Düşüncə Jurnalı

header photo

Yeni uşağın gəlişinə hazırlıq

30-12-2017

Bacısı və ya qardaşı olacağını öyrəndiyində bu naməlum vəziyyət qarşısında uşağın ağlında bir çox suallar yaranır və qarışıq duyğular yaşayır. Bu vaxt uşaq özünün artıq sevilmədiyini düşünə bilər. Ağlında suallar böyüyür və  bu problemə səbəb olan valideynlərinə acıqlanır. Ana-atasının sevgisini yoxlayır və onlardan asılı olduğunu öz davranışları ilə bildirməyə çalışır. Uşağın keçdiyi  bu proses körpə doğulduqdan sonra da davam edir, lakin, ana-atanın uşaqlara qarşı sərgilədiyi düzgün münasibətlə tezliklə aradan qalxır.

Uşağın bacı-qardaşını nə dərəcədə qəbul etməsi onun yaşı, ailənin uşağa münasibəti, uşağın öz şəxsi keyfiyyətləri kimi bir çox faktorlardan asılıdır.

Uşağı körpənin gəlişinə necə hazırlamaq olar?

Bu xəbəri özünüz verin. Övladınızı qarşınıza alaraq ailənizə yeni bir uşaq gələcəyini, bundan sonra dördünüzün çox xoşbəxt yaşayacağınızı bildirin. Uşaq hamiləlik, doğuş, uşaq dünyaya gəldikdən sonrakı dövrlərlə bağlı bir çox suallar verə bilər. Valideynlər bu sualları səbrlə cavablandırmalıdır. Həmçinin, evdə baş verəcək dəyişikliklər də uşağa izah olunmalıdır. Əgər, övladınız azyaşlıdırsa, ona mövzusu ailə sevgisi, bacı-qardaş sevgisi olan hekayələr danışaraq, bunun yaxşı bir şey olduğunu izah edə bilərsiniz. Bununla yanaşı, ətrafdakı digər  bacı-qardaşı olan uşaqlar nümunə göstərilə bilər.

Övladınızdan yeni bir uşaqla bağlı nə düşündüyünü soruşun, onun fikirlərini də önəmsədiyinizi hiss etdirin. Çox vaxt uşaqlar birlikdə oynaya biləcəkləri kiçik dostlarının olmasına sevinirlər. Birlikdə kitab oxuya, oynaya, əyləncəli vaxt keçirə bilərlər. Lakin, uşağı rahatlatmaq üçün “Onunla oyun oynayacaqsan” kimi cümlələr qurmayın. Çünki, uşaq doğulduqda onunla oyun oynaya biləcək vəziyyətdə olmadığını görəndə aldadıldığını düşünə bilər. Uşağın yalnış gözləntilərinin olmaması üçün bacı-qardaşının doğulanda çox kiçik olacağı, hələ ana südü ilə qidalanacağı, birlikdə oynaya bilmələri üçün bir müddət gözləməli olacağı bildirilməlidir.

Onu yeni uşağın gəlişi ilə bağlı hazırlıqlara daxil etmək fikirlərini dəyişdirəcəkdir. Yemək yedirərkən, altını təmizlərkən anasına kömək edə biləcəyini demək lazımdır. Adı, otağının rəngi, paltarları və s. seçilərkən uşağın fikri də alınmalıdır.

Əgər, övladınız yeni uşağın gəlişini heç cür qəbul etmək istəmirsə, uşaq psixoloquna müraciət edə bilərsiniz.

Tərcümə etdi: Fatimə Qəhrəmanova (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sorğu göndər