Düşüncə Jurnalı

header photo

Psixoloji Məsləhətlər

Məqsədin müəyyənləşdirilməsi

16-01-2017

Edvin Loke tərəfindən 1968-ci ildə irəli sürülən qaydaya əsasən, insanlar ətrafındakıların fikirlərinə önəm verməklə, onlara müxtəlif şərhlər edirlər. Daha sonra bu qaydaları öz yanaşma tərzlərinə uyğun olaraq dəyərləndirirlər. Yəni, hərkəs öz xüsusiyyətlərinə görə, nəyin yaxşı, nəyin pis olduğuna, doğru yoxsa yanlış olduğuna, faydalı olub-olmamasına qərar verir. Buna görə də, insan özündə müəyyən məqsədlər yaradır, gələcək davranışlarını da bu məqsədlərə görə təyin edir. 
Fərdlərin təyin etdiyi məqsədlər onların motivə olmalarına da təsirsiz ötüşmür. Buna görə də, əldə edilməsi çətin və olduqca əlçatmaz olan məqsədlər təyin edən fərdlər, əldə edilməsi asan olan məqsədlər təyin edən fərdlərlə müqayisədə daha çox performans göstərəcək və motivasiya olacaqlar. Qaydanın əsas olaraq 2 halı vardır: 
1. İnsanın qarşıya qoyduğu məqsədlər onun davranışına çox böyük təsir göstərir. Həmçinin qarşıya qoyulan məqsəd və niyyətlər iş həyatında daha uğurlu olmağa səbəb ola bilər. 
2. Bundan başqa, ətrafdan verilən qıcıqlandırıcılar məqsəd və niyyətlərə təsir edərək, onların işlərində də özünü bilavasitə göstərmişdir. Qaydalara görə, məqsədlərin bir neçə xüsusiyyətləri vardır: 
• O nisbətdə artacağı nəticəni vermişdir. Yəni, bu, məqsədi ölçə bilmə dərəcəsidir, məqsədə çatma müşahidə də oluna bilər və müəyyən ölçü dərəcəsini ifadə edər. 
• Məqsədin güclülüyü. Təcrübələrdə özləri üçün güclü məqsədlər müəyyən edənlər daha yaxşı nəticə əldə edir. Son olaraq, məqsəd gücləşdikcə, uğur qazanmaq daha da çoxalır-deyə qeyd edilir. 
• Məqsədin qəbul olması. Məqsədin iş nailiyyətlərinə təsir etməsi üçün bu məqsədlərin həmin şəxs tərəfindən qəbul edilməsi lazımdır. Burada “ qəbul etmə” kəlməsi təkcə nəyəsə boyun əymək mənasını vermir, məqsədlərin mahiyyətini mənimsəmək lazım olduğunu bildirir. 
• Məqsədin müəyyən edilməsi. Qaydaya görə, işçilər məqsədlərini müəyyən etdikdə, qazandıqları uğur və nailiyyətlər də bir o qədər yüksək olur. 
• Məqsədə dair məlumatların verilməsi. Qaydaya görə, məqsədə görə məlumatların verilməsi məqsədə çatmaq üçün göstərilən səylə üst-üstə düşərsə, iş sahəsində uğurları artacaqdır. Çünki: 
1. İşlərində uğur qazanan bir insan aldığı məlumatlara əsasən, məqsədlərini müəyyən etməyə yönələcəkdir. 
2. Əvvəlki məqsədinə nail olduğunu görə bilən məqsədini daha da yüksəldəcəkdir. 
3. Qazandığı hər bir uğurunda səylə çalışdığını görə bilən, daha da həvəslə işləyəcək və daha çox səy göstərəcəkdir. 
4. İşçi digər işçilərlə iş metodikasının üsullarının inkişaf etdirilməsiylə bağlı olaraq, müxtəlif istiqamətlər verə bilər. 

 

Hazırladı: Qasımova Fatiməxanım

kayzen.az 

Sevimli işinizi necə tapmalı?

11-01-2017

Məktəb illərindən, daha dəqiq desək, ta birinci sinifdə oxuyandan özümüzü olmaq istədiyimiz sənətlərdə təsəvvür edirik. Kimimizdə bu, vaxtı gələndə real olur, kimimizdə isə dəyişmiş fikirlər olur. Bu mərhələyə gələnə qədər gah müəllimə, gah həkim, gah kosmonavt, gah stilist, gah da bank işçisi oluruq. 
Bəzən isə sevimli işimizi tapa bilmirik. Buna görə də, öz sevimli işinizi tapmaq üçün sizin üçün araşdırma apardıq. Bu yazını oxumaqla siz sevimli işinizi tapmaqda bəzi hiylələri öyrənəcəksiniz. 
Nədən başlamalı?
Xatırlayın
Ola bilsin ki, indi elə bir işlə məşğul olmaq istəyirsiniz ki, onunla artıq əvvəllər məşğul olmusunuz. Bəs hardan bilə bilərdiniz ki, bu iş sizin sevdiyiniz iş olacaq? Cavabı özünüzdə axtarın: yəqin ki, siz bir neçə il öncə rəfiqənizlə oturub ssenari yazırdınız ya da ki, kimya dərsində təcrübə etməyi çox sevirdiniz. Bu nüanslar sevdiyiniz işi tapmaqda ilk pillə ola bilər. 
Formullaşdır
Öz arzularınızı dilə gətirin. Birinci ümumidən başlayın. Məsələn: “ Mən idmanla məşğul olmaq istəyirəm” ya da “İstəyirəm mənim elə bir işim olsun ki, dənizlə bağlı olsun” və daha sonra detallı suallara keçin. Məhz hansı idmanı sevirsiniz, tək yoxsa qrupla məşğul olmaq istəyirsiniz, çəki atmaq üçün idmanla məşğul olmaq istəyirsiniz və ya sadəcə idmanı sevdiyiniz üçün – bütün bu suallara cavab tapmaqla siz məqsədinizi formullaşdıra biləcəksiniz. 
Vəziyyəti qiymətləndirin
Qiymətləndirin. Baxın, sizin seçdiyiniz peşəyə bazarda nə qədər ehtiyac var. Sizə nə qədər təlim lazımdır bu peşəni dərindən bilmək və nə qədər zaman, pul xərcləməlisiniz bunun üçün – bütün bunları nəzərdən keçirdib, dəyərləndirin. Yox əgər bu iş sevdiyiniz, davamlı olaraq məşğul olacağınız iş deyil, sadəcə xobbi olaraq məşğul olmaq istəyirsinizsə, bu zaman da yuxarıda qeyd olunan nüanslara diqqət etmək və dəyər vermək lazımdır. 
Nələri unutmaq lazımdır?
Stereotiplər
Əgər istədiyiniz iş üçün yenidən oxumaq lazımdırsa və sizin 25-dən çox yaşınız varsa o zaman ətrafınızdakı yaxın və digər insanların sizi yolunuzdan döndərmək kimi fikirlərinə hazır olun. Ki, “sənin yaşında oxumurlar, başqalarını öyrədilər”, “işlə oxumağı yanaşı apara bilməzsən”, “gecə tələbəsi olmamalısan” – bu kimi fikirlər eşidəcəksiniz və əslində də, həqiqət bunlardan ibarətdir. Siz həmin insanlara başa salın ki, hər yaşda oxumaq olur, yetər ki, o təhsili dəyərləndirəsiniz və məcbur deyil gündüz təhsil almaq. Yaxınlarınız sizin yaxşılığınızı istəsələr də, indiki halda siz onları dinləməli deyilsiniz. Sadəcə ona görə ki, bu həyat sizindir və onunla nə etməli olduğunuz barədə siz qərar verə bilərsiniz. 
Digərlərinin uğurları
Biz digərlərinə diqqət edirik və adətən, onların etdiklərini təkrar etməyə çalışırıq. Məsələn, bir rəfiqəniz fransız dili öyrənmək istəyirsə siz də onu öyrənməyə meyl salırsınız. Bu zaman siz digərlərinin arzusuna meyl saldığınız üçün öz arzularınızı xərcləmiş olursunuz. Buna görə də, siz öz məqsədinizə çatmaq üçün digərlərinin uğurları haqqında düşünməməlisiniz. 
Dəbdə olan trendlər
Öz real arzularınızı trend olmaq istəyindən ayırd etməyə çalışın. Yəni, dəbdə olan trend peşələr sizi daha çox cəlb edir yoxsa məhz sizin real arzunuz vacibdir? Məsələn, əgər siz dünən marafonda qaçmaq istəyirdinizsə bugün yoqa ilə məşğul olmağı düşünə yaxud da gözəllik bloqeri olub sosial şəbəkələrdə “like”lar, yaxşı şərhlər yazılmasını istəyərsiniz. Belə olduğu halda sizi yalnız məşhurluq maraqlandıra bilər və bu da, sizin həyatınıza mənfi təsir edə bilər.

kayzen.az

Narsizmdə qoruyucu və adaptiv proseslər

26-12-2016

Narsizmdə strukturlaşmış insanlar müdafiələrin tam spektrindən istifadə edə bilərlər, amma ən çox onlar ideallaşdırmadan və qiymətsizləşdirmədən asılıdırlar. Bu müdafiələr o mənada komplementardır ki, şəxsin ideallaşdırılması vaxtı "Mən" qiymətləndirilir və başqa insanların qiyməti itirilir və yaxud əksinə. Koxut (Kohut, 1971) "möhtəşəm "Mən" terminindən şəxsi böyüklüyün və üstünlüyün hissinin ötürülməsi zamanı istifadə etməyə başladı hansı ki, bu da şəxsiyyətin narsizmin iç dünyasının qütblərindən birini xarakterizə edirdi. "Qiymətləndirmənin" daimi prosesi olur, hansı ki, narsizm insanları istənilən problemə müraciət vaxtı istifadə edirlər: ən yaxşı həkim hansıdır? "ən yaxşı" məktəb hansıdır? Ən tələbkar təhsil sistemi hardadır? Məsələn, rəfiqələrimdən biri oğlunun “ən yaxşı” universitetə gedəcəyini düşünür. 

O oğlu ilə bir neçə görkəmli universitetlərə baş çəkdi. Hətta oğıu ilə müsahibə aparacaq müəllimlərə təşəkkür məktubu da göndərdi. Aprel ayında oğlu bir neçə ən yaxşı məktəblərdən təklif aldı. Ancaq oğlunun “Harvard” universitetinə qəbul olmadığı üçün çox məyus olmuşdur. Oğlan “Prinston” universitetində oxumağa başladı. Təhsillin birinci ilində ana oğlunu “Harvard” universitetinə köçürülməsi ilə əlaqədar xahişlərlə müsadirəyə almışdır. Və nəhayət bütün bu xahiş və təkliflərdən Harvard təslim oldu. Bu məsələdə qadın bilirdi ki, Harvard universitetində onun oğluna az diqqət ayıracaqlar, lakin buna baxmayaraq o hələ də oğlunun Harvardda oxumasının tərəfdarı idi. Baxmayaraq ki, qadının xarakteri narsizm deyildi, ancaq bu vəziyyətdə o oğluna narsizm münasibəti göstərirdi. 

Mənim tələbələrimdən birinin artistlik və ədəbiyyata meyilliliyinin çox olmasına baxmayaraq atası ona yalnız həkim yaxud hüquqşünas olarsansa, gələcəyinin parlaq olmasına inandırmışdır. Əks halda mümkün deyil . Tibb və hüquqda pullar daha çoxdur, başqa vəzifəni seçməklə karyerasına ziyan vurmuş olacaq. Oğlanı hər kəs narsizmi dəstəkləyən birisi kimi tanısa da o atasının mövqeyində qeyri-adi heçnə görmədi. Belə insanlar perfeksionist adlanırlar. Onlar öz qarşılarına real olmayan məsələlər qoyub və onu əldə etməyə çalışırlar. Hərdən narsizm insanlar məsələləri özünə hörmətlə həll edirlər. Bəzi pasiyentlər ideallaşdırmanın ömürlük nümunələrinə malikdirlər.

qadin.net

Neqativ düşüncələrinizi zibil qutusuna atın...

16-12-2016

Amerikalı alimlərin İspan həmkarlarıyla birlikdə etdiyi araşdırma, mənfi və istənilməyən düşüncələri yazıb zibil qutusuna atanların, psixoloji olaraq rahatladığını göstərdi. Araşdırmanı aparanlardan Richard Petty, bu yanaşmanın insanlara "axmaqca" gələ biləcəyini, lakin, düşüncələri "atmağın" işə yaradığını gördüklərini ifadə etdi. Ohio Dövlət Universitetindən Petty, insanların düşüncələrini konkret obyektlər kimi qiymətləndirdiklərini ifadə edir: "Düşüncələrimizdən onları görər kimi bəhs edirik. Düşüncələrimizə tutunuruq. Onlara arxalanırıq. Bütün bunlar real olmayan düşüncələrimizi belə bizim üçün daha gerçək hala gətirir" ifadəsini istifadə etdi. Alimlər mövzunu araşdırmaq üçün 3 təcrübə həyata keçirdilər.  Aparılan 3 təcrübədə, 78 İspan liseyi şagirdindən düşüncələrini yazmaları istənildi. Tələbələrin yarısından yazdıqlarını zibil qutusuna atmaları, digər yarısından isə düşüncələrini sadəcə yazmalarını istəyən alimlər, "düşüncələrini zibil qutusuna göndərənlərin neqativ fikirlərdən xilas olduğunu" gördü. Tədqiqatçılar hətta, müsbət düşüncələrini kağıza yazıb çantasında ya da pul kisəsində daşıyanlara da bunun müsbət təsir etdiyini ifadə etdilər. Düşüncələrin zibilə göndərildiyini xəyal etməyin isə təsirli olmadığı təyin olundu. Araşdırma, "Psychological Science" jurnalında dərc olundu.

motivasiya.com

Bilməli olduğumuz 20 qayda

16-12-2016

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır. 
1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir. 
2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır. 
3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yadda saxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz. 
4. Həmişə hamı ilə ünsiyyət quramağa çalışın. Ünsiyyət ustadına çevrilin. Insanda sizin xoşunuza gələcək, müsbət bir xüssusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin. 
5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq –sizin emosiyalarınızın sizin qərar qəbul etmə prosesinə hakim kəsliləcəyinə olan inamdır, amma əslində gerçəklik tamamı ilə buna ziddir. 
6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə oluqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qırılması ilə qurtula biləcəksiniz. 
7. Mümkün qədər çox halda, sizdən daha böyük olan insanlar ilə ünsiyyət quramağa çalışın. Yaşlılar ilə olan söhbətin dəyərliliyi ondadır ki, sizinlə həm yaşıd olan insanların qərar qəbul etmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə həm də eyni zamanda sizin hələ öyrənəcəyiniz çox şeyi artıq indidən bilirlər –ona görə də onlardan soruşmağa dəyər. 
8.Özünüzdən daha güclü olan adamlar axtarın (məhz sizi maraqlandıran sahədə) və onlarla vaxt keçirin. Bu amil özlüyündə çax vacibdir, amma nəticə az əhəmiyyətli deyil–öz qrupunuzda ortaq bir mövqe tutmağa, sırdan bir əməkdaş olmağa çalışmayın (maraqlı şeylər edin, təkəbbürlü, tez götürən, inadcıl olun, ambisiyalı davranın). 
9. Zaman keçdikcə siz daha konservativ olacaqsınız. Bu sadəcə faktdır. Sizin ətrafınızda olanlar, sanki bir qabarcıq yaradırlar, bu isə “status kvonu”nu (hadisələrim mövcud vəziyyətini saxlamağa xidmət edir. Ona görə də ən dəlisov və ağlasığmaz ideyaları məhz İNDİ reallaşdırmaq lazımdır. Sonra siz daha çox qorxaq və ürkək olacaqsınız. İnanın mənə. 
10. Xərclərinizi maksimal azaldın. Bu, sizə yuxarıda söylədiyimiz həmin dəlisov arzunu gerçəkləşdirmək üçün ehtiyat toplamağa icazə verəcək. 
11. Müxtəlif obyektlər ilə statusunuzu qaldırmaq əvəzinə, (çünki onların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır) onu təcrübə ilə yüksəldin. Başqa sözlərlə, Parisə səyahət etmək, daha yaxşı seçimdir, nəinki yeni bir şkaf və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyət səviyyəsini artırır. 
12. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o, sizə auksionlarda daha ucuz alış veriş etmək imkanı verəcək. Əgər siz indi əməkhaqqından-əməkhaqqına yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə, bir aya, daha sora isə üç aya planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət 1 ilə çatacaq. Məqsəd sizin beş il qabağa plan qura biləcəyiniz məqama yetişməkdir. 
13. Proyekt qurmağı öyrənin. Bu məntiqin, yaddaşın və təxəyyülü əla inkişaf etməyinə səbəb olur. 
14. Gənclikdə əlavə çəki yığmayın. Sizin hormonlarınız ilk öncə sizə bu məsələdə kömək olacaq, amma bu imkanı itirmək olmaz, inanın mənə. 
15. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınız çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək də imkanınız olacaq. 
16. Yuxunuzu yaxşı alın. Yaxşıca yatmaq və yeməyin sərbəst şəkildə hazırlanması sizə əlavə çəki yığmamağa kömək edəcək. Əgər “öləndə kifayət qədər yatmağa vaxtım olacaq”, “mən hələ çox şey etməliyəm, yatsam bunların heç birini çatdıra bilməyəcəm” deyə düşünsəniz, onda qoyun sizə deyim ki, yuxunuzu yaxşı almamış, siz yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının ixtisar edilməsi sizə heç nə ilə kömək etməyəcək.
17. Özünüz üçün gündəlik –yaddaş kitabçası tutun. Beyninizə qurulmuş yaddaş ilə kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, edilməsi vacib olan işləri gecikdirərək edəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizə başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar din. 
18. Özünüzə böyük hədəf təyin edin və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Özünüzə hədəf təyin etməsəniz, əlbəttə ki, şanslar olacaq, amma etsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox olacaq. 
19. Hər hansı bir işdə peşəkar-mütəxəssis olun. Beş ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun yol açıqdır, amma konkret bir seçim edin. (Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan). 
20. İnsanları düzəltməyə çalışmayın, daha yaxşı olar ki, hələ ki korlanmamış insanlar tapasınız.

kayzen.az

İnsan üzərində işlədiyi, özünü inkişaf etdirdiyi qədər şanslıdır

19-05-2015

"Əksər hallarda insanlar öz bacarıqsızlığını etiraf etməkdə çətinlik çəkib, hər şeyi şansın üstünə atırlar: günahlarının məsuliyyətini daşımaq istəmirlər. İnsanların bir çoxu hansısa bir uğursuzluğu kiminsə boynuna atmağa, əldə olunan nailiyyəti isə öz adına çıxmağa maraqlıdır. Bu bir növ insanın öz qabiliyyətsizliyini ört-basdır etmək cəhdidir".

- Şansım gətirmədi.

- Bizdə şansmı var?

- Şanslı olsaydım, bu vəziyyətə düşməzdim.

- Şans üzümə güldü.

- Şanslı doğulmuşam.

- Filankəs çox şanslı adamdır.

Yuxarıda qeyd olunan ifadələri, yaxınlarımızın, dost-tanışlarımızın dilindən hamımız eşidirik. Bəs, görəsən, şans nədir? Doğrudan da, şans deyilən bir şey varmı? Hansı insanlar şanslı insanlardır? və s. suallarımıza cavab tapmağa çalışdıq.

 İnsanlar əziyyət çəkmədən nəyəsə nail olmağa çalışırlar

Mövzumuzla bağlı suallarımızı cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bildirdi ki, insanlar tarix boyu və təbii olaraq, istədiklərinə heç bir əziyyət çəkmədən nail olmağa, bunun yollarını axtarıb tapmağa çalışıblar: "İnsanların bu istəyi bir çox folklor nümunələrində də əksini tapıb. Bəzi nağıl, əfsanə və s. şifahi xalq ədəbiyyatı nümunələrində qəhrəmanın yuxudan oyanarkən hansısa meyvədən yeyib, sudan içərkən güclü, ağıllı olması, cavanlaşması və s. kimi hadisələrin əks olunduğu yerlər var".

 Bacarıqsızlığımızı etiraf etmirik, günahı şansın üstünə atırıq

Müsahibimizin sözlərinə görə, şansdan gileylənənlər müəyyən uğursuzluqla rastlaşmış adamlardır: "Əksər hallarda insanlar öz bacarıqsızlığını etiraf etməkdə çətinlik çəkib, hər şeyi şansın üstünə atırlar: günahlarının məsuliyyətini daşımaq istəmirlər. İnsanların böyük əksəriyyəti hansısa bir uğursuzluğu kiminsə boynuna atmağa, əldə olunan nailiyyəti isə öz adına çıxmağa maraqlıdır. Bu bir növ insanın öz qabiliyyətsizliyini ört-basdır etmək cəhdidir".

E. Rüstəmov vurğuladı ki, insanlar özlərinə güvənməlidirlər: "Belə olduğu təqdirdə, yaşamaq asanlaşar. Mən şansa ağıl məsələsi kimi baxıram. Hesab edirəm ki, şans daha çox zəka ilə bağlı məsələdir. İnsan üzərində işlədiyi, özünü inkişaf etdirdiyi qədər şanslıdır". Şanssız olmaları ilə bağlı pasiyentlərinin çoxunun şikayətləndiyini dilə gətirən E. Rüstəmov sözlərini belə davam etdirdi: "Əvvəlcə, onu qeyd edim ki, şanssızlıqla bağlı bizə müraciət edənlərin böyük əksəriyyəti, ilk olaraq, problemlərinin həllində falçılardan nicat umurlar. Falçılardan ümidini üzənlər nəticədə psixoloqa müraciət edirlər. Bizim işimiz də insanın öz daxili enerjisini ortaya qoymaqdır. Şanssızlıqdan şikayət edənlərə izah edirik ki, üzləşdikləri problemlər müəyyən mənada özlərindən qaynaqlanır". Müsahibimiz sonda fikirlərini ümumiləşdirərək qeyd etdi ki, şanslı olmaq bir yerdə dayanmaq deyil, məqsədyönlü şəkildə çalışmaqdır.

 "Şansa inam deizm fəlsəfəsindən qaynaqlanır"

İlahiyyatçı Rövşən Məmmədov isə bildirdi ki, şans deyilən bir şey yoxdur: "Şansa inam deizm fəlsəfəsindən qaynaqlanır. Deizm fəlsəfəsinə görə, Allah kainatı yaradıb, amma o heç bir işə qarışmır. Yəni hər şey insanın öz əlindədir. İslamiyyətdə təlqin olunan Allah isə hər an kainata müdaxilə edir. Əks halda, hər şey alt-üst olar". Müsahibimiz onu da əlavə etdi ki, bugünkü gənclər arasında deizm fəlsəfəsi daha çox yayılıb". R. Məmmədov şansa güvənən, ona ümid bağlayanların psixologiyasını belə izah etdi: "Şans"la iş görməyə başlayan insan özünü boşluqda hiss edir, təsadüflərə inanır, ruhunu, hətta həyatını stress, həyəcan, təlaş içinə atır. İstədiyinə nail olmadıqda narahat olur, sıxıntı çəkir, kefi pozulur, günlərcə özünə gələ bilmir. Ana südündən məhrum olunan uşaq rezin başlıqlı qutuya sarıldığı kimi, insan da qədər, təvəkkül kimi həqiqətləri bilmədiyi üçün "şans" kimi boş şeyə qapılır".

 "İslamda şansa yer yoxdur"

Müsahibimizin sözlərinə görə, islamiyyət insanları heç vaxt boşluqda buraxmır: "İnsanların boş şeylərə, mahiyyəti məchul olan düşüncələrə qapılmasına imkan vermir. İslamda "şans"a yer yoxdur. Dinimizdə qədər var, təvəkkül var, Allahdan gələnə boyun əymə ədəbi var. Bunun da mənbəyi imandır. Mömin Allaha iman edir, qədərə boyun əyir, nə ilə üzləşirsə üzləşsin, imanının gücü və nuru ilə bütün problemlərdən rahatlıqla xilas olur".

zaman.az

Uşaqlarla bağlı ən çox soruşulan suallar

15-11-2014

Salam.Yenimetlik dovurunde olan bir qiz sevgi hiss yasayir.Hec kes ve hecne gozunde deyil oglanla gorusurler,Hemde emiqizi emiogludular.Derslerinde zeyifleme gedir,Qiz ailesin en sevimli usagdir.Men ona nece komek ede bilerem,Ailsesine basa dusmezler onu bilrem,

Qeyd etdiyiniz davranış tərzi yeniyetməlik dövrünə müvafiqdir. Çalışın,prosesi ona başa salasınız.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət etməklə problemin həlli istiqamətində konkret addımlar atasınız.


Birinci sinifə başlama yaşını bilmək üçün test etdirməyə gərək varmı?

Gərək yoxdur. Normalda 72 ayını tamamlayan uşaqlar birinci sinifə başlaya bilər. Hələ öncədən bağçaya və məktəbə hazırlıq məşğələrini keçibsə deməli tam hazırdır. Uşaqla bağlı hansısa şübhəniz, narahatlığınız varsa bir mütəxəssis müayinəsindən keçməkdə fayda var.


Ata anaya qarşı rəftarda kobudluq edirsə və sevgisini göstərmirsə, ana diqqətsiz və sevgisiz qaldığını görürsə uşaqlara qarşı kifayət qədər faydalı ola bilər mi?

Heç vaxt. Ana- ata arasındakı xoşrəftar, qarşılıqlı sevgi və hörmər inanın uşağa çox böyük təsir edir. Bunu etmək məcburiyyətindəsiniz.


Həyat yoldaşımı 1 il öncə itirmişəm. 6 və 10 yaşında iki oğlum var. Yaxşı ana olduğuma inanıram. Atanın yerini necə doldura bilərəm?

Allah sizə səbr və güc versin. Bunun üçün anlayışlı bir bəylə evlənə bilərsiniz. Evlənmədən başqa baba, əmi, dayı kimi ailənin kişilərinə yaxın yerdə yaşamaq, onlarla sıx təmasda olmaq faydalıdır. Beləliklər təqlid edəcəkləri bir kişi modeli görürlər. Bir başqa xüsus da məktəbdə kişi müəllimi ilə münasibətini qursanız bu da “model olma” istiqamətində çox yaxşıdır.


Uşaqların gecə altlarını islatmaları ana- atanın tərbiyəsindən asılıdırmı?

Xeyr! Əsasən organik mənşəlidir. Amma uşaq bir müddət təmiz olub sonra altını islatmaya başladısa burda psixoloji faktorların olmasını göstərir. Ya uşaqda ana- atanı itirmə qorxusu və ya qısqanclıq hissi mövcuddur.


Atanın uşağa davamlı özünü tərifləməsi və misal göstərməsi, “mən sənin yaşındaykən çox çalışqan idim. Mən bu imkanlara sahib deyilkən belə idim elə idim” kimi sözlər spyləməsi və onu təmbəlliklə günahlandırması doğrumudur?

Qətiyyən, doğru deyil. Uşağa fayda yerinə zərər verir.

Hər uşağı olduğu şərait içərisində düşünmək gərəkir. Bu şəkildə özümüzlə müqayisə etmək alçaldarsaq bir müddət sonra onda özünə inamsızlıq formalaşacaq.


6 yaşında qızım, 4 yaşındaykən altını islatmağı kəsmişdir. Son 4 aydır təkrar gecə qalxmaya və altını islatmağa başladı. Nə edə bilərəm? Səbəbi nə ola bilər?

 Uşağın daxilində onu narahat edən bir problemi var. Bunu araşdırmaq lazımdır. Bəlkə ailəyə yeni bir körpə gəlib? Bu barədə onu rahatlatsaq problem həll olmağa başlayacaq. əlavə olaraq yatmazdan əvvəl mayə qəbulunu azaltmaq, altına bez və ya salafan sərməmək, idrarını qaçırdığı günləri qeydə almamaq və təmiz olduğu günlər ona məmnuniyyətimizi bildirmək çox faydalıdır.


Uşağımın hər istədiyini və onun üçün hər şeyin ən yaxşısını edirəm. Yenə əsəbi və narahatdır. 

Əslində arada onun istəklərinə “xeyr” deməlisiniz. Hər istədiyini etmək doğru deyil. Beləliklə övladınızı doyumsuz və hər şeydən narazı böyüdürsünüz. Uşaq, əlindəki nemətlərin fərqinə varmır. Həyatda da hər istədiyinin onun olacağına zənn edəcəkdir. Elə olmadığını görəndə isə bədbin və uğursuz olacaqdır.

 


6 yaşındakı uşağım çox tərsdir. “Olmaz” desəm belə sərt reaksiya verərək, istədiyini etmək istəyir.

İsrar etsə belə edilə bilməyəcək bir şey istəyirsə, etməyin! Uşaq bilməlidir ki, israr fayda verməyəcək. Beləliklə zamanla tərsliyindən əl çəkəcəkdir.


5 yaşındakı oğlum marketdə istədiyini almayınca səs- küy salaraq bizi utandırır. Məcbur qalıb istədiyini alırıq....

 Uşaq istədiyini utandıraraq əldə etməyə çalışır. Alınmayacaq istək olanda qətiyyətlə imtina edin. Özünü yerə çırpsa da, qışqırıb çığırsa da qəbul etməyin. Bir müddət sonra bu vərdişdən əl çəkəcəkdir.

 Narınc Rüstəmova

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, Psixoloq