Düşüncə Jurnalı

header photo

Elnur Rüstəmov:Deyəsən başıma hava gəlir

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik. Tanınmış psixoloq bu dəfə insanların içindəki dəli olmaq qorxusundan yazıb. 

Hər bir dərdə dözən adam,
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.

Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb, insan psixikasına nələrin müsbət, nələrin mənfi təsir göstərdiyi müəyyən edilib. Uşaq tərbiyəsində nə etmək vacibdi, hamiləlik hansı formada keçməlidi, yeniyetmə psixologiyası necə olur, evliliyə nə formada hazırlaşmaq lazımdı, gəncliyi necə keçirmək məqsədəuyğundu, qocalıq psixologiyası nədir və onlar bu yaşda ən çox nədən əziyyət çəkirlər - bütün bunlar mütəxəssislər tərəfindən illərdi araşdırılır. Konkret nəticələr əldə edilir. Şübhəsiz ki, psixoloji problemlərin aradan qaldırılması istiqamətində insanlara zəruri tövsiyələr də verilir. Uzun sözün qısası, bu problemlər hər zaman olub. İnsanlar da ortaya çıxan psixoloji narahatlıqları aradan qaldırmaqda dünənə qədər xüsusi bir problem yaşamırdılar. Ən azından problem indiki qədər kütləvi narahatlıq səviyyəsində özünü biruzə vermirdi. Bu gün artıq psixoloji problemlər kütləvi xarakter alıb. Bu, tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində müşahidə olunur. İnkişaf etmiş ölkələrdə isə psixi problemlərdə xüsusən artan bir temp müşahidə edilir. Bu da onu göstərir ki, dövlət nə qədər inkişaf edirsə, orada yaşayan insanların psixoloji problemi də inkişafa düz mütənasib olur. Dolayısı ilə inkişaf=psixoloji problem. Sizə nədən danışacaqdım. Həmin o inkişaf etmiş ölkələrin vətəndaşlarının qorxularından. Daha doğrusu, birindən; DƏLİ OLMAQ QORXUSUNDAN!
Deyəcəksiniz bu, haradan çıxdı? Öncəliklə onu qeyd edək ki, psixologiyada, konkret olaraq klinik psixologiyada belə bir xəstəlik var; Lissofobiya (yunancadan “lyssa” – quduzluq, “phobos” – qorxu). Dolayı ilə dəli olmaq qorxusu deməkdir. Bunun sinonimi kimi manifobiya terminindən də istifadə olunur. Yunanca “mania” – dəlilik, “phobos” – qorxu deməkdir.
Narahat olmağa dəyməz. Ən azından bu xəstəlik qədim yunanlardan üzü bəri mövcuddu. Yəni köhnədir. Təzəlikcə ortaya çıxmayıb. Sadəcə indi bundan əziyyət çəkən insanların sayı artıb. Artma səbəbi üzərində bir qədər dayanmaq istərdik. Öncə onu qeyd edək ki, bu xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır. Biz bunun üzərində heç dayanmacağıq. Bizim üçün maraqlı olan başqa məqamdı. Nəyə görə sağlam bir insan oturduğu yerdə birdən-birdən dəli olmaqdan qorxsun? Nədir buna təsir göstərən? Öncəliklə onu vurğulayaq ki, bu problemin baş verməsinə insanın həyat tərzi böyük təsir göstərir. Məsələ burasındadır ki, monoton həyat insanlarda bu problemi daha da aktuallaşdırır. Nəticədə zaman keçdikcə insan norma ilə patologiyanı fərqləndirə bilmir. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaqda çətinlik çəkir. İstər münasibətlərdə, istərsə də həyata baxış tərzində biz belə hallarla tez-tez raslaşırıq. Səbəb alternativlərin çoxluğudu. Fərdin ətrafla bağlı bir qorxusu yoxdu. Qorxduğu yalnız özüdü. Özündən qorxur. Orta statistik bir fərd həyatın bütün istiqamətləri üzrə hansısa bir informasiya əldə etmək istəyirsə, onu internetdən qısa bir zaman kəsiyində əldə edə bilər. Problem bu deyil. Problem hər şeyin adiləşməsidir. Nəticədə fərd nəyin doğru, nəyin yanlış olduğunu fərqləndirə bilmir. Qəbul etmədiyini bir müddət sonra qəbul etmək məcburiyyəti yaşayır. Dəyərlər 360 dərəcə dəyişir, transformasiyaya uğrayır. Nəticədə şəxsiyyətin transformasiyası da baş verir. Zaman sürətlə keçir. Bu gün ən asan iş vaxt öldürməkdi. Bunun üçün o qədər vasitələr var ki, fikirləşəndə adamın başına hava gəlir.
Yeri gəlmişkən, son zamanlar tez-tez belə bir deyimlə rastlaşırıq; “Deyəsən başıma hava gəlir”.

İllər öncə adını unutduğum şair də bunu təqribən belə ifadə edirdi;

Ana, mən belə deyildim,

Məni bu havalar korladı.

http://ailem.az/read/5351 

Go Back



Comment