Artıq bir ildir ki, “Düşüncə” jurnalı Siz oxucuların ixtiyarına verilib. Əməyimiz haqqında ən doğru məlumat da Sizdədi. Nə dərəcədə faydalı ola bildik, bunu da yalnız Sizlər deyə bilərsiniz. Böyük bir komanda ilə ərsəyə gətirdiyimiz jurnal oxuculara ruhi sakitliyi tapmağa, psixoloji problemləri həll etməyə, daha uğurlu insan olmağa kömək edir.
Həyatda heç kim ruh düşkünlüyündən, dərdən, çıxılmaz vəziyyətdən sığortalanmayıb. Hər birimiz kədərlənir, stress yaşayır, bəzən də problemlərin girovuna çevrilirik. Jurnalda dərc olunan mütəxəssislərin yazıları, psixoloji məsləhətləri bu cür hallarla mübarizə aparmağa kömək edir.
Yalnız kədər deyil, bəzən xoşbəxtlik də bizi qorxuzur. Bəzən hisslərimizi başa düşmədiyimiz üçün nə edəcəyimizi bilmirik. Həyəcan və sevinc hissləri bir-birinə qarışır. Dəyərli oxucular, belə situasiyalarda Siz “Düşüncə” jurnalını əlinizə alaraq sizi narahat edən suallara cavab tapa bilərsiz.
Kimisə anlamaq, insanlarla rahat ünsiyyət qurmaq, qarşıdakının sözlərinin və hərəkətlərinin arxasında nəyin gizləndiyini bilmək üçün “Düşüncə” jurnalı Sizə əvəzsiz yardımçı olacaq. Həyatınız sizi qane etmirsə, jurnalla sıfırdan başlaya bilərsiz.
Jurnalın bu sayında oxucularımız Azərbaycanın baş psixiatrı Gəray Gəraybəylinin müsahibəsini oxuya bilər. Eləcə də, təsirli və psixoloji yazılar özünüzü, həm də ətrafdakıları daha yaxşı tanımağa kömək edəcək. “Düşüncə” jurnalı ilə Sizə heç nə qaranlıq qalmayacaq. Həyatımızı Düşünərək, “Düşüncə” ilə quraq.
Yolunuz uğurlu olsun!
Baş redaktor, psixoloq
Vüsalə Ələkbərova