Düşüncə Jurnalı

header photo

ƏQLI CƏHƏTDƏN GERI QALAN UŞAQLAR VƏ ONLARIN TERAPIYASI

 Uşaqlıq - insanın gələcək həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiyalar bəzən ömürlük yaddaşda qalır. Lakin insan beyni daim inkişafdadır və həmişə daha yeni, mürəkkəb funksiyaların qavranılması üçün məşq etdirilə və istifadə oluna bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə, toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf mühit haqqında məlumat əldə etməyə imkan verir. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək. [2,s. 50]

Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:

1. Fiziki (bədən) inkişaf

2. Əqli (intellektual) inkişaf

3. Sosial (ünsiyyət) inkişaf

 Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdların heç də geri qalmır. Sual olunur: “Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik , istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir. Bu məhdudiyyətlər göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli olaraq daha ləng inkişaf etməsinə, onunu öyrənmə qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir. Məktəbdə oxuyan zaman da, çətinliklər meydana çıxır. Onlar nəyə isə nail ola bilsələr də, bunun üçün çox vaxt tələb olunur.

 Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:

  • · Genetik hallar.
  •  · Hamiləlik zamanı yaranan problemlər.
  • · Doğuş problemləri.
  • · Sağlamlıq problemləri.

Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. [4,s.34-35] Əqli geriliyin 3 dərəcəsi var:

  • Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir.
  • Ağır və orta dərəcə ( imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir.
  • Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir. [3,s.34-35]
  • Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:
  • · İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.
  •  · Kukloterapiya – bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).
  •  · Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.
  •  · Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.
  •  · Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.[4,s.431- 432]
  • Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri - ənənəvi metodlar isə aşağıdakılardır:
  • · Cıdır terapiya – atlar üzərində gəzmək. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt – yəhərlənməmiş atlar olmalıdır və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıq olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.
  •  · Yoqa – reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olanlar duruş, əyilmə onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa, diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.
  •  · Musiqi terapiya – musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhval – ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhval –ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinyasiyası 15 yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya, və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkət etməyə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.
  •  · Kanisterapiya – itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.
  •  · Delfinoterapiya – delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur. [5]

Qeyd etmək lazımdır ki, əqli cəhətdən geri qalan uşaqlar daha həssas olurlar. İnsana gec öyrəşdikləri kimi, öyrəşdikdən sonra ondan uzaqlaşmaları da çətin olur. Belə uşaqlar terapevtləri, psixoloqları, inkişaf metodistləri gənc olduqda dərsə daha tez həvəslənirlər.

PS. Onlardan öyrənəcəklərimiz çoxdur.

Bir neçə il bundan əvvəl Seatlle olimpiyadasında fiziki və əqli cəhətdən geri qalan 9 yarışçı, 100 m qaçış üçün başlanğıc xəttinə gəldilər. Başlamaq üçün göstəriş verildi, onlar birlikdə yarışmağa başladılar.Yarış başladıqdan az sonra 1 yarışçı yıxıldı və ağlamağa başladı. Qaçan digər 8 yarışçı onun səsinə arxaya çevrildilər və onun yıxıldığını gördülər. Onlar yarışı dayandırıb geri qayıtdılar. 8 yarışçı onun qoluna girdi və onlar hamısı birlikdə qaçmağa başladılar, finişə də birlikdə çatdılar. Yarışı izləyənlər onları ayaqüstə, saatlarla alqışladılar. [1,s.36]

Ədəbiyyat siyahısı:

 1. Çocuk gelişimi və eğitimi. Zihinsel engelliler. Ankara, 2007

2. Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair rəhbərlik: metodik vəsait. Bakı, 2009

3. Rüstəmova L.H.,Hüseynova N.T. Xüsusi pedaqogika. Bakı, 2007

4. Uşaq inkişafı metodikası: metodik vəsait / Açıq Cəmiyyət İn-tu-Yardım Fondu. - Bakı : Qanun, 2011

5. http://psixologiya.net/tehsil_telebe/650.html

 

Həsənova Günel Vaqif qızı,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Ümumi psixologiya kafedrasının magistrantı

SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR PROBLEMLƏRİ ELMİ ƏSƏRLƏR TOPLUSU BURAXILIŞ № 10 BAKI – 2013 

Go Back



Sorğu göndər