Bir əmizdirmə məsləhətçisi kimi tez-tez anaların narahatlığını müşahidə edirəm. Narahatlığa əsas səbəblərdən biri 2-6 ay arası çağa və körpə uşaqların qeyri-mütəmadi və gec-gec (3-4 gündə bir dəfə) nəcisə getməkləridir.
Bu hal ilə üzləşən analar müxtəlif vasitələrə (imalə, pipetka, termometr, sabun və s.) əl ataraq uşağa bayıra çıxmağa kömək etmək istəyirlər. Bu üsullar nənə-baba və digər qohumların tövsiyələrindən və ya sadəcə ananın məlumatsızlığından irəli gəlir. Analar uşaqlarında qəbizliyin yaranmasından qorxaraq dərhal sadalanan vasitələrə əl atırlar. Digərləri isə bunu uşağın ana südü ilə doymaması və ya ana südünün yetməməsi ilə uzlaşdırırlar. Təbii ki, körpə gec-gec nəcisə getdiyi zaman, anaların narahatlıqlarını anlamaq olar. Bu səbəbdən qaranlıq qalan məsələlərə müəyyən aydanlıq gətirmək gərəkdir.
İlk öncə defekasiya (nəciz ifrazı) prosesinin necə baş verdiyinə diqqət verək. Bu məsələ bioloji əhəmiyyətə malik olduğundan, bu proses haqqında biliklərimiz də vacibdir. Nəcis vasitəsilə bir qayda olaraq, bədənimiz həzm edə bilmədiyi ərzaq qalıqlarının aradan azad olur və nəcis ifrazı yemək qəbul etmək kimi fiziki bir adətə çevrilir. Körpənin bu gündəlik adətinə alışan analar birdən onun gec nəcisə getməyinə görə qorxaraq həmən müəyyən tədbirlər keçirməyə tələsirlər. Sağlam insan nəcisə neçə dəfə çıxmalıdır sualına Professor, Doktor Korhan Taviloğlu bu cür cavab verir: “Bir çox insan sağlam nəcisin gündə bir dəfə olduğunu düşünür. Ancaq, gündə üç dəfə normal konsistensiyada və ya eyni şəkildə həftədə üç dəfə nəcisin edilməsi da normal olaraq qəbul edilir. Ancaq, həftədə üç dəfədən az nəcisin edilməsi ” qəbizlik”olaraq adlandırılmaqdadır”.
Məsələn, insanlar tərəvəz, meyvə, taxıl yedikləri zaman onların tərkibindəki sellülozanın çox hissəsi parçalanmır və çıxarılması tələb olunan ballasta çevrilir. Beləliklə, sellüloza, həzm olunmayan qalıqlar, bakteriyalar, selik və s. ilə bağırsaqda hərəkət edən nəcisi təşkil edir. Amma insan bütün bunlardan dərhal azad olmur, qalıqlar tədricən anbar kimi xidmət göstərən siqmoid və düz bağırsaqda yığılır. Bədəndən nəcisin çıxarılması bu qalıqların düz bağırsağın reseptorlarını qıcıqlandırılması üçün kifayət qədər olduğu zaman baş verir və bu qıcıqlandırma nəticəsində defekasiya refleksi işə düşür.
İnsanlarda belə həzm prosesi, xüsusi ilə, nəcisin düz bağırsaqda yığılması olmasa idi, biz quşlar kimi olardıq. Onlarda düz bağırsaq olmadığı üçün həzm olunmayan qalıqlar kloakaya daxil olur və dərhal bədəndən xaric olunur (əslində bu mexanizmin olması onlara rahat uçmağa kömək edir və bədənlərini idarə etməyə imkan verir). Biz insanlar isə ictimai bir varlıq olduğumuza görə bu hal (yeməkdən dərhal sonra tualetə getmək) əlavə rahatsızlığa səbəb ola bilərdi.
İndi isə gəlin körpələrdə defekasiyanın (nəciz ifrazı) gec olma səbəblərini araşdıraq. Bu hal adətən körpələrin 2-3 ayından sonra beş gün, hətta bir həftə belə nəcisə getməmək ilə səciyyələnə bilər. Nə baş verir? Amerika Pediatriya Akamediyasına əsasən yalnız ana südü ilə qidalanan uşaqların mədə-bağırsaq sistemi ana südünə tədricən alışır və bu səbəbdən tamamilə onu parçalayaraq, həzm edir. Həzm olunmayan qalıqlar çox az olur və nəticə etibarilə defekasiya refleksini işə salmaq üçün kifayət olmur. Bunu zibil vedrəsi nümunəsində daha rahat anlamaq olar: bir balaca atılan zibilə görə, siz vedrəni boşaltmayacasınız, siz onun dolmasını gözləyəcəsiniz və belə bir halda təbii ki, körpənin düz bağırsağının dolması bir neçə gün tələb edə bilər və beləliklə, defekasiya heç bir müdaxilə olmadan baş tutacaqdır.
Müasir pediatriya kitablarına nəzər salsaq, orada ana südündə olan körpə uşaqların nadir nəcis ifrazı normal bir hal kimi qəbul olunur və əksər hallarda heç bir müdaxilə tələb etmir.
Əgər uşaq özünü yaxşı hiss edirsə, normal çəki artımı varsa, körpə rahat sidiyə gedirsə, nəcisin konsistensiyası – yumşaq (sıyıqvari, və ya daha sulu) şəkildədisə, nəcis ifrazı uşağı rahatsız etmirsə, nəcisə getmək qışqırıq halları ilə müşayiət olunmursa, körpə bir həftə belə nəcisə çıxmasa, demək bu qəbzlik əlamətləri deyil.
Beləliklə, əziz analarımız uşaqda nəcis ifrazının müəyyən bir müddət olmamasını və qəbizliyin yaranmasını fərqləndirməyi öyrənməlidirlər. Bu biliklər uşaq üzərində mənasız prosedurların aparılmasının qarşısını alaraq, uşağın daha rahat böyüməsinə imkan yaradacaqdır.
Həqiqi qəbizliyin əlamətləri südəmər körpələrdə nadir hallarda rast gəlinir və normal hallarla müqayisədə nəcisin çox bərk olması, defekasiya aktı zamanı körpənin ağlayaraq və qışqıraraq güc verməsi və nəcis ifrazının gec-gec olmasına baxmayaq hər dəfə bu xoşagəlməz əlamətlərlə müşahidə olmasıdır. Bu cür simptomlar körpədə patologiyanın (mədə-bağırsaq problemlərinin) olması haqda xəbər verir. Təbii ki, bu cür hallar təcili olaraq həkim məsləhəti tələb edir.
O ki, qaldı anaların müxtəlif mexaniki üsullardan istifadə etməsinə, bu lazımsız və hardasa uşaq sağlamlığına təhlükə yarada bilər. Analar, “bəs onda niyə nəcis çox çıxdı” sualı verirlər. Təbii ki, mikroklizma zamanı körpənin bağırsaqları yuyulur və bu halda nəinki öz növbəsini gözləyən, eyni zamanda da hələ bağırsaqda hərəkət edən yeni qida qalıqları da əlavə olunur.
Əgər analar uşağın nəcisinin yumşaq olduğu təqdirdə, körpənin əziyyət çəkdiyini görürlərsə, bu cür hallarda uşağın qarnını masaj etmək, ayaqlarını hərəkət elətdirmək, qarnı üzərinə uzandırmaq, isti vanna qəbul etmək məsləhət görülür. Körpələrin öz əzələlərini hələ yaxşı idarə edə bilmədiklərini unutmayaq. Bu səbəbdən onların əzələlərini inkişaf etdirmək daha məqsədəuyğundur, nəinki onları tənbəl böyüdərək hər dəfə mexaniki üsullara əl atmaq.
Bir neçə gün nəcisə çıxmayan körpələr öz tələblərinə görə getdikləri zaman nəcisə çox miqdarda və ya bir neçə gün defekasiya aktı olmaması səbəbilə, bir neçə gün dalbadal gedə bilərlər. Bu proseslər uşaqdan-uşağa fərqlənə bilər. Ona görə, analara tövsiyə olaraq, öz körpələrini digəriləri ilə müqayisə etməməsidir.
Nəzərə alınmalıdır ki, uşaqlar 6 aydan sonra əlavə yeməklərə keçirlər və yuxarıdakı qaydalar yalnız ana südü əmən uşaqlara aiddir.
Beləliklə, La Leche League beynəlxalq təşkilatın verdiyi geniş məlumatı nəzərə alaraq, aşağıdakı əsas məqamları vurğulayaq:
- Əgər körpə özünü rahat və gümrah hiss edirsə,
- Əgər körpənin nəcisi yumşaqdırda,
- Əgər uşağın çəki artımı norma daxilindədirsə,
- Əgər uşaq rahat və normal sidiyə gedirsə,
- Əgər həkim müayinəsi heç bir patologiya müşahidə etməyibsə,
demək, ana südü əmən uşağın 3-5-7 gün nəcisə getməməsi qəbizlik əlaməti deyil və heç bir xarici müdaxilələrə ehtiyac yoxdur.
Müəllif: Gülarə Rüstəmova,
Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi.
Vib.az