Adətən insan öz sevgilisinin əks cinsin nümayəndəsinə qarşı diqqət göstərməsini, ona compliment deməsini, sadəcə ona baxmasını da sakit qəbul edə bilmir. Bu zaman gizli və ya açıq şəkildə mübahisələrlə nəticələnən qısqanclıq özünü büruzə verir. İstər kişi, istərsə də qadın qısqanclıqla üzləşir. Müasir həyatda isə qısqanclığı qıcıqlandıran bir çox hadisələr baş verir.
Qısqanclıq insana dözülməz əzab verən və onu içərdən yeyən bir hissdir. İnsanın həm ruhi sakitliyini əlindən alır, həm də fiziki sağlamlığını. Bu hiss başda ağrılara, əsəb pozğunluğuna, aqressivliyin artmasına səbəb olur. Hədsiz qısqanclıq insanın həyatını da məhv etməyə, ailələrin dağılmasına, faciələrə də gətirib çıxarır.
Bu səbəbdən də qısqanclıqla mübarizə aparmaq vacibdir. Adətən qısqanclığın kökündə özünə əminsizlik dayanır. İnsan sevgilisinin ondan daha yaxşı insan taparaq, onu əvəz etməsindən qorxur və qısqanır. Bu cür qısqanclığı dəf etmək üçün özünə əmin olmaq lazımdır. Özünə qarşı əminsizliklə yanaşı, sevgilisinə etibarı itirmək də qısqanclığı qıcıqlandırır. Çox vaxt da insan əhəmiyyətsiz yerə qısqanaraq bunu xəstəlik dərəcəsinə çatdırır və qorxduğu şey baş verir. Sevgi, gözəl hisslər puç olub gedir. Əvəzində isə sevgilinizin qəlbini yaralayan sözlər, mübahisələr və bununla bağlı pis xatirələr qalır.
Odur ki, vaxtında özünüzə “dayan deməyi” və etibar etməyi öyrənin. Nəzərə alın ki, inamsızlıq sizin aranızda olan ən güclü hissləri belə söndürəcək. Sevgilinizin sadiqliyinə qarşı olan şübhələri ona olan inamınız ilə əvəz edin. Qısqanclığa şərait yaratmamaq üçün sevgilinizi idarə etməyə çalışmayın. Tez-tez telefonuna zəng edib, harada olduğunu, nə etdiyini, nə vaxt gələcəyini soruşaraq özünə olan hörməti itirməyin. Qısqanclığı dəf edə bilmədiyinizi hiss etdikdə başınızı işlə qatın.
Qısqanmağınız əsassız deyilsə, sakitləşməyə və olanları təhlil etməyə çalışın. Özünüz üçün dəqiqləşdirin: “Sizə münasibəti davam etdirmək əsasdır, yoxsa hər şeyi qısqanclığa qurban vermək”.
Vüsalə Ələkbərova
Təsisçi və baş redaktor