Düşüncə Jurnalı

header photo

İxtisası necə seçməli?

06-12-2014

Yeniyetməlik dövrundə yeniyetmələri gözləyən ən əsas vəzifələrdən biri də, pesə seçimidir. Bildiyiniz kimi insanın peşə seçməsi və bu seçimi həyata keçirmək üçün calışması onun bütün həyatına təsir edən faktordur.

Çünki insanın peşəsi, onun həyat tərzini, dəyərlərini, sosial statusunu müəyyən etmədə önəmli rol oynayır. Ayrıca seçilən peşədə görulən fəaliyyətlər insanın psixi ehtiyaclarını ödəməyə və öz qüvvəsini ortaya qoymağa fürsət yaradır.

Insanlar ehtiyaclarını ödəyərkən çox vaxt qərar vermək problemi ilə qarşılaşırlar. Əgər qərardan asılı olan nəticə əhəmiyətsizdirsə, insan daha az stress yaşayır. Ancaq peşə seçimi kimi önəmli qərar vermək mərhələsində olan gənclər seçimlərini əvvəlcədən görmək imkanına və bunun üçün də görüləcək fəaliyyətləri planlaşdırmaq gücünə sahibdirlər.

Qeyd edək ki, qərar vermək mərhələsində olan gənclər çox fərqli davranırlar. Belə ki, qərar vermək tərzi insanların mənlik şüuru ilə əlaqədardır.

İnsanlar həyatı boyu özlərinə aid bütün hadisələri müşahidə edirlər. Müşahidə etdikləri hadisələr duyğu orqanları vasitəsilə insanda təəssürat yaradır. Bu təəssüratlar bir-biri ilə əlaqələndirilərək müəyyən fikir yaradır. Beləliklə insanda özü haqqında da təəssüratlar formalaşır. Insanın özu haqqında bilikləri onun “mən”liyini formalaşdırır. Peşə seçməyə qərar verən gənc də “mən”inə uyğun ixtisaslardan bəhs etməyə başlayır. Peşə seçmək də bir fəaliyyətdir. Beləcə, gənc öz xasiyyətinə uyğun peşəni seçir. Peşə seçimi edən bir yeniyetmə isə bir şəxsiyyət kimi öz daxili gücünü ortaya qoymaq üçün artıq fəaliyyətə keçir.

Nəzərinizə çatdıraq ki, ayrıca gənclərin “mən” obrazının və “peşə mənliyi”nin inkisafında, ata, ananın ya da onu əvəz edən böyüklərin rolu əvəzsizdir. Ailə daxili münasibətlər gəncin peşə seçimində qərarını çətinləşdirə bildiyi kimi, asanlaşdıra da bilər. Təzyiq göstərən valideynlər uşaqlarının fikirlərini öz istədikləri tərəfə çəkməyə calışırlar və övladlarının fikirlərinə, istəklərinə göz yumurlar, özlərinin həyata keçirə bilmədikləri arzu və yaşayış tərzini uşaqlarında görmək istəyirlər. Halbuki, təzyiq göstərməyən valideynlər övladlarının xarakterini, “mən” obrazlarını tanıyaraq, onların çətinliklərinə qarşı həssaslıqla yanaşaraq, uşaqlarına mənəvi dəstək olmağa çalışırlar. Belə münasibət quran ailədə istilik, övladını olduğu kimi qəbul etmə anlayışı hakimdir. Belə ata və analar övladları ilə yaxın ünsiyyət quraraq onları başa düşməyə çalışır, onların peşə qərarlarına hörmətlə yanaşırlar.

Ümumiyyətlə, imtahana hazırlaşan bir şagirdin ana və atasının üzərinə böyük məsuliyyət düşür. Onların vəzifəsi uşağına yaxşı təhsil vermək və ona maddi dəstək saxlamaqdan ibarət deyil. Belə ki, valideynlər övladlarının narahatlığını başa düşməli, onlara düzgün yol göstərməlidirlər.

Ali məktəbə hazırlaşan gənclərin yasadıqları çətinliyin 2 səbəbi var. Birinci səbəb insanın bütün həyatına təsir edəcək bir qərarın verilməsidir. Bu qərara görə narahatlıq normaldır. Amma ikinci səbəbin real və məntiqi əsası yoxdur. Şagirdlərdə onların stress səviyyələrini yüksəldən düşüncələr olur. Bu düşüncələri belə sıralamaq mümkündür.

Fəlakət halına gətirmək – real vəziyyətə aid bütün müsbət halları görməyib, həmişə mənfi halları fikirləşmək (imtahanı verə bilməsəm, rüsvay olacağam, heç nə bacarmayacağam.)

Ümumiləşdirmək – bir hadisəyə nəzərən bütün hadisələrdə oxşar nəticənin olacağına özünü inandırmaq (kursda imtahan pis keçdi).

“Ağıl oxuma” – başqalarının nə fikirləşdiyini bilmədən, onların nə düşündüyünü bildiyini düşünmək (qohumlar imtahanı yaxşı verəcəyimə inanırlar).

Yuxarıda sadalanan misallar yəqin ki, bir çox valideynə tanışdır. Valideynə düşən əsas vəzifə bu cür fikirlərin yerinə daha real və ruhlandıran düşüncələri gəncə aşılamaqdır. Valideynlərin uşaqların kiçik yaşlarından etibarən onlardan çox şey gözləməsi, uşağın səhvlərini duzəltmək yerinə onları daim tənqid etməsi, fiziki cəza tətbiq etməsi, “tənbəl”, “ləng”, “məsuliyyətsiz” və s. kimi sözlərlə övladını tənbeh etməsi də vəziyyəti çətinləşdirən amillərdəndir.

Övladınızın narahatlığını artırmayın.

“Belə oxumaqla çətin ki, imtahanı verə biləsən”, “Belə başla çətin yaxşı oxuya biləsən”, “Bu cür oxumaqla çətin ki, işinin mütəxəssisi olasan” kimi fikirlər yeniyetmədə stress yaradır və narahatlığın artmasına səbəb olur.

Övladınız yaxşı təhsil ala bilməsə

Övladınız sizin bir parçanızdır. Ali məktəbə daxil olmayan yeniyetmə çox məyus olur. Onun kədərini bir daha artırmaq övladınızın psixikasına ciddi təsir göstərə bilər. Həyatın məqsədi yaşadığın həyatdan zövq ala bilmək çətinliklərə dözmək və düzgün nəticə cıxarmaqdır. Ali məktəbə qəbul olmaqsa bir yoldur. Həyatda uğur qazanmaq ali məktəbə girməkdən asılı deyil. Övladınızla aranızdakı yaxın münasibətiniz sizin məqsədiniz olmalıdır. Ali məktəbə qəbul olub-olmamasından asılı olmayaraq, övladınızla münasibətlərinizi korlamayın. Əgər uşağınıza “oxu” deyirsinizsə və münasibətləriniz də gərgin və soyuqdursa bu vəziyyəti düzəltməyəcək. Əksinə münaqişəli şəraitdə bunu deyirsinizsə, dediyiniz sözun heç bir əhəmiyyəti olmayacaq.

Siz nəyə dəyər verirsiniz?

Usağınızın müvəffəqiyyətini ürəkdən istədiyinizi və dəstəklədiyinizi bilirik. Bunun qarşılığında, ondan dərslərini oxumağını gözləməyiniz təbiidir. Ancaq uşağınız da əlindən gələni edib istədiyini əldə edə bilmirsə, o zaman bacarığının bu qədər olduğunu qəbul edin. Düzgün hazırlaşa bilmədiyini, zamanından düzgün istifadə etmədiyini hiss edirsinizsə, bu sahə üzrə mütəxəssisə müraciət edin.

Mələk Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Xəzər Universitetinin psixologiya fakültəsinin dekan müavini

pcc.az

Go Back

Sorğu göndər