əsəbi qızdan əsər-əlamət yox idi. Girdə, amma parlaq gözləri sönmüş; o parlaqlıq yerini qüssəyə vermişdi. Bizi görəndə diksindi. Sonra özünü ələ alıb, baxışlarını çevirdi. Bilmirəm, mənə elə gəlir, yoxsa... Gözlərindən yaş damcılarının süzüldüyünü hiss etdim.

Yenə də uzun müddət görüşmədik.

Təxminən, bir həftə əvvəl, təzə çıxmış kitabımdan bir nüsxəni çantaya qoyaraq bir tanışımla görüşə getmişdim. Həmin tanışımın qəfil işi çıxdı, görüşə gəlmədi; mənsə öz redaksiyamıza gedib, ancaq axşam düşəndə evə qayıtdım. Və avtobusda “nakam sevgimi” gördüm. Bu dəfə hardan beynimə düşdüsə, onunla bir dayanacaqda endim. Onun ardınca gedərək, ona çatdım, qırıq-qırıq “Xahiş edirəm, gözləyin, sadəcə, bir şey verəcəm” dedim və öz yeni kitabımı çantadan çıxararaq ona uzatdım. Mat-mat mənə baxsa da, dinmədən hədiyyəmi götürdü.

– Elə bunu verəcəkdim, təzə kitabımı sizinlə bölüşmək istədim. Bağışlayın...

Ondan uzaqlaşıb, yaxınlıqdakı kafeyə girdim. bir bakal pivə içəndən sonra çıxdım, siqaret çəkə-çəkə yolboyu gəzməyə başladım. Nə görsəm yaxşıdır? Üstü pinti, nimdaş geyimli bir uşaq əlində mənim kitabım, səhifələrini dartışdıra-dartışdıra gəlir.

– Qaqaş, o kitab sənə hardan?

– Sənə nə var?

– Səndən söz soruşuram, qorxma...

– Bax, o stolbanın dibində gördüm.

O mənim kitabımı küçənin döngəsində, işıq dirəyinin dibinə atmışdı. Göz yaşlarından sonra, mütləq evə aparıb oxumalı idi – buna adım kimi əmin idim. Ya da... O, “avtobus sevgisi”nə görə yox, öz sevgi oxunun daşa dəydiyinə görə ağlayıbmış o zaman. Mənsə...

Həmin uşağa 1 manat verib, o qızın (qadının) kimliyini, tarixçəsini öyrəndim. Ünvanını da öyrənə bilərdim... Artıq mənası yoxdur.

 

Rüfət Əhmədzadə

Go Back

Sorğu göndər