Düşüncə Jurnalı

header photo

Uğur Qazanmağın Ən Asan Yolu-ONLARI PLANLAŞDIRIN!!

07-10-2014

Hər bir  problemin həlli var, yeganə  çətinlik  onu  tapmaqdan   ibarətdir.                                            /Evvi  Nef/ 

Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz  və uyğun variantı seçməyə çalışırsız. 

 Biz  gündəlik  iş   prosesində,  müxtəlif   situasiyalarda  qərarlar  qəbul  etmək  məcburiyyətindəyik. Çox  düşünürük,  tələsirik, sonradan  isə  nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar  həyatımızda  çox mühüm  rol oynamır.  Amma  elə vəziyyət də olur ki, yalnış  qərarlar  taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.

            İnsan daima seçim arasındadır:  “nahara nə alsın?”, “dincəlməyə hara getsin?”, “hansı ali təhsil müəssisəsində təhsil alsın?”, “hansı peşəni seçsin?”, “millyon necə qazansın?” və s. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə ,uğursuzluğa, itkiyə səbəb ola bilər.

           Düzgün seçim həyata keçirmək üçün mütləq  müddətini  təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında  maneələr yaradır. Çünki  duyğular  üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbətdə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən  asılıdır. Necə deyirlər: “Müdriklik illərlə gəlir”(düzünü desək, bunu da  hamıya  aid etmək olmaz).

      Uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil  etmək lazımdır. Addımlarınızı götür-qoy edin. Kiçik qərarlardan başlayın. Əvvəlcə  təyin  edin ki,  hansı  qərarı  qəbul  etmək  fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Demirəm ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edin. Yəqin ki,  yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla  təhlil edib  müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında (təltəlşüuru) hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı  fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər.

       Planlaşdırın! Siz görüləcək işləriniz barədə qeydlər edin.Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz  və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir.

        Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri – obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək  lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması  seçimi geciktirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi  yaranır. Zaman müxtəlif  variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə  gec  qərar  qəbul  etsəniz  nəticədə  işsiz  qala bilərsiz.

      Hansısa bir ciddi məsələni həll etmək üçün siz doğmaların və dostlarınızın həqiqətən faydalı məsləhətlərini də nəzərə ala bilərsiniz. Amma  bir məqamı unutmayın- hamıya və hər kəsə öz problemləriniz haqqında  danışmağa dəyməz. Daxili dialoq da bir çox hallarda faydalı ola bilər.

        Alternativ yollar  axtarın.Yalnız  bir  çıxış yolu ilə kifayətlənməyin. Heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşin. Təsəvvür edin ki, ilkin ideya mövcud  deyil, belə vəziyyətdə nə  edəcəksiniz? Əlbətdə bir neçə alternativ yollar tapacaqsınız.

          Qərar qəbul etdikdən sonra, tam əminlik yaranır  və uğur gözləmək olar. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez  dəyişir. Çeviklik və  inad arasında balans  tapın. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı  yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun.

Bəs, yanlış qərar qəbul  etmisizsə, necə hərəkət etmək lazımdır? Cavab  – bunu cəsarətlə  etiraf edin və  yaranmış  vəziyyəti  aradan  qaldırmaq  üçün özünüzdə  güc  tapın. İnanın ki, bu  sonradan hər zaman gunahkarlıq hissiylə yaşamaqdan asandır. Yalnız vəziyyəti  düzgün yola qoyaraq  və ya  heç olmasa buna cəhd  edərək siz rahatlığınızı əldə edə bilərsiniz. İnsan  özü-özündən qaça bilməz – bu  fikir dəfələrlə  təsdiq olunub.

       Əslində  toxunduğumuz  mövzu  ilk  baxışdan  göründüyü  kimi sadə  deyil. Belə ki, insanın  həyatı verdiyi  qərarların  nəticələrindən  asılıdır. Düzgün qərar verməyi bacarsaq həyatımız  daha yaxşı olar.

Sizə hər zaman uğur gətirən düzgün qərarlar qəbul etməyi arzulayıram.

 

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

 

 

 

 

 

 

 

Go Back

Sorğu göndər