Azadın azadlıq Sevgilisi...
Şəhid Azad Abbasovun xatirəsinə... "
Sevgi nədir?" sualına mən bu yaşanmış olan oçerk ilə cavab verərdim:
Uilyam Şekspir belə deyib: "Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır". Uğrunda ölünəcək sevgi isə azdır bu həyatda...
Həyat öz axışıyla davam edirdi. Ümidlərin pənah apardığı yerdə iki sevgili bir-birinə qovuşmaq eşqiylə yaşayırdı. Onlar sevgili ikən həyatı rəngarəng görərək məhəbbətin təsirindən sanki xoşbəxtlik zirvəsini fəth etmişdilər. Azad adlı bir oğlan idi bu sevgini qəlbində yaşadan. Eşqiylə könlünü xoş tutan qız isə ona cavab olaraq bu möhtəşəmliyi hər zaman qoruyub-saxlayırdı. Yedikləri, söhbət etdikləri məqamlar həmişə bir keçərdi. Ayrı qala bilməzdilər. Çünki bir-birlərini görmə arzusu heç zaman tükənmirdi. Amma kim deyərdi ki, gün gələcək uğrunda öldüyü sevgilisi Vətən olacaq Azadın. Şəhidlik zirvəsinə yüksələcək və bu ali məqamın ən yüksək mövqeyində yaşayacaqdır. Sevdiyi qız isə ömrünə ömür qataraq yaşının üzərinə yaş əlavə edəcək və heç zaman ailə həyatı qurmayacaqdır. Sevdiyi Azad uğruna... Sevdiyi insana görə onun Vətəni-Evi Azadın məzarı olacaqdır. İndi həmin xanımın 40 yaşı var. İllərlə həsrətində olduğu Azad zaman keçdikcə yenə də onun qəlbində yaşayır. Sevginin gücüdür onu yaşadan. İnsan fiziki olaraq ölə bilər. Ruhun ölməməsi lazım. Ruh öldüsə fərqi yoxdur o insanın yaşamasının. Azad ruhən onun qəlbində yaşayır. 40 il ömür sürən sevgili hələ neçə illər keçəcək Azadı qəlbindən azad buraxmayacaqdır...
Sənə qəlbimdən məktub
Sevgilisən... İki canda bir ürəyi bərqərar etmisən. Həyata davam etməyin ən əsas vasitəçi qüvvəsi Sevgilisən. Gecələr sənsizlikdən yaranan acı bir fəryaddır elə bil. Səhərlər ümid pənahımdır ki, məni sənə qovuşduracaq. Məhəbbət yolumuzda kiçik addımlarla gələcəyə doğru gedirik Səninlə. Yaşamıma rəng qatdın gəlişinlə. Gedişin olmasın. Olarsa o zaman yaşarmı bu can sənsiz?! Yaşarsa diri ikən ölü olar, Sevgili! Sevmirəm gecələri. Çünki həsrət yaradır, səhər isə günəş də üzümə təbəssüm bəxş edir, elə bil ki, o da sevinir, sənə qovuşacağımı o da bilir, Sevgili.
Sən və Mən
Doğularıq yaşamaq üçün. Qarşımıza insanlar çıxar. Elə insanlar ki, seçim etmək məcburiyyətində qalarıq. Lakin bir insan var – buna seçim edilməz. Üzünə baxan kimi iki yad insan doğma sanar bir-birini. İllərcə tanımış kimi hiss edər. Doğmalardan doğma sayar onu. John Dryden deyir: “Eşq mövzusunda səhv seçkidən danışmaq səhvdir, onsuz da seçki varsa o səhvdir”.
Sən və Mən – yaşadıqlarımız xatirəyə çevrilib, yaşanılmamış günlərimiz isə ümidlə gələcəyi gözləyir. Sən məndə tapdın özünü, Mən səndə tapdım özümü... Ay üzünə işıq salmış gecələr. Günəş səhər oyadır səni. Qısqanıram mən onları. Çünki məni əvəz edirlər. Aşıq Veysəl demiş ki, “Ölümdür tək başına yaşanan, eşq isə iki şəxsiyyətdir”. Məhəbbət sənlə mənə verilmiş qüvvətli hisslərdən ibarət sığındığımız bir yuvadır elə bil. Özümüzdən asılı olmadan qanımıza hopmuş bu sevgi gələcək həyatımıza doğru istiqamətləndirir bizi. Bir nəfəs qədər varlığımı hiss etdirən yaşama çırpıntılarım sənin sayəndə “Sevgi yolunu” tutmuş və həmin yolda addımlamağıma vəsilə olmuşdur. Sən varsansa, Sən yaşayırsansa, Sən nəfəs alırsansa demək ki, var olma səbəbim də Sənsən...
EŞQ İŞIĞIMIZ...
Eşqin hökm eyləyir zamanla mənə,
Səssizcə sözünə baxıram sənin.
Sehirli sözlərlə ovudub yenə
Toruna düşürəm bu məhəbbətin.
Qəfəsin içində yaşayıb sanki,
Cox uzaq yerlərə getməyim gəlir.
Düşünsən azacıq məni bir an ki,
Sənsiz yox, Səninlə ruhum dincəlir.
Hərdən vaxt ayır ki, dinib-danışaq,
Uzağı beləcə bəhanə edək.
Bu gözəl həyata birgə alışaq,
Sevgimiz bar verib, tez açsın çiçək.
Yorulaq söhbətdən, yuxuya dalaq,
Şirin sözlərimiz sabaha qalsın.
Sevinci paylaşıb, bir sevgi alaq,
Məhəbbət getdikcə qəlbdə ucalsın.
Laqeyd deyilsən yox, məsafəm uzaq,
Qəlblər bir olsa da həsrət çəkirəm.
Demək istədiyim söz qalaq-qalaq,
Ürəyimdə bir-bir cümlə əkirəm.
Görüş günümüzü çox gözləyirəm,
Həmin an yetişir, görüşürük biz.
Gizlicə hər anı mən izləyirəm,
Döyünür bərabər bu ürəyimiz.
Sevgilim, yol gedək uzaq diyara,
Bir sən, bir də ki mən - yalnız ikimiz.
Çiyninə başımı qoyum bir ara,
Dincəlsin, var olsun bizim sevgimiz.
Baxaq yol boyunca piyadalara,
Sərnişin qatarı yol yoldaşımız.
Ayrılıb - "Əlvida!" deyək onlara,
Ümidlər də olsun eşq işığımız.
Hümbətova Təhminə