Düşüncə Jurnalı

header photo

Aqressiv uşaqlarla psixokorreksiya işinin xüsusiyyətləri

13-02-2018

Müasir dövrdə uşaqlarda aqressivliyin öyrənilməsi bir neçə səbəbdən aktuallıq kəsb edir. Əvvəla uzun müddət «aqressiya» tibbi, bioloji və irsi kateqoriya kimi baxıldığından problem psixoloji səhnəyə çıxarılmamış və bu aspektdən araşdırılmamışdır. İkincisi, ümumi psixoloji biliklər baxımından məsələyə yanaşdıqda aydın olur ki, aqressiya hər hansı bir prosses kimi nəzərdən keçirilmir. Sadəcə olaraq insanın emosional halətlərinə, tələbatlarına epizodik toxunulur. Üçüncüsü, aqressiv davranışın ümumi psixoloji mexanizmləri müəyyən mənada aydınlaşdırılsa da, onun təzahürünün etnik milli-amilləri diqqətdən kənarda qalmışdır. Nəhayət, aqressiv davranışın təşəkkül və təzahür xüsusiyyətlərinin bilavasitə tədqiqat obyektinə çevrilməsi bu davranış tərzinin ən geniş detallarını araşdırmağa imkan verir. 
Aqressiya tədqiqat  obyekti kimi biologiya, etologiya, sosialogiya, hüquq, konfliktologiya və s. elmlər tərəfindən də öyrənilir. Lakin insanın aqressiv davranışının mexanizmi onun təbiəti belə bir hissin əmələ gəlməsi, davranış zamanı təzahür etməsi və onun səbəbləri barədə sanballı tədqiqatlar məhz psixoloqlar tərəfindən aparılır. Bu məsələyə xarici ölkə alimlərindən Leonard Berkoviç, Debora Riçardson, Robert Beron, Arnold Bass, Albert Bandura, Nil Miller, Stenli Milqram, Con Dollard, Ziqmont Freyd, Konrad Lorens, Kristian Bütner və başqalarını qeyd edə bilərik. Probelmlə bağlı rus psixoloqlarından Rean A., Semenyuk L, İvanov L., Rumyantseva T., Anna Ros və başqalarının müəyyən fikir və mülahizələrinə rast gəlirik. Azərbaycanda isə aqressiyanın tibbi aspektləri N.İsmayılov, F.İsmayılov tərəfindən işlənmişdir.

Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur.

Şərti olaraq aqressiyanı 2 növə bölürlər:

düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün

3 yaşa qədər uşaqlarda aqressiyanın aşağıdakı  növləri vardır:

1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurulan zaman, tanımadığı insanların əhatəsində)

2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir

3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır)

Aqressiyanın yaranma səbəbləri çoxdur. İlk və əsas səbəb somatik problemlərdir. Uşağın orqanizmində hansısa xəstəliklərdən narahatlıq yaranır. O, başqalarının tələb və tapşırıqlarına əməl etmək istəmir, ya da bunu bacarmır. Həmin narazılıqlar neqativ emosional hərəkətlərlə üzə çıxır. Bu, özünü davranışda aqressiya formasında göstərə bilir. İkinci səbəb bilavasitə psixi xəstəliklərdir: nevroz, şizofreniya, autizm, hiperativlik və s. Üçüncü səbəb - sosial-psixoloji və pedaqoji problemlərdir. Həmin problemlərə yaş böhranlarını, yaşlılar və həmyaşıdlarla ünsiyyət və münasibətlərin pozulmasını, 5-6 yaşdan başlayaraq şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələri göstərmək olar. Xüsusilə 3 yaşlı uşaqlarda və yeniyetmələrdə aqressiyanın təzahürü, əhatə dairəsi daha genişdir. Eləcə də, fərdi-psixoloji xüsusiyyətlərə görə aqressiya fərqli şəkildə təzahür edir.

 Eyni zamanda bura orqanik səbəbləri də aid edə bilərik:

Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır.

Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.

Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı,bir yaxını və ya Tv qəhrəmanı ola bilər.

TVdəki şiddət səhnələri: Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır.Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.

Uşağın şiddətə məruz qalması.

Ailə içindəki mübahisəli mühit:Evdəki gərginlik, narahatlıq və hirs təcavüzkarlığa səbəb ola bilər.

Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması,

Şiddətə təhrik edən mühit:Uşaqla lağ edilməsi kimi…

Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları: Məsələn uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olur.

Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət qədər marağın göstərilməməsi.

Psixoloqlar tərəfindən aqressiyanı idarə edən effektiv tədbirlər işlənib hazırlanmışdır. Bunlara daxildir:

Modelləşdirmə - aqressiya tətbiq etmədən məqsədə nail olmaq üçün müxtəlif modellərin nümayişi;

Rol oyunları - əks-əlaqənin yaradılması, qeyri-aqressiv davranış modellərinin təqdir olunması, əldə olunmuş vərdişlərin real şəraitdə praktik tətbiqi;

Uşaqlarda aqressiya çoxlu sayda xoşagəlməz faktorların birgə təsirindən yaranır:

uşaqların həyatının sosial şəraitinin pisləşməsi

ailə tərbiyəsinin düzgün olmaması

məktəbin uşaqların sinir-psixi vəziyyətinə fikir verməməsi

körpənin baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən pataloji hamiləlik və doğuşların sayının artması.

Bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.

Valideynlərin və müəllimlərin aqressiv uşaqlarla ünsiyyət qurması üçün aşağıda konkret praktik tövsiyələr qeyd edilmişdir:

1. Kiçik bir aqressiya zamanı sakit reaksiya
Uşaqlarda və yeniyetmələrdə yaranan aqressiya əgər təhlükəli deyilsə və anlaşılandırsa qeyd olunan pozitiv strategiyalardan istifadə etmək olar:
-uşağın,yeniyetmənin reaksiyasına əhəmiyyət verməmək-xoşagəlməz davranışların qarşısını alan güclü bir yoldur.
-uşağı anladığınızı bildirən ifadə (”əlbəttə , bu sənə təsir edir...”)
-diqqəti başqa yerə yönəltmək, hər hansı bir iş təklif etmək
-uşağın davranışını pozitiv ifadə etmək (“sən hirslənirsən ,çünki yorulmusan”)
Uşaqlar çox vaxt aqressiyadan özlərinə diqqət cəlb etmək üçün istifadə edirlər.
2.  Diqqətin şəxsiyyətə yox, davranışa yönəldilməsi.
Uşağın şəxsiyyətini yox, onun hərəkətlərini tənqid etmək lazımdır.

Uşaq sakitləşdikdən sonra onunla davranışını müzakirə etmək məqsədəuyğundur. Aqressiya zamanı özünü necə apardığını,
dediyi sözləri, hərəkətləri təsvir etmək lazımdır.
Uşağın yalnız “indi və burda”yaranan davranışlarını təhlil edin, keçmiş hərəkətlərini yada salmayın. Yoxsa uşaqda acı hislər yaranacaq və o öz davranışına tənqidi yanaşa bilməyəcək.
Uşağa davranışının mənfi nəticəsini və aqressiyanın ən çox onun özünə zərər verdiyini bildirin.
Aqressiyanı azaldan yollardan biri-uşaqla əvvəlki münasibətləri bərpa etməkdir. Bunun üçün göstərilən texnikadan istifadə olunur.
-faktı təsdiq etmək (“sən özünü aqressiv aparırsan”)
-təsdiq olunan sual (“sən qəzəblənirsən?”)
-aqressiv davranışın motivlərinin açıqlanması (“Sən məni incitmək istəyirsən?,”Sən gücünü nümayiş etdirirsən?”)
-xoşagəlməz hərəkətə qarşı öz hislərinizi bildirin. (“mənimlə bu tonda danışmağın xoşuma gəlmir.”)
-qaydalara müraciət etmək (“Biz ki,səninlə danışmışdıq, şərt kəsmişdik”)
Uşağın və yeniyetmənin aqressiyasına qarşı reaksiya zamanı böyüklər ən azı 3 xüsusiyyət nümayiş etdirməlidirlər: maraq göstərmək, xeyirxahlıq, qətilik. Axırıncı xüsusiyyət onu göstərməlidir ki, valideyn öz övladını sevir , lakin onun bu cür davranışının əleyhinədir.
3. Öz mənfi emosiyalarına nəzarət
Valideynlər və ya mütəxəssislər aqressiv uşaqla ünsiyyətdə olarkən öz neqativ    emosiyalarına nəzarət etməlidirlər. Uşaqların aqressiv davranışı böyüklərdə güclü mənfi emosiyalar-qıcıqlanma, hirs, inciklik. qorxu, çarəsizlik yaradır. Böyüklər bu neqativ halı normal və təbii qəbul etməlidirlər.
Böyüklər öz mənfi emosiyalarını idarə etməklə uşağın yaratdığı aqressiv vəziyyətin ağırlaşmasının qarşısını alır,
onunla xoş münasibət saxlayır və aqressiv insanla qarşılıqlı əlaqənin necə olduğunu nümayiş etdirirlər.

4.  Vəziyyətin gərginliyinin qarşısının alınması

Uşaqların aqressiyası zamanı böyüklərin əsas işi -vəziyyətin gərginliyini azaltmaqdır. Böyüklər göstərilən hərəkətləri edərək gərginliyi və aqressiyanı daha da artırırlar:
-səsin yüksəldilməsi,uşağı hədələmək
-güc nümayiş etdirmək
-qışqırmaq, təhqir etmək
-aqressiv jestlər etmək
-sarkazm, rişxənd, lağ etmək və qıcıqlandırmaq
-uşağın özünün, yaxınlarının, dostlarının neqativ şəkildə qiymətləndirilməsi
-fiziki gücün istifadə olunması
-münaqişəyə yad insanların cəlb edilməsi
-cəzalandırmaq
-uşağı yaxşı uşaqlarla müqayisə etmək
-təzyiq etmək, tələb etmək
Bu reaksiyaların bəziləri vəziyyəti müəyyən vaxta qədər sakitləşdirir. Lakin bütün bu reaksiyalar uşağa daha çox mənfi təsir göstərir.
5. Uşağın davranışını müzakirə etmək.

Aqressiya zamanı uşağın davranışını analiz etməyin . Bunu o, sakitləşdikdən sonra etmək lazımdır. Müzakirəni təklikdə və sakit vəziyyətdə aparmaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, onun bu cür aqressiyası ətrafdakılardan çox onun özünə ziyandır.
6. Uşağın müsbət qiymətləndirilməsi
Uşağın mənfi hərəkətlərini heç vaxt başqalarının yanında müzakirə edib onu pərt etməyin.
Yeniyetmənin müsbət reputasiyasını saxlamaq üçün aşağıda göstərilənlər məqsədəuyğundur:
- yeniyetmənin günahını başqalarının yanında minimuma endirmək, lakin gözünün içinə baxaraq həqiqəti bldirmək
-uşağı tam olaraq özünüzə tabe etməyin. İmkan yaradın ki, sizin tələblərinizi özü bildiyi kimi yerinə yetirsin.
-uşaq ilə kompromisə girin.
Uşağa təzyiq edərək öz tələblərinizi həyata keçirtmək istədikdə yeni bir aqressiyanın yaranmasına səbəb ola bilərsiniz.
7. Qeyri-aqressiv davranışın nümayiş etdirilməsi
Aqressiya zamanı uşağı düzgün tərbiyələndirməyin əsas şərti-qeyri-aqressiv davranışın nümayiş etdirilməsidir. Uşağın yaşı kiçik olduqca valdeyn göstərilən aqressiyaya qarşı daha sakit olmalıdır. Valideyn diqqətlə, analiz etmədən uşağı dinləməlidir. İmkan yaratmalıdır ki,o , fikrini tam izah etsin- əks halda yeni konflikt yaranır. Ən əsas valideyn səmimi olmalıdır.

Uşaqlarda aqressiyanın aşağıdakı növləri və münasibətlərin qurulması metodları vardır:

Hiperaktiv-aqressiv uşaq. Hiperaktiv uşaqlarda aqressiyaya daha çox rast gəlinir. Uşaqlara səhvlərini etiraf etməyi, ətrafdakılara qarşı qayğıkeş olmağı, öz günahını başqasının üstünə atmamağı öyrədin.

Aqressiv-dəymədüşər uşaqlar.
Dəymədüşərlik uşaqlarda tərbiyənin düzgün olmaması və sinir sisteminin xəstəlikləri ilə əlaqədar yarana bilər. Əgər uşaq demək olar ki , həmişə aqressivdirsə onda çalışın ki, onu gərginlik yaradan vəziyyətlərdən uzaqlaşdırasınız.

Qarşılıqlı olaraq aqressivlik yaradan uşaqlar.
Əgər uşaq daima yalnız valideynlərinə, yaxınlarına kobudluq 
edirsə, demək onun valideynləri ilə münasibətində problemlər var.
Bu zaman valideynlər problemi birlikdə həll etməli, uşaqla birlikdə çox vaxt keçirməlidirlər.

Aqressiv-qorxacaq uşaqlar. Belə uşaqlarda öncə qorxu hissini 
aradan qaldırın.

Aqressiv-hissiyyatsız uşaqlar.Buna səbəb ailə tərbiyəsi, intelektual inkişafın pozulması və genetika ola bilər. Belə uşaqlar laqeyd , kobud, davakar olur. Bu cür uşaqlarda humanist hislər yaratmağa çalışın.

                                    Aysel Allahverdiyeva

Narınc Uşaq Psixologiya Mərkəzinin Gəncə filialının  psixoloqu

Go Back

Sorğu göndər