Düşüncə Jurnalı

header photo

"Narınc" psixologiya qəzetinin " Ulduz qonaq" səhifəsinin müsahib üzvü - Lalə Məmmədova

Bu dəfəki müsahibəmizi dəyərli sənətçimiz, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədovayla həyata keçirdik. Müsahibimizin maraqlı və səmimi fikirlərini sizlərə təqdim edirik.

  -Lalə xanım,xoş gördük sizi. Öncəliklə bir həftə bundan əvvələ təsadüf edən doğum gününüz münasibətilə sizi təbrik edirəm.Yeni yaşınız sizə sizin istəklərinizi ,ən əsası da xeyirli olanları yaşatsın.

  -Çox sağ olun,çox təşəkkür edirəm.

  -Elə ilk sualımı ad gününüzlə əlaqələndirmək istəyirəm.Bildiyim qədərilə doğum günlərinizi təntənəli surətdə qeyd etməyi sevmirsiniz.Bunun səbəbi varmı,bunu bizə necə açıqlayardınız?

  -Səbəbi var.Səbəbi nə yaşlanmaqdır,nə də ki, təmtəraqdan qaçmaqdır.Yeganə səbəbi var.Bu mənim ad günüyə olan münasibətimlə bağlıdır.Sözsüz ki,həmin günü mən duyğulanacam.Çünki mən Allahın izniylə həmin gün dünyaya gəlmişəm.Sadəcə olaraq mənim üçün doğum günü hesabat xarakteri daşıyır.Əslində bir hesabatdır.Öz-özümə sual verirəm:”-Mən bu yaşıma qədər neylədim,nələri edə bildim?”Qaldı ki,mənim ad günlərimi təmtəraqlı keçirməməyimə ,onu deyə bilərəm ki,mənim fikrimcə insan ad gününü qazanmalıdır.Mənim baxışım budur ki,ətrafındakı insanlar sənin işini və sənin özünü dəyərləndirib sənə ad günü keçirməlidilər.Mən qəbul eliyə bilmirəm,yəni bu gün mənim ad günümdür və hər kəs hədiyyə götürsün gəlsin,biraz burda bəsitlik görürəm.Hədiyyə yox,ətrafımda məni sevən insanların olması önəmlidir.Onların varlığı hədiyyədir.Amma keçirənlərə də pis baxmıram.Bir şeyi də qeyd edim ki,uşaqlarım doğulandan sonra demək olar ki,ad günlərimi tamamilə unutmuşam.Onlar üçün çalışıram.Bu mövzuda son olaraq belə düşünürəm ki,günün birində mən nə vaxtsa bu ad gününü özüm qazanacam və mənim ətrafımdakı insanlar o ad gününü mənim üçün keçirəcəklər.

  -Lalə xanım mən sizi savadlı qadın,qayğıkeş ana,səhnə adamı,ifaçı,pedaqoq,eyni zamanda filologiya üzrə fəlsəfə doktoru kimi tanıyıram.Bilmək istərdim,siz özünüzü,siz Lalə Məmmədovanı necə tanıyırsınız?

  -Bu sadaladıqlarınızı eşidəndə və ümumiyyətlə mənə olan tərifləri eşidəndə düşünürəm ki,görəsən bu deyilənlərə həqiqətən layiqəmmi?!Baxın bu sual məni həmişə düşündürür.Bu o demək deyil ki,mən özümdən əminsizəm.Bir məsələ var,mənə elə gəlir ki,insanlar şişirtməyi,ideallaşdırmağı çox sevirlər.Və mən bundan qorxuram,mən bundan qaçıram.Özümdə bəyənmədiyim çox xüsusiyyətlər var.Amma özümü tanıdıqca özümdə bəyəndiyim bir xüsusiyyətim də var ki,başıma nə gəlirsə gəlsin,nə yaşayıramsa yaşayım həyatı və insanları sevirəm.Bu sevgi hissi mənim içimdə heç vaxt ölmür.Hətta zərbə alsam,aldadılsam,təəssüflənsəm belə bu hiss həmişə mənimlədir.Yəni mən bir insanın heyfini başqa insandan çıxa bilmərəm.Eyni zamanda təmənnasız yaxşılıq etməyi bacaran biriyəm.Özüm özümü bu xüsusiyyətlərimlə tanıyıram.

  -Lalə xanım,müəyyən ifadələr var,hansı ki,onlara verilən açıqlama ,onlara verilən anlam tamamilə fərdidir.Məsələn,xoşbəxtlik kimi.Siz necə düşünürsünüz,nədir xoşbəxtlik?

  -Xoşbəxtlik hissi zaman-zaman gəlib qayıdan bir hissdir, bu hiss anlarla bağlıdır.Elə bir an olur ki,sən doğurdan da xoşbəxtliyi dadırsan,hiss edirsən.Amma düşünürəm ki,biz onu hər gün yaşasaq ,hər gün dadsaq qiymətini bilmərik.Belə deyim,mən həyatı döngələrə bənzədirəm,qaranlıq yolla gedirsən,birdən dönürsən və işıqlı yola keçirsən, yaxud da yenidən qaranlıq bir tunelə düşürsən.Mənə görə həyatımız bundan ibarətdir.Təsəvvür edin ki,siz həmişə işıqlı yolla gedirsiniz,siz bu halda qaranlığı anlamayacaqsınız,çünki qarnlıq olmasa biz o işığın qədrini bilə bilmərik.Xoşbəxtlik də buna bənzəyir.Həyatımızda həmişə hər şey gözəl olsa biz bu hissi anlaya bilmərik.Həmçinin mənim üçün xoşbəxtlik Allaha şükür ede bilməkdir.Məsələn,mən öz həyatımdan razıyam,çatışmayan cəhətləri də qəbul edirəm və həmişə deyirəm ki,bu günümə çox şükür.

  -Məhşur mahnıda da deyildiyi kimi-”Ey həyat,sən nə qəribəsən..”.Siz necə düşünürsünüz,Lalə xanım,həyat həqiqətən qəribədirmi?

  -Yox,qəribə deyil.Allahı sevən,Allahın bizə bəxş etdiklərinin dəyərini bilən,dərk edən insanlar üçün həyat qəribə deyil.Azmı olur,hər hansı bir insan üçün deyirik ki,mən onu illər əvvəl görəndə heç ağlıma gəlməzdi ki,bu qədər insan arasında məhz o mənim həyatımın önəmli adamına çevrilər,taleyimdə bu cür rol oynaya bilər.Bu hal hamımızın həyatında baş verir.Çoxları üçün bu qəribəlikdir,təsadüfdür.Xeyr,bunların hər biri əvvəlcədən çizilmiş plan üzrədir və bizim hər birimiz özümüz də bilmədən o yolla gedirik.Ona görə də mən deməzdim ki,həyat qəribədir.Mən həyatı sevirəm,həyatı çətinlikləriylə ,sevinciylə,kədəriylə, xoşbəxtliyi ilə,bir sözlə hər halıyla sevirəm.İnsanlar da belədir.Biz olur ki,kimisə bütün cəhətləriylə,bütün mənfiləriylə birgə qəbul edirik.Axı bilirik ki,biz bu insanı dəyişə bilməyəcəyik,dərk edirik ki,o,bundan o tərəfə gedə bilməyəcək.Burda da həyatı kor-koranə  qəbul etməkdən söhbət  getmir.Sadəcə həyatın daha yaxşı tərəflərini görüb dərk edirsən və anlayırsan ki,bunların hamısı yuxarıdan yazılmış,əvvəlcədən çizilmiş bir yoldur,kimisi bunu təsadüf kimi qəbul edir.Təsadüf anlayışı ümumiyyətlə yoxdur.Biz özümüzdən onu uydururuq.Bəzən deyirlər ki,mən gedirdim,təsadüfən filan hadisə baş verdi.Elə fikirləşirəm ki,təsadüflərə inanan insan üçün həyat qəribədir.Mənə görə isə həyat qəribə deyil.

  -Lalə xanım,bəzən biz kiminsə haqqında danışarkən “güclü insandır” deyirik.Maraqlıdır,sizə görə kimdir o güclü insan?

  -Güclü insan anlayışını mən anlaya bilərəm,qəbul edə bilərəm.Güclü insan sıfırdan başlamağı bacaran insandır,güclü insan yıxılıb təzədən ayağa qalxmağı bacaran insandır.Amma nə deyirsinizsə deyin, güclü qadın anlayışını qəbul edə bilmirəm.Düzdür,çox zaman kiminsə üçün güclü qadın ifadəsini işlədirlər,lakin mən sevmirəm bu sözü.Özüm üçün də deyə bilərəm ki,insan kimi güclü insan ola bilərəm,bayaq sadaladıqlarımı da nəzərə alsaq özümə güclü insan deyə bilərəm,amma güclü qadın yox.Bu məsələdə öz zəifliyimi dərk edirəm.

  -Lalə xanım,insanlar hər gün təkrar-təkrar eyni işləri görsələr belə hər dəfəsində işlərinə başlamamışdan öncə nəsə düşünürlər.Bilmək istərdim,Lalə xanım hər dəfə səhnəyə çıxmamışdan əvvəl nələri düşünür,nələri ağlından keçirir?

  -Mən o zaman hər şeydən,bütün qayğılardan uzaq oluram,özümə oxuyacağım mahnının ruhunu çağırıram,mən həmin ruh halına girməliyəm ki,səhnədə mikrafonu götürüb həmin mahnını yaşayaraq,duyaraq oxumalıyam,həmin obrazı yaratmalıyam.Başqa heç bir şey haqqında düşünə bilmirəm,hətta istəsəm belə heç nəyi düşünə bilmirəm.Övladım və ya özüm xəstə olsam belə,inanın ki,bunları düşünə bilmərəm.Bəlkə də biz elə ona görə səhnənin xəstəsiyik,çünki səhnədə biz hər şeyi unuduruq.Səhnə bizim üçün İlahi sirli bir məkandır.Öz adımdan deyə bilərəm ki,mən orda,səhnədə Allah Təalaya daha yaxın oluram.Görünür Allah məni belə yaradıb,mənim üçün səhnə Allaha daha yaxın olduğum məkandır.Necə ki,namaz qılmağın şərtlərində bildirilir ki,hətta ev partlasa belə sən namazını qılmalısan.Baxın,eynilə səhnə də məndən ötrü o anlamı daşıyır.

  -Yəqin ki,təsdiqləyərsiniz,uşaqlıqda hər kəsin aynanın qarşısına keçib özüylə bağlı yaratdığı bir obrazı olur.Və biz həyatımıza həmin obrazı reallaşdırmaq arzusuyla davam edirik.Bilmək istərdim,hal-kazırki Lalə Məmmədova bir zamanlar ayna qarşısında xəyalını qurdüğunuz insandırmı?

  -Qətiyyən yox.İnanın ki,yox.Bircə onu bilirəm ki,mən uşaq vaxtından musiqini çox sevirdim.Ağ-qara televizor yadımdadı,ordakı verilişlər yadımdadı,filmləri xatırlayıram.Amma mənə orda yayımlanan proqramlardan daha çox maraqlı gələn musiqi idi.Yəni uşaq yaşlarımda belə o ruhu mən duyurdum.Yəqin ki,bu da az əvvəl dediyim kimi Allah Təala tərəfindən gələn bir işarət idi.Ancaq bilirsiz necədi,həyətdə oxuyurdum,özümdən balaca uşaqları ətrafıma toplayıb onlar üçün oxuyurdum.Amma buna baxmayaraq heç vaxt ağlıma gətirmirdim ki,mən gələcəkdə müğənni olaram.Yəni uşaq vaxtı bunun xəyalıyla yaşamamışam.Hətta inanırsınız ki,indiki zamanda da valideynlərim buna bəzən təəccüblə yanaşırlar,hərdən olur ki,”-Necə olduye,Lalə gəldi müğənni oldu..”deyə fikir yürüdürlər.Çünki  vaxtilə buna hamısı qarşı çıxırdı,məni müğənni kimi görə bilmirdilər və ya inanmırdılar.Baxmayaraq ki,musiqini sevmişəm,amma heç özüm də bu barədə ciddi düşünməmişəm.Bəli,hər bir kəsin müəyyən məqsədi olur.Mən o məqsədimi 15-16 yaşımda dərk etmişəm,o vaxt artıq mən anladım ki,mənim başqa yolum yoxdur.Mən səhnənin dadını bilmişdim,gördüm ki,mən səhnədə xoşbəxt oluram.Eyni zamanda inam gərəkdir,hər kəsin içində bir inam olur,bacaracağına dair.3-4 il bundan qabaq mən “Leyli və Məcnun”u oynayanda çoxları elə bildilər ki,mən bunu səhnə fəaliyyətimdə sadəcə bir yer tutsun deyə oynadım.Yox,belə deyil,mən başa düşdüm ki,33 yaşıma qədər ona doğru gəlirmişəm,xəbərim olmayıb.Mən onu içimdə böyüdə-böyüdə,yaşada-yaşada gəlmişəm və mən anladım ki,o bir gün partlamalıdır.Bayaq da dediyim kimi,15-16 yaşımda başa düşdüm ki,mən bu işi ciddi şəkildə həyata keçirməliyəm.Sonra valideynlərimin təkidiylə ali məktəbə daxil oldum,onlara buna görə çox minnətdaram.Baxmayaraq ki,mən Xarici dillərə çox deyinə-deyinə gedirdim,çünki konservatoriya oxumaq istəyirdim.Amma indi düşünürəm ki,bu da mənim üçün əvvəlcədən məsləhət bilinmiş bir yol idi.Dünyanın yarıdan çoxunu gəzmişəm və həmin öyrəndiyim xarici dildir ki,mənə kömək oldu,bu barədə mən də başqalarına kömək oldum.Universitetə girəndə artıq valideynlərimə sözümü deməyi bacarırdım.Valideynlərimlə bu barədə ciddi bir söhbətim oldu.Dedim-”hər dediyinizi elədim,şükürlər olsun başınızı aşağı salacaq bir hərəkətim olmadı,amma indi mənə imkan verin,mən bir dəfə həyata gəlmişəm,istəyimi həyata keçirim”.Həmin anda özümə 4-5 il vaxt qoydum.Əgər mən bu 5 il ərzində heçnə edə bilməsəm,o halda özüm çəkiləcəm,duracam qıraqda deyə bir söz verdim onlara .17 yaşımda getdim Siyavuş Kərimlinin yanına və deyim ki,məni ora rəhmətlik Ramiz Mirişli göndərmişdi. Heç yadımdan çıxmır,Siyavuş müəllim mənə baxdı,mənim də yaşım az idi,bilirsiz necə ,sanki mədəni şəkildə məni bu sahədən uzaqlaşdırmaq istədi,amma hələ səsimi eşitməmişdi.Mən də belə başa düşdüm ki,burda mənə qulaq asan olmayacaq,təşəkkürümü bildirdim,çantamı götürdüm,düz qapıya  yaxınlaşdım və birdən nədənsə Siyavuş müəllim məndən geri qayıtmağımı və bir mahnı oxumağımı istədi.Yəqin fikirləşdi ki,xətrinə dəyməyin,bura qədər əziyyət çəkib gəlib ,nəsə oxusun.Mən oxudum.Heç yadımdan çıxmaz,mahnı qurtarmamış Siyavuş müəllim vizitkasını çıxardı və mənə bildirdi ki,birinci gün sizi gözləyirəm.Səhv etmirəmsə  həmin gün şənbə günü idi.Baxın o da Allahın məsləhəti idi ,mən ora getməliydim,mən həmin gün bu işə başlamalı idim.Heç 5 il tamam olmadı,artıq 20 yaşımda mən “Məktəb illəri”ni oxudum,klipi isə bir il sonra efirə getdi.Allahın qismətiylə elə bir şans çıxdı qarşıma,şükürlər olsun ki,mən o şansımı dəyərləndirməyi bacardım.Bütün bunları gözümün önünə gətirərək həyatı necə sevməyə bilərəm,şansıma necə inanmaya bilərəm.Buna görə də həmişə deyirəm,çox şeylər var həyatda ,həyatı qiymətləndirmək gərəkdir.

  -Az əvvəl uşaqlığınıza qayıtdıq.Eşitdiyim qədəriylə sizin dünyaya gəlməyiniz atanızı sevindirməyib.

  -Bəli.(Müsahibim bu fikri gülərək təstiqlədi.)

  -Hətta sizin doğulmanıza atanız üzüquylu ağlayıb .Bu düzdürmü?

  -Ağlamayıb atam.Bax orasını sizə səhv çatdırıblar.(Gülümsünərək).Biz ailədə beş bacıyıq.İndi texnika inkişaf edib,uşaq ana bətnindəykən onun cinsiyyətini öyrənirlər,düzdü, mən özüm bunun tərəfdarı deyiləm ,amma müasir dövrümüzdə bu mümkündür.O vaxt belə şeylər olmayıb.Anam hər dəfə hamilə qalanda ümid olunub ki,oğlan olacaq və hətta adlar belə fikirləşiblər.Mən olanda isə atam zəng eliyib xəstəxanaya,həkimlər bildiriblər ki,sizin qızınız doğulub.Həə,həmin vaxtı atam başını aşağı dikib,üzüquylu yatıb,yenə qızı oldu deyə təəssüf hissi keçirib.İndi hər ad günümdə atamı qoyuram qabağıma,ona görə yox ki,onu utandırmaq istəyirəm,sadəcə bax yəni həmin Lalədir böyüyüb və bir övlad kimi bunları edə bilib,yəqin ki,siz nə demək istədiyimi anladınız.Mənim atam...(müsahibim bu yerdə düşüncəyə daldı).Mən hər kəsə elə bir ata arzulayıram.O bizim estetik tərbiyəmizdə,dünyagörüşümüzdə böyük əməyi olan insandır.Baxmayarq ki,elm adamı idi,işləri çox olurdu,özü əlimizdən tutub bizi konsertə, teatrlara,tamaşalara aparırdı.Hətta əvvəlcədən planlaşdırırdı da.Tutaq ki,bu həftə hansı tamaşa var,şənbə günü hansı teatra gedəcəyik,bazar günü uşaqları hara aparacaq və.s.Yəqin xatırlayırsınız,”Əhməd haradadır?”filmində Şirin kişi Nərgizə deyire”-Mən bilirəəm bütün bunlar hardandır...hmmm”,qızı oynayır deyə həmin cümləni işlədir,anasından görüb-götürüb deyə.İndi bizdə də atamla anamın arasında söhbət düşəndə o cümlə işlədilir.(həmsöhbətimin maraqlı epizoda istinadən etdiyi səmimi çıxışı gülüşümüzə səbəb oldu).Anam zarafatyana həmişə atama çatdırır ki,Lalənin bu gün müğənni olmasının səbəbkarı sənsən,bunları o vaxtı o qədər tamaşalara,teatrlara aparırdın ki,qızın da gəldi ifaçı oldu,səhnədə oxuyur.Amma elə deyil.Niyə o biri bacılarım yox,məhz mən bu sənətə gəldim.Təbii ki,bu da Allahın işidir.Mənim alnıma bu yazılmışdı.

  -İlin dörd fəsli var.Bu təbiətin qanunudur.Bəs Lalə Məmmədova dünyasında neçə fəsil var?

  -Bir fəsil.Mənə görə yalnız bir fəsil var.Mənim aləmimdə həmişə bahardır.Daha doğrusu mən özüm özümü buna kökləmişəm. Pozitiv fikirləşmək istəyirəm.Düşünürəm ki,həmişə çiçəklər açır.

  -Lalə xanım,uğurlu qadın və uğurlu iş qadını.Bu ifadələrə münasibətinizi bilmək istərdim.Sizcə aradakı fərq çoxmu böyükdür?

  -Əlbəttə.Arada çox böyük bir fərq var.Əgər qadın cəmiyyətə sağlam ruhlu,sağlam düşüncəli övlad bəxş edirsə,əgər qadın öz əməyini ailəsi üçün,cəmiyyəti üçün,xalqı üçün yaxşı mənada sərf edə bilirsə demək ki,o,uğurlu qadındır,xoşbəxt anadır.Amma uğurlu iş qadını ifadəsi çox konkretdir.Burda yalnız iş həyatı nəzərdə tutulur.Bu ancaq birtərəfli uğurdur,yəni uğur qadının həyatının yalnız bir tərəfini işıqlandırır.Bəlkə də şəxsi həyatında çox uğursuz bir qadın iş həyatında böyük uğur sahibidir.Və təbii ki,uğurlu qadını seçərdim,uğurlu qadın daha üstündür deyərdim.Bunu nəzərə alaraq mən bütün xanımlarımıza həyatda uğurlu qadın olmağı arzulayıram.

 -Lalə xanım, siz ifalarınızla kiminəsə xoş əhval ötürürsünüz,kiminisə rahatlaşdırırsınız,düşündürürsünüz.Bəs sizi sakitləşdirən,sizin ruhunuzun qidası olan mahnı hansıdır?

  -Bir mahnı deyil,bir neçə mahnıdır.Mənim ruhumu qidalandıran dilini bilmədiyim hər hansı bir əcnəbi musiqi də ola bilər.Bu ruh halıma bağlı bir şeydir.Məsəlçün,ola bilər ki,mən heç bir musiqi belə eşitmək istəməyim.Yəni,ümumilikdə götürdükdə ruhumun qidası təkcə musiqi deyil.Mən hər hansı rəsm əsərinə tamaşa edərək də sakitləşə,ruhumu qidalandıra bilərəm.Bəlkə siz düşünürsünüz ki,biz musiqiçilər,sənət adamları yalnız musiq,mahnı dinləyərək zövq ala bilərik.Amma yox,bu belə deyil.Mən təbiət qoynunda da sakitləşirəm,dəniz kənarında dalğaların səsi ruhumu dincəldir,o görüntünü görüb də ruhumu qidalandıra bilərəm.Lakin ruh halımın mahnısı savadlı yazılmış,gözəlliklərdən yazılmış bütün mahnılardır.Savadlı yazılmış və ürəkdən oxunan istənilən mahnıdan zövq ala bilərəm.Amma konkret bir-iki manı adı çəkməyəcəm.Məlum,kiminsə qəlbinə toxunmaq istəmərəm.

 -Lalə xanım,artıq müsahibəmizin sonuna yaxınlaşırıq.Mən sizin psixologiya və mərkəzimizin fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdim.

  -Mərkəzinizi tək mən yox,texnikanın inkişafı ilə əlaqədar sosial şəbəkələrdə,saytlarda izləmələr vasitəsilə demək olar ki,çox insan tanıyır.Həyata keçirilən işlərdən,gedişatdan çoxlarımız xəbərdarıq.İşlərinizi bir vətəndaş olaraq alqışlayıram.Burda gözəl bir cütlüyün -Elnur müəllim və Narınc xanımın işini qeyd etmək lazımdır.Belə bir fikir var:”Hər bir uğurlu kişinin arxasında güclü bir qadın durur.”Amma belə deyək də onların hər ikisi uğurludur,hər ikisi bir-birinin arxasındadır.Allah onlara can sağlığı versin.Bu birlikdəlik sona qədər davam etsin inşallah.Atanın övlada qayğısı,ananın övladına,həyat yoldaşına olan münasibəti baxımından cəmiyyət üçün bir ailə kimi örnəkdirlər.Mən bir ana olaraq bilirəm ki,Azərbaycan qadını daha fədakardır,nəyinki Azərbaycan kişisi.Bəlli məsələdir ki,kişi ilə müqayisədə qadın ailəsi uğrunda son ana qədər mübarizə aparır,övladları xətrinə çox şeylərə dözür.Bu gün ailə problemlərinin geniş yayıldığı bir dövrdə belə bir nümunəvi ailənin olması təbii ki,ürəkaçandır.Adətən deyirlər ki,kiməsə ağıl öyrədəndə əvvəlcə gərək özündən başlayasan.Ailələrdə yaşanan problemləri aradan qaldırmaq,psixoloji problemlərin həllində insanlara kömək olmaq istəyən biri ilk öncə öz ailəsini cəmiyyətə düzgün təqdim etməlidir.Bu baxımdan bu iş birliyini,bu ailəni bəyənirəm.Məni daha da sevindirən isə sizin mərkəzinizin müxtəlif ərazilərdə filiallarının açılmasıdır.Mən sənətçi olaraq çox məktublar alıram,hansı ki,orda kiminsə ailəsiylə,kiminsə övladlarıyla bağlı problemləri qeyd edilir.Düzdür,cəmiyyətimizdə təzə-təzə qəbul olunur psixoloqa müraciət etmək,amma bir də regionlarımızı,ucqar rayonlarımızı nəzərə alsaq təsdiqləməliyik ki,bu gün psixoloji mərkəzlərin açılmasına,peşəkar psixoloq xidmətinə böyük ehtiyacımız var,xüsusilə də regionlarımızda.Nə qədər kriminal hadisələr eşidirik,ailədaxili problemlərin şahidi oluruq,qan qohumları,bacı-qardaş arasında yaşanan cinayət hadisələrindən xəbər tuturuq.Və təəssüf  ki,bölgələrimizdə bu hallar daha da geniş yayılıb.Bu baxımdan bölgələrimizdə mərkəzlərin açılması çox vacibdir.Bildiyimə görə regionlarımızdan bir tək hələ ki,Gəncədə xidmət edirsiniz.Burdan oxucularımıza səslənirəm ki,bu tip məsələlərə elə-belə yanaşmasınlar .Şahidisiniz ki,bu gün o qədər mağazalar,dükanlar açılır,şadlıq evləri istifadəyə verilir.Amma bunlardan daha da önəmlisi həqiqi mənada psixoloji xidmət göstərə biləcək mərkəzlərin açılmasıdır.Vallah bizə bu daha lazımlıdır.Çünkü problemsiz həyat,problemsiz insan yoxdur.İstəsək də,istəməsək də problemlərdən qaça bilmirik.Məhz buna görə də sizin işinizi vacib və gərəkli hesab edirəm.

  -Lalə xanım,qəzetimizin oxucularına son sözünüz.

  -Mən bütün oxucularımıza savada yiyələnməyi,elmə maraq göstərməyi,təhsil dalınca getməyi tövsiyyə edirəm.Son olaraq hər kəsə yalnız onu deyə bilərəm ki,oxumaq,oxumaq,yenə də oxumaq!

           Çox hörmətli sənətçimizə səmimi və dəyərli fikirlərinə görə təşəkkür edirik.                                    Müsahibəni hazırladı:Abuşova Sevinc Latiq qızı.

 

Go Back

Sorğu göndər