Düşüncə Jurnalı

header photo

Psixosomatik xəstəliklər

Psixosomatik xəstəliklər , əsasən gənc yaşlarda başlayan və illərcə davam edən , özünü müxtəlif bədənsəl ( fiziki) simptomlarla biruzə verən bir psixoloji narahatlıqdır. Bədənsəl simptomlar arasında vücudun müxtəlif hissələrində olan ağrılar ( baş ağrısı, bel ağrısı,qarın ağrısı və s.), ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda uyuşma- qıcolma, səsin tutulması, menstural pozğunluq sıx-sıx rastlananlardandır. Bu simptomların heç bir tibbi açıqlaması olmur və təmamən psixoloji rahatsızlıqla əlaqədardır. Ruhi sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları daim qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirən zaman psixoloji olaraq da bundan narahatlıq keçirir, əhvalımız korlanır, eynilə də hansısa qorxu, stress, həyəcanverici bir hadisə ilə qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir, bulantı, baş ağrısı, qıcolma, tərləmə və s. kimi.

Bəzən psixosomatik ağrılardan xəstələr illər boyu can qurtara bilmirlər. Bütün həkimlərdə olur, qəbul etmədikləri dərman qalmır, amma ağrılar, narahatlıqlar keçmir. Bu zaman bir dayanın və psixoloji durumunuza nəzər salın. Əslində yaşadıqlarımız və mühitimiz xəstəliklərimizin ən yaxşı təyinedicisidir.

İllərdir yaxa qurtara bilmədiyiniz bu səbəbi tapılmayan ağrılar Psixogen ağrılar adlanır. Psixogen ağrılar insanın psixoloji durumundan qaynaqlanan ağrılardır. Əsasında psixi səbəblərin, gərginliyin, mənfi psixoemosional yüklənmənin , qorxu və həyəcanın durduğunu xəstələr çox vaxt qəbul etmək istəmir və hansısa bir reseptlə bütün narahatlıqlardan qurtulmaq istəyirlər. Halbuki, psixosomatik ağrılar dərmanla aradan qalxan deyil! İlk öncə bunu qəbul etmək lazımdır! Psixoloji faktor aradan qalxmadıqca ağrıların da aradan qalxmayacağı labüddür.

Psixosomatik xəstəliklərin bir neçə forması var. Bunlardan ən geniş yayılanları psixogen baş ağrıları, ürək və qarın nahiyəsində olan psixogen ağrılardır. Psixogen baş ağrılarını miqrendən fərqləndirmək lazımdır. Belə ki, psixogen baş ağrıları bütün baş nahiyəsində, ənsə nahiyəsində olur və ağrılar gözlərə vurur. Çox vaxtə əsas şikayət kimi ağırlaşmanın çiyin nahiyəsindən başlayıb başa keçdiyi söylənilir.  Miqren isə birtərəfli , ancaq başın bir nahiyəsində, ritmik bir ağrı şəklində olur. Baş ağrılarının ilk öncə  həkim nəzarətində  EKQ, MRT, KT və s. kimi bir sıra müayinələrdən keçdikdən sonra heç bir tibbi səbəb tapılmazsa  psixogen olduğunu söyləmək olar.

 Qeyd etmək lazımdır ki, xüsusilə sıxıntılarını, narahatlıqlarını dilə gətirə bilməyən, daim içinə atan insanlarda bu xəstəliklər daha sıx müşahidə olunur. Yəni, problemlər sözə çevrilməyincə vücudumuz danışmağa başlayır. Bu ağrılar özünü Nevrozlar formasında da göstərir və genetik xarakter de daşıya bilir. Belə  ki, psixosomatik narahatlıqlar yaşayan ailə fərdlərinin bir neçəsində bu hala tez-tez rast gəlmək mümkündür.  Belə ailələr əsasən aşırı dərəcədə qoruyucu, ailə sərhədlərinin sıx olaraq iç-içə keçdiyi və problemlərini danışaraq həll etmək potensial aşağı olan ailələrdə daha çox müşahidə olunur.

Xəstəliklər əsasən 25- 30 yaşlardan sonra başlayır və qadınlarda ortaya çıxma faizi üstünlük təşkil edir. Həddindən artıq psixi gərginlik, xroniki yorgunluq, hər hansı bir yenilik zamanı neqativ düşüncələrə qapılanda, özgüvənin və özünü qiymətləndirmənin aşağı olduğu hallarda, aqressiya, qısqanclıq hissləri üstünlük təşkil edəndə, yuxarıda qeyd etdiyimiz kimi hisslərini biruzə verə bilməyəndə, dilə gətirə bilməyəndə, mühitə uyğunlaşmada çətinlik çəkəndə, sosial və digər fobiyalar zamanı, isterik şəxsiyyət tipində və s. hallarda psixosomatik əlamətlərin üzəçıxma ehtimalı artmış olur.

Ömür boyu bu ağrılarla yaşamağa məhkum deyilsiniz! Biraz özümüzə zaman ayırın, psixi dünyanıza qulaq verin və narahatlıqlardan qurtulun....

Psixi sağlam qalmanız diləyilə..........

 

 

Fəridə Qasımova

"Düşüncə" jurnalının redaktoru, AMEA-nın doktorantı

Go Back

Salam Fəridə xanım. Məndə özünə inamsızlıq və bir sıra komplekslər var. Məşğul olduğum bir iş çox sadə və çox da önəm daşımasada mən bu işə çox önəmliymiş kimi yanaşıb çox vaxt yersiz həyəcana qapılıram. Bir məclisdə, bir iclasda olarkən nitq söyləməyə çəkinirəm və çıxış edəndə də həyəcanım səsimdə danışığımda çox hiss olunur və bütün bədənim əsir. Tez əsəbləşib tez də soyuyuram.Hirsim soyuyanda isə xətrinə dəydiyim insandan üzr istəyirəm. Amma bununla yanaşı çox mübarizəm və gələcəyə inamım çox güclüdür.
Fəridə xanım öz xarakterim haqqında sizə və məlumat verdim. Sizdən çox xahiş edirəm ki, məndə olan özünə inamsızlıq və kompleksləri özümdən uzaqlaşdırmaq üçün mənə məsləhət verəsiniz. Sorğumu oxuduğunuz üçün sizə əvvəlcədən öz təşəkkürümü bildirəm.



Sorğu göndər