Düşüncə Jurnalı

header photo

Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?

23-01-2018

     

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.

     Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.

  Psixoloqların sözlərinə görə laylalar, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Və bildirirlər ki, uşağı hər “ dayəyəm “ deyənə etibar etmək olmaz. Bəzən 3 – 4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki, 3 – 4 övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər.

     Buna görə də, dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0 – 3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib – içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib – soyunmasına yardım etməlidir. Ümumiyyətlə uşağı ən azı 2 ayından sonra dayəyə etibar etmək olar.

  Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli olmalıdır. Uşaq üçün seçilən dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini, başa salmalıdır. Belə olduğu halda uşağın dayəyə alışması uzun müddət çəkmir. Bəzən valideynlər dayə seox gənc dayələrə üstünlük vermirlər. Düşünürlər ki, ana olmayan qadınlar uşaqla davrana bilməzlər. Amma unudurlar ki, dayəlik işdir. Və onlara uşağa baxmağa ana yox dayə lazımdır.

    Son dövrlərdə internet mediada “ dayə və uşaq” problemləri ilə tez – tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayəni izləyir, bəziləri isə sadəcə uşağın dediyi ilə qane olurlar. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı 3 yaşına kimi hər bir ana öz övladına baxmalıdır.

Məqalə müəllifi:Abbaslı Vəzifə (Narınc könüllü qrupunun üzvü) 

Go Back

Sorğu göndər