Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ümumi Psixologiya"

İnsan üzərində işlədiyi, özünü inkişaf etdirdiyi qədər şanslıdır

"Əksər hallarda insanlar öz bacarıqsızlığını etiraf etməkdə çətinlik çəkib, hər şeyi şansın üstünə atırlar: günahlarının məsuliyyətini daşımaq istəmirlər. İnsanların bir çoxu hansısa bir uğursuzluğu kiminsə boynuna atmağa, əldə olunan nailiyyəti isə öz adına çıxmağa maraqlıdır. Bu bir növ insanın öz qabiliyyətsizliyini ört-basdır etmək cəhdidir".

- Şansım gətirmədi.

- Bizdə şansmı var?

- Şanslı olsaydım, bu vəziyyətə düşməzdim.

- Şans üzümə güldü.

- Şanslı doğulmuşam.

- Filankəs çox şanslı adamdır.

Yuxarıda qeyd olunan ifadələri, yaxınlarımızın, dost-tanışlarımızın dilindən hamımız eşidirik. Bəs, görəsən, şans nədir? Doğrudan da, şans deyilən bir şey varmı? Hansı insanlar şanslı insanlardır? və s. suallarımıza cavab tapmağa çalışdıq.

 İnsanlar əziyyət çəkmədən nəyəsə nail olmağa çalışırlar

Mövzumuzla bağlı suallarımızı cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bildirdi ki, insanlar tarix boyu və təbii olaraq, istədiklərinə heç bir əziyyət çəkmədən nail olmağa, bunun yollarını axtarıb tapmağa çalışıblar: "İnsanların bu istəyi bir çox folklor nümunələrində də əksini tapıb. Bəzi nağıl, əfsanə və s. şifahi xalq ədəbiyyatı nümunələrində qəhrəmanın yuxudan oyanarkən hansısa meyvədən yeyib, sudan içərkən güclü, ağıllı olması, cavanlaşması və s. kimi hadisələrin əks olunduğu yerlər var".

 Bacarıqsızlığımızı etiraf etmirik, günahı şansın üstünə atırıq

Müsahibimizin sözlərinə görə, şansdan gileylənənlər müəyyən uğursuzluqla rastlaşmış adamlardır: "Əksər hallarda insanlar öz bacarıqsızlığını etiraf etməkdə çətinlik çəkib, hər şeyi şansın üstünə atırlar: günahlarının məsuliyyətini daşımaq istəmirlər. İnsanların böyük əksəriyyəti hansısa bir uğursuzluğu kiminsə boynuna atmağa, əldə olunan nailiyyəti isə öz adına çıxmağa maraqlıdır. Bu bir növ insanın öz qabiliyyətsizliyini ört-basdır etmək cəhdidir".

E. Rüstəmov vurğuladı ki, insanlar özlərinə güvənməlidirlər: "Belə olduğu təqdirdə, yaşamaq asanlaşar. Mən şansa ağıl məsələsi kimi baxıram. Hesab edirəm ki, şans daha çox zəka ilə bağlı məsələdir. İnsan üzərində işlədiyi, özünü inkişaf etdirdiyi qədər şanslıdır". Şanssız olmaları ilə bağlı pasiyentlərinin çoxunun şikayətləndiyini dilə gətirən E. Rüstəmov sözlərini belə davam etdirdi: "Əvvəlcə, onu qeyd edim ki, şanssızlıqla bağlı bizə müraciət edənlərin böyük əksəriyyəti, ilk olaraq, problemlərinin həllində falçılardan nicat umurlar. Falçılardan ümidini üzənlər nəticədə psixoloqa müraciət edirlər. Bizim işimiz də insanın öz daxili enerjisini ortaya qoymaqdır. Şanssızlıqdan şikayət edənlərə izah edirik ki, üzləşdikləri problemlər müəyyən mənada özlərindən qaynaqlanır". Müsahibimiz sonda fikirlərini ümumiləşdirərək qeyd etdi ki, şanslı olmaq bir yerdə dayanmaq deyil, məqsədyönlü şəkildə çalışmaqdır.

 "Şansa inam deizm fəlsəfəsindən qaynaqlanır"

İlahiyyatçı Rövşən Məmmədov isə bildirdi ki, şans deyilən bir şey yoxdur: "Şansa inam deizm fəlsəfəsindən qaynaqlanır. Deizm fəlsəfəsinə görə, Allah kainatı yaradıb, amma o heç bir işə qarışmır. Yəni hər şey insanın öz əlindədir. İslamiyyətdə təlqin olunan Allah isə hər an kainata müdaxilə edir. Əks halda, hər şey alt-üst olar". Müsahibimiz onu da əlavə etdi ki, bugünkü gənclər arasında deizm fəlsəfəsi daha çox yayılıb". R. Məmmədov şansa güvənən, ona ümid bağlayanların psixologiyasını belə izah etdi: "Şans"la iş görməyə başlayan insan özünü boşluqda hiss edir, təsadüflərə inanır, ruhunu, hətta həyatını stress, həyəcan, təlaş içinə atır. İstədiyinə nail olmadıqda narahat olur, sıxıntı çəkir, kefi pozulur, günlərcə özünə gələ bilmir. Ana südündən məhrum olunan uşaq rezin başlıqlı qutuya sarıldığı kimi, insan da qədər, təvəkkül kimi həqiqətləri bilmədiyi üçün "şans" kimi boş şeyə qapılır".

 "İslamda şansa yer yoxdur"

Müsahibimizin sözlərinə görə, islamiyyət insanları heç vaxt boşluqda buraxmır: "İnsanların boş şeylərə, mahiyyəti məchul olan düşüncələrə qapılmasına imkan vermir. İslamda "şans"a yer yoxdur. Dinimizdə qədər var, təvəkkül var, Allahdan gələnə boyun əymə ədəbi var. Bunun da mənbəyi imandır. Mömin Allaha iman edir, qədərə boyun əyir, nə ilə üzləşirsə üzləşsin, imanının gücü və nuru ilə bütün problemlərdən rahatlıqla xilas olur".

zaman.az

Go Back

1 Bütün dərc olunanlar: