Düşüncə Jurnalı

header photo

Hallusinasiya

11-11-2013

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir. Hallusinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallusinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır. Psixoz xəstəliklərində hallusinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallusinasiyalar yaranır. Hallusinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər. Gözə görünən hallusinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.
Hallusinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.
Psevdohallusinasiya anlayışı da mövcuddur. Psevdohallusinasiyada xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallusinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio — yanlış fikir, yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallusinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.
Hallusinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallusinasiyanın yaranmasına gətirib çıxarır. Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallusinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir.
Hallusinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.

 

PCC-nin psixoloqu
Aygün Ağabalayeva

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.