Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "ELNUR Rüstəmov"

Psixoloq yazır - Səndən mənə bir ömürlük xatirə

12-02-2018

Səndən mənə bir ömürlük xatirə

Gəlmişəm otağına,
Oyadam səni, Qaragilə.

Misra Təbrizdə bir bəy tərəfindən bir xanıma bəslənən nakam sevgidən bəhs edən xalq mahnısındandı. Mahnının yaranma tarixi ilə maraqlanmaq istəyənlər elə internet üzərindən axtarış verib daha geniş məlumat ala bilərlər. Bizim mövzumuz tamam başqadı. Bəli, son günlər müzakirə obyekti olan orta məktəb, orada yaşanan hadisə və hadisədən narahat olan məktəblilər, onlardan daha çox narahat olan valideynlər, müəllimlər, daha kimlər. Əlbəttə ürək açan mənzərə olmadı, ancaq baş verdi. Ya vəlvələdən ya zəlzələdən yaxalandılar, məsələ də ictimailəşdi. Deyir sən saydığını say, gör fələk nə sayır.

Uşaqlar ata-analarında çox zəmanəyə bənzəyərlər. HZ. Əli

Bəli zəmanə pis zəmanədi. Öncə ailələrdə aşağı 4, yuxarı 10 uşaq olurdu. Hamı bir-birinin paltarını geyinib böyüyür, bir-birini tərbiyə edirdi. Açığı, pis də alınmırdı. Indi isə ailələrdə bir, iki, üç, maksimum dörd uşaq olur. Ancaq tərbiyə məsələsi çətinləşib. Hər iki tərəf üçün çətinləşib. Istər valideyn, istərsə də uşaq tərəfindən. Son dövrlər baş verənlərə diqqət etsək görərik ki, problemlər daha çox keçən əsrin 90-cı illərindən sonra yarandı. Öncə xarici seriallar, sonra internet, daha sonra mobil telefon daha sonra, daha sonra orta məktəb. Bəli bir vaxt biz doqquzuncu sinif anatomiya dərsində qarşı cins haqqında məlumat alırdıq. Hətta elə məktəblər var idi ki, müəllim həmin dərsi öncə qızları çölə çıxarıb oğlanlara başa salır, sonra isə əksinə. İzahat təqribi bu formada olurdu. Hələ dərsdən sonra utandığından qızaran üzləri demirəm. Çox zaman başlar belə aşağı əyilirdi. Indi isə doqquzuncu sinifdə oxuyan uşaq üçün həmin dərs bir o qədər də maraq kəsb etmir. Çünki, məktəblilər doqquzuncu sinfə qədər artıq qarşı cins haqqında kifayət qədər məlumat alırlar. Hətta deyərdim qədərindən artıq. Istədik, istəmədik bu baş verir. Heç kimə sirr deyil ki, bugünün əksər saytların aşağı hissəsində uşaq və yeniyetmələrdən uzaq tutacağımız saytlara keçid verilir. Bəli sadəcə ona tıklamaq kifayət edir ki, başqa bir dünyaya düşəsən. Bu reallıqdı və ona nəzarət etmək etiraf edək ki, əlimizdə deyil. Dünən bir idisə, bu gün iki, sabah yəqin ki, daha çox olacaq.Nə isə, sözüm onda deyil. Məkətəbdən danışmaq istərdim. Bəli, MƏKTƏBdən.

Bir yol var ki, dünyada,
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər
Bax, uşaqla doludur,
Bu yol məktəb yoludur.

O məktəbdən ki, indinin özündə də kiminsə haqqında danışanda “məktəb keçib” deyə fikir bildirirk. Dolayısı ilə məktəb həm də gələcəyə uzanan bir yoldu. Müstəqil həyata oradan qədəm qoyuruq. Orada öyrəndiklərimiz gələcək həyatımızı formalaşdırır. Məktəb bizim üçün hər zaman elm, təhsil və tərbiyə ocağı olub. Orada ara-sıra xoşagəlməz hallar olub, hazırda da var, yəqin ki, bundan sonra da olacaq. Ancaq nəzərə alaq ki, xoşagəlməzliklər qayda yox istisnadı. Bunlar böyük elm məbədinin adına xələl gətirməməlidi. Çünki, babalarımız övladlarının cəhalətdən qurtulub, təhsil alması üçün illərlə mücadilə apardı.  Bugün biz yenidən cəhalətə qayıda bilmərik. Qeyd edilən hal azruolunmazdı, həm də istisnadı. Bir anlıq o uşaqların, validynlərin, doğmalarının vəziyyətini düşünək. Hamımıza çətindi. Sosial şəbəkədən hər kəs fikir bildirir. Bu hər kəsin öz işidi. Ancaq nəzərə alaq ki, nəticəyə münasibət bildirmək rahatdı, özü də çox rahatdı. Bəli, biz fərqli bir epoxaya qədəm qoymuşuq. Bugün məktəb normal təhsil verir, ancaq tərbiyə prosesində axsayır. Çünki, tərbiyə məktəb divarını aşıb. O tək müəllimin öhdəsindən gələ biləcəyi iş deyil. Qlobal dünyada yaşayırıq. O qədər qlobal ki, yaxınlar doğmalaşır, doğmalar uzaqlaşır, yadlaşırıq. Bir-birimizdən o qədər uzaqlaşmışıq ki, çox zaman uşaqlarımızın hansı daxili narahatlıq yaşadıqlarının belə fərqində olmuruq. Çünki, öz narahatlıqlarımız az deyil. Qəbul etməsək də problemli ailələr və orada böyüyən uşaqlar var. Mərhəmətdən uzaq, bu günlə yaşayan, sabah haqqında düşünmək belə istəməyən, məktəbə də vaxtını keçirmək yeri kimi baxan məktəblilərimiz var. Azdı, ancaq var. Sabah onlar arta bilər. Ona görə də indidən tədbir görməliyik. Uşaqlar məktəbə getməlidi, təhsil almalıdı, gələcəyini düşünməlidi. Bu istiqamətdə hamımız onlara dəstək olmalıyıq. Yol maariflənmədi. Hamımız maariflənməliyik. Valideyn də, yeniyetmə də, cəmiyyət də. Belə olan halda məktəb təhsillə paralel, təlim, tərbiyə də verə bilər. Azından yeniyetmə psixologiyasını öyrənməli, onlarla davranış prosesində həmin biliklərdən faydalanmalıyıq. Onlara zaman ayırmalı, ünsiyyət qormalıyıq. Yeniyetmələrin buna çox ehtiyacı var. Maddiyat çox zaman diqqət deyil, vicdan duyğusunu aradan qaldırmaq vasitəsidi. Onlara zaman ayırsaq narahatlıqlarından vaxtında xəbər tutub, aradan qaldırmaq üçün vaxtında da tədbir görərik . Bu işdə istər valideyn, istər müəllim diqqətli olmalıdı. Heç bir problem birdən birə yaranmır. Zamanla formalaşır. Sadəcə biz problemləri zamana buraxırıq. Zaman isə bizi pis məqamda yaxalayır. Elə o yeniyetmələr kimi.

P.S. İndilik isə o yeniyetmə və onların ailələrinə təcili olaraq psixoloji dəstək göstərilməlidi. Sonra gec ola bilər. Müqəddəs kitabda deyildiyi kimi; Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.” (Luka 6:37-42)

Elnur Rüstəmov

E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq  

 

 

 

Go Back

Məhləmizdə bir quyu var, əmi qızı... - PSİXOLOQ YAZIR

07-04-2017

O quyu həmişə olub.  Özü də Adəm və Həvvadan sonra qazıldı. Əvvəl üstü açıq idi. Sonra ətrafını çəpərlədilər, bir müddət keçdi üstünü də örtdülər. Necə deyərlər bir daş altda, bir daş da üstdə. Düzdür, zaman-zaman o quyuya hansısa formada düşənlər olurdu. Ancaq çox deyildi, düşəni də danlayır, daşqalaq edir, bəzən əyalətdən qovub çıxarırdılar. Bir sözlə, bu işə heç yaxşı baxmırdılar. Ancaq son zamanlar deyəsən, quyunun ətrafında çəpərlər sanki sökülüb, kimlərsə də illah edib o quyuya yaxınlaşır. Hətta ara-sıra düşənlər də olur. Deyir, elə dünən də bir əmi ilə qardaşı qızı sürüşüb o quyuya düşüblər. Quyunun da adı İNSEST adlanır. Nədir İNSEST? Niyə ora düşürlər, səbəb nədi?

Ordan başlayaq ki, insest sözünün mənası qohum, yaxud qan birliyi olan yaxın insanlar arasında cinsi əlaqə kimi götürülür. Əksər mədəniyyətlərdə insest bir tabudur. Bəşəriyyətin yaranmasının ilkin mərhələsində bu hal geniş vüsət alsa da, sizilizasiyanın inkişafı ilə paralel insest həm dini, həm də hüquqi müstəvidə yasaq edilməyə başladı. Demək olar ki, əvvəlki illərlə müqayisədə hazırda bəşəriyyətdə belə hallara az təsadüf edilir. Hətta Azərbaycanda belə, əvvəlki illərlə müqayisədə yaxın qohumlar arasında izdivaca az rast gəlinir. Hansı ki, əvvəllər belə evliliklər çox zaman birbaşa ağsaqqalların xeyir-duası ilə həyata keçirilirdi. Qeyd etdiyimiz kimi, bu gün artıq biz bu cür hallarla az rastlaşırıq. Hətta azala-azala gedir. Buna əsaslanıb demək olar ki, bir müddət sonra cəmiyyətdə yox dərəcəsində olacaq. Bunun da bir səbəbi insanların maariflənməsi, bilgilənməsi, daha sağlam təməl üzərində ailə qurmaq istəyidir. Bu məsələnin bir tərəfi.

Keçək digər məqama. Digər və ən ağrılı məqam isə ondan ibarətdir ki, əgər dünən yaxın insanlar arasında münasibət ailə qurmaq müstəvisində həyata keçirilir, rəsmi sənədlərdə təsdiqini tapırdısa, bu gün biz bəzən qeyri-rəsmi münasibət səviyyəsində belə halların yaşanmasının şahidi oluruq. Peşəmdə eşitdiklərimdən çıxış edərək məsələyə yanaşmaq istəmərəm. Heç belə bir fikrim də yoxdu. Çünki psixoloji dəstəkdə anonimlik müqəddəs bir şeydi. Onu qorumaq borcumuzdu. Ancaq ictimailəşmiş, beş-altı nəfərin bildiyi hadisələrə istinad edərək bunu deyə bilərəm ki, cəmiyyətdə, hətta ən yaxın insanlar arasında belə, insest hadisələri baş verir. Bəli, baş verir.  O zaman da sual yaranır. Niyə belə hallar baş verir. Səbəb nədi?

 

Özünə qayıdır hər şey, özünə,
gözümə qayıdır göz yaşlarım da.

                           (Ramiz Rövşən)

 

Doğrudanmı qayıdır? Qayıdırsa, nə səbəbə qayıdır? Axı biz əvvəlki illərlə müqayisədə daha bilikli, daha elmliyik. Fizikada belə bir qanun var; təsir, əks təsirə bərabərdi. Yəni bir tərəfdən bəşəriyyətin inkişaf etdiyini görürük, digər tərəfdən isə bəşər insanından görmədiyimiz bayağılığın, lap elə barbarlığın şahidi oluruq. İsveçrə psixoanalitiki Karl Yunq keçən əsrin əvvələrində insan şəxsiyyətinin strukturunda daha dərin qatda mövcud olan kollektiv təhtəlşüur haqqında fikir irəli sürdü. O qeyd edirdi ki, kollektiv təhtəlşüur özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini birləşdirir. Yunqun özünün dediyi kimi, kollektiv təhtəlşüurda insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv təhtəlşüurun məzmununa bütün insanlığın yaşadıqları aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu. O, buranın söhbəti olmadığından qayıdıram mövzuya və yazını bitirmək istəyirəm. Bəli, insanın beyin strukturunda onun təkamülünün ruhi səltənəti durur. O səltənətdə hər şey var. Yaxşı da, pis də və o səltənətə baxan göz də bizdədi. İstəsək, o gözü bəzi şeylərə baxmaqdan məhrum edə bilərik. Lap elə çıxarıb ata bilərik. Yetər ki, istək ola. O istək də elə belə yaranmır. Oxumaq, maariflənmək, inkişaf etmək lazımdı. Zatən itirə-itirə gedirik. O əmi qurbanlıq idi. Kəsildi, getdi. Ancaq əmiləri sevin. Beş barmağın beşi də bir ola bilməz. Allah betərindən qorusun. 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,psixoloq
ailem.az

 

Go Back

Yandım, elə yandım... - Emosional yanma (burn out) sindromu

29-03-2017

 

Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm – sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə.

Yandım, elə yandım

Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.

Varmı mənə yan baxan?

Birinci mərhələŞövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.

Dama dama göl olar

İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin entuziazmla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.

Hər şey üstümə-üstümə gəlir

Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.

Mən yoruldum, həyat

Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır:

Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı.

Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik.

Bihevioral simptomlar:  yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi.

Səbəbləri:

Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır.

Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır. Emosional yanma sindromunun meydana gəlməsində olduqca təsirli 3 vəziyyət diqqəti çəkir:

Rol konflikti: Bir-biriylə üst-üstə düşməyən məsuliyyətləri daşıyan insan prioritetlər qoyaraq məsuliyyətlərini sıralamaq yerinə, hər şeyi eyni səviyyədə yaxşı etməyə çalışır. Bu vəziyyətdə müəyyən müddət keçəndən sonra insanda yorğunluq yaranır və nəticədə burn-out sindromu baş verir.

Rolun qeyri-müəyyənliyi: İşçi özü ilə bağlı mükəmməl karyera portreti çəkdiyini düşünür; amma özünə model seçəcəyi biri olmadığından bunu necə edəcəyindən əmin olmur. Bu səbəbdən faydalı olacaq heç bir şeyi bacara bilmədiyi qənaətinə qapılır.

Həddindən artıq yüklənməHeç kimə “xeyr” deməyərək öhdəsindən çətinliklə gələcəyi məsuliyyətlə yüklənən şəxs nəticədə tükənmə nöqtəsinə gəlib çıxır.

Bunların xaricində iş mühitiylə əlaqədar bəzi problemlər də stressə və şəxsin özünü işdə bədbəxt hiss etməsinə səbəb olur.

Burn-out sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil. Bu şərtlər qədər insanın özünə aid xüsusiyyətlər də qeyd olunan sindromun ortaya çıxmasına təsir edir. Emosional yanma sindromu özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara dəyər verən, onların ehtiyaclarını qarşılamağa çalışan, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və idealları olan, gördüyü işə gəlir gətirən bir sahə olmaqla yanaşı, başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və mənfi qiymətləndirməyə meylli insanlarda daha çox rast gəlinir. Həmçinin, insanın iş, ailə və sosial həyat kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromun ortaya çıxmasına şərait yaradır.

Sindromun terapiyası:

Ümumiyyətlə fərdi, təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan yanma, bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir. Təsirli müdaxilə həm fərdi, həm də təşkilati zəmində olmalıdır. Ən vacib olan birinci növbədə sindromu yaradan faktorların aradan qaldırılması, bu, olmasa belə, erkən dövrdə diaqnoz qoyularaq sürətli müdaxilə planının tətbiq edilməsidir. Bütün hallarda problemin həlli yenə də insana dirənib qalır. O insan ki, hansı şəraitdə necə yaşamağından asılı olmayaraq həyatına rəng qatmağı bacarmalı, azından buna cəhd etməli, tutunacaq bir dəyər sistemini yaratmalıdır. Belə olan təqdirdə emosional yanma sindromu baş versə belə, insan tez bir zamanda səfərbər olub, problemi aradan qaldıra bilər. Günümüzdə tutunacaq dəyər tapmaq bir qədər çətin olsa da,  cəhd etməyə dəyər. Həyata bütöv bir sistem kimi yanaşmaq lazımdı. O sistemdə bizdən yaxşı və bizdən pis durumda yaşayan insanlar olub, bundan sonra da olacaq. Necə deyərlər, baxdığımız yerdəyik.

Elnur Rüstəmov 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq 

Go Back

Stress nədir - ELMİ İZAH

03-03-2016

İnsanın özünü narahat və təzyiq altında hiss etdiyi zaman verdiyi fiziki, zehni, duyğusal və davranış reaksiyalarının bütünüdür. Modern cəmiyyətin xəstəliyi olaraq ifadə olunan stress, əslində gündəlik həyatın bir hissəsidir. Hazırda bir çox insan, fərqinə varmasa belə ağır stress yükünə sahibdir. Həyatımızdakı müsbət yaxud mənfi baş verən bütün zehni dəyişikliklər stressli vəziyyətlərdən qaynaqlanır. Rutin həyatımızdakı dəyişikliyə səbəb olan hər bir proses stress yaradan faktorlardandır. Hər gün şahid olduğumuz anlaşılmazlıqlar və konfliktlər mütəmadi şəkildə stress yaşamamıza səbəb olur.

Stress sözü, latınca “estrictia” sözündən götürülmüşdür. XVII əsrə qədər fəlakət, bəla, dərd, kədər kimi mənaları ifadə edib. XVIII və XIX əsrlərdə isə anlayışın mənası dəyişdi və güc, təzyiq kimi mənalarda obyektlərə, insanlara, orqanlara və ruhi struktura yönəlik bir hal kimi istifadə olunmağa başlandı.

Stress insanlar üzərində təsir göstərən və onların davranışlarına, başqa insanlarla münasibətlərinə təsir göstərən anlayışdır. Stress səbəbsiz yaranan narahatlıq deyil. Yaranması üçün müəyyən faktorlar olmalı, bütün həyat keyfiyyətlərinə mənfi istiqamətdə təsir göstərməlidir.

Stressin təsirləri:

a)     Şəxsi təsir: narahatlıq, laqeydlik, depressiya, yorğunluq, əsəbilik, günahkarlıq və utanc, bədbinlik, özgüvən əksikliyi, yalnızlıq, gərginlik

b)    Davranış (bihevioral) təsiri: duyğusal ataklar, patoloji yemə və  ya əksinə, hədsiz dərəcədə alkoqol istifadəsi, siqaretdən istifadə, həyəcanlıq, təhrikedici davranışlar, nitqin ləngiməsi, əsəbi gülüşlər, bir yerdə qərar tuta bilməmə, titrəmə

c)     Zehni (koqnitiv) təsir: qərar vermədə və konsentrə olmada çətinlik, unutqanlıq, tənqidə qarşı laqeydlik, psixoloji maneələr

d)    Psixoloji təsir: qan təzyiqinin və ürək döyüntülərinin sayının artması, qan və sidikdə yüksək dərəcədə katekolamin və kortikostreid, şəkərin yüksəlməsi,  ağızda quruluq, tərləmə, göz bəbəyinin genişlənməsi, təngənəfəlik, istilik və soyuq basma, boğazda şişkinlik, ayaq və qollarda halsızlıq və qıcolma

e)     Tibbi təsir: astma, menturasiya tsiklinin pozulması, döş qəfəsində və kürəkdə ağrılar, koroner ürək xəstəlikləri, ishal, baş gicəllənmə və halsızlıq, tez-tez sidiyə getmə, migren və baş ağrıları, kabus görmə, yuxusuzluq, nevroz, psixoz, psixosomatik xəstəliklər, şəkər xəstəliyi, dəridə ləkələr, cinsi istəksizlik və gücsüzlük

f)      Təşkilati təsir: iş effektinin aşağı olması, işdə məsuliyyətsizlik, işindən qeyri-məmnunluq və neqativ iş mühiti

Stressin yaratdığı problemlər

1. Psixoloji problemlər

a)     İş həyatına təsiri - Stressin iş həyatına neqativ təsiri böyükdür. İş məhsuldarlığının aşağı düşməsinə, motivasiyanın olmamasına, iş xətalarının yaranmasına, qeyri-məmnunluğa, kollektivlə və rəhbərliklə konfliktlərə gətirib çıxarır. Digər tərəfdən də stressin işə neqativ təsiri olduğu kimi, işin də yüksək dərəcədə stress faktorlarını artırdığı tədqiqatlarla öz təsdiqini tapmışdır. Müəyyən ixtisas sahələri var ki, xüsusilə stressin yüksək olması ilə fərqləndirilir. Məsələn: bu təsnifatda maliyyə üzrə müşavirlik və mühasibat ən üst sıralarda yer alır. Bundan başqa iş həyatı və stress arasındakı digər əsas məqam isə işdən uzaqlaşdırılmaqdır. İşdən uzaqlaşdırılanlar üzərində aparılan tədqiqatlarda məlum olmuşdur ki, işsizliklə birlikdə stress hormonlarının fəaliyyətində də artma, gərginlik, yuxusuzluq və əsəbilik kimi hallar, psixosomatik xəstəliklərdə nəzərə çarpan artım müşahidə olunur.

b)    Stressin ailə həyatına təsiri - ailə sosial, mədəni və iqtisadi bütünlüyü ehtiva edən bir sistemdir. Ailə həyatı gündəlik həyatın yaratdığı stress və adaptasiya çətinliyindən kənar olmalı və qarşılıqlı münasibətlərin müsbət olduğu mühitə çevrilməlidir. Tərəflərin böyüdüyü ailə mühitləri, təhsillə bağlı fərqliliklər, fərqli iqtisadi gücdə olmaları və aralarındakı yaş fərqinin standrtlardan kənar olması ailədə müxtəlif çətinliklərin və münasibətlərdə gərginliklərin yaranmasına gətirib çıxarar.

c)     Stress və depressiya - depressiya sözü latınca “depresus”-dan götürülmüşdür, bitkinlik, qəm, kədər, məyus etmək, cəsarətini qırmaq mənasını ifadə edir. Psixologiyada depressiya əlamət, sindrom, xəstəlik və əhval dəyişikliyi olmaqla dörd müxtəlif ünsürlə istifadə olunur. Depressiya əlamət şəklində, bir çox orqanik və ya ruhi xəstəliklə müşahidə oluna bilər. Ruhi vəziyyət olan depressiya bəzən hər hansı səbəbə bağlı olmadan, bəzən də müəyyən maneələr törədərək ortaya çıxır. Depressiya affektiv xəstəliklər qrupuna daxil olan və son zamanlar çox geniş yayılmış psixoloji pozuntudur. Depressiyanın əlamətləri aşağıdakı şəkildə təsnif oluna bilər: iştahın azalması və çəki itkisi, yuxu pozuntuları, həyatdan zövq almama və laqeyd yanaşma, hərəkətin tormozlanması və ya yerində dura bilməyəcək dərəcədə hüzursuzluq, cinsi istəksizlik, dəyərsizlik və günahkarlıq duyğuları, ümidsizlik və kədər duyğuları

d)    Stress və yuxu pozuntuları - səbəbindən asılı olmadan insanın yaşadığı hər bir stress, gərginlik və ya hər hansı psixoloji narahatlıq ilk növbədə yuxu pozuntularına gətirib çıxarır. Bu problemləri araşdıran bütün test və sorğuların ilk sualı məhz yuxu sisteminə aid olur. Yuxu insan həyatının əsas fəaliyyətlərinin önündə gəlir. Ümumi sağlamlıqda yaranan problemlər yuxuda öz əksini tapdığı kimi, yuxusuzluq və digər yuxu problemləri də ümumi orqanik pozuntuların yaranmasına və həyat keyfiyyətinin pozulmasına gətirib çıxarır. Yuxu parasimpatik sistemin aktiv olduğu vəziyyətlərdə ortaya çıxır. Stressli insanlarda ümumi impulsiv vəziyyət olduqca yüksəkdir və simpatik sinir sistemi aktiv vəziyyətdədir. Bilavasitə stress vəziyyətində olan insanda yatma çətinləşir və yuxu pozuntuları yaşanır.

e)     Stressin yaratdığı fiziki problemlər - fiziki əlamətlər: boğazda gərginlik, kürək və boyun ağrıları, təngnəfəslik, ürək döyüntüsünün artması (taxikardiya), soyuq lakin tərləyən əl və ayaqlar, ayaq əzələlərinin gərginləşməsi və hiddətlə baxan üz mimikaları. Fiziki səviyyədə hədsiz stressin əlamətlərindən biri ümumi əzələlərdə yaranan gərginlikdir. Sinir gərginliyindən narahat olan biri, yəqin ki fiziki stress sindromundan əziyət çəkir. Stress vəziyyətlərində böyrəküstü vəz tərəfindən adrenalin ifraz olunduqda qan təzyiqi (hipertoniya) yaranır. Bu hal qan təzyiqinin artmasıyla yanaşı qan damarlarının divarlarında daralmaya səbəb olur və stress tez-tez təkrarlandığı təqdirdə artıq hipertoniya davamlı hal alır. Adrenalin hormonunun ifrazı ilə yanaşı xroniki stress vəziyyətində normadan artıq kortikoid hormonu ifraz olunur. Qaraciyər normalda orqanizmdəki kortokoid səviyyəsini nizamladığı halda, stress bu fəaliyyəti dayandırır və hədsiz miqdarda ifraz olunan hormon bütün orqanizmdə dövr edir. Tədqiqatlar bu halın immunitetin zəifləməsinə gətirib çıxardığı qeyd edir. Prosesin bu şəkildə davam etməsi müəyyən vaxtlarda mədə xorasının yaranmasına gətirib çıxara bilər. Çünki adrenalin və kortokoid arasında olan qarşılıqlı təsir nəticəsində adrenalin mədənin tosumasına zərər verir və bu xəstəliyin yaranmasına gətirib çıxarır. Bundan başqa, stress vəziyyəti astma, dəri iltihabı, yoğun bağırsağın iltihabı (kolit), revmatizm kimi xəstəliklərin yaranmasında əsas səbəblər kimi qeyd olunur. Son tədqiqatların nəticəsinə əsasən şəkər xəstəliyinin yaranmasını stimullaşdıran önəmli faktor və xərçəngin yaranmasına səbəb olan məqam stressdir.

f)      Stress və ürək xəstəlikləri - ürək xəstəliklərində qeydə alınan ani ölümlər bir çox hallarda stress, hədsiz gərginlik və depressiv epizodlarla paralel şəkildə görülür. Stress damarların daralmasıyla ürək toxumasında qanın hərəkətinə maneə törədir və döş qəfəsində şiddətli ağrılar, ürək döyüntülərinin artma və ya azalması (taxikardiya və ya bradikardiya), həmçinin depressiya və təşvişli-nevrotik pozuntuların yaranmasına gətirib çıxarır. Ürək çatışmazlığı, infarkt, hipertoniya, hipotoniya, beyin-damar xəstəliklərinin yaranması ilə nəticələnir. Ürək-damar xəstəliklərinin yaranmasında ruhi problemlərin xüsusi yeri var.

g)     Stress və baş ağrıları - son tədqiqatların göstəricisinə əsasən ümumi əhalinin 80-90%-i baş ağrılarından əziyət çəkir. Səbəblər arasında əsas faktor kimi stress göstərilir. Baş ağrısı, başda davamlı müşahidə olunan gərginlik və təzyiq hissi ilə təzahür edir. Küt ağrı, davamlı təkrarlanan və başı çələng kimi əhatə edən ağrı ilə müşahidə olunur. Ağrı bəzi insanlarda boyundan, bəzilərində isə alın və gözün üstündən başlayaraq başın iki tərəfinə yayılır. Ağrı başladığı müddətdən etibarən şiddətini artırır. İnsanın həm iş, həm də həyat keyfiyyətlərinə neqativ təsir göstərir. Bununla yanaşı migren tutmaları da tez-tez görülən stress faktorlu narahatlıqlardandır. Hər başağrısı migrenə aid olunmur. Ümumi əhalinin 8-10%-ni əhatə edir. Əsasən bir-birini əvəz edən ağrı tutmalarından ibarət, iştahsızlıq, titrəmə, qusma kimi hallarla görülən xəstəlikdir. Bu insanlar əhvalsız, bitkin və depressiv görünüşə sahibdirlər. Tutmanı keçirdiyi dönəmlərdə heç kimlə ünsiyyət qurmaq istəmirlər. Hər hansı fikir ifadə etməkdə və qərar qəbulundə çətinlik yaşayırlar. Koqnitiv funksiyalarında müəyyən pozuntular ortaya çıxır.

h)    Stress və şəkər xəstəliyi - tədqiqatlar, stressin şəkər xəstələrində qandakı glikozanın miqdarını artırdığını və bunun da göz, böyrək və sinir sistemində fəsadlar yaratdığını göstərir. Stress şəkər xəstələrində doğru qidalanmağın qarşısını aldığı kimi xəstələrin idmanla məşğul olmasına da mane olur.

i)       Stressin dəri üzərindəki təsirləri - əsasən piqment ləkələrin yaranmasına gətirib çıxarır. Həmçinin dəridə çapılar da ağır stres vəziyyətlərində yarana bilər.

Terapiyası

Stressin terapiyasında ilkin addım stress yaradan faktorları araşdırmaq və onların fiziki təsirini azaltmaqdan ibarətdir. İlk öncə mühiti, həyat stili dəyişdirilməli, sosial fəaliyyətlərə yönləndirilməlidir. Yanaşı digər psixoloji narahatlıqlar müşahidə olunarsa medikamentoz terapiya və psixoloji konsultasiya paralel şəkildə tətbiq olunur.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

elnur

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

2015-12-06_02.12.04

pcc.az

Go Back

SOSİAL FOBİYA - geniş elmi araşdırma

19-02-2016

Sosial fobiya cəmiyyət arasında danışarkən, oturarkən, hər hansı işlə məşğul olarkən, sosial fəaliyyət zamanı ortaya çıxan, nevrotik xəstəliklər qrupuna aid olunan psixoloji problemdir. Qeyd olunan narahatlıqlar yalnız sosial mühitdə yaşanır. Məsələn: evdə tək olanda rahat şəkildə telefonda danışan biri, cəmiyyət arasında telefonda danışa bilmir və təşviş keçirir. Bu hallar artdıqca mühitdən uzaqlaşır və tamamilə özünə qapanır.

Sosial fobiyalı insanlar bu hissləri keçirməmək üçün müxtəlif müdafiə mexanizmlərindən istifadə edir: mühitdən uzaqlaşma, sosial ünsiyyət defisiti, göz kontaktından qaçma, xəyal qurma, alkoqol asılılıq və insanlara qarşı laqeydlik

Simptomları (əlamətləri):

Sosial fobiyanın əlamətləri fiziki, koqnitiv (zehni) və bihevioral (davranış) olmaqla üç kateqoriyaya bölünür:

a) Fizioloji simptomlar

  • Üzün qızarması
  • Tərləmə
  • Ağızda quruluq
  • Ürək döyüntüsünün artması
  • Təngnəfəslik
  • Titrəmə

b) Zehni (koqnitiv) simptomlar

  • Çirkinəm, bəyənilmirəm kimi düşüncələr
  • Sevilmədiyini və gücsüz olduğunu ifadə edən düşüncələr
  • “Mükəmməl olmalıyam, səhvlərim olmamalıdı”
  • “Narahatlığımı bildirməməliyəm”
  • “Rahat olmalıyam”
  • “Hamı məni bəyənməlidir”

c) Bihevioral (davranış) simptomlar

  • Qorxduğu yerə getməmək və ya həmin yeri tərk etmək
  • Göz kontaktı qurmamaq
  • Mənasız düşüncələr
  • Xəyal qurmaq
  • Mövzunu dəyişdirmək
  • Alkoqol istifadəsi

Sosial fobiyalı insanlar yaşadıqları narahatlıqlara görə bir çox işlərlə məşğul ola bilmirlər və zaman keçdikcə insanlarla ünsiyyətdə çox ciddi çətinliklər yaşayırlar. Səbəbləri:

Problemin yaranmasında psixososial faktorların təsiri olduqca yüksəkdir. Bu kateqoriyaya həmin insanın ailəsi, ətrafı və dostları aid olunur. Ailə sosial fobik insanın təhsilində ən əhəmiyyətli rol oynayan ünsürdür.

Şəxsiyyət əksər hallarda 0-6 yaş arasındə ailədən aldığı tərbiyə üsuluna görə formalaşır, fərdin sosial proseslər qarşısındakı davranışı ailədən əldə etdiyi təcrübələrə əsasən dəyişir. Tədqiqatlarda qatı, nəzarətçi, mükəmməliyyətçi, tabulara həssas yanaşan, sosial münasibət sevməyən və özünüqiymətləndirmə ilə bağlı hədsiz avtoritarlıq göstərən ailələrdə böyüyən uşaqlarda sosial fobiya riskinin daha yüksək olduğu göstərilir. Belə ailələrdə böyüyən uşaqlarla əsasən ailə üzvləri ilə ünsiyyət yaradılmır və ya uşaq özünü ifadə etmək istədikdə sərt reaksiya ilə qarşılaşır. Həmçinin bu tip ailələrdə cəmiyyətin onlar haqqında fikirləri, nə düşündükləri böyük əhəmiyyət kəsb edir. Ailə üzvləri üzərində sosial təzyiq yüksəkdir.

Sosial fobiyası olan insanların düşüncə strukturlarına nəzər yetirdikdə bəzi xüsusiyyətlər ortaya çıxır:

  • Özləri ilə bağlı dəyərsiz cümlələr qururlar
  • Hər şeyin mükəmməl olmasını istəyirlər; mükəmməllik başqaları tərəfindən sevilmək üçün lazım olan haldır
  • Gördükləri işlərlə bağlı danışarkən daha çox neqativ hissələrə köklənirlər
  • İnsanlar münasibətlə ilə bağlı xatirələri əksər hallarda mənfi istiqamətdədir
  • Sosial mühitdə olan insanların onlar haqqında mənfi düşüncəyə sahib olduqları fikrindədirlər
  • İnsanlar arasında alçaldılmaqdan, yumor obyekti olmaqdan qorxurlar.
  • Başqaları onları incitməsin deyə hər şeyi nəzarətdə saxlamağı düşünürlər, lakin daxili həyəcanlarına nəzarət etmədikləri üçün özgüvənləri yoxdur

Terapiyası:

Adətən bu tip insanlar psixoloqa müraciət etməkdə müəyyən çətinliklər, tərəddüdlər yaşasalar da tez bir zamanda müsbət nəticə əldə edə bilirlər. Əsasən koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloq duyğu və düşüncə üzərində fokuslanır. Çox ağır formalarında farmakoterapiya tətbiq oluna bilər.

Elnur Rüstəmov -  Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi

 

Go Back

BİZ NİYƏ VƏ NECƏ DƏLİ OLURUQ?- MÜSAHİBƏ

18-02-2016

Son illərdə Azərbaycanda insanlar arasında aqressiya halları artıb. Demək olar ki, hər gün ölkədə kimsə mübahisə zəminində həmsöhbətini bıçaqlayır, döyür, öldürür. Hər gün “ər arvadını öldürdü”, “ər arvadının başını kəsdi”, “bacı qardaşını balta ilə doğradı” və s. kimi xəbərlər oxuyuruq. Sanki ölkədə heç kim heç kimin sözünü həzm etmək istəmir, heç kimin sözü başqasının boğazından keçmir, hamı bir-birinə nifrət edir. Küçələrdə gülən adam tapmaq müşkülə çevrilib. Dövlət və ya özəl sektorda üzümüzə gülümsəyən əməkdaş görəndə dəyərli bir zinət tapmış kimi oluruq. Bəs görəsən, insanların bu qədər aqressivləşməsinin səbəbi nədir? Cəmiyyətdəki bu aqressiyanın qarşısını almaq üçün nələr etmək olar?

Psixologiyada aqressiya başqalarını özünə tabe etmək və onlar üzərində dominantlıq etmək məqsədilə real davranış və ya fantaziyalarda təzahür edən tendensiya kimi başa düşülür. Aqressiya ya xarici obyektlərə (insanlara və predmetlərə), ya da insanın özünə (bədənə və şəxsiyyətə) yönəldilə bilər. Cəmiyyət üçün insanlarda yönəldilmiş aqressiya xüsusilə təhlükəlidir.

 Psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında deyir ki, insanlardakı bu aqressiya bir çox amillərdən qaynaqlanır, amma ən zəruri amil informasiyanın oxunması ilə dəyərləndirilir: “İndi mətbuatda yayılan ifrat informasiya böyüməkdə olan nəslin psixologiyasına çox böyük təsir göstərir və eyni zamanda aqressiyanın artmasına, insanların bir-birinə güvənsizliyinə, inamsızlığa, doğmalığın azalmasına gətirib çıxarır. Baş verən  cinayət hadisələri daha çox bir-birinə yaxın, qohum, doğma olan insanlar arasında baş verir. Səbəb isə bu insanlar arasında canlı ünsiyyətin, doğmalığın azalmasıdır. Əvvəllər  xala, bibi, əmi, dayı doğmalığı var idi. Nəsə bir hadisə olanda bir-birini qoruyan, himayə edən qohumlar var idi. Bəs indi varmı o xala, bibi, dayı doğmalığı? Yoxdur, çünki hər kəs öz problemini, öz ailəsinin içini düşünür və “mənə qalan ancaq öz ailəm olacaq, başqasından mənə xeyir gəlməz” düşüncəsi ilə yaşayır. Buna görə də qohumlar arasında konflikt zamanı  o qarşısındakına qohumu, doğma biri kimi deyil, sıradan bir insan kimi yaxınlaşır, məhrəmiyyət duyğusu arxa plana keçir. İndi insanların həyatında hər şey maraq üzərində formalaşmağa başlayıb”.

“Bu gün çəkilən bütün filmlər, yayılan bütün informasiyalar insanlara şüuraltı olaraq “ancaq özünə güvənəcəksən, ailəni düşünəcəksən, başqalarını yox” mesajını ötürür”, – deyən psixoloq qeyd edir ki, insanlar indi ancaq öz konfortu üçün yaşadığına görə aqressiya və cinayətlərin də sayı artır: “Kriminal, zorakılıqla bağlı informasiyanın geniş yayılması insanlar arasında soyuq münasibətə rəvac verir”.

 Ailədaxili zorakılıq, ər-arvad arasında artmaqda davam edən cinayət faktlarına münasibət bildirən psixoloq deyir ki, bunun səbəbi ailə dəyərlərinin dəyişməsidir: “Dünənə qədər işləyən xanımlarımız az idi. Bu gün söhbət gender bərabərliyindən, qadın-kişi hüquqlarının  bərabər olmasından gedir və Azərbaycan kişisi buna tolerant davrana bilmir. Ailəsində əvvəlki idarəçiliyi itirdiyinə və özünü inkişaf etdirə bilmədiyinə görə zorakılığa əl atır.

Xanım işləyir, evə qazanc gətirir və qarşı tərəf onunla pis davrandığında onun da sinirləri pozulur. Düşünür ki, o da əri kimi çalışır, evə qazanc gətirir və bunun müqabilində  diqqət, qayğı istəyir. Bu da olmayanda usanma, ailədaxili problemlər yaranır. Azərbaycan kişisi, Azərbaycanın ailə modeli buna hazır deyil. Yaxın illərdə bu problem tənzimlənəcək. Belə cinayətlər yavaş-yavaş azalacaq”.

E.Rüstəmov əlavə edir ki, Azərbaycan kişisi qadınına öz əmlakı kimi davrandığından bu xoşagəlməz hadisələr baş verir: “Azərbaycanda xanım kişidən daha aktiv, dinamik və məqsədyönlüdür. Azərbaycan kişisi nə işləmək, nə də xanımının çalışmasını qəbul etmək istəyir. Kişi qadınını idarə edə bilməyəndə, gücü çatmayanda zorakılığa keçir.

İndi ailə dəyərləri də fərqlidir. Məsələn, əvvəl qayınata deyirdi ki, işləyən qızı oğluma almaram, ancaq indi deyir, işləyir, maşını varsa, lap yaxşı, evi də varsa lap əla. Eybi yox boşanıb, mülki varsa problem deyil. Yəni artıq bu təfəkkürlə yaşayırıq”.

 E.Rüstəmov qeyd edir ki, Azərbaycanda uşaqlar əvvəldən yanlış yanaşma ilə böyüyür: “Uşaqkən hər birimizi öyrədirlər ki, yaxşı oxu, yaxşı universitetə qəbul ol, yaxşı iş tap, yaxşı maaş al. Ancaq Amerika, Avropada isə uşaqları “həyatı yaxşı öyrən” reallığı ilə böyüdürlər.

İndi  yaşadığımız informasiya əsrində uşaqların informasiya təhlükəsizliyi yetərincə qorunmur. Nəzərə almaq lazımdır ki, bu gün böyüyən uşaqlar üçün sabah bir qədər də çətin olacaq. Məsələn, uşaq mərkəzlərinə müraciət edən elə valideynlər var ki, onların uşaqları tamamilə oyunlardan asılı olur. O oyunların da bir qismi qorxulu, təhlükəli oyunlardır. Bu hal da zaman keçdikcə onlarda bir çox psixoloji problemlərin yaranmasına rəvac verir. Daha çox uşaqlara mərhəmət hissini aşılamaq, valideyn uşaq arasında real münasibəti, canlı ünsiyyəti artırmaq lazımdır”.

Psixoloqun sözlərinə görə, cəmiyyətdəki bu aqressiyanın qarşısını almaq üçün psixi sağlamlıq, psixi təhlükəsizliklə bağlı maarifləndirmə işləri aparmaq lazımdır: “Hər bir şəxs özünün psixi sağlamlığının, fərdi inkişafının qeydinə qalmalıdır. Əgər insan öz həyatını  düzənli bir şəkildə istiqamətləndirə bilsə, özünü aktuallaşdıra, reallaşdıra bilərsə, ailədə də problem olmayacaq. Biz fərdi inkişafa xüsusi diqqət yetirməli, psixi sağlamlığın qeydinə qalmalıyıq. Bunlar olarsa, cinayət də az olacaq”.

Fərizə Əhmədova

http://news.lent.az/news/232690

 

 

 


 

Go Back

Azərbaycanda ruhi pozuntuların statistik göstəriciləri ümumdünya statistikasına tam uyğundur

09-02-2016

İnsan səhhətinin mühüm tərkib hissəsi onun psixi durumudur. Ruhi sağlamlığın sosial siyasət faktoru kimi əhəmiyyəti dünya psixiatriyasında İkinci Dünya müharibəsində və müharibədən sonrakı dövrdə dərk edilib. Sağlamlığın psixologiyası, sosial və preventiv psixiatriya kimi yeni istiqamətlər inkişaf edib, ruhi pozuntunun qarşısını almağa, erkən üzə çıxarmağa və müalicəsinə  yönələn dövlət və ictimai təşkilatlar yaradılıb.

Lakin profilaktik tədbirlərə baxmayaraq, dünyanın hər yerində ruhi xəstəliyi olan insanların sayının artması nəzərə çarpır. Dünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən 2020-ci ilə psixi pozulmalar əmək qabiliyyətinin itirilməsinə aparan xəstəliklərin ilk beşliyinə daxil olacaq.

AZƏRTAC-ın vətəndaşlara psixoloji yardım göstərmək, ruhi xəstəliklərin profilaktikası və digər suallarını Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov cavablandırıb.

-Bu günlərdə səhiyyə nazirinin qərarı ilə tibbi müəssisələrdə ilk dəfə olaraq klinik psixoloq ştatı yaradılıb. Bu qərar nə ilə bağlıdır?

-Hər şeydən əvvəl son illər Səhiyyə Nazirliyi rəhbərliyinin psixi sağlamlıq sisteminin inkişafı məsələlərinə böyük diqqət yetirdiyini qeyd etmək istəyirəm. Bunu demək kifayətdir ki, 2011-ci ildə Psixi Sağlamlıq Sahəsində Milli Strategiya artıq mövcud xidmətlərin təkmilləşməsi ilə yanaşı, həm də yeni yardım formalarının inkişafına yönəldilib. Belə yardım növlərindən biri psixoloji yardımdır. Səhiyyə sistemində psixoloji yardımı klinik psixoloqlar – psixologiya fakültəsini və klinik psixologiya ixtisası üzrə magistratura proqramını başa vuran mütəxəssislər göstərirlər. Klinik psixoloqun fəaliyyət sahəsinə ruhi sağlamlıqla bağlı tələbat və problemlərin aşkar edilməsi, konsultasiya, böhran hallarında müdaxilə və psixoterapiya daxil olmaqla psixoloji müalicə, ruhi sağlamlıq məsələləri üzrə məlumatlılığın artırılması və ruhi pozuntuların profilaktikası, habelə ekspertizanın bəzi növlərində iştirak etmək daxildir.

Ölkənin tibbi müəssisələrində müalicə alan bir çox pasiyentlər emosional və psixoloji problemlər yaşayırlar. Bu, onların həyat keyfiyyətinə və aparılan müalicəyə mənfi təsir edir. Bundan başqa, psixoloji problemlər təkcə pasiyentlərdə deyil, ailənin xroniki xəstə üzvünə qulluq edilməsi ilə əlaqədar olaraq, onların güclü stress keçirən yaxınlarında da nəzərə çarpa bilər. Odur ki, psixoloq ştatının yaradılması barədə qərar vaxtında verilib və məqsədyönlüdür.

-Ruhi xəstəliklərin yaranmasında hansı faktorlar həlledici rol oynayır? Sosial, yoxsa irsi?

-Bu gün psixiatriyada biopsixososial yanaşma üstünlük təşkil edir. Bu yanaşma ruhi pozulmaların yaranması və inkişafında həm bioloji (genetika, neyronal şəbəkələrinin təşkili, neyrofizioloji xüsusiyyətlər), həm də psixoloji (motivasiya, özünüqiymətləndirmə, tələbatlar) və sosial faktorların (cəmiyyətə uyğunlaşma) iştirakını nəzərdən keçirir. Məsələn, hətta şizofreniya kimi “təmiz” bioloji xəstəlikdə psixoloji faktorlar, o cümlədən şəxsiyyətin özünəməxsusluğu, kommunikativ vərdişlər, koqnitiv bacarıqlar, habelə ailənin dəstəyi, yardımın əlçatan olması və digər sosial faktorlar böyük rol oynayır. Ona görə də müxtəlif pozuntuları olan malik pasiyentlərə göstərilən yardım təkcə bioloji müalicəni – dərmanların qəbulunu deyil, həm də psixososial müdaxiləni nəzərə almalıdır. Yəni ən yaxşı effektə nail olmaq üçün xəstəyə yardım kompleks şəkildə olmalıdır.

-Ruhi xəstələr olan ailələrdə xəstə uşaqların doğulması ehtimalı varmı?

- Genetik faktorlarla sıx əlaqəli və onunla bağlı olmayan xəstəliklər var. Əgər şizofreniyanı nümunə götürsək, uşaqda bu xəstəliyin yaranma riski valideynin birində bu xəstəlik olduğu halda 15-17 faiz, hər ikisində olduğu halda 45-50 faizədək təşkil edir. Bununla əlaqədar qan qohumluğu olan nikahların yolverilməzliyinə diqqət yetirmək yaxşı olardı. Təəssüf ki, Azərbaycanda qohumlar arasında nikah kifayət qədər geniş yayılıb. Bu, uşaqların təkcə fiziki deyil, həm də ruhi pozulmaları riskini çoxaldır.

-Ruhi xəstəliklərin profilaktikası nə dərəcədə realdır? KİV-lərin neqativ informasiya axınını məhdudlaşdırmaq, həyata müsbət münasibət yaratmaq yolu ilə bu xəstəliklərdən qorunmaq olarmı?

-Ruhi xəstəliklərin profilaktikası fərziyyə deyil, elmi cəhətdən sübut olunmuş faktdır. Ruhi pozuntuların yaranmasının qarşısının alınması üzrə uğurlu strategiyaların çoxsaylı nümunələri var. İlk növbədə psixi sağlamlıq məsələləri üzrə əhalinin məlumatlılığının artırılması, erkən müdaxilə, böhran hallarında yardım, intiharın profilaktikası, alkoqolizm və narkomaniyaya qarşı mübarizə proqramları və bir çox başqalarını qeyd etmək olar. Bu baxımdan ruhi sağlamlığın düzgün işıqlandırılmasında KİV-in böyük rolu var. Bir tərəfdən, bəzi media vasitələri sensasiya axtararaq psixi pozuntuları olan adamları təhlükəli cinayətkar və ya cəmiyyətdən qovulmuş kimi təsvir edirlər. Təbii ki, bu cür münasibət həm xəstələrin, həm də onların yaxınlarının damğalanmasına və diskriminasiyasının güclənməsinə səbəb olur. Profilaktika baxımından KİV-də bu cür işıqlandırmanın ağır nəticələri olur: insanlar yardım barədə müraciət etməkdən imtina edirlər, intiharların sayı artır, ailələr dağılır, insanların həyat keyfiyyəti pisləşir.

Digər tərəfdən, ruhi pozulmanın profilaktikasının və bu hallarda yardım göstərilməsinin KİV-də işıqlandırılması psixi sağlamlığında problemi olan insanlara tolerant münasibət formalaşdırır və sonda cəmiyyətdə ruhi pozulmaların yükünü azaldır.

-Ölkə üzrə ruhi xəstələrin statistik göstəriciləri necədir? Əvvəlki illərlə müqayisədə azalma tendensiyası müşahidə olunurmu?

Ölkəmizdə ruhi pozuntuların yayılması göstəriciləri ümumdünya statistikasına tam uyğundur. Bu göstəriciyə əsasən, planetin hər dörd adamından biri həyatının bu və ya digər dövründə psixi sağlamlıqla bağlı problemlər yaşaya bilər. Bir çox ruhi pozuntu üzrə xəstələnənlərin göstəriciləri son 20 ildə praktiki olaraq dəyişməyib. Lakin yeni müalicə metodlarının tətbiqi, yardım sisteminin təkmilləşməsi ilə hospitalizasiyaların sayı və müalicə müddəti azalıb. Digər pozuntular, məsələn, depressiya, həyəcan pozuntusu, adaptasiyanın pozuntusunda biz artım tendensiyasını müşahidə edirik. Təsadüfi deyil ki, Dünya Bankının məruzəsində depressiyanın 2020-ci ildə iqtisadi itki səviyyəsinə görə cəmi xəstəliklər sırasında birinci yerdə olacağı qeyd edilib.

Deyilənlərin hamısı ruhi sağlamlığın qorunması məsələlərinin aktuallığını təsdiqləyir. Bu aktuallığı biz Səhiyyə Nazirliyinin diqqət mərkəzində olan psixoloqlar ştatının açılmasında görürük.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/Azerbaycanda_ruhi_pozuntularin_statistik_gostericileri_umumdunya_statistikasina_tam_uygundur-902970

Bakı, 17 noyabr, Nərgiz Sadıxlı, AZƏRTAC

 

Go Back

Psixoloq Elnur Rüstəmov: " Apardı Sellər Saranı..."

26-01-2016

Gedin deyin xan çobana,

Gəlməsin bu il Muğana

Homer yazırdı ki, bir halda ki, insan yaşayır, o iztirab çəkməyə məhkumdur.

Bunu başa düşdük. Ancaq iztirabın da bir səhrədi olmalıdır. Günümüzdə bu səhrədin tez-tez pozulmağının şahidi oluruq. Bəla müxtəlif istiqamətlərdən gəlir. Biri bitməmiş, o biri başlayır. Proses o qədər sürətli gedir ki, qısa zaman kəsiyində belə nəzarət etmək müşkülə çevrilir. İnsan havalanır. Bilmir kimə və nəyə reaksiya versin, yaxud ümumiyyətlə verməsin. Narahatçılığın bir neçəsinə ümumi şəkildə diqqət yetirməyə çalışarıq.

Heç kimə sirr deyil ki, hər bir cəmiyyət özünün inkişafı üçün qaydalar  sistemi formalaşdırır ki, o qaydalarda həm insanın fərd olaraq hüququ qorunur, həmdə cəmiyyətdə digər insanlarla birgə yaşayışı mümkün olur. Bu qaydalar pozulduqda, yəni fərd yalnız öz məqsədləri üçün mübarizə aparanda norma patologiyaya çevrilir. Dolayısı ilə patoloji cəmiyyət formalaşır. Fərdi maraq ictimai marağı üstələyəndə, ona qarşı müqavimət göstərəndə fərdin özünün daxili narahatçılığı artır, zaman keçdikcə bəşəri dəyərlərdən uzaqlaşır. Proses uzun müddət davam etdikdə isə fərd özünün maraqlarının girovuna çevrilməyə başlayır. Problemin yaranma dinamikasına baxsaq görərik ki, bəşər tarixi yaranandan indiyə qədər bu proses davam edib. İndiki məqama çatana qədər uzun bir yol qət edib. Dünənə qədər insan prosesi idarə edə bilirdisə , bugün özü bunun girovuna çevrilib. Nəticədə gəldiyimiz  yolda itirdiklərimiz qazandıqlarımızdan çox oldu. Hazırda elə bir nöqtəyə gəlib çıxmışıq ki, özümüz özümüzdən qorxuruq. Bu belə, keçək başqa məsələyə...

O da məlumdur ki, praktik zəka öz fəaliyyətini faydalılıq prinsipi üzərində qurur. Yəni, o əsas prinsip kimi faydalılığı götürür. Şübhəsiz digər insanların həyatına ziyan verməmək şərti ilə. Onun azadlığa yanaşma forması da buna əsaslanır. Adi adamlar qaydalara münasibətdə özlərini müti kimi aparırlar. “Azca aşım, ağrımaz başım” prinsipi ilə hərəkət etməyə çalışırlar. Fəaliyyət göstərən insan isə öz fəaliyyətini qaydalar çərçivəsində tənzimləyir. Mübarizə prosesində qarşıya çıxacaq bütün maneələrə rasional prizmadan yanaşır və çözməyə çalışır. Şübhəsiz ki, hansı yola çıxdığını, orada onu nələr gözlədiyini gözəl bilir. Fəaliyyət prosesində bacardığı qədər bu məqamları gözləməyə çalışır. Qərb bu məntiqi bütün varlığı ilə çoxdan qəbul edib. Fəaliyyətini də bunun üzərində formalaşdırıb. İdeologiyaları da Praqmatizm (“praqma” – iş, hərəkət) üzərində qurub. Şərqin bu məsələyə yanaşması bir qədər fərqli olub. Məqsədimiz kimin yanlış kimin doğru olduğunu müəyyənləşdirmək deyil. Bu qərarı oxucunun, insanın özü verməlidir. Kiminsə seçim azadlığına müdaxilə etmək kimi bir fikrimizdə yoxdur.   

Şərqin özündə də məsələyə yanaşma müxtəlif istiqamətdə olub. Yaponlar “kimi insan adlandırmaq olar?” sualına cavab olaraq sözlərə, hərəkətlərə, xariciliyə və ehtiraslarına hakim olan insanı əsl insan kimi dəyərlənirirdilər. Bugün bu atributlar müşkülə çevrilib. Söz mahiyyətdən, hərəkət davranışdan, təzahür mahiyyətdən  uzaq düşüb. “Hamı günahkardır dünyada, ancaq dünyada heç kimin günahı yoxdur”  misalı kimi. Nəticədə psixoloji problemlər həndəsi silsilə ilə artmağa başlayır. Patoloji arzu ilə real şərait arasında fərq indi bütün dövrlərdən köklü sürətdə fərqlənir. Heç kimə sirr deyil ki, ifrat özünüsevmə ruhi xəstəlikdir. Yaşamaq üçün insanlar tərəfindən müəyyən olunmuş normalar sistemi mövcuddur. O norma və qaydalar sistemi mənimlə başqaları arasında nizamlayıcı funksiyanı yerinə yetirir. Hər bir insan o qaydalar çərçivəsində yaşayır, fəaliyyət göstərir. Nəzəri olsa belə həyat bu formada davam edir.

 Bugün insan arzularını nə cilovlaya, nə də tam şəkildə həyata keçirə bilir. İstək potensiala çox zaman tərs mütənasib olur. Bugün insan arzu və tələblərinin arasında boğulur. Müdafiə olunmaq istəyir. Əslində insan ideyasını arzulardan kənarda təsəvvür etmək də çətindir. Freyd qeyd edirdi ki, arzu ən əsas affektdi, orqanizmin nəyəsə sahib olması və ya nəsə törətməsi üçün edilən cəhddir. İnsanların arzuları onların dünyagörüşü ilə birbaşa bağlıdır. Təhtəlşüurun, instinktlərin üstünlük təşkil etdiyi fərd və cəmiyyətlərdə arzular özləri də vəhşiləşir, antihumanist xarakter daşıyır. Şüurun inkişaf etdiyi cəmiyyətlərdə isə arzu rasional xarakter daşıyır, dolayısı ilə fərd və cəmiyyətin rifahına xidmət edir. Cəmiyyət özü də sağlam şəkildə formalaşır. Qeyd etdiyimiz kimi bu prosesdə dünyagörüşü mühüm rol oynayır. Dünyagörüşü nə qədər geniş olarsa, psixoloji problemlər də bir o qədər az olar.

Bu gün hər birimiz texnologiyanın əsirinə çevrilmişik. Bir vaxtlar öz gücümüzə əlavə kimi yaratdığımız texnika bugün bizi ruhumuz belə incimədən idarə edir. İfrat komfort insanı onun ilkin mahiyyətindən uzaqlaşdırdı. Nəticədə ruh, texnogen ruha çevrildi. Müqəddəslik arxa plana keçdi, fərd eqoistləşdi. Eqosunu məmnun etmək üçün can verən insana kömək etmək yerinə onu telefonun yaddaşına yazdı. Anı əbədiləşdirdi, ölümsüzləşdirdi. Axırıncı qeyd etdiyim məqam lap yaxınlarda baş verdi. Belə yerdə deyirlər, Allah betərindən qorusun.  

 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

 

 

Go Back

Boğulmaq da olmur, dayazdır dünya

14-05-2015

Boğulmaq da olmur, dayazdı dünya

Salam Sarvan

Yer kürə formasındadır. Daim fırlanır. Davranış və hərəkətlərində narsistlik əlamətləri müşahidə olunur. Nə təhər özünə vurulubsa bir yerdə qərar tuta bilmir, başı gicəllənir. Bu gedişlə çətin ki, dayana. Zatən dayansa axırımız olacaq. Dayanmayacaq. Bizə görə yox, özünə görə. Narsizmdən əziyyət çəkir. Nə qədər ki başı öz xəstəliyinə qarışıb, dayanmayacaq. Deməli, bu cəhətdən özümüzü şanlı hesab edə bilərik, yaxud bilərdik. Dünənə qədər. Çünki, günümüzdə bu xəstəlik artıq biz insanlara da sirayət edib. Birbaşa da olmasa dolayı yolla. Xüsusən insanın özü haqqında informasiya vermək imkanının bol olduğu müasir dövrdə.

Cəmiyyət sürətlə dəyişir. O cəmiyyətdə yaşayan insanlarda.  O insanların daxili ruh halı da sürətlə dəyişir. Sadəcə bu dəyişmə o dəyişmədən deyil. Bu dəyişmə uşaq vaxtı bir yerdə fırlanıb sonra dayanıb, başımızın gicəlləndiyindən “zövq” aldığımız gicəllənməyə oxşayır. Ürək bulanma verir. Analogiyanı başqa formada da aparmaq olar; yaxşı yeyib-içəndən sonra baş fırlanması kimi. Sadəcə etik olmadı deyə detallı yazmadıq. Ancaq doğrudan adamın ürəyi bulanır. Informasiya çoxluğundan, insanların laqeydliyindən, özgələşməyindən, yadlaşmağından. Bəli, informasiya bizi işğal etdi. Istəmədən onun köləsinə keçirildik. Sosial şəbəkədə, internetin özündə belə daim yeni nələrsə eşitmək istəyirik, gözləyirik. Öncələrdə bunu məqsədli şəkildə, nəyisə öyrənmək üçün edirdiksə, bugün internet özü bunu sənə istədiyi formada, hazır şəkildə təqdim edir. Sənə isə o informasiyanı sadəcə beyninə yükləmək qalır. Istəməsək belə reallıq budur. Ruh halın pozulur, yaxud yaxşı olur. Bizə yalnız ona “münasibət” bildirmək qalır. Əslində baş verənlər bizə primitiv, dayaz bir hadisə kimi görünə bilər. Ancaq inanın həqiqət elə özü bu dayazlıqdadır. Görürük, ancaq özümüzü görməmizliyə qoyuruq. Heçnə olmamış kimi davranırıq. Özümüzdən başqa sanki hərkəs günahkardır. Bizdən başqa hərkəs pisdir. Ramiz Rövşənin bir şerində deyildiyi kimi;

Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardır dünyada, 
amma
Dünyada heç kəsin günahı yoxdur.

Bir deyim var; “Axırımız necə olacaq?”  Hər şey sürətlə keçir. Tutub saxlamaq olmur. Deyirik, gülürük, ağlayırıq, əsəbiləşirik. Kənardan baxan olsa, kütləvi psixozdan əziyyət çəkdiymizi də düşünə bilərlər. Şəhərdə müşahidə kameralarının özünü müşahidə edənlər bu durumu yaxşı anlayacaqlar.

Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə,  insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım.  Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir.  Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.

Ailə, problem hər zaman olub. Sadəcə insanlar problem həll etməyə, onu aradan qaldırmağa, bu mümkün olmadıqda ən azında susmağa çalışırdılar. Bugün isə “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”nın şahidi oluruq. Dünən gizli etdiyimizi, bugün aşkar edirik, dünən içimizdə sevdiklərimizi, bugün aşkar sevirik. Insan psixologiyası mürəkkəbdir, ziddiyətlidir. Yazıldığı qədər də yazılmayan, araşdırılmayan kifayət qədər istiqamətləri var. Insan hər şey düşünə, xəyal edə bilər. Yetər ki, zərərli olmasın, kimsənin həyatına zərər verməsin.

Fərqlənmək istəyi az qala axırımıza çıxıb. “Like” lardan asılı qalmışıq. Daha çox təəcübləndirmək istəyirik, təəcüblənmək istəyirik. Nəticədə hər sahədə ifrat yanaşma ortaya çıxır. Qatil də qəddardır, sevən də, sevilən də. Orta xətt sanki itib. Sevəndə də dəli kimi sevirik, ayrılanda da...

 İnsan xoşbəxt olmaq istəyir. Nəzərə almaq lazımdır ki, “xoşbəxtlik” insanın tələbatlarının ən optimal dərəcədə ödənilməsi ilə bağlı bir etik kateqoriyadır. Insan idealı axtarır. Bu elə bir haldır ki,bütün imkanların gerçəkləşmiş olur. Insan özünü axtarmalıdır. Özünü axtaran insan xoşbəxtliyi də tapmış olar, bəxti xoş olur. 

     

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu

Go Back

Elnur Rüstəmov:"Aytacın günahı nə?!" - PSİXOLOQ RƏYİ

06-05-2015

Vəsf et məni şair! Vəsf zamanı deyil, afət!

“Nəsimi” filmindən

Bu məsələ baş verəndən sonra həm sosial şəbəkələrdə, həmdə mətbuatda faciə ilə bağlı müxtəlif fikirlər səsləndi. Bir yeniyetmənin bu cür amansızlıqla qətlə yetirilməsi, evində uşaq olan bütün valideynlər üçün həyəcan təbili oldu. Övladlarına diqqətləri artmağa başladı. Bəlkə də bəzi valideynlər bu hadisədən sonra 2 – 3 gün uşaqlarını məktəbə, hazırlıqlara qədər müşayət də etdilər. Gizlin övladlarının telefonlarına göz də atdılar. Kənardan hərəkəkətlərini izlədilər də. Ancaq bu bir müddət olacaq. Dolayısı ilə bu faciə ictimai diqqətdən kənara qalana qədər. Ondan sonra ailələr yenə də əvvəlki həyat tərzlərinə qayıdacaqlar. Məqsəd bunu Sizə bildirmək deyil! Bunu hamımız bilirik. Onu da bilirik ki, bu hadisə ilə bağlı haqqı olan da, olmayan da, sevgilisinə əl qaldıran da, övladına başqalarının yanında tənə edən də danışdı. Ancaq bizim üçün vacib olan “bu tip hadisələr hansı səbəbdən baş verir, qabağını almaq üçün hansı tədbirləri görmək lazımdır?” bunlara aydınlıq gətirməkdir.

Faciə özü böyük faciədir. Iki yeniyetmə bədbəxt oldu. Ya vəlvələdən, ya zəlzələdən. Biri faciəvi şəkildə həyatını dəyişdi, digəri isə faciəvi şəkildə rəzil oldu, həyatı zillət oldu. O da zatən öldü. Əgər o, bunu  sevdiyindən ötrü etdiyini deyirsə, sevdiyi də artıq yoxdur. Dolayısı ilə onun özüdə yoxdur. Mənən ölüb. Hələ mən bura hər iki ailənin faciəsini əlavə etmirəm. Bugün İzzətdən daha çox bəlkə də valideynləri zillət çəkir. Xüsusən də anası. Hələ Aytacın anasını demirəm. Min bir əziyyətlə övlad böyütdü. Qızcığaz isə faciəvi şəkildə həyatını dəyişdi. Ölüm haqdır. Bir gün gələn, bir gün də gedər deyib babalar. Ancaq nə formada gedər? Bunu ölənə qədər heç kimsə bilmir. Bəlkə də ona görə babalarımız“Allah axırımızı xeyir etsin” deyiblər. Aytacın anası faciə ilə bağlı verdiyi müsahibədə qızının qatillə tanış olmadığı bildirmişdi. Yəni İzzət mərhum qızının adından yalan danışır, onlar tanış olmayıblar. Bu açıqlamadan sonra başladı sosial şəbəkələrdə Aytacın İzzətlə şəkilləri yayılmağa, ad günündən video roliklər yerləşdirməyə.

Dolayısı ilə insanlar sübut etməyə çalışırdılar ki, Aytacla İzzət bir-birini tanıyırdılar, münasibətləri də olub. Dediklərində həqiqət də vardı. Ən azından münasibəti olmayan bir insan bir xanımın ad gününə niyə tort gətirməli, ad gününün sahibi ilə hansı səbəb şəkil çəkdirməlidir ki? Uzun sözün qısası; Aytac İzzətlə tanış idi. Ancaq Ana da düz deyirdi. Bəli, qızı qatillə tanış deyildi! Bəli, bunu deyən faciəli şəkildə qətlə yetirilən qızın anasıdır. Anadır, valideyndir. Onu anlamaq lazımdır. Eləcədə onun kimi digər valideynləri. O valideynlər ki, çox zaman övladları haqqında obyektiv məlumata malik olmurlar. Uşaq haqqında yaddaşlarında qalan təsəvvürlərdən çıxış edərək münasibət bildirirlər.Uşaqları haqqında təsəvvürləri də maksimalist olur. Ya uşağını bütün situasiyalarda müdafiə edəcəklər, ya da əksinə taleyin ümidinə buraxacaqlar. Çox zaman valideynlər övladları haqqında beyinlərində qurduqları təsəvvürlərdən çıxış edərək fikir bildirirlər. “Mənim qızım bunu etməz”, “mənim oğlum heç kimə baxmaz”.  Bu faciə bizləri bir daha diqqətli olmağa çağırdı. Demək isdiyim yenə də bunlar deyil. Başqa şeydir. Dünənin və bu günün faciəsi.

Desəm öldürərlər, deməsəm ölləm!

Problem olan təqdirdə bunu yaxınlardan gizlətmək... Hamımızın həyatında çətin durumlar, yanlış addımlar olur. Bunu zamanında doğru insanla paylaşıb yardım alırıqmı? Bir qism insan bunu edir, başqa bir qism isə növbəti yanlışa doğru addım atır. Yeniyetmələrdə bu sıradadır. Aytac da, elə İzzətin özü də həyatlarında baş verənləri ailələri, doğmaları ilə paylaşsaydılar bəlkə də bu faciə baş verməzdi. Düşündülər ki, özləri öhdəsindən gələcəklər. Nəticə isə ortadadır. Əslində bu hadisə ailələr üçün bir sos siqnalı oldu. Sükan arxasında yatan sürücüyə qarşı tərəfdən gələn sürücünün verdiyi siqnal kimi. Oyanmaq lazımdır!

 Mən Sizə bu günün ən böyük problemlərindən biri olan şantaj, təhdiddən bəhs edim. Bəli, istər yeniyetmə olsun, istər gənc, istərsə də digər yaş qruplarında olan insanlar, ailələrin bir qismi bugün dediyimiz bu problemin girovuna çevrilib. Qarşı tərəflə problemini paylaşa bilmir. Düşünür yanlış başa düşülər, danlanar, yaxud bundan da böyük faciə yaşanar. Nəticədə zaman-zaman doğmalarımızı gözümüzün qarşısında itiririk. Yeniyetmənin Valideynləri xüsusən diqqətli olmalıdılar. Övladlarının səbəbsiz əsəbi davranışlarını, fikir dağınızlığını müşahidə edirlərsə, maksinun diqqətli olmalıdırlar. Övladla nə qədər yaxın olsaq, onu anlamağa çalışsaq, güvənini qazansaq, problemlərindən də zamanında xəbərdar olarıq. Bəzən biz belə hallarla da rastlaşırıq; övladın problemini ana yaxud ata bilir. Ancaq bunu bir-birlərindən gizlədirlər. Xüsusən bu cür “gizlətmə” halları analar tərəfindən daha çox müşahidə edilir. Bəli, kimsə deyə bilər ki, ataya deyirik, faydası olmur. Atasına deyəndə özündən çıxır, əsəbi davranır, mənə ağır söz deyir; “Hara baxırsan?” deyə tənələr edir və s. Ancaq əmin olun Sizin bunu həyat yoldaşına bildirməyiniz daha yaxşı olardı. Ən azından problemi bildiyi təqdirdə o da Sizin qədər problem həllində məsuliyyət daşıyır.  

Doğmalarınıza yaxın olun. O zaman kimsə aralığa girməz. Deyir, kirpilər yatanda bir-birlərinə qısılırlar. Belə olanda tikanları imkan vermir ki, kimsə onlar zərər versin. Təbiətdən öyrənəcək çox şeylər var. Yetər ki, mühakimə etməyək, anlamağa, nəticə çıxarmağa çalışaq. Bu həyatda heç kim, heç nədən sığortalanmayıb.  Müqəddəs kitabda deyildiyi kimi; Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək.

 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu.

 

 

Go Back

Övladlarını təkbaşına böyüdən fədakar analar və ya seçimi fərqli olanlar

15-04-2015
 
 

 

 
 
 
 
 
 
 
 
Hamının dünəni özünə məlumdur. Lakin sabah başımıza nələr gələcək heç birimiz bilmirik. Xəyal edib, planlarını qurduğu gələcək hər kəsə nəsib olmur. Bu gün böyük ümidlərlə birlikdə yola çıxdığımız insanları itirə bilərik. Bir anda, həyatın tam ortasında tamamilə tək-tənha olduğumuzu görə bilərik. Qismətə uyğun olaraq hərəmiz bir fərqli həyat yaşayırıq. Məsələn, ailədə tərəflərin biri gənc yaşda qəfil vəfat edir. Həm sevdiyini, həm də ömür-gün yoldaşını, həyatdakı dayağını itirən insan bundan sonrakı yoluna tək başına davam etməli olur. Artıq hər işin öhdəsindən özü gəlməli, uşaqlarını tək başına tərbiyə etməlidir. Qohumlar, dostlar nə qədər dəstək olsa da, yenə ən ağır iş insanın öz üzərinə düşür - tənha keçən bir ömür.

“Onunla yaşadığımız xoşbəxt günlərə dəyərdi”

Həyat yoldaşını itirən insanlar onun kədərini yaşamaqla yanaşı, sonrakı taleyi ilə bağlı daha çox sarsıntı keçirirlər. Qarşılarında iki yol olur: ya sonrakı həyatlarını istədikləri kimi quracaqlar, ya da fədakarlıq edib, həyatlarını övladlarına həsr edəcəklər. Adının çəkilməsini istəməyən müsahibim fədakarlıq edərək, ikinci həyat yolunu seçənlərdəndir. Gəlin onu şərti olaraq Arzu Əhmədova adlandıraq. Həyat yoldaşı vəfat etdikdən sonra Arzu xanımla qalan iki azyaşlı körpəsi, bir də keçməkeşli həyatla mübarizə aparmaq olub.

“Həyat yoldaşım vəfat etdikdən sonra mənim üçün çox çətin idi. İki azyaşlı körpəm var idi və yoldaşımın ailəsi tərəfindən qəbul olunmayan bir gəlin idim. Mən şəhərdə böyümüşdüm. Kənd həyatına uyğunlaşa bilmərəm deyə, istəmirdilər biz ailə quraq. Ona görə də, yoldaşımın vəfatından sonra hər kəs o evdən gedəcəyimi düşünürdü. Lakin mən getmədim. Düşündüm ki, bura onların ata yurdudur, iki övladımı da elə bu kənddə böyütməliyəm. Oxumalıdırlar ki, gələcəkləri olsun. Çətin idi, çox çətin. Doğrudur, qohumlar çox dəstək oldular, həm maddi, həm də mənəvi. Lakin kənardan nə qədər kömək olunsa da, heç kəs övladına ata, sənə ömür yoldaşı ola bilməz. İndi uşaqlarım böyüyüblər. Lakin mənim ixtiyarım özümdə deyil. Bacı-qardaşımdan uzaqda yaşayıram. İstədiyim vaxt onların yanına gedə bilmirəm. Ancaq ailənin böyükləri icazə verdikdən sonra gedə bilirəm. O da, əgər icazə verərlərsə”, deyən Arzu xanım bu həyatı yaşadığı üçün heç vaxt peşman olmadığını bildirdi: “Həmin vaxtlar cavan idim ailə həyatı qura bilərdim. Ancaq bunu eləmədim. Oğlumu fikirləşdim. Dedim, o böyüyəndə başı aşağı olmasın. İstəmədim insanlar onun arxasınca “anası ərə getdi” desinlər. Düzdür, burda qəbahət heç nə yoxdur. Bir qadının ikinci dəfə ailə qurması ayıb deyil. Ancaq mən bu addımı atmadım. Həm də həyat yoldaşımı çox sevirdim. Onun vəfatından sonra çox çətin günlər yaşasam da, heç vaxt peşman olmadım. Onunla yaşadığımız xoşbəxt günlərə dəyərdi”.

“Yenidən ailə qurmaq xoşagəlməz şayiələrdən sığortalayır”

Həyat yoldaşı vəfat etdikdən sonra ailə yükünü tək başına çəkmək, həm kişi, həm də qadına aid olan işləri bir növ öz çiyinlərinə alan qadınlar üçün həyat ikiqat çətinləşir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ikinci dəfə ailə qurulmasının dinimizə görə də uyğun olduğunu bildirdi: “Ailə həyatının qurulması dinimizdə də uyğun görülən bir haldır. Bu istər ilk evlilik olsun, istərsə də ikincisi, İslama görə məqbul sayılır. Şübhəsiz ki, müəyyən şərtlər daxilində. Çünki ailə qurulmadığı təqdirdə ailə yükünü daşımaq həyat yoldaşını itirmiş şəxs üçün çətinləşir. İnsan düşüncələrini, dərdini və hisslərini paylaşa biləcəyi bir insana ehtiyac hiss edir. Əks təqdirdə cəmiyyətdə xoşagəlməyən hallar yaşanır. Bəzən həyat yoldaşı vəfat edən xanım və ya bəylər haqqında doğru olmayan fikirlər səsləndirilir, şayiələr yayılır. Düşünürəm ki, bu cür hallardan sığortalanmaq üçün hüzurlu bir ailənin qurulması yaxşı olardı”. Elnur Rüstəmov onu da qeyd etdi ki, evlilik həyatına addım atan xanımların ilk qarşılaşdıqları problem uşaqların reaksiyası olur: “İkinci dəfə ailə həyatı qurmaq istəyən qadınlar ən çox uşaqlarının sərt reaksiyası ilə qarşılaşırlar. Uşaqların yeni ataya uyğunlaşa bilməməsi və ya atanın ailəyə uyğunlaşmaqda problem yaşaması halları baş verir. Bu zaman ailə bu sahə üzrə mütəxəssislərdən yardım ala bilər. Həm ilahiyyatçı, həm sosioloq, həm də psixoloq dəstəyi ilə yaranan problemləri aradan qaldırmaq mümkündür”.

“Cəmiyyətin ikinci dəfə evlənən xanımlara münasibətində də dəyişiklik var”

Təxminən 10 il bundan əvvəl nişanlı olub ayrılan xanımlarla az hallarda ailə həyatı qurulduğunu deyən psixoloq E. Rüstəmov hazırda cəmiyyətin bu mövzuya baxışının dəyişdiyini dedi: “Əvvəllər cəmiyyət ikinci dəfə ailə quran xanımlara xoş baxmırdı. Lakin indi bu bariyer müəyyən qədər aşılıb. Əvvəllər nişanlı olub ayrılmış qızla ailə həyatı qurulmurdu. Amma artıq ikinci dəfə evliliyə də normal baxılır. Hazırda cəmiyyətin də bu yöndə münasibətinin müəyyən qədər yumşaldığını müşahidə etmək mümkündür”.

“Bizim cəmiyyətdə etno (milli) psixologiyadan qaynaqlanan məqamlar var. Belə ki, xanımın əri vəfat etdikdən sonra onun qardaşı və ya xanımın qardaşı, atası həmin ailənin maddi ehtiyaclarını qarşılamaq üçün dəstək olurlar. Həmin xanım üçün ailə dəyərləri önəmlidirsə, ona bu düşüncə aşılanıbsa, bu zaman o ikinci dəfə ailə həyatı qurmaqdan imtina edir və bundan sonrakı həyatını övladlarının tərbiyəsinə və onları böyütməyə həsr edir. Lakin bu gün elə ailələr var ki, həyat yoldaşı vəfat etdikdən sonra mərhumun qardaşları, atası onun ailəsindən imtina edir. Onlara heç bir maddi və ya mənəvi dəstək olunmur. Hətta, bəzən mülk tələb edənlər də olur”. Elnur Rüstəmov belə hallarda xanımın sağlam düşüncəli bir insanla ailə qurub, həyatını davam etdirməsini məqsədəuyğun hesab etdi.

Bəli, talelər fərqli olduğu kimi düşüncələr də fərqlidir. Həyat da sizindir, yol da sizin, qərar da sizin!

http://az.zaman.com.tr/az/newsDetail_getNewsById.action?newsId=56626

 

Go Back

Tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yolları

30-09-2014

                                                                                           İstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. 

 Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər.

Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər.

 Ötən sayımızdakı məqalədə ailə psixologiyası və ailədə yaşanan problemlərin həm fərdin əvvəlki həyatı ilə bağlılığını, eyni zamanda onların sonrakı həyatına nə dərəcədə təsir göstərdiyini qeyd etmişdik. Bu məqalədə isə biz daha çox diqqəti tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yollarına yönəltdik.

Öncə onu diqqətinizə çatdıraq ki, hər bir fərd ailə qurmamışdan əvvəl - ailə psixologiyasında buna Monada “mono – tək deməkdi” – özünün fərdi yaşam tərzinə malik olur. Özünü qismən də olsa, bu sistemin içində rahat hiss edir.  Diqqət etsəniz, bəzən ailə quran cütlüklər bunu valideynlərin yaxud da ətrafın diqtəsi ilə həyata keçirdiklərini iddia edirlər. Dediklərində müəyyən qədər də həqiqətin payı var. Çünki, istənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Sığortalanmaq üçün şüuraltı olaraq bu kimi məqamları da ortaya atırlar. Statistika göstərir ki, tərəflər arasında münasibətlərin ilkin mərhələlərində probemə o dərəcədə də rast gəlinmir. Səbəb bir-birini tanımaq, qarşı tərəfə özünün daha çox müsbət keyfiyyətlərini göstərmək istəyidir. Ancaq hər bir insan bu və ya digər dərəcədə çatışmayan hansısa xüsusiyyətlərə malikdir. Zaman keçdikcə artıq bu çatışmayan xüsusiyyətlər münasibətlərə öz mənfi təsirini göstərməyə başlayır. Bu hal xüsusən ilkin evlilik mərhələsində baş verir. Səbəb də tərəflərin vaxtının çox hissəsini bir yerdə keçirmələri, mənfi xüsusiyyətləri şəxsiləşdirmələri olur. Tərəflər bunu şəxsinə qarşı yönəldiyi qənaətinə gəlir. Nəzərə almaq lazımdır ki, bu xarakterdən qaynaqlanan bir məqamdır və bütün insanlara qarşı münasibətdə özünü büruzə verir. Ona görə də tərəflər buna anlayış göstərməli, dəyişməkdən daha çox uyğunlaşmağa çalışmalıdırlar. Misal üçün, oğlan və ya qızın ata evinə həddindən çox bağlı olmaları. Bu hala anlayış göstərilməli, tədricən bunun həlli istəqamətində addımlar atılmalıdır. Adətən tərəflər bunu tez bir zamanda həll etməyə çalışırlar. Nəticə ala bilmədikdə isə münasibətlər soyumağa başlayır, sonda isə ayrılığa da gətirib çıxarır.

Ona görə də tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Statistika göstərir ki, bu dönəmdə adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər. Yeni ailə qurub boşanan cütlüklər isə zaman keçdikcə hansı məqamları doğru keçmədiklərini anlayır, ancaq bu, heç də həmişə ailənin yenidən birləşməsi ilə nəticələnmir. Ona görə də belə hallarda tərəflər problemi subyektiv dəyərləndirməkdən daha çox mütəxəssis dəstəyi ilə həll etməyə üstünlük verməlidirlər. 

Diqqət tələb edən başqa bir məqam, ailə quran tərəflərin fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasıdır. Bəzən əvvəlki sevgi münasibətində hansısa travmatik olay yaşamış gənc zaman keçdikcə onu yeni münasibətinə də köçürməyə başlayır. Şübhəsiz, proses onun istəyindən kənar, şüuraltı olaraq baş verir. Bu da sonda münasibətlərin pozulmasına, ailənin dağılmasına, ailədaxili münaqişələrə gətirib çıxarır. Belə halda yaxşı olardı ki, fərd psixoloji travmanın həllindən sonra münasibət qurmağı qərara alsın. Çünki, bundan sonra qurulan münasibət daha dayanıqlı olur və sağlam təməl üzərində formalaşır.

Ailə qurub xoşbəxt olmaq hər birimizin arzusudur. Bəlkə də ən böyük arzumuzdur. Ona görə də burada təkcə sevgi deyil, məntiqi yanaşma da tələb olunur. 

Ailəmizi qorumaq arzusu ilə...

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,psixoloq

Go Back

Ailə Psixologiyası

30-09-2014

Xoşbəxtliyi ailədə tapmayan onu başqa yerdə axtarmağa da qalxmamalıdır!

Əziz dost!

Həyat sürətlə axır. Ətrafında çox şeylər də dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey isə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik də ailədən başlayır. İndinin özündə də bir çox şeyləri əldə edə bilmədiyini ya ata evinlə, ya da ki, hazırki ailənlə bağlayırsan.

Bəs, bu nəyi göstərir? Şübhəsiz ki, ailənin yaşamağımıza nə dərəcədə böyük təsir gücünə malik olduğunu. Nəzərə almaq lazımdır ki, müasir dövrdə ailələr əvvəlki ailə modellərindən çox parametrlərinə görə fərqlənir. Bu məqalədə məqsədimiz ailə psixologiyası və bunun yeni qurulan çütlüklərə verə biləcəyi faydanı sizlərin diqqətinə çatdırmaqdır.  

Öncə onu qeyd edim ki, hər bir fərd evlənmədən əvvəl hansısa bir ailədə tərbiyə alır, böyüyür. Fərq etməz, bu onun biloloji və yaxud da himayəsində olduğu ailəsi olsun. Ailə qurana qədər fərd həmin ailədə müəyyən dəyərlər sistemi qazanır. Hansı ki, bu dəyərlər sistemi sonradan onun həyata baxış tərzinə, insanlarla münasibətinə böyük təsir göstərir. Gələcəkdə qurulan ailənin nə dərəcədə dayanıqlı olması fərdin aldığı dəyərlər sistemi, psixoloji travmalarla birbaşa bağlıdır. Psixoloji travmaya səbəb olan faktorlar natamam ailədə böyümə (ata yaxud da ananın müəyyən səbəblər üzündən olmaması, ayrılması, vəfat etməsi) və s. ola bilər. İlk sevgidə yaşadığı uğursuz təcrübəyə görə yaşanan travmatik hallar da sonradan qurulan ailədə səbəbsiz problemlərə yol aça bilər. Sual yaranır. Bütün bunlardan sığortalanmaq üçün nə etmək lazımdır? Axı hər bir insanın bu həyatda ən böyük arzusu, bəlkə də tək istəyi hüzurlu bir ailəsinin olmasıdır.

İnsan birinci növbədə ailə qurma tələbinin, daha doğrusu qurduğu münasibətin hansı səbəbdən ciddiləşdirmək istəyinə aydınlıq gətirməlidir. İnsanların bir qismi ayrılıqdan sonra sevdiyi insanı unutmaq, başqa bir qismi həyatında yenilik etmək, bir qismi də ailə üzvlərindən kiminsə könlünü şad etmək və s. üçün ailə qurmağa qərar verir. Şübhəsiz ailə qurmaq birmənalı şəkildə alqışlanmalıdır. Bir şərtlə ki, nümunəvi və təməli möhkəm ailə olsun. Ailənin qurulmağı hansısa travmatik olayı aradan qaldırmağa xidmət etməməlidir. Belə olduğu təqdirdə qurulan ailələrdə zaman keçdikcə problemlər yaranmağa başlayır ki, bu da son nəticədə həmin ailələrin dağılmasına səbəb olur. Ailə qurmadan öncə fərdin keçdiyi həyat yolu da qurduğu ailəyə böyük təsirini göstərir. Biz burada natamam ailədə böyüyən insanların qurduqları ailələri nəzərdə tuturuq. Burada problem yaradan daha çox bu ailədə böyüyən uşaqların anaları olur.  Kökündə yatan səbəb isə bəlli bir müddət övladlarının müstəqil olmaları ilə heç bir vəclə barışmaq istəməmələri dayanır. Bu da cütlüklər arasında ailə həyatının hələ ilkin mərhələsində problemlərə yol açır.

Ailə psixoloqu belə hallarda yaşana biləcək problemlərdən sığortalanmaq üçün əvəzsiz bir köməkdir. Ailə qurularkən diqqət ediləcək məqamlardan biri də tərəflərin hansı ailə modelində böyümələri, böyüdüyü ailənin peşə yönümü və s. hallardır. Misal üçün, pedaqoq ailəsində böyüyən fərd, həkim ailəsində böyüyən fərddən həm həyata baxış tərzi, həm də qarşı tərəfdən gözlədiklərinə görə çox fərqlənir. Fərqlər də münasibətlərin ilkin mərhələsində nəzərə alınmadığı təqdirdə sonradan problemlərə səbəb olur. Ümumiyyətlə, ailə qurarkən diqqət etməli olduğumuz məqamlar çoxdur. Çox zaman biz münasibətlərin pozulmasına səbəb kimi qarşı tərəfin anasının necə adlandırılmasını belə görə bilərik. Hansı ki, ilkin mərhələdə diqqətə alınıb, həll edilsəydi ailədə heç bir problem olmazdı. Bütün bunlar ailə psixologiyasının predmetini təşkil edir. Şübhəsiz ki, bunu bir məqaləyə sığışdırmaq çətin olduğundan məqaləni silsilə şəklində çap etdirməyə qərar verdik. Burada ailənin əsasını təşkil edən 6 parametr, ailə qurmadan öncə hər bir fərdin yaşamış olduğu monada, diada, triada və s mərhələlər haqqında da söhbət açılacaq. Məqsəd yeni qurulan ailələrə, eləcə də ailə məsələlərində çətinlik yaşayan cütlüklərə psixoloji baxımdan dəstək olmaqdır. Bunun öhdəsindən nə dərəcədə gələ bilərik, buna Siz oxucular qərar verəcəksiniz.

 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzi

(PCC)-nin rəhbəri, psixoloq

 www.pcc.az

Go Back

Anasına aşiq olan oğullar

29-08-2014
Anasına aşiq olan oğullar

1937.az psixoloq Elnur Rüstəmovun \"Anasına aşiq olan oğullar\" yazısını təqdim edir:

Özünə qayıdır hər şey, özünə,

...Günəş istisini çəkir içinə,

Küləklər hirsini çəkir içinə,

ətrini içinə çəkir çiçəklər.

Özünə qayıdır hər şey, özünə,

Qoy, ana, başımı qoyum dizinə,

mən də qayıtmışam...

(Ramiz Rövşən)

Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin timsalında. Xanımlar inciməsinlər deyə.

Travma nədir? özünü hansı hallarda büruzə verir?

Öncə onu qeyd etmək istərdik ki, travma hələ uşaqlıqdan – hansısa xoşagəlməz hadisədən sonra yaranır. Valideynin övladına dediyi hər hansı bir düşünülməmiş söz travma şəklində onun gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər. Bunun bəsit nümunəsini indinin özündə belə bir qisim valideynlərin övladlarına arzuolunmaz övlad olduqlarını az qala hər gün xatırlatmalarında görə bilərik. “Oğlan doğulmalıydın, sonra bildik qızsan”, “Səni istəmirdik, artıq gec idi, ona görə də dünyaya gətirdim”, bir az da qabağa gedib “sən doğulan günə daş düşəydi” və s. formada etirazlarını bildirirlər.

Kimsə deyə bilər: “Burada nə var ki? Ana qarğışı alqışdı, narahat olmağa dəyməz. Razıyıq, bu sözlərdən heç kim ölmür. Ancaq məsələ də burasındadır ki ölsəydi, ondan yaxşı olardı. Çünki həyatının qalan hissəsi bu sözün yaratmış olduğu duyğu və düşüncələr üzərində formalaşır. Dolayısı ilə uşaqların gələcəyini bu sözlər formalaşdırır. Artıq psixologiya elmi bunun doğru olduğunu bir fakt kimi ortaya qoyur və psixoloji travma kimi dəyərləndirir.

Yuxarıda valideynin övladına vurmuş olduğu bir travmatik situasiyanı xatırlatdıq. Məsələ bununla bitmir. Bitsəydi, nə dərdimiz qalacaqdı ki? Sonradan özümüzün qazandığımız, yəni “halal” travmalarımız da ortaya çıxır. Bunlardan ən geniş yayılmış olanı el dilində “sevgi travmaları” adlandırılan nəsnəni bir qədər dartışdırmaq istərdik. Baxaq içindən nələr çıxır və ya çıxarırıq.

“Sevgi travmaları” əsasən uşaqlıq dövründə formalaşır, yeniyetməlikdə daha da möhkəmlənir. Necə formalaşır? Məsələnin maraqlı tərəfi də bundan sonra gəlir.

Öncə onu qeyd edək ki, oğlan uşaqlarının böyük bir qisminin ilk sevgilisi öz doğmaca anaları olur. Bunu xırda bir müşahidə ilə valideynlər oğlan övladlarında müşahidə edə bilərlər. Ananı ataya qısqanmaq, atası kimi hərəkət etmək, ananın yanında ataya “şiddət”...

6 yaşına qədər bu hal uşaqlarda intensiv müşahidə edilir. 6 yaşdan sonra isə proses nisbətən səngiməyə başlayır. Psixoanalizdə buna latent (gizli) deyirlər. Elə həmin psixoanalizdə oğlanın anasına olan sevgisi “Edip kompleksi” adlandırılır. Bu ifadəni elmə Ziqmund Freyd gətirmişdi...

Rəvayətə görə, Çar Edip bilməyərəkdən atasını öldürüb anası ilə ailə qurur. Bu izdivacdan övladları dünyaya gəlir. Bir müddət sonra onların yaşadıqları şəhəri vəba xəstəliyi bürüyür. Kahinlərlə məsləhətləşmədən bəlli olur ki, oğul anasıyla evləndiyi üçün şəhər lənətlənib və xəstəlik yayılıb. İnsanlar o şəhəri tərk edirlər. Edip gözlərini oyur, anası Lokaste isə özünü asır.

Freyd bu mifdə həqiqət payını axtarırdı. Hansı istiqamətdə? Uşaqların əks cinsdən olan valideynlərinə qarşı bəslədikləri sevgi istiqamətində.

Eyni situasiyaya qəbul etmək istəməsək belə, gündəlik həyatımızda rast gəlirik. Bir oğlanın özündən yaşca böyük xanımı sevməsi, bağçada tərbiyəçiyə, orta məktəbdə dərs deyən müəlliməsinə vurulmaları buna misal ola bilər.

Bu prosesin özündə qəribə məqamlar var. Hər insanın sevgi modeli özünəməxsusdur. Ancaq onların əksəriyyətini birləşdirən bir məqam var. Axtarsaq, onların böyük bir qismində ana ştrixini tapa bilərik. Bu nədən qaynaqlanır. Bizə bu lazımdımı?

Məsələ burasındadır ki, hamımız hələ uşaqlıqdan həyatın fani olduğunu bilirik. “Bir gün gələn, bir gün gedər” deyib babalarımız. Ancaq uşaqlıqda biz ölümü qocalıqla bağlayırdıq. Yəni insan yalnız qocalanda ölür. Cavan ölümləri isə ölüm yox, “harasa gedib, gələcək” kimi anlayırdıq. Şüuraltı olaraq anamızın bizdən əvvəl öləcəyini düşünürdük. Ona görə də alternativlər axtarırdıq. Məsələn, anamızı gələcəkdə əvəz edə biləcək sevgilini. Tapdığımızda dayandıq, tapmayanda uzaqlaşdıq. Yenidən tapmaq üçün.

Mövzunu uzatmaq da olar. Misal üçün indinin özündə belə bəzən oğlanlar sevdiyi qıza “sən anam kimi deyilsən” deyə irad tuturlar. Başqa bir zamanda bu mövzuya yenidən qayıtmağa çalışarıq. Hələlik isə yazımızı Salam Sarvanın misraları ilə bitirmək istəyirik:

Mən səni sevmirəm, sənin qoynuna,

Səndən gizlənməyə girmişəm qadın! 

 

 

Go Back

Elnur Rüstəmov:Deyəsən başıma hava gəlir

29-08-2014

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik. Tanınmış psixoloq bu dəfə insanların içindəki dəli olmaq qorxusundan yazıb. 

Hər bir dərdə dözən adam,
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.

Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb, insan psixikasına nələrin müsbət, nələrin mənfi təsir göstərdiyi müəyyən edilib. Uşaq tərbiyəsində nə etmək vacibdi, hamiləlik hansı formada keçməlidi, yeniyetmə psixologiyası necə olur, evliliyə nə formada hazırlaşmaq lazımdı, gəncliyi necə keçirmək məqsədəuyğundu, qocalıq psixologiyası nədir və onlar bu yaşda ən çox nədən əziyyət çəkirlər - bütün bunlar mütəxəssislər tərəfindən illərdi araşdırılır. Konkret nəticələr əldə edilir. Şübhəsiz ki, psixoloji problemlərin aradan qaldırılması istiqamətində insanlara zəruri tövsiyələr də verilir. Uzun sözün qısası, bu problemlər hər zaman olub. İnsanlar da ortaya çıxan psixoloji narahatlıqları aradan qaldırmaqda dünənə qədər xüsusi bir problem yaşamırdılar. Ən azından problem indiki qədər kütləvi narahatlıq səviyyəsində özünü biruzə vermirdi. Bu gün artıq psixoloji problemlər kütləvi xarakter alıb. Bu, tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində müşahidə olunur. İnkişaf etmiş ölkələrdə isə psixi problemlərdə xüsusən artan bir temp müşahidə edilir. Bu da onu göstərir ki, dövlət nə qədər inkişaf edirsə, orada yaşayan insanların psixoloji problemi də inkişafa düz mütənasib olur. Dolayısı ilə inkişaf=psixoloji problem. Sizə nədən danışacaqdım. Həmin o inkişaf etmiş ölkələrin vətəndaşlarının qorxularından. Daha doğrusu, birindən; DƏLİ OLMAQ QORXUSUNDAN!
Deyəcəksiniz bu, haradan çıxdı? Öncəliklə onu qeyd edək ki, psixologiyada, konkret olaraq klinik psixologiyada belə bir xəstəlik var; Lissofobiya (yunancadan “lyssa” – quduzluq, “phobos” – qorxu). Dolayı ilə dəli olmaq qorxusu deməkdir. Bunun sinonimi kimi manifobiya terminindən də istifadə olunur. Yunanca “mania” – dəlilik, “phobos” – qorxu deməkdir.
Narahat olmağa dəyməz. Ən azından bu xəstəlik qədim yunanlardan üzü bəri mövcuddu. Yəni köhnədir. Təzəlikcə ortaya çıxmayıb. Sadəcə indi bundan əziyyət çəkən insanların sayı artıb. Artma səbəbi üzərində bir qədər dayanmaq istərdik. Öncə onu qeyd edək ki, bu xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır. Biz bunun üzərində heç dayanmacağıq. Bizim üçün maraqlı olan başqa məqamdı. Nəyə görə sağlam bir insan oturduğu yerdə birdən-birdən dəli olmaqdan qorxsun? Nədir buna təsir göstərən? Öncəliklə onu vurğulayaq ki, bu problemin baş verməsinə insanın həyat tərzi böyük təsir göstərir. Məsələ burasındadır ki, monoton həyat insanlarda bu problemi daha da aktuallaşdırır. Nəticədə zaman keçdikcə insan norma ilə patologiyanı fərqləndirə bilmir. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaqda çətinlik çəkir. İstər münasibətlərdə, istərsə də həyata baxış tərzində biz belə hallarla tez-tez raslaşırıq. Səbəb alternativlərin çoxluğudu. Fərdin ətrafla bağlı bir qorxusu yoxdu. Qorxduğu yalnız özüdü. Özündən qorxur. Orta statistik bir fərd həyatın bütün istiqamətləri üzrə hansısa bir informasiya əldə etmək istəyirsə, onu internetdən qısa bir zaman kəsiyində əldə edə bilər. Problem bu deyil. Problem hər şeyin adiləşməsidir. Nəticədə fərd nəyin doğru, nəyin yanlış olduğunu fərqləndirə bilmir. Qəbul etmədiyini bir müddət sonra qəbul etmək məcburiyyəti yaşayır. Dəyərlər 360 dərəcə dəyişir, transformasiyaya uğrayır. Nəticədə şəxsiyyətin transformasiyası da baş verir. Zaman sürətlə keçir. Bu gün ən asan iş vaxt öldürməkdi. Bunun üçün o qədər vasitələr var ki, fikirləşəndə adamın başına hava gəlir.
Yeri gəlmişkən, son zamanlar tez-tez belə bir deyimlə rastlaşırıq; “Deyəsən başıma hava gəlir”.

İllər öncə adını unutduğum şair də bunu təqribən belə ifadə edirdi;

Ana, mən belə deyildim,

Məni bu havalar korladı.

http://ailem.az/read/5351 

Go Back

Müharibə Stresi Azaldırmı??!

29-08-2014

19-08-2014

III Dünya müharibəsində hansı silahlardan istifadə ediləcək bilmirəm, ancaq dördüncüsü daş və çubuqla olacaq

Albert Eynşteyn

Görünən odur ki, müharibə artıq informasiya müharibəsinə çevrilib. Hər kəs döyüşür – kimi səngərdə düşmənlə, kimi isə bilgisayarın klaviaturası ilə...

Qəribə bir zamana gəlib çıxmışıq. Uzun müddət atəşkəs şəraitində yaşadıq.  İtkilərimiz ara-sıra olurdu. Ancaq etiraf edək ki, indiki miqyasda deyildi. Qarabağ savaşından əvvəl beynimizdə müharibə modeli Böyük Vətən müharibəsi idi. Müharibə ilə bağlı plakatlar rayonların mədəniyyət evlərində, köhnə bərbərxanalarda,  yəqin, hələ də durur: “Vətən uğrunda”, “Hər şey vətən üçün”, və sair.

İndi nə baş verir? Son günlər baş verən hadisələr bir çox məqamları və problemləri ortaya çıxardı. Bu problemlərdən ən böyüyü informasiya təhlükəsizliyidir. Baş verən hadisələr bizim bu sahədə kifayət qədər məlumatsız olduğumuzu ortaya qoydu. Başadüşüləndir. Belə situasiyada hər bir vətəndaş faydalı olmaq istəyir. Statistika da onu göstərir ki, özünə, cəmiyyətə faydalı olan insanda özgüvən hissi yüksək olur. Bu hal psixoloji faktor kimi mütəxəssislər tərəfindən hər zaman yüksək dəyərləndirilir.

Ancaq indi situasiya bir qədər fərqlidir. Sosial şəbəkədə yatmamaqla, səngərdə yatmamaq ayrı-ayrı şeylərdir. Həm coğrafi, həm də komfort baxımından.

Gün ərzində bir-birini təkzib edən xəbərlər verməklə düşünmürəm ki, biz nə isə qazanaq. Əksinə, itiririk – bir-birmizə olan inamımızı, doğru ilə yanlışı, içimizdəki ümidi...

Ən azından özümüzü cəbhə bölgəsində qulluq edən əsgər qardaşlarımızın valideynlərinin, doğmalarının yerinə qoyaq. O zaman mənzərə bizə qismən də olsa, aydın olacaq.  Müharibə şəraitində ən qorxulu silah provakasiyadır. O provakasiya ki, insanlar fərqində belə olmadan təsirinə düşürlər. Hərb tarixində bu üsuldan geniş istifadə edilib. Nəzərə almaq lazımdır ki, texnikanın inkişaf etdiyi müasir cəmiyyətimizdə bunu etmək üçün kifayət qədər münbit şərait var. Buna imkan verməməliyik. Son hadisələr bizim müharibə istəyimizi ortaya qoydu. İnanın, bundan sonra Azərbaycan əsgərinin boyu da uzanacaq, çəkisi də. Qələbəni hamımız bərabər yaşayarıq. Hər bir vətəndaş o anı səbirsizliklə gözləyir. Bu müddət ərzində soyuqqanlı olsaq, düşünürəm ki, çox şeylər qazanarıq. Müharibə qəhrəman yetişdirir. O qəhrəman isə xalqın genefondunu formalaşdırır. Bu gün bizim Mübarizimiz, Ramilimiz, Fəridimiz var. Müharibə insanlar arasında doğmalıq yaradır, həmrəylik formalaşdırır,  stressi azaldır. Müharibə zamanı intihar minimuma enir. Xəstəliklər azalır. İmmunitet yüksək olur. Ən əsası, cəmiyyətdə insanların özünəinam hissi formalaşır. Çünki aqressiyanın obyekti bəlli olur. Hər kəs bir nəfər kimi ora yönəlir.

Dünənə qədər 20 faizimiz işğalda idi. Bu gün azad oluruq, əməliyyat gedir, əməliyyat olunuruq. Ağrı olacaq, soyuqqanlı olaq. Bu gün hər birimiz ağrıyırıq. Bu gün hər birimiz əsgərik!

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin Rəhbəri

Ailə Psixoloqu

 

Go Back

Gəlin Toydan Niyə Qaçdı?! (Psixoloji Təhlil)

29-08-2014

Açığı, məni bu yazını yazmağa son zamanlar baş verən hadisələr vadar etdi. Lənkəranda qızın toy ərəfəsində evdən qaçması, Masallıda oğlanın gəlinsiz toy etməsi...

Coğrafi faktoru qabartmaq ola bilsin ki, bizi kimlərinsə qınağına tuş etsin. Ancaq bunu gözümüzə alıb da qeyd etmək istərdim ki, bəlli bölgədə tarixən kişi xaqanlığı daha qabarıq olub. (Əslində, biz bunu bütün Azərbaycana da şamil edə bilərik - E.R.) Yəni evdə söz sahibi daha çox kişilər olub. Hətta indinin özündə belə qız oğlanı görmədən belə onunla ailə qurmağa etiraz etmir. Çünki atası ondan əvvəl oğlanın atasına “həri”ni verib. (Diqqət edin, oğlana yox, məhz oğlanın atasına – E.R.) 

Qızın da buna hər hansı bir etirazı ataya və bütün ailə üzvlərinə qarşı hörmətsizlik kimi dəyərləndirilir.

Mətləbdən uzaqlaşmayaq. Anlatmaq istədiyim budur: mühafizəkar bir mühitdə böyüyən xanımlar necə olur ki, toylarında iştirak etmirlər. Haradandır onlarda bu cəsarət? Necə formalaşır? Buna nə şərait yaradır? Bunun üzərində dayanmaq istərdik. Çünki qorxumuz bunun kütləvi hal ala bilməsidir.

Bu cür hallar nə zaman baş verə bilər? Hansı qabaqlayıcı tədbirləri görmək lazımdır. Düşünürəm ki, bu sahədə birmənalı şəkildə kütləvi maariflənmə işi aparılmalıdır. Əks təqdirdə bu, bir virusdur. Zamanında tədbir görülməsə, digər bölgələrə də yayıla bilər. Çünki buna cəsarət edən tapıldı, məsələ işıqlandırıldı. Dolayısı ilə bu baryer də aşıldı və bu cür hallar qismən adiləşdi. İndi qalır gələcəkdə bu kimi halları azaltmaq üçün lazım olan profilaktik tədbirlər görməyə.

Baş verən hadisə bir qədər öncə Milli Məclisdə müzakirəyə çıxarılan evlilik öncəsi tibbi müayinə ilə yanaşı, psixoloji müayinənin də aparılmasını aktuallaşdırdı. Baş verən hadisə, əslində, quruluşçu rejissor Adil İskəndərov, ssenari müəllifi Sabit Rəhmanın olduğu “Əhməd haradadır?” filmində Leylanın timsalında ümumi şəkildə qoyulmuşdu. “Üzüyü qaytar, tez qaytar, indi XIX əsr deyil” şəklində. Ancaq filmin sonu çox yaxşı bitdi. Hətta gənclərə ailə qurmaq istiqamətində yaxşı bir yol da göstərildi.

Bir-birini tanımaq və sonda ailə qurmağa qərar vermək. Bu oldu keçən əsrin 60-70-ci illərində. O dövr üçün cəmiyyətə, ailə instituna bundan artıq mesaj göndərmək zatən qeyri-mümkün idi. Ancaq texnikanın inkişaf etdiyi müasir dövrdə, görünür, biz bəzi məsələlərdə keçən əsrdən də geri qalırıq. Nəticədə bu cür xoşagəlməz hallar yaranır.

Bizə irad tuta bilərlər. Ailə misalları göstərə bilərlər. “Toy günü bir-birini görüblər, çox xoşbəxtdirlər”. Deyə bilərlər. Bu günün reallığında belələri istisnadır, qayda deyil. Çünki bu gün daha problemli ailələrin olduğunun şahidi oluruq. O zaman sual olunur: evlilikdən öncə psixoloji müayinə, maariflənmə tərəflərə, ümumiyyətlə, cəmiyyətə nə verəcək?

Öncə onu qeyd edək ki, psixoloji müayinə nəticəsində ən azından tərəflər bir-birinin psixoloji, ailə vəziyyətini yaxşı tanıyacaq, zəif və güclü yanlarına daha yaxından bələd olacaqlar. Eyni zamanda, bu maariflənmə kişi və qadın psixologiyası haqqında bilgilənməyə də şərait yaradacaq.

Bu gün münasibətlərdə yaşanan ən böyük problem də, əslində, kişi və qadın psixologiyası haqqında tərəflərin bilgisiz olmasıdır. Bu məlumatsızlıq da sonda münasibətlərdə problemlərə yol açır. Bununla bağlı kitablar, məqalələr, tədqiqatlar var. Sadəcə, oxumaq, maariflənmək lazımdır. Başa düşürük, bu gün insanlar kitab oxumaqdan daha çox kitab oxumaq, onun faydası haqqında danışmağı sevirlər. Videoçarxlar hazırlamaq, filmlər çəkmək olar. Əgər bu maariflənmə işi aparılarsa, düşünürəm ki, bu kimi hallar da azalar. Əks təqdirdə problem daha da dərinləşə bilər. Hələliksə bir zərbə vurulub. Bu zərbə yeni ailə modelinə vurulan sillədir. Cavab şübhəsiz ki, sanballı olmalıdır. 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, Ailə Psixoloqu

Go Back

Hansı səbəbdən psixoloqa müraciət etməliyəm

16-06-2014

Tez-tez belə bir sualla rastlaşırıq. Sözlə insan düzələrmi? Problemi həll etmək üçün neçə seans gəlməliyəm? Nələr qazanacağam? Siz dərman yazırsınızımı? və s. Məqaləni bu suala veriləcək cavablar üzərində yazmağa qərar verdim.

Öncə onu qeyd edək ki, yaşadığımız dövr əvvəlkilərlə nisbətdə daha çox psixoloji gərginliyi, “egzistensional boşluğu” ilə seçilir. Hər şey var, ancaq heç nə yoxdur. Bu Varla Yoxun arasında isə insan həyatı axır. Bu gün fiziki sağlamlıqdan daha vacib psixi sağlamlığımızdır. Həyat hər addımda bunu bir fakt kimi qarşımıza qoyur. Sual olunur: Nə baş verdi? Nələr dəyişdi ki, psixi sağlamlıq əvvəlki dövrlərlə nisbətdə daha vacib oldu? Öncələrdə biz psixoloqsuz da keçinirdik. Heç bir problem də yaşamırdıq. Bəli, doğru qeyd edirsiniz. Ancaq nəzərə alın ki, indi nə o nənə-baba, nə də o ata-ana, nə də ki insanlararası real ünsiyyət qalıb. Hər kəs bu sürət əsrinin vintciyinə ilişib qalıb.

Sanki bir yerdə sayırlar. Sosial şəbəkədə mindən yuxarı dostu olanın real həyatda dərdləşməyə bir nəfəri belə yoxdu. Hər kəs öz mağarasına çəkilib qalıb. Kimsəyə dərdini açıb söyləyə bilmirsən. Fərdiləşmə, eqosentrizm, özünəqapanmaya sonda isə qeyd etdiyimiz psixoloji narahatlıqların artmasına gətirib çıxartdı. Bu narahatlıqları həll etmək, özünü bir fərd olaraq tanımaq, özündə hansı psixi proseslərin baş verdiyini dərk etmək, münasibətləri normaya salmaq (ailə, ata-ana, sevgi və s.) üçün insanlar Psixoloq köməyindən faydalanırlar. Psixoloji konsultasiyaya qatılan insanın birmənalı şəkildə köməyə ehtiyacı var. Fərq etməz, problem onun özü ilə bağlıdır, yaxud da övladı, həyat yoldaşı, sevgilisi və s. Özünün həll etməkdə çətinlik çəkdiyi və bunu peşəkarın dəstəyi ilə aradan qaldırmaq istəyi onu psixoloji konsultasiyaya qatılmağa vadar edir. Sadəcə bugün konsultasiya prosesində problem yaradan məqam insanların çox vaxt ən sonda psxioloq yardımından faydalanmalarıdır ki, bu da konsultasiya prosesinin uzanmasına gətirib çıxarır. Əgər insanlar zamanında müraciət etsələr problemin çözülməsinə 2 -3 seans belə kifayət edər.

Sevdiyimiz, bizə zövq verən bütün şeylərə qarşı diqqətli oluruq, ona yatırım edirik; Sürdüyümüz avtomobili həftədə azından 1 dəfə avtoyumaya aparırıq, ildə 1 dəfə də təmirə qoyuruq. Sual olunur: Yaşadığımız evdə imkan olan kimi dəyişiklik edirik, qarderobu təzələyirik. Olsun. Özümüzə necə bu qədər diqqət edirikmi? İldə bir dəfə belə olsun psixoloq seansına qatılırıqmı? Yəqin əksəriyyət buna “Xeyr” cavabını verəcək. Səbəbini “bunun mənə faydası olacaq” düşüncəsi ilə əsaslandıracaq. Haqlıdır. Ancaq o halda ki, peşakar psixoloqun seansına qatılsın və nəticə əldə etməsin, bundan sonra qeyd etdiyi fikri irəli sürsün. Bəzən haqlı irad da irəli sürülür. Bunun da kökündə bir sıra özəl səbəblər durur. Nədir o özəl səbəblər? Bir şey nəzərə alınmalıdı ki, insan özü istəməsə ona kimsə kömək edə bilməz. Lakin elə məqamlar da olur ki, insan özü müstəqil şəkildə düşdüyü situasiyadan çıxmaqda çətinlik çəkir. O zaman mütəxəssis dəstəyi əvəzedilməzdi. Zatən psixoloq xüsusi söz istehsal etmir. Sadəcə baş verən problem və situasiyanı daha obyektiv analiz edir və nədən qaynaqlandığı, çıxış yolu nədir bunun üzərindən işlər aparır. Heç kim düşdüyü situasiyanı görmək iqtidarına malik olmur. Ona görə də bu istiqamətdə psixoloq dəstəyi əvəzedilməzdi. Problemə subyektiv yanaşma qüsurlu dəyərləndirmə ilə bitir. Bu olur. Təsəvvür edin. Evdə bir təmir işi aparmaq lazımdır. Əgər mütəxəssis belə olmasanız zaman sərf edib bunu öyrənə və sonda evinizi təmir edə bilərsiniz. Ortada böyük zaman itkisi olacaq. Ancaq bu iş mütəxəssisə həvalə edildiyi təqdirdə həm zamana qənaət etmiş olarsınız, həm də psixi durumunuz daha sabit qalacaq. Bu bütün digər məsələlərə də şamil edilə bilər. Zatən insanın bacarmadığı bir şey yox, istəmədiyi şeylər var. Sadəcə bütün bunlar çoxlu zaman tələb etdiyinidən mütəxəssisə həvalə edilir. Mütəxəssis isə problemi qısa zaman kəsiyində həll edib, Sizlərin ixtiyarına buraxır Psixoloq da insanın psixi həyatında baş verən narahtçılığı analiz edir, problemin nədən qaynaqlandığını, həll yolunun nədən ibarət olduğunu pasiyentə çatdırır. Sonradan eyni bir problemlə pasiyent qarşılaşarkən artıq özü-özünə yardımçı olur. Həll olunmayan problem yoxdu, hər şey problemə yanaşma tərzindən asılıdır. Baxdığınız yerdəsiniz! İstiqaməti doğru seçin. O zaman yaşamaq da Sizə zövq verəcək. İstiqamətiniz mübarək!.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)nin rəhbəri, psixoloq Elnur Rüstəmov

 

 

Go Back

Qadınlar kişilərdən daha çox intihara meyl edir

09-06-2014

Elnur Rüstəmov: “Azərbaycanda pisixoloqa 1 saata 25-30 AZN, müğənniyə yarım saata 5-10 min manat ödəyirlər”

“Gənc intihar etdi”, “Məktəbli canına qıydı”, “Ortayaşlı qadın özünü binadan atdı”, təssüflər olsun ki, son zamanlar bu sözləri daha tez –tez eşidirik. 

Bəs görəsən insanları intihara sürükləyən nədir? Müasir zəmanədə, texnikanın inkişaf etdiyi bir dövrdə, insanların rahat yaşayışı üçün hər cür şərait olan bir vaxtda nə üçün insanlar canlarına qıyırlar? Bu suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovla görüşdük. Onun Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.

-Insanları intihara sürükləyən hansı səbəblərdir?


-Bir insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir. Yəni insanların bir qismi hər hansı problemdən çıxış yolunu intiharda görür desək yanılmarıq. Həyatımız hər an biz istədiyimiz kimi irəliləmir. Enişli –yoxuşlu, xoşbəxt və ya bədbəxt anları da olur. Ancaq bəzi insanlar bu problemlərlə mübarizə aparmadan intihar yolunu seçirlər. Bu bir az da insanların tipajı ilə, onların genetik faktoru ilə bağlıdır. Elə nəsil var ki, burada zaman – zaman intihar etmiş insanlar olur. Və bu da həmin nəsildən olan insanlarda intihara meyllilik kimi risk faktorlarına səbəb olur. Uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişlərdən qurtulmaq istəyənlər də intihara təşəbbüs edirlər. Ən çox intihar edən insanlar isə depressiyada olan insanlardır. Depressiya birbaşa görünən xəstəlik deyil. Insan illərlə depressiyada ola bilər və bunun fərqinə varmaz. Bəzi insanlar isə intihardan silah kimi istifadə edir. Hər hansı problemin həlli üçün və ya diqqəti üzərinə çəkmək məqsədi ilə bu yola əl atırlar. Bu insanlar intiharla diqqəti çəkmək və ya müdafiə olunmaq istəyirlər. Buna imitasiya deyilir.

- İnsanların depressiyaya düşməsinə nə səbəb olur?

-Insanlar bugün müxtəlif səbəblərdən depressiyaya düşə bilərlər. Hətta ayrı-ayrı şəhərlərdə, fərqli məqamlarda insanların depressiyaya düşmə səbəbləri müxtəlif olur. Bugün Azərbaycanda orta statistik depressiya halları diqqətsizlikdən, ilgisizlikdən irəli gəlir. Sevgidə uğursuzluq, ailə daxili konfliktlər də insanları depressiyaya sala bilər. Bu səbəblər Azərbaycan üçün mövcuddur. Çox nadir hallarda Avropada bu səbəbdən depressiyaya düşmək halları olur. Belə qənaətə gəlmək olur ki, Azərbaycanda insanlar tam fərqli səbəbdən, məsələn İngiltərədə isə fərqli səbəbdən depressiya yaşayır. Hər bir insan xoşbəxt olmaq istəyir. Insan xoşbəxt olmaq üçün bunu daxilində hiss etməlidir. Bunu hiss etmədikdə insanın əhvalı dəyişir, ruh düşkünlüyü yaranır, depressiyaya düşür. Depressiyanın da növləri var. Var monopolyar depressiya. Biz il ərzində bir iki dəfə depressiyaya düşə bilərik və asanlıqla bu vəziyyətdən çıxa bilirik. Ancaq elə depressiya var ki, biz bundan çıxa bilmirik. Hər hansı problemi insan həll edə bilmir, depressiyaya düşür və bu hal onda uzun müddət davam edir. Məsələn iki insan sevgilidir, bunlar arasında ayrılıq yaşanır. Ayrılıqdan sonra insan həyatın davam edə bilmir. Onun özünə gəlməsi zaman tələb edir. Və insan özünə gəldikdə artıq itirdiyi zamana görə heyfslənməyə başlayır.

Əsasən fəaliyyət göstərən, aktiv həyat tərzi yaşayan insanlarda depressiyaya düşmək halları müşahidə olunmur. Bu insanlarda işlə bağlı stress olur, ancaq onlar dinamik həyat tərzi yaşadıqları üçün depressiyadan uzaq olurlar. Insanlar depressiyaya düşdükdə bunun qarşısını almağa çalışmalıdırlar. Mütləq psixoloji dəstək alınmalıdır. Insan depressiyada olduğunu necə anlaya bilər? Bunun üçün müxtəlif testlər var. Bu testlərdən keçərək insan özünün depressiyada olduğunu anlaya bilər. Zanqın , Xamiltonun testlərindən istifadə edə bilərlər. Bu testlər vasitəsi ilə onlar hətta hansı dərəcədə depressiyada olduqlarını belə öyrənə bilərlər. Bizim insanlarda bu istiqamətdə maarifləndirmə olduqca zəifdir. Bizdə kiminsə depressiyada olduğunu gördükdə ilk sual bu olur: “nəyin çatmır?” Bu sualı verdikdə isə biz daha çox maddiyatı nəzərdə tuturuq. Depressiyada olmaq maddi problem yaşamaq deyil. Bu insanın daxili problemidir. Insan maddi cəhətdən tam təmin olunursa bu o demək deyil ki, o xoşbəxtdir. Bu mənəvi məsələdir. Çox təəssüflər olsun ki, bir qism insanlar özündən başqa hər kəsi xoşbəxt sanırlar. Həyatda hər kəsin özünə görə problemi var,elə bir insan yoxdur ki, onun problemi olmasın. Əslində problem bizi motivə edən bir varlıqdır. Biz önümüzə çıxan problemləri həll etdikcə ozümüzə olan güvənimiz daha da artır. Əsas insanların baxış bucağıdır. Problemə stimul kimi baxılarsa onun həlli də insane üçün daha asan olar.. Problemlər bizi gələcəyə götürə bilər. Elə insanlar da var ki, onlar problemsiz yaşaya bilmirlər. Bu da bir psixoloji problem kimi dəyərləndirilə bilər. Depressiyada olan insanların əksəriyyəti maddi təminatı normal olan insanlardır. Bu insanlarda mənəvi problemlər yaşanır ki, bu da onların həyatdan zövq almağına mane olur. Ola bilər ki, bu insanlara diqqət çox olsun. Amma onlar da bilirlər ki, bu diqqət nədən irəli gəlir. Adətən maddi cəhətdən imkanlı olan insanlara diqqət də çox olur. Sadəcə bu insanlar həyata tutacaq bir dəyər axtarırlar ki, bununla uzun müddət yaşaya bilsinlər. Insan xoşbəxtliyi öz içində hiss etməlidir. Ola bilər ki, o hansısa əşyanı əldə edər və xoşbəxt olar. Bu onun xoşbəxtliyi deyil. Daxildən gələn xoşbəxtlik tam fərqlidir. Insan yaşadığının fərqinə varır,insanlar üçün əhəmiyyətli olduğunu anlayır.

-Hansı yaş dövründə insanlar daha çox intihara meyl edirlər?

-İntihara cəhd müxtəlif yaş dövrlərində rast gəlinə bilər. Bu hal yeniyetmələrdə, orta yaşlı və ahıl yaşlı insanlarda müşahidə oluna bilər. Əsas odur ki, insan özü və ətrafındakıları bu situasiyada diqqətli olsunlar. Çox vaxt intihar edən insanın daxilində baş verənlərdən xəbərsiz olurlar, onun nə vəziyyətdə olduqlarının fərqinə varmırlar. Bu intihar ani bir anda baş vermir. Bu insanın daxilində uzun müddətə qərarlaşdırdığı bir prosesdir.

-Sosial problemlər intihara səbəb olurmu? 

-Çox maraqlı sualdır. Bu haqda zaman- zaman fikirlər irəli sürülür ki, sosial problemlər intihara yol açır, əslində belə deyil. Sadəcə bizə belə bir fikri təlqin ediblər ki, sosial problemləri olan insanlar daha çox intihara meyl edirlər və biz də bunu qəbul etmişik. Analogiya aparsaq görərik ki, intihar inkişaf etmiş, sosial təminatı normal olan ölkələrdə daha çox baş verir. Intihar hallarının daha çox rast gəlindiyi yer Skandinaviya ölkələridir. Bu ölkələrdə həyat şəraiti yaxşıdır, demək olar ki, burdakı insanlar maddi problemlər o qədər də yaşamırlar. Burdan da belə nəticəyə gəlmək olar ki, intihar sosial problem deyil. Intihara cəhd edən insanlar psixoloji problemləri olan şəxslərdir. Ola bilsin ki, sosial problemlər qismən də olsa ona təkan versin. Məsələn indi abituriyentlər imtahana hazırlaşıblar. Valideyn övladından maksimum bal gözləyir və bunu da bütün qohum- əqrəbanın yanında hallandırır. Amma valideyn övladının içindən xəbərsizdir. Uşaq gözləntiləri doğrultmur və intihara cəhd edir. Bu sosial problem deyil.

Son zaman iki orta məktəb şagirdinin intihar etdiyini eşitdik. Axı bu sosial problemdən irəli gəlmir? Mən inanmıram o ailələrdə yemək və ya geyim problemi olsun. Bu alilərdə sadəcə övlad-valideyn münasibəti düzgün tənzim olunmayıb.

Daha bir ajiotaja səbəb olan intihar faktı Qarabağ qazisinin özünü övladlarının gözü önündə yandırması oldu. Ən təhükəli hal odur ki bizdə imitasiya var. Bir insan bir hərəkəti edirsə şüuraltı olaraq digərləri də bunu etməyə cəhd edirlər. Əslində o məsələ xüsusi qabardılmalı deyildi. Şüuraltı olaraq digər qazilər də başladılar bunu təkrarlamağa. Bunun kütləyə təzahür etməsi böyük problemdir. Insanlar düşünmürlər ki, bunu edirəm ölə bilərəm. Onlar məqsədlərinə nail olmaq üçün intihar etməyi qarşılarına məqsəd qoyurlar. Zaur Həsənov istəsəydi öz hüquqlarını bərpa edə bilərdi. Bütün hallarda yandırmaq, öldürmək çıxış yolu deyil. O insanın maddi problemi həll olundu. Bəs həmin ailədə atasızlıq sindromunu kim bərpa edəcək. O uşaqlara verilən travma necə olacaq?

Bugün bizim insanların bir problemi də fərd olaraq özlərini kapitala çevirə bilməməsidir. Bu böyük bir problemdir. Adi bir usta özünü kapitala çevirə bilirsə onun hər cəhətdən maddi vəziyyəti normal ola bilər. Bu istiqamətdə insanlarımız maarifləndirilməlidir. Insanlar öz peşələrini düzgün təqdim etsələr inanın ki, heç bir kəs maddi problem yaşamaz.

-Depressiyada olan kişilər daha çox intihara cəhd edirlər, nəinki qadınlar. Belə demək olar ki, qadınlar daha güclü iradəyə sahibdirlər?

-Ümumiyyətlə qadınlar kişilərdən daha çox intihara cəhd edirlər. Sadəcə onlar kişilərə nisbətən qəti şəkildə bunu etmirlər. Kişilər isə intiharı real həyata keçirir. Qadın dörd dəfə intihara cəhd edirsə, kişi bir dəfə dəqiqləşdirir və istəyinə nail olur.

-Insanlar depressiyadan qorunmaq üçün nə etməlidirlər?

-Insanlar bu sahədə maarifləndirdikcə onların intihara qarşı immunitetin qaldırmış olarıq. Insanlarımız bugün müasir texnikanın inkişaf etdiyi bir dövrdə yaşayır. Onları həyata bağlayan məfhumlar zaman- zaman dəyişir. Düşünürəm ki, biz insanları maarifləndirsək bu problemin də həllini tapmış olarıq. Sırf psixoloji istiqamətdə yaxşı olardı ki, mütəmadi olaraq seminarlar keçirilsin, broşurlar paylansın. Əgər insanların problemi varsa onlar mütləq psixoloji dəstək almalıdırılar. Yaxşı olardı ki, bu mütəxəssislər tərəfindən həyata keçirilsin. Əfsuslar olsun ki, bu situasiyalarda insanlar təyinata xas olmayan sahələrə müraciət edirlər. Əgər insan depressiyadadırsa onu ekstrasense, falçıya cin çıxarmaya yox, psixoloq yanına aparmaq lazımdır. Insanlarımız bu istiqamətdə maarifləndirmək lazımdır. Maarifləndirmə kor koranə şəkildə deyil, müəyyən bir layihə çərçivəsində həyata keçirilməlidir. Yaxşı olardı ki, xarici ölkələrdə olduğu kimi, biz də də ailə psixoloqları fəaliyyət göstərsin. Orta məktəblərdə bir psixoloq deyil, bir neçə psixoloq uşaqlarla psixoloji iş aparsın, onlar üçün xüsusi otaq ayrılsın. Bu işə məsuliyyətli yanaşmaq lazımdır. Məktəblərdə çox zaman praktikası olmayan psixoloq işləyir ki, bu da gözlənilən effekti vermir. Amma bizim dövlət və QHT lər də bu sahədə fəaliyyətsiz deyillər. Səhiyyə Nazırliyi bu sahədə yetərli addımlar atır. Lakin düşünürəm ki, bu addımları daha da genişləndirmək lazımdır. Maarifləndirmə aparıldığı təqdirdə problem qismən də olsa tənzimlənəcək. Bu istiqamətdə qanun qəbul olunsa daha yaxşı olar.


-Psixoloji problemləri olan elə insanlar var ki, sadəcə maddiyat üzündən müraciət edə bilmirlər. Düşünürsünüz ki, qiymətlər insanların büdcəsinə uyğundur?

-Mən deməzdim ki, bizdə qiymətlər bahadır. Psixoloq bir xəstəyə bir saat vaxt sərf edir. Bunun müqabilində də 25-30 AZN pul ödənilir. Ancaq elə insanlarımız var ki, hansısa məhşur müğənnini toya dəvət edib, ona yarım saata 5 min, 10 min pul ödəyirlər. Mənim fikrimcə bu qədər pulu ödəməyə imkanı olan insan psixoloq pulunu da rahat ödəyə bilər.

Bizdə çox insanlarar Azərbaycanda psixoloq yanına getmir. Xarici ölkələrdəki psixoloqlara üstünlük verirlər. Külli miqdarda pul tökürlər, nəticədə isə heç bir effekt əldə etmədən geri dönürlər. Bu insanlara anlamırlar ki, o ölkədə insanların psixoloji problemləri başqadır, burda tam başqadır. Olkələrdə olan psixoloji problemlər oranın adət ənənlərinə, mental dəyərlərinə əsasən formalaşır.

Bizim insanların bir xüsusiyyəti də falçılara, ekstrsenslərə çox inanmaları və bunun nəticəsində də onlara külli miqdarda pul xərcləmələridir. Hətta mənim yanıma elə insanlar gəlir ki, onlar hansısa problemi həll etmək üçün ekstrsenslərə xeyli pul ödəyib, heç bir nəticə əldə etməyib son ümid kimi bura gəliblər. Elə şeylər var ki insanlar ora rahatlıqla pul xərcləyirlər. düşünürlər ki, bir dəfə pul ödəyəciyik, bununla da problem həll olunacaq. Ancaq fikirləşmirlər ki, bu problem bir dəfəyə yaranmayıb ki, bir dəfəyə də həll oluna bilər.

 

Go Back

Telefon zənglərinin 70-80 faizi həyəcan yaradır

06-06-2014

Gündən-günə xüsusi amansızlıqla törədilmiş cinayət hadisələri, ailə münaqişələrinin sayı artır. Bu, cəmiyyətdə aqressiyanın artmasından xəbər verir. Problemlər artsa da, insanların psixoloqa müraciət etmə dinamikası yetərli deyil. Səbəb psixoloq köməyi ilə bunun aradan qaldırılmasına inamın az olmasıdır. Bəs problemlər nə üçün artır? Nə üçün psixoloqlara inam azdır? Hər psixoloq etibarlıdırmı?

Suallara Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovla cavab tapmağa çalışacağıq.

Psixoloqun fikrincə, hazırda psixoloji problemləri olan insanlarla bağlı statistika reallığı əks etdirmir. Xəstəxanalarda qeydiyyata düşən psixi xəstələr ən son məqamda həkimə müraciət edən insanlardır. Reallıqda isə psixi problemləri olan insanların sayı daha çoxdur. Cəmiyyətdəki intiharların, cinayətlərin kökündə psixoloji problemlər durur. Sadəcə ailə, ətraf ona etinasız yanaşdığına görə fakt aşkarlanmır. Çünki təəssüf ki, bizdə hələ də “yeməyin, geyimin varsa, hansı psixoloji problemin ola bilər?” düşüncəsi var.

Problemlərin artmasına səbəb nələrdir?

E.Rüstəmov bildirir ki, psixoloji problemlər XX əsrin ikinci yarısından sonra artmağa başlayıb:


“O zaman insanlarda psixoloji problemlərin müxtəlif səpkilərdə artması müşahidə edilib. Bu artımın səbəbləri sırasında iki dünya müharibəsi nəticəsində yaşanan post travmatik stress, texniki tərəqqi, münasibətlərin virtuallaşması, insanlararası özgələşmə göstərilir. İnsanlarda ünsiyyət tələbatı ödənmir. Fərd qarşılaşmış olduğu problemi doğru istiqamətdə həll etməyəndə, çıxış yolu tapmayanda, onda müxtəlif psixoloji narahatlıq, özgüvən əksikliyi, panik atak, depressiya, fobiya yaranır. Bu da sonda fərdin ətrafdan təcrid olunmasına, özünə qapanmasına, ən sonda intiharına gətirib çıxarır. Bu gün psixoloji və psixiatrik problemlərin təsnifatında yeni-yeni xəstəliklər ortaya çıxıb. Ən geniş yayılanları depressiya, obsessiv-kompulsiv pozuntular, panik atak, fobiyalar və s. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarına görə, depressiya ilk üçlüyə daxil olan psixoloji problemdir, bunun səbəbi isə müxtəlif faktorlarla əlaqələndirilir. Son araşdırmalar göstərir ki, telefon zənglərinin 70-80%-i insanda həyəcan, narahatlıq yaradır”.

Cinayətlərin də sayı artır, gün ərzində ata oğlunu öldürdü, qardaş-qardaşı öldürdü xəbərlərini eşidirik. O qədər eşidirik ki, artıq adiləşib. Bəzi fikirlərə görə, bu hadisələr hər zaman olub, sadəcə, indi məlumatlar daha açıqdır.

E.Rüstəmov bu faktların artmasının əsas səbəbi kimi hadisələrin adiləşməsini göstərir. Müqəddəslik ortadan götürüldü, “mən də edə bilərəm” düşüncəsi formalaşıb:

“Bu gün insanlar həyəcan, kəskin hisslər yaşamaq istəyir. Avtomobili idarə edəndə yüksək sürətlə idarə etməyə çalışırlar, ani diqqətsizliyin özünün və başqalarının həyatına son qoya biləcəyini bilərək edir, çünki o, həyəcanı yaşamaq istəyir. Sevgi münasibətlərində belə tərəflər kreativlik, qarşısındakını təəccübləndirərək o anı yaşamağa çalışırlar. Həmçinin cinayət hadisələrinin də açıq formada verilməsi onları adiləşdirib. Xüsusi amansızlıqla cinayət törədənlər şüuraltı olaraq bundan həzz alır. Xəbər saytlarında ilk onluğundakı xəbərlərin zorakılıqla bağlı olması da, bu faktları sübut edir. Bu xəbərlərdə cinayətlərin aradan qaldırmaq, problemin həlli yolu göstərilsə, daha yaxşı olar. Hətta xəbər başlıqları insan psixologiyasına təsir edir, şüuraltını işğal edir”.

Bəs bu qədər çox psixoloji problem olan cəmiyyətin psixoloqa müraciəti necə dəyərləndirmək olar? 

Psixoloqun fikrincə, insanların bir qismi hələ də psixoloqa getməyi psixi xəstə olmaq kimi dəyərləndirirlər. Ona görə də, problemi psixiatr, psixoloq dəstəyi ilə aradan qaldırmaqdan daha çox, digər sahədə çalışan həkimlərlə, bızın isə falçı, ekstrasens köməyi ilə aradan qaldırmağa çalışırlar. İnsanlar anlamalıdır ki, psixoloq psixi sağlam insanla işləyir. Psixiatr da yalnız şizofrenləri müalicə etmir. 

“Orta və yaşlı nəsil, qadınlara nisbətdə kişilər psixoloqa getməyi təqdir etmir. Bəzən psixoloji xidmət üçün belə xaricə gedirlər. Amma bu yanlış düşüncədir. Çünki Azərbaycanda yaşayan psixoloq bölgəni daha yaxşı bildiyindən diaqnozu da dəqiq qoya bilər. Bunun əsas səbəblərdən biri söhbətin anonimliyinə inamsızlıqla bağlıdır. Insanlar nəzərə almalıdır ki, psixoloq anonimliyə zəmanət verir və buna görə məsuliyyət daşıyır. Azərbaycanda məsuliyyətli psixoloq və psixiatrlar kifayət qədərdir”.

Amma psixoloqlar da var. Yeni-yeni psixoloji mərkəzlər yaranır, amma onlar nə qədər etibarlıdır? İnsanların düşündürən məqamlardan biri də mərkəzlərin pul tələsi olması, psixoloqların onları özlərindən asılı salmasıdır. Bəzən insanlar aylar, illərlə psixoloq yanına gedirlər, sanki onunla danışmasalar, rahatlıq tapmırlar. Bu, normal haldır, yoxsa asılılıq deməkdir?

Psixoloqun sözlərinə görə, ölkədə psixologiyaya marağın artması, mərkəzlərin sayına da müsbət təsir edib. Burada həmçinin biznes maraqları da var. Onların fəaliyyətinin tənzimlənməsi istiqamətində iş görülür:

“Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzi yaradılıb, artıq koordinasiya işləri aparılıb. Psixoloqun etibarlı olmasını müəyyən etmək üçün bəzi ölkələrdə sertifikatlaşdırma aparılır. Sertifikasiya şərtlərində yaş, ali psixoloji təhsil və təcrübənin olması tələb edilir. Amma ali psixoloji təhsildə problemlər var. Xaricdə psixoloq diplomu alıb, ekstrasens, falçılıqla məşğul olanlar az deyil. Ona görə də, diplom yetərli deyil. Bu ilin sonuna psixi sağlamlıq haqqında qanunun qəbul edilməsi planlaşdırılır”.

Psixoloqdan asılılıq olmasına gəldikdə, E.Rüstəmov bildirdi ki, bu müalicənin uzunmüddətli olması qorxulu deyil. Amma insanlar aldadıldıqlarını özləri də müəyyən edə bilərlər:

“Psixoloq dərman vermədiyinə görə, müalicənin uzunmüddətli olmasının qorxusu yoxdur. Bu məqamda psixoloqun mötəbərliliyi, nəticənin olması önəmlidir. Bunu insan özü də müəyyən edə bilir. Psixoloqdan asılı qalma onlar arasında yaranan əlaqə ilə bağlıdır. Heç kimə demədiklərini psixoloqa dediyinə görə, arasındakı münasibət emosional bağdır. Amma bir insan illərdir psixoloqa gedirsə, bu normal deyil. 2-3 aydan bir, ayda iki dəfə psixoloqa getmək asılılıq deyil. Zaman keçdikcə, hər bir insan özünün psixoloqu olacaq. Bundan başqa, ailə, uşaq və yeniyetmələr üzrə ixtisaslaşmış psixoloqların olması mütləqdir. Əsas problemlərimizdən biri də kadrlar olmamasıdır, buna görə də qeyri-peşəkarlar bazarda yer tutur”.

Amma psixoloqa getmədən də problemlərini həll edən, depressiyadan çıxanların sayı az deyil. Psixoloqa getmək mütləqdir?

E.Rüstəmovun sözlərinə görə, insanların problemlərini özlərinin həll etməsi mümkündür, lakin psixoloq onlara istiqamət verir. O, bu sahədə mütəxəssisdir, problemi aradan qaldırmağın asan yolunu bilir.

“Bundan başqa, problemi bölüşmək insana mənəvi rahatlıq verir. Problemi təsadüfi adamarla bölüşmək, məsələni yanlış istiqamətə yönəldə bilər. Mütəxəssis daha düzgün yol göstərir. Problemlərimizin aradan qalxdığını hiss ediriksə, münasibətlərimiz düzəlirsə, demək düz yoldayıq”.

Problemlərimizi bölüşməməyimiz intiharlara səbəb ola bilərmi? Bəzi fikirlərə görə, intihar, əslində, bir şoudur.

Psixoloq bildirir ki, intiharlar müxtəlif formada olur. Bəzi insanlar intihara meyilli olur, onlar zaman-zaman buna cəhd edirlər, bəziləri isə depressiyada olduğuna görə edirlər:

“Mütəmadi olaraq bu yola əl atanlar damarlarını kəsir, dərman içirlər. Bu zaman kiməsə zəng edib, xəbərdarlıq edirlər. İntiharı həyata keçirmək istəyənlər isə həyatlarında məna görməyənlər və problemdən çıxış yolunu bu formada dəyərləndirənlərdir. Bunlar uzun müddət hər hansı xəstəlikdən əziyyət çəkənlər, fizioloji narahatlığı olanlar, ailə qurmayan, ailədaxili konflikt yaşayanlar, alkoqolik və narkomanlar daxildir. Onlar psixoloqa getməklə problemi görə və həll edə bilərlər. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Bu zaman alınan psixoloji xidmət intihardan daşındırar”.

İnsanlar ətraflarında baş verənlərə laqeyid qalır. Küçədə biri yerə yıxılsa, heç kimin vecinə olmur.

E.Rüstəmov bildirir ki, cəmiyyətdəki laqeydliyə səbəb insanların eqolarıdır:

“Osvald Şpenqler qeyd edirdi ki, primitiv səviyyədə cəmiyyət tabularla idarə edilir, həmin cəmiyyətdə “mən” yox, “biz” anlayışı var. “Mən” anlayışı olan cəmiyyət psixologiya ilə idarə olunur. Bu gün “mən”anlayışı və eqo daha qabarıqdır. Buna görə də hər kəs özünə yönəlib. Bu da insanlar arasında baryer yaradıb, hər kəs öz doğruları ilə yaşayır. Əksəriyyət situativ həzz istəyir. Insanlar arasında məsafə yaranıb, ortaq maraq olmayanda insanlar bir-biri ilə həftələrlə maraqlanmır”.

Son olaraq, psixoloq özündə psixoloji narahatlıq, depressiya və digər psixoloji narahatlığı yaşayan birinin psixoloqa müraciət etmədən, ilkin mərhələdə özünü necə sakitləşdirə biləcəyindən danışdı.

Onun sözlərinə görə, insan maraq dairəsini artırmalıdır. Cəmiyyəti maarifləndirmək, insanlara dəyər vermək lazımdır:

“Səhv etmirəmsə, Süleyman Peyğəmbərlə bağlı bir əhvalatdır ki, onun əlində bir üzük olub, əsəbiləşəndə də, sevinəndə də əlindəki üzüyə baxıb. O üzükdə “bu da keçib gedər” sözləri yazılmışdı. İnsanların hadisələrə yanaşma tərzi olmalıdır. Hər şey axıb gedirsə, ən çətin və yaxşı vəziyyət də keçib gedəcək. Mübahisə zamanı bir az səbir etməklə, hadisəni daha asanlıqla həll edə bilərik. Bu asan deyil, amma bunu özünə aşılamaq lazımdır. Bu zaman cinayətlərin də sayı azalacaq. Çünki cinayət edənlərin də əksəriyyəti peşmandır. İnsanlar fiziki sağlamlıqdan daha çox psixoloji sağlamlığına diqqət etməlidir. Çünki ürək, mədə-bağırsaq, diabet xəstəliklərinin əksəriyyəti də psixoloji narahatlıqdan yaranır. Sadəcə, insanlar həyatı pozitiv dəyərləndirməlidirlər, bu zaman yaşamaq da daha rahat olur”.

Publika.az

 

 

Go Back

20 nəticə göstərilir