Dövrümüzdə belə bir qəribə tendensiya mövcuddur. Özünü narahat edən hər bir məsələ səbəbilə məyus olan oğlan uşaqlarına “ağlama, kişilər ağlamaz”, “məgər sən qızsan ağlayırsan?” deyilir. Oğlanlar bu kəlmələri gah anadan, gah atadan, gah nənə-babadan, gah müəllimələrindən, gah da ətrafdakı tanıdığı və tanımadığı insanlardan eşidir və düşünür ki, əgər bu qədər insan “kişi ağlamaz” deyirsə, deməli ağlamaz və tədricən ağlamağı tərgidir. Uşağın içinə yığılıb qalmış mənfi hisslər bir çox hallarda özünü aqressiya şəklində büruzə verir. Bu dəfə də uşaq “tərslikdə”, “dalaşqanlıqda”, “pis uşaq” olmaqda günahlandırılır. Nəticə etibarilə isə cəzalandırılır. Ağlamaqdan və mənfi hisslərini büruzə verməkdən tamamilə məhrum olmuş oğlan uşaqları daim saatlı bombanı xatırladır. Yeniyetməlik dövründə isə bu vəziyyət kulminativ nöqtəyə çata bilər. İllərlə hisslərini büruzə vermədiyi üçün daxilində yığılıb qalmış mənfi emosiyalar bu dəfə də “yeniyetməlik böhranı” şəklində üzə çıxa bilər. Lakin bu halda vəziyyət daha da qəlizləşir. Çünki yeniyetmələr artıq özünü azad, müstəqil fərdlər hesab edir və tərbiyə prosesi çətinləşir. Ailədə heç kəsin onu başa düşmədiyini fikirləşən zavallı oğlanlar təbii şəkildə onu “başa düşən” həmyaşıdlarına meyl edir. Bir vaxtlar valideynlərini ideal hesab edən uşağın gözündə valideynlərin nüfuzu düşməyə başlayır.
Zamanla cəmiyyət anasının və həyat yoldaşının göz yaşlarına biganə qalan kişilərlə dolmağa başlayır. Çünki bir zaman onun da hisslərinə laqeydlik göstərilmiş, göz yaşlarına və onu incidən səbəblərə səthi yanaşılmış və ona hisslərini ağlamaqla biruzə verməyin yaxşı iş olmadığı izah edilmişdi. Hələ üstəlik ona nümunə olan babalarının, atasının, əmilərinin və dayılarının ağlamasını görməmişdi. Gördüyünü götürən oğlan ailə quracaq qədər yetkin yaşa çatdıqda belə təqsirləndirilməyə davam edir, onu çəkinmədən soyuqluda, “daş ürəklilikdə”, qadınlara qarşı biganə olmaqda günahlandırırlar. Həyatında baş verənlərin kökündə nəyin durduğunu bilməyən oğlan özünü problemli sayaraq ən yaxşı halda, ya Rəbbinə üzünü tutaraq “Allahım, məni bu sıxıntıdan qurtar” deyərək gizlin-gizlin göz yaşı tökür və ya səbəb olaraq onun psixoloji durumuna müdaxilə edəcək mütəxəssisə müraciət edir və başına gələnləri danışarkən o ki var ağlayır. Ağladıqca illərdir içinə yığılıb qalan mənfi emosiyalar boşalmağa başlayır. Gəncin qəlbi yumşalır. Ona əzab verən hisslərdən qurtulduqca başqalarının hisslərinə qarşı diqqətli olmağa başlayır. Amma bunun əslində niyə baş verdiyindən xəbərsiz olur.
Və bir gün onun oğlan övladı dünyaya gəlir. Ətrafdakıların nə dediyini qavramağa başladığı ilk günlərdən atası ona kişiliyin “qızıl qaydasını” öyrədir: “Bax, oğlum, kişilər ağlamaz…”
təbiivalideyinlik.az
Qeyd: Böyüyüb müəyyən yaş həddinə çatmış oğlan uşaqlarına “kişilər ağlamaz” prinsipinin aşılanmasında bir qəbahət yoxdur. Əsas məsələ, uşağın ağlamağa ehtiyac duyduğu dövrlərdə bunu məhdudlaşdırmamaqdır. (tebiivalideynlik.az)