Düşüncə Jurnalı

header photo

Şəhidlərin şahidləri

20-01-2015

 Hörmətli redaktor!

“525-ci qəzet” oxucularına təqdim etdiyim bu yazılar düz on dörd il bundan əvvəl yazılıb. “Xalq qəzeti”ndə işlədiyim zaman, Qanlı Yanvar Şəhidlərinin ildönümü ilə əlaqədar əməkdaşlara, o cümlədən bu sətirlərin müəllifinə o məşum gecənin şəhidlərini arayıb-axtarmaq, hələ yaddaşlarda yaşayan ağrılı-acılı xatirələri yazıya almaq tapşırılmışdı. Axı xalqımızın başına gətirilən misli görünməmiş faciəni gözüylə görənlər özləri canlı tarixdirlər. Onların göz yaşları içində boğula-boğula danışdıqları dərdli hekayətlər gələcək nəsil üçün ən etibarlı mənbədir. Yazıda adıçəkilən şahidlər isə yəqin ki, hər ilin 20 Yanvar günü o gecənin dəhşətli anlarını bir daha xatırlayır, bir daha o qan hərislərini lənətləyirlər. Bu, bizim qan yaddaşımız – qanla yazılmış tariximizdir.

O zaman hərəmizin bir yazısı dərc olundu. Qalan iki yazımı isə bu gün olduğu kimi oxuculara təqdim edirəm.

 Müəllif

 – Qanlı Yanvarın üç günü – üç gecəsi ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək. 19-u gecəsi saat 10 radələrindən işıqlarımız söndü. Anam ağır xəstə yatırdı. Saat 11-ə qalmış küçəyə çıxdım. Nəsə ürəyimə dammışdı. Küçədə məndən başqa da xeyli adam vardı. Azadlıq prospektindən tankların gurhagurla keçdiyini gördüm. Tbilisi prospekti tərəfdən qarmaqarışıq səslər gəlirdi. Özümü xəstəxanaya necə çatdırdığımı indi də xatırlaya bilmirəm. Pillələri qalxanda ilk yaralını xərəkdə gətirirdilər. Məndən də qabaq gələnlər vardı. İnstitutumuzun o vaxtkı direktoru Oqtay İsmayılov hər şeyi operativ şəkildə həll etmişdi. Əslində, cərrahiyyə üçün nə lazımdırsa əvvəldən hazırlanmışdı. Hadisələrin gedişindən ehtiyat edirdik. Ancaq belə müsibət gözləmirdik. Briqadalara bölünmüşdük. Üç əməliyyat otağımızın üçü də işləyirdi. Yəqin bilirsiniz ki, ən ağır cərrahi əməliyyat zamanı belə həkimlər özlərini çox təmkinli aparır, xəstələr demişkən, “daşürəkli” olurlar. Ancaq təsəvvür edin ki, biz göz yaşları içində boğulurduq. Çətin idi, çox çətin. Elə bil onda bu Vətənin vətəndaşı, övladı olduğumuz daha çox dərk edirdik. Dərd hamımızı birləşdirmişdi. Şəfqət bacıları yaralıları doğma bacıdan da artıq oxşayır, göz yaşı tökürdülər. Belə müsibətli günlərin acısını biz həkimlər daha çox hiss etmişik. Yaralıların əksəriyyətini xilas edə bildik, tək bir nəfərin ayağını kəsməli olduq, çünki başqa yol yox idi. İlk gecə anastezioloq Anelya Melikova əsl ana fədakarlığı göstərdi. Eh, hansını deyim...

Həmsöhbətim Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (bərpa mərkəzi) şöbə müdiri Əli Davudov sözünün ardını gətirə bilmədi, qəhərləndi.

İnstitutun baş elmi işçisi Çingiz Əlizadə söhbətə qoşuldu:

– Bizim xəstəxanaya gətirilən yaralılar əsasən ətraf nahiyələrdən güllə yarası alanlar idi. Saniyədə 300 metr sürətlə gedən 5,45 ölçülü güllələrin çox dəhşətli fəsadlarını gözümüzlə gördük. Güllə bədəndə irəli gedir, çıxan qəlpələr geri atılır və toxumaları dağıdır. 20-dən 21-nə keçən gecə Şıxnəbiyev familiyalı cavan oğlanı Salyan kazarmasının zirzəmisindən bir praporşik tapıb gətirmişdi. İki gün huşsuz qalıbmış. Güllələr sol budundan girib, sağ tərəfə keçib, sonra yeriyib sağ bud sümüyünün iliyində qalmışdı. Əməliyyat uğurlu oldu. Anastezioloq Qənirə xanım onu şok vəziyyətindən çıxara bilmişdi. Şəklini də saxlamışıq. Güllələri rentgendə tədqiq elədik, 5,45 ölçülü həmin güllələr xüsusi dağıdığı xassəyə malikdir və əhalini vəhşicəsinə qırmaq məqsədilə Sovet İttifaqında ilk dəfə tətbiq olunub.

Xəstəxanada həkimlərdən Məcid Məsimov, Fikrət Bayramov, Altay Cəfərov, Müzagir İsmayılov, anastezioloqlar Əliheydər Dadaşov, Azad Mehdiyev və başqalarının o vaxt göstərdikləri müstəsna qayğıdan da söz açdılar.

Doğrudan da, o zaman xəstəxanalar hamının həm ümid yeri, həm də sağ qalanların və həlak olanların yeganə ünvanı idi. Qanlı Yanvardan 6 il keçəndən sonra bu xəstəxanaya üz tutmağım da təsadüfi deyildi. Digər xəstəxanalarla müqayisədə bura az yaralı daxil olmuşdu. Görəsən niyə? İndi aydın olur ki, ölənlərin əksəriyyəti döş qəfəsi və qarın nahiyəsindən vurulubmuş. Axı, qoldan, qıçdan vurulanların sağ qalmaq ehtimalı daha çox ola bilər. Demək, bu dəhşətli faciəni törədənlər bir məqsəd güdüblər: yalnız məhv etmək!

 “O gecə metro  yeganə sığınacaq idi”

 ŞAHİDLƏR BELƏ DEYİRLƏR

 ...Bir də onu deyirlər ki, o şənbə gecəsi dünyanın ən uzun gecəsiydi, bitib tükənmək bilmirdi, sonu görünmürdü. Atılan qıpqırmızı güllələr şəhid köksündə “soyuyurdu”. Yer üstündə günahsız bir şəhər qana boyanmışdı. Küçələr, divarlar, ağaclar – hər şey qan qoxuyurdu. Kobud əsgər çəkmələrindən, tankların tırtıllarından qan damcılayırdı. O gecə yer üstündə güllə leysanına düşüb yarımcan olanlar yerin altına – metroya sığındılar və o zaman metro stansiyaları, sözün əsl mənasında xilasetmə məntəqələrinə dönmüşdü.

Vaqif Həşimov: O gündən yeddi il keçsə də bugünkü kimi xatirimdədir. Onda mən XI Qızıl ordu, indiki 20 Yanvar və Memar Əcəmi stansiyalarının rəisi idim. Həmin faciə baş verməmişdən qabaq da narahat idik. Hamının üzündə bir narahatçılıq hiss edilirdi və adama elə gəlirdi ki, nəsə olacaq. Yanvarın 19-da saat 6-7 radələrində televiziyanın enerji blokunun partladılması xəbərini eşitdik. Daha güman yeri qalmadı. Tez-tez metrodan vəziyyətlə maraqlanırdıq. Axı 1988-ci ildən bəri baş verən hadisələr zamanı da əhalinin gediş-gəlişini təmin edən yeganə nəqliyyat metro olub və biz buna hazır olmalıydıq. O vaxt ən çox adam 20 Yanvar metrosu ətrafında yığılmışdı. Yük maşını, beton piltələr qoyulmuş, bir sözlə barrikadalar qurulmuşdu. Hes kəsin uzaqlaşmaq fikri yox idi və heç kimin də ağlına gəlmirdi ki, silahsız adama atəş açarlar. Lakin belə olmadı. Artıq saat 10 radələrində Salyan kazarması tərəfdən işıq saçan güllələrin atıldığını gördük. Yenə camaat inanmırdı ki, yəqin boş güllələrdir, bizi qorxutmaq üçün atırlar. Saat 11-ə işləmiş tanklar atəş aça-aça metroya yaxınlaşanda və bir neçə nəfərə güllə dəyəndən sonra hamı başa düşdü ki, məsələ nə yerdədir. Qırğın belə başladı. Xatırlayanda dəhşətə gəlirəm. Qansızlar hara gəldi – çevrə boyu atəş açırdılar. Metronun pilləkən səviyyəsinə qədər güllə yağdırırdılar. İndi də təəccüblənirəm. Onda heç kəsdə elə bil qorxu hissi yox idi. Qolundan, qıçından yaralananlara ilk tibbi yardım göstərirdik – öz paltarlarından cırıb yaralarını sarıyırdıq, o biri stansiyalara yola salırdıq. Metronun girəcəyinə yaxın yerdə yıxılan yaralıları sağ qalanların köməyi ilə metroya daşıyırdıq. Sonra nisbətən təhlükədən uzaq stansiyalara göndərirdik ki, ordan təcili yardımla xəstəxanalara çatdırsınlar. Bütün stansiyalar səfərbər idi. Metronun çıxış pilləkənləri qana boyanmışdı. Yaxın düşə bildiyimiz meyitləri içəri gətirirdik ki, tankların tırtılları altında qalmasınlar. Belə dəhşətli səhnələri heç kinoda da görməmişəm. Metro iki sutka fasiləsiz işdədi. Metronun tarixində bu, ilk hadisə idi. İşçilərimiz həmin iki günü göz qırpmadılar. Yanvarın 20-sində səhər gecə nə baş verdiyinin şahidi oldum: qan gölməçələri, bir tərəfdə tək qol, bir tərəfdə qıç, parça-parça insan əzaları, xıncım-xıncım əzilən sümüklər. Eh, Allah bir də bizə o günü göstərməsin.

Ramiz Abdullayev: Dispetçer idim. Həmin gecə növbəm olmasa da işə tələsirdim. Əzizbəyov metrosunda neçə yaralını təcili yardım çağırıb xəstəxanaya yollamışıq.

Sədi Orucov: distansiya rəisi işləyirdim. “Neftçilər” metrosunda da yaralıları kömək edə bildik. Sayını xatırlamıram, çox idi. Əgər metroya girməsəydilər, çətin o vəhşilərin əlindən sağ qurtarardılar.

Bəli, yerin üstündə tüğyan edən ölümün pəncəsindən xilas olmaq üçün o gecə güllə hədəfinə dönən şəhərin günahsız sakinləri bir vaxt tikib-qurduqları metroya – yeraltı dünyaya pənah gətirmişdilər. Bu da Qanlı Yanvarın yaddaşlarda qalası bir səhifəsi.

 Azərbaycan adlı bu məmləkət çox belə faciələr yaşayıb. 1920-ci ildə Biləcəri yoxuşundan qalxıb Bakını top-tüfənglə “salamlayan” imperiya qoşunları 70 ildən sonra – 1990-ci ilin 20 yanvarında da avtomatlarını, tanklarını sınayıb vidalaşmalı oldu və tariximizdə qan qoxusu izini qoyub getdi.

 Şəhid günü

 Qanlı 20 Yanvar qurbanlarına

 Silkələn, Babadağ, dillən, Savalan,

Ağla, Heydərbaba, yaşına qurban.

Nakam Şəhriyarın nakam arzusu

Nigaran getmişdi Vətən sarıdan.

 

Deyirdi tanıyın dostu, düşməni,

Haqqın haqq işində namərd əli var.

Göz açıb yummamış gölləndi al qan,

Yan-yana düzüldü şəhid oğullar.

 

Analar saç yolub ağı dedilər:

Yandı ürəyimin başı, a laylay!

Yox, ölüm deyil bu, zülmdür-zülm!

Gözünün quruyan yaşı, a laylay!

 

Ölməz şəhidlərin yaralı ruhu –

Əmanət qoyduğu nə var – müqəddəs!

Dağüstü Pir deyən Dağüstü parka,

Yan-yana düzülən məzar-müqəddəs!

 

Tarix cavab versin qoy bundan belə!

Namərd sığalından doymuşam daha.

Haqqına sığınan Azərbaycanım,

Dönüb qarış-qarış ziyarətgaha.

 

Nə deyim, soyusun alına köksüm?!

Yanır ürəyimin başı, a laylay!

Yox, ölüm deyil bu, – zülmdür-zülm...

Gözünün quruyan yaşı, a laylay!..

 Etibar ETİBARLI

 

525-ci qəzet.- 2010.- 20 yanvar.- S.4.

Go Back

Sorğu göndər