Düşüncə Jurnalı

header photo

Blog posts : "NARINC Rüstəmova"

Uşaqlarda əməliyyat öncəsi və sonrası psixoloji dəstək necə olmalı?-PSİXOLOQ RƏYİ

Bu mövzunu yazmağa vadar edən bir çox səbəblər çıxdı qarşıma. Uşaqlardan daha çox əməliyyat öncəsi psixoloji dəstək, valideynlərə gərəklidir qənaətinə gəldim. İstər böyüklüyündən, istər kiçikliyindən asılı olmayaraq əməliyyat hər bir insan üçün stress faktorudur. Stressədavamlılığı yüksək olan insanlar bu dönəmi rahat keçirə, əməliyyat sonrası həyatına tez uyğunlaşa bilir. Təsəvvür edin bu əməliyyatı böyük insan deyil, azyaşılı uşaq keçirir...

 Bəzən valideynlər əməliyyat sonrası uşaqda özünəqapanma, aqressiya, səbəbsiz ağlamalar, yuxu pozğunluğu, qorxular və s. müşahidə edib təlaşa düşüb psixoloji dəstək almaq qərarına gəlirlər. Təsəvvür edin zəncirdən çıxmış halqaları sırasına uyğun düzmək daha çətindir ki, nəinki zədə öncəsi bu zəncirin halqalarının yerini bərkidib zədəyə qarşı davamlılğını artırmaq. İlk öncə əməliyyat hazırlığı nəinki uşağa evdə yaşayan bütün sakinlərə- ailə üzvlərinə gərəklidir. Ailə bu vəziyyətdə necə mövqeədə olması, uşağa necə davranmağını bilməsi çox vacibdir.

Əgər xüsusi göstəriş yoxdursa, əməliyyat 5 yaşında daha tez məsləhət deyil. Bu dönəmlər eqosentrik dövrə təsadüf edir ki, uşağın bir parçasına toxunmaq onu götürmək, kəsmək düşüncəsi özgüvənini zədələyir. 5 yaş aşağı uşaqlarda özgüvənsizlikdən doğan əməliyyat sonrası qorxular və ətrafındakı doğmalarına qarşı güvənsizlik hissi aqressiya kimi özünü göstərir. Təbii ki, əməliyyat qaçınılmazsa ailə ən azı 1-2 ay öncə psixoloji hazırlıq görməlidir. Qızıl qaydalardan biri də validenlər bilməlidir ki, əməliyyat hər şeyin sonu deyil və övladınız heç də əskik deyil. Çünki valideyndə yaranan yazıqlıq duyğusu uşağa qarşı diqqəti artırır ki, bu da irəlidə davranış pozuntularına gətiririb çıxarır. “Mən xəstə olanda ana- ata, nənə- baba və s. məni çox sevir. İstədiyimi edə bilirəm” fikri uşaqda kaprizlər formalaşdırır. Bu haldan narahat olan valideyn həkimlər gəzməyə, bezən isə uşağın üstünə gəlməyə başlayır. Birinci hal kaprizləri ikinci hal isə qorxuları artırır. Hətta uşaq süni şəkildə müəyyən nahiyyələrində- başım ağrıyır, qarnım ağrıyır, ayaqlarım gizildəyir və s. kimi ipoxondrik sayıqlamalar da yaşayır. Belə hallarda ona qarşı münasibətimiz necə olmalı? Əməliyyatı mütləq oyun şəklində uşaqla oynamalı əməliyyat prosesini ona yaşatmalıyıq. Buna evindəki sevimli oyuncaqlarla başlaya bilərik. Belə ssenari uşaqda komfort zona formalaşdırır ki, əməliyyat otağına gələndə ona yeni- nabələd məkan kimi gəlib tələşlanıb qorxuya düşməsin. Həkimiylə danışıb uşağı onunla dostlaşdırmaq, icazə alıb əməliyyat otağıyla, qalacağı otağıyla tanış etmək məqsədəuyğundur. Bu zaman uşaq bu prosesin dönən olduğunu anlayır. Yəni “əməliyyat olunub evimə gedəcəyəm burda qalmayacağam” düşüncəsi qorxusunu azaldır. Bir neçə dəfə gedib xəstəxanayla tanış olub evə dönmək lazımdır. Əməliyyat vaxtı isə son vəda kimi davranmamalı, çoxlu öpmək və ya ağlamaq uşağı pis bir şey baş verəcək fikrinə salır. Nə qədər əməliyyat öncəsi hazırlığı yaxşı etsək bir o qədər əməliyyat sonrası uyğunlaşma dönəmi rahat keçəcəkdir. Əməliyyat sonrası ilk günlərini, xüsusən bir həftə ərzində ağrılar olan zaman xüsusi diqqət göstərməliyik. Çünki ağrı yaşaması onda emosional sferanı zədələyir ki, hər xırda bir situasiyaya səbəbsiz ağlaya bilər. Lakin bir həftədən gec olmamaq şərti ilə həyatına necə deyərlər qaldığı yerdən davam etməlidir. Evdəki bacı-qardaşına xəstədir deyə danlamaq, ona xüsusi qayğını davam etdirmək ailə içində digər uşaqlarda da aqressiyanı artırıb qısqanclığa və xəstə olmaq arzusuna gətirib çıxara bilər. Uşaq səhv edərsə ona cəza verməkdən qorxmamalı və ya gəzməyə gedərkən onuda birlikdə getməyi unutmamalıyıq. Sonda isə onu qeyd etmək istəyirəm ki, sevgi bütün yaraların tez sağalmasına yardımçı olur. Sevgi uşaqları anlamaqda bizə yardımçı olan əsas vasitədir. Bəzən onlar razılaşmasalar da onları özlərindən çox sevən Biz valideynlər daha təmkinliolmalı, onların irəli həyatında daha sağlam bədənə və psixikaya sahib olmaları üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Bu həssas dönəmdə psixoloji işin psixoloq tərəfindən aparılması ailə modelinə və uşağın xarakterinə uyğun istiqamətləndirməsi daha məqsədə uyğundur.

Narınc Rüstəmova

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, klinik psixoloq

 

Go Back

Uşaqları nənə-babaya etibar etmək olarmı? - Psixoloq NARINC RÜSTƏMOVA

Psixoloq Narınc Rüstəmova: "Pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər".

Bir çox xanımlara iş, karyera övlad dünyaya gətirəndən sonra onun baxımı, tərbiyəsi ilə məşğul olmağa maneçilik törədir. Nəticədə övladlarını dayə və ya bağçaya əmanət etmək istəməyən, yaxud buna maddi imkanı çatmayan xanımlar onları nənə-babalarının himayəsinə verməyə məcbur olurlar.

Bəs nənə-baba himayəsində böyüyən uşaqların valideyn nəzarətində böyüyənlərdən əsas fərqi nə olur, onlar cəmiyyətdə necə fərd olurlar? Onları nənə-babadan hansı yaşda, necə ayırmaq lazımdır? Ümumiyyətlə, nənə-baba uşaqlarının psixoloji durumu necə olur?

"Uşaqlar ziddiyyət qarşısında qalır"

Professional Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bu tipli uşaqların problemlərindən danışarkən deyir: "Nənə-baba tərəfindən tərbiyə edilən uşaqların əksəriyyətində ərköyünlük, eqoistlik, davranış pozuntuları müşahidə edilir. Bu cür uşaqlara ana-ata öz qayda-qanunlarını qoya bilmirlər. Bu vaxta qədər nənə-baba tərəfindən hər istədiklərinə nail olan, "yox", "olmaz" sözləri ilə qarşılaşmayan uşaq ana-atanın qadağalarına tabe olmaq istəmir. Cəza almamaq üçün isə yalanlar danışır.
Uşaq hər hansı bir şey istədikdə 2 fərqli və ziddiyyətli mövqe ilə qarşılaşır: bir tərəfdə "qadağalar qoyan" ana-ata, digər tərəfdə "güzəştə gedən" nənə-baba. Təhlil qabiliyyəti mükəmməl olmayan uşaq, əlbəttə ki, doğru və yanlış, faydalı və zərərli olanın nə olduğunu dərk etmədiyi üçün ona xoş təsir edən seçimi edəcək. Çünki ata-anası tərəfindən bunun qəbul edilmədiyini bildiyi kimi ona dəstək olan nənə-babanın olduğunu da bilir. Bəzən hətta bu cür situasiyalarla rastlaşdıqda uşaq ana-atanı onu sevməməkdə günahlandırır".

Psixoloq heç bir sevginin ata-ana sevgisini əvəz edə bilməyəcəyini düşünür: "Yaş artdıqca bu sevgisizlik onlarda müəyyən boşluqlar yaradacaq, izlər qoyacaq. Əlbəttə ki, uşaq nənə-baba əhatəsində də olmalıdır. Bu cür uşaqlar daha ünsiyyətcil olur. Amma təlim-tərbiyə işini valideynlər öz öhdələrinə götürməlidir".

"Nənə-babaları düşündürən budur: uşaq məni sevsin, vəssalam"

Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova onlara bu tipli problemləri yaşayan ailələrin tez-tez müraciət etdiyini deyir: "Bizə böyük ailə daxilində yaşayan çox uşaq müraciət edir. Hətta çox vaxt nənə və babalar terapiya müayinədə olurlar. Nənə-baba 9 yaşından sonra uşağı gətirir. Çünki bu yaşa qədər "uşaqdı, yazıqdı", "uşaqda heç nə yoxdur, özünüzdən problem yaratmayın" deyə düşünürlər. Ancaq artıq 9 yaşdan sonra cinsi yetişkənlik dövrü başlayanda uşaq nənə və babayla da toqquşmağa başlayır. Onlar öz əlləriylə necə bir "canavar" böyütdüklərinin fərqində olurlar. Bu zaman artıq psixoloqa müraciət etməli olurlar. Ancaq erkən yaşda müraciət edən analar da olur. 
Ümumiyyətlə, nənə-babanın, yaxud gec ailə qurub 35 yaşdan sonra uşaq sahibi olan, sonsuzluq problemi yaşayıb müalicələrlə uşaq sahibi olan valideynlərdə ərköyünlük müşahidə etmək mümkündür. Uşaq sahibi olmaq və uşaq tərbiyə etmək 25-26 yaşdan sonra başlayır. Burada insanın özünün psixoloji durumu və nə dərəcədə yetkin insan olması da önəmlidir. Ana-ata həmişə uşağının gələcək həyatını planlaşdırdığı üçün qaydaları rahat formalaşdıra bilir, qaydaları pozanda onların düz etmədiyini izah edə bilir. Bir sözlə, ana-ata daha qəddar olur və uşağın tərbiyəsiylə daha ciddi məşğul olurlar. Ancaq nənə-babalar adətən 50-60 yaşlarında olur və bu zaman onlar uşaq üçün gələcək planlaşdırmırlar. Yəni fikirləşmirlər ki, nəvələri 19 yaşında necə olacaq, nə edəcək? Buna görə də onların düşüncəsi fərqli olur. Vaxtilə öz övladlarının tərbiyəsi, gigiyenası, dərsləri ilə daha ciddi məşğul olan nənə-baba bunu nəvələri üçün edə bilmir. Bu da yaşdan asılıdır. Ancaq bu günə köklənirlər: uşaq məni sevsin, desin "nənə-baba yaxşıdır, mən onları çox sevirəm", bu, mənə bəs edir. Bunu bütün nənə-babalara şamil etmək olmaz, ancaq əksəriyyəti belədir".

Öz krallıqlarını bağçada və məktəbdə görməyən uşaqların fobiyası

Psixoloq xanımın sözlərinə görə, nənə-babalar nəvələrinə qayda-qanunsuz həyat formalaşdırırlar: "Onlara öz sözlərini keçirə bilmirlər, "yox" sözünə öyrədə bilmirlər. Ana-ata uşağı cəzalandırarkən nənə-babanın ürəyi dözmür, müdaxilə edir, hətta qarğış tökür. Öz yanına çəkir, qucaqlayır. Ana-ata da nənə-babayla problem yaşamasın deyə məcburən onlarla razılaşmalı olur. Zaman keçdikcə nənə-baba himayəsində böyüyən uşaqda xüsusən kavro-kaprizlər, davranış pozuntuları, isteriyalar müşahidə olunur. Bu uşaqlar yanlış və doğrunu insana görə müəyyən etməyə başlayırlar. Yəni uşaq artıq görə bilir ki, yox cavabı aldığım bir şeyə nənəmi razılaşdıra bilərəm. Nə qədər çox ağlasam, səs tonumu qaldırsam, istədiyimi əldə edə biləcəm. Bu oturuşmuş model bağça, məktəb həyatında çox böyük problemlər ortaya çıxarır. Bu uşaqların sosial adaptasiyasında həmişə sıxıntılar yaşanır. Özünə güvənsiz olduqlarından içə qapanırlar, kollektivə uyğunlaşa bilmirlər, evdəki "krallıqlarını" burada görə bilmədiklərindən bağça, məktəb fobiyasına meyilli olurlar. Bəzi uşaqlarda isə bu hal özünü aqressiyayla göstərir. Ana-ataya, müəllimlərinə, yaşıdlarına tabe olmayan, cığal uşağa, məğlubiyyəti qəbul etməyən bir şəxsiyyətə çevrilirlər".

"3 yaşına kimi uşağa ana özü baxmalıdır"

Psixoloq anaların nənə-babayla sağlam münasibət formalaşdırmalı olduğunu düşünür: "Onlarla görüşləri tənzimləməlidirlər. Bu gün hər yaşa və cibə uyğun bağçalar var. Digər tərəfdən, dayə köməyindən istifadə edə bilərlər. Çünki ən azı əmin olsunlar ki, pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər. Valideyn çalışmalıdır ki, bir qədər soyuqqanlı olsun. Yaxşı olardı ki, analar 3 yaşına kimi uşağa özləri baxsınlar. Analıq məzuniyyəti təkcə həkim tərəfindən deyil, həm də psixoloqlar, pedaqoqlar tərəfindən alınmış qərardır. Uşaq üçün 3 yaşına kimi anayla təmas, ətraf mühiti öyrənmək çox vacibdir. Ana-atanı heç kim əvəzləyə bilməz. Ancaq bu, mümkün olmadıqda bağçaya qoymaq və ya dayə köməyi almaq məsləhətdir. Nənə-babayla görüşlər şənbə-bazar günlərinə saxlanmalı və bu görüşlərə bir qonaq kimi getməlidir. Nənə-baba uşaqla davamlı təmas qurub, onun tərbiyəsində iştirak edərsə, onlarla əvvəlcədən ciddi şəkildə danışmaq lazımdır. Bu münasibətlərdə çətinlik yaranarsa, ailə psixoloqundan dəstək almaq olar. Uşağı ram etməyi öyrənmək lazımdır. Psixoloq təkcə uşağın yox, ailədə yaşayanların münasibətlərini, psixologiyasını öyrənir. Çünki ətraf mühitin uşağa çox böyük təsiri var. Maksimum dərəcədə uşağa qarşı anlayışlı olmaq, ailə daxilində ortaq məxrəci tapmaq lazımdır. Bu zaman uşağın tərbiyə-təlimi, təhsili kompleks şəkildə problemsiz olacaq".

"Nənə-babayla böyüyən uşaqlar depressiya yaşamırlar"

Sosioloq Cavid İmamoğlu isə yaşlı nənə-babaların uşaqların inkişafında və tərbiyəsində, psixoloji və sosial bağlılıqların formalaşmasında əvəzsiz rol oynadığını iddia edir: "Araşdırmalar göstərir ki, validenylərdən fərqli olaraq, nənə və babalar uşaqların tərbiyəsi ilə daha pozitiv məşğul olurlar. Onlar uşaqların ana-atalarından fərqli olaraq depressiya yaşamırlar və mənfi auranı uşağa ötürmürlər. Anaların uşaq dünyaya gətirdikdən sonra düşə biləcəkləri depressiyanın əksinə olaraq, nənələr üçün nəvənin dünyanın gəlməsi motivasiya xarakterli olur. Odur ki, nənə və babalar uşaqların inkişafında, onların sosiallaşmasında daha təsirli olurlar. Nənə-baba tərbiyəsində böyüyən uşaqlarda qərar qəbul etmə və ünsiyyətə girmə vərdişləri daha tez formalaşır. Bu da sosial həyatın daha sağlam seçim əsasında formalaşmasına təsir göstərir. Təbii ki, uşağı təmamilə valideyn bağlılığından ayırmaq olmaz. Bu, o zaman effekt verir ki, uşaq öz doğma valideynlərini görə-görə, nənə-baba tərbiyəsi altında böyüsün".

Milli.Az

Go Back

Evlilik öncəsi psixoloji konsultasiya vacibdir!!! - PSİXOLOQ YAZIR

 

Artıq cəmiyyətimizdə xeyli irəliləyişlər var. 10 il bundan əvvəl insanların nikahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu, kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir.

 

Necə ki, cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək, beyinlərini tanıyırlar.

 

“Elə beynini tanımışam ki, evlənirəm. Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrılacam məgər?”. Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyir. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır.

 

İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz - “O, çox qayğıkeşdir”, “O, çox səmimidir”, “O, çox diqqətcildir” və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandı.

 

Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür. Həmin psixoloqlar evlənməmişdən öncə bu ailələri müşayiət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri hazırlayır. Məsələn, əgər kişidə anasına qarşı güclü bağlılıq varsa, psixoloq qadını bunun yarada biləcəyi problemlərə hazırlayır. Tibbi dildə desək, immunitet yaradır. Peyvənd (xəstəliyin mikroblarının zəiflədilmiş şəkli) qana vurulur, artıq bədən mikrobu tanıyır və xəstəliyə yoluxmur. Belə deyək - psixoloq cütlüklərə gələcəkdə baş vermə ehtimalı böyük olan hadisələrə qarşı peyvənd vurur.

 

Yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Bu, anadan qızına keçən bir problemdir. Analar qızlarını evliliyə hazırlayırlar. Təbii, bu, olmalıdır. Amma bəzən analar çox himayədarlıq edirlər. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidirlər.

 

Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu, xroniki hala keçirsə, cütlüklərin psixoloqa müraciət etmələri tövsiyə olunur. Qadınlar əsasən problemi intim həyatında axtarmağa başlayır və seksopatoloqa müraciət edirlər. Onlardan aldığı yanlış psixoloji məlumatlara “sizdə fiziki uyğunsuzluq var və ya bədənləriniz bir-birinə öyrəşə bilmir” kimi fikirlərə zaman keçdikcə inanmağa başlayırlar. Münasibətlərdə soyuqluq yaranır. Bəzən tədbir görülməzsə, bu hallar evliliklərin bitməsinə səbəb olur.

 

Bir şeyi xüsusilə vurğulamaq istəyirəm -  müəyyən ginekoloji və ya uroloji uyğunsuzluqlar ola bilər, amma onların hər biri həll olunandır. Əsas düşüncə olaraq aranızda uyğunsuzluq yaratmayın. Çalışın yoldaşınıza yataqda köməklik edəsiniz. Onu anlamağa çalışın, hələ sizin həssas nöqtələrinizi bilməmiş ola bilər. Siz ona yol göstərin. Fikir və narahatlıqlarınızı onunla bölüşün. Əmin olun, başa düşməyən insan yoxdu, başa sala bilməyən insan var. Hər dəfə dediklərinizi anlamırsa, demək, bu dil işinizə yaramır, başqa üsulla ona fikrinizi izah edin. Unutmayaq ki, evlilik nə nişanlılıq, nə sevgililik dövrünə bənzəyir. Evlilik bir yastığa baş qoymaqdır. Bu sözün mənası çox dərindir. Evlilik zamanı bütün gizlədilənlər üzə çıxır. İstər-istəməz insanlar evlilik öncəsi bəzi şeyləri gizlədir. Bu, çox normal haldır. Siz gizlətdiyiniz kimi, qarşı tərəf də gizlədə bilər. Çalışın bütün hallarda özünüzü qarşı tərəfin yerinə qoyub onun hisslərini başa düşəsiniz.

"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

aile.lent.az

Go Back

Uşaqlar internetdə niyə porno materiallar axtarır? - PSİXOLOQ YAZIR

 

Azərbaycanda uşaqların internet fəaliyyəti nəzarətdə saxlanılmır. Hələlik bu istiqamətdə önəmli addımlar da atılmayıb. Bir çox xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə uşaqlar internetə daxil olmaqda sərbəstdirlər. Bəs görəsən, internet sərbəstliyinin uşaqlar üçün zərərləri nədir?

 

Uşaqlar üçün internetdə ən zərərli məlumatlardan biri də pornoqrafik informasiyalardır. Yeniyetməlik dövründən fərqli olaraq, bəzən erkən, 6-7 yaşda olan uşaqlar da açıq-saçıq kadrlara meylli olurlar.

 

Bu gün Azərbaycanda internet nəzarəti təəssüflər olsun ki, çox zəifdir. Bu istiqamətdə müvafiq qanunvericiliyin, internet paketlərinin olmamağı uşaqların internetdən zərərli məlumatlar alması ilə nəticələnir. Valideyn yalnız evdə övladının internet qarşısındakı fəaliyyətini tənzimləyə, onu nəzarətdə saxlaya bilər. Əlbəttə ki, internet klublarda, digər yerlərdə bu, mümkünsüzdür. Uşaqlar istər-istəməz ətrafdan zərərli məlumatlar ala bilərlər.

 

Azyaşlıların maraq dairəsində olan mövzulardan biri də xoşagəlməz videolardır. Yeniyetməlik dövründə uşaqlar bu məlumatlara daha çox maraq göstərir, bu tip informasiyaları araşdırır. Bu, normaldır. Lakin erkən, hələ 6-7 yaşlarında olan uşaqlarda da bu cür kadrlara maraq oyanması müşahidə edilir. Bu problem valideyni narahat etməlidir.

 

Az yaşlarda uşaqların öpüşmə və s. bu kimi səhnələrə maraq göstərməsi həm də onların böyüdükləri, sevə-sevə izlədikləri cizgi filmlərinin təsirindən də ola bilər. Bu gün yayımlanan cizgi filmlərində öpüşmə, qucaqlaşma səhnələri açıq-aşkar nümayiş edilir. Bu cizgi filmləri uşaqlara əyləncə bəxş etməklə yanaşı, həm də onlara yaşlarına uyğun olmayan məlumatları ötürür. Uşaq "Tom və Cerri"yə baxarkən görür ki, Tom yanındakı qızı öpür, onlar qucaqlaşmağa başlayır. Əlbəttə, bu, istər-istəməz uşaqda maraq oyadacaq. Ondan da artığını əldə etmək üçün internetə daxil olub müxtəlif videoları izləyəcək. Övladlarının yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış olmasının qarşısını almaq üçün valideynlər də diqqətli olmalıdır. O, övladının hər cizgi filminə baxmasına şərait yaratmamalıdır. Baxdığı cizgi filmləri də uşağın yaşına uyğun məlumat verməlidir.

 

Valideyn pis işlə məşğul olan, xoşagəlməz videoları izləyən uşağın bu hərəkətini açıq-aşkar qabartmamalı, bu davranışa görə onu təhqir etməməlidir. Ata-analar bir çox hallarda övladlarının pis işlə məşğul olmasını öyrəndikdə bunu üzə vurur, onları təhqir edir, şəxsiyyətlərini aşağılayır. Əslində bu, düzgün davranış modeli deyil. Bu zaman uşaq müəyyən müddət çərçivəsində valideynin istəklərini yerinə yetirir. Müddət bitdikdən sonra onda yenidən həmin şeylərə maraq yaranır.

 

Yeniyetməlik dönəmində uşaqlara həssas yanaşılmalıdır. Bu dövrdə uşaqlara çox da təzyiq göstərmək olmaz. Valideynin 18 yaşına qədər övladının nə işlə məşğul olmasını araşdırmaq hüququ var. Lakin valideyn bu işi o qədər ustalıqla etməlidir ki, övladının xəbəri olmasın. Övlada nəzarət lazımdır, çalışmaq lazımdır ki, bunu aşkar formada büruzə verməyəsən.

 

Məsələn, uşaq evdə olmadıqda ana kompüteri açıb övladının qovluqlarda nə yerləşdirdiyini öyrənə bilər. Əgər bu qovluqların içində onun yaşına görə zərərli olan məlumat varsa belə, ana bu işdən xəbər tutduğunu bildirməməlidir. Nə vaxtsa uşaq kompüteri açdıqda ona yaxınlaşıb, "aç bu qovluğa da baxaq, görək içində nə var?", - deyə bilərsiniz. Uşağın bir o qədər də üstünə getmək lazım deyil. Sadəcə olaraq, uşaqda həyəcan oyatmalısınız ki, o da davranışlarına nəzarət edə bilsin. Bu zaman siz onun yanından ayrıldıqdan sonra uşaq fikirləşəcək ki, görəsən, anamın, atamın bunlardan xəbəri var, ya yox?

 

Bəzən uşaqlar belə faylları çox peşəkarlıqla gizlədə bilirlər. Yanıma gələn azyaşlılardan birinin valideyni deyir ki, telefondakı videonu izləyirdi. Uşaq iki videonu bir-birinə calaşdırıb. Nə cür yollasa onu montaj edərək adi bir kadra bitişdirib ki, kimsə açanda həmin videonu görməsin. Yalnız videonu izlədikdən sonra valideyn övladının bu çoxbilmişliyindən xəbər tutub. Nəzarət təzyiqi olduqda uşaqlar hər yola əl atırlar.

 

Valideynlər övladlarının zərərli saytlara daxil olmasına da nəzarət etməlidir. Birbaşa onun timsalında deyil, bir başqa tanış adamın timsalında çatdıra bilər ki, filankəs pis saytlara daxil olur. Bu cür saytlar çox zərərlidir və s. Bu yolla valideyn övladını baş verə biləcək təhlükədən xəbərdar edə bilər.

 

İnternetdə uşaqlar üçün zərərli məlumatlar çoxdur.

 

Verdiyi sualları valideyn düzgün cavablandırmazsa, təbii ki, uşaq məlumatı başqa yolla almağa cəhd edəcək. Uşaq soruşanda ki, mən necə dünyaya gəlmişəm, valideyn bu sualı cavablandırmaqdan yayınır, ya da "səni dükandan almışıq, zibillikdən tapmışıq" deyir. Təbii ki, valideyn informasiyaları bu tərzdə verdikdə övladda onlara qarşı güvənsizlik yaranacaq. Çox yaxşı olardı ki, valideyn gerçəyi çatdırsın. Əlbəttə ki, məlumatı da onun yaşına uyğun verməlidir. Valideyn övladının suallarını düzgün, maraqlı, nağılvari bir tərzdə çatdırarsa, uşaq artıq internetdən bu haqda araşdırma aparmağa ehtiyac duymaz. Əks halda uşaq özünə lazım informasiyanı almaq üçün mövzunun daha da dərinliklərinə gedəcək. Bu zaman onun qarşısına daha təhlükəli və zərərli məlumatlar çıxa bilər. Hətta oxuduğu məlumatlar onda travma da yarada bilər. Zorlanma ilə bağlı məlumatlar alan uşaq elə düşünəcək ki, ətrafında olan əks cinsin nümayəndələri onu zorlamaq istəyir. Yeniyetməlik dövründə bu cür qorxular özünü daha aydın büruzə verməyə başlayır. Yeniyetmə oğlanlarda da bu tip qorxular yaranmağa başlayır. Onlar da ana-bacıları, qohumları üçün narahat olurlar. Universitetə hazırlıq dönəmində də uşaqlarda internetin təsirindən stress və gərginlik daha da artır.

 

Bu baxımdan valideyn ilk növbədə övladında ata-anasına güvən yaratmalı, ona ilkin cinsi biliklər verməli, bəzi sədləri gözləməlidir. Nə qədər istəsək də, övladlarımıza tam nəzarət edə bilmərik. İstər-istəməz məktəb yoldaşları, məhəllə uşaqları, çöldə gördükləri ona təsir edəcək. Onlar məktəbə getdikdə, internet kluba getdikdə hər hansı informasiyanı öyrənə bilərlər. Çalışmaq lazımdır ki, uşaqda valideyninə güvən olsun. Valideyn gərək düşünsün ki, niyə oğlu davamlı olaraq lazım olmayan saytlara daxil olur. Ya özü, ya da atası düzgün informasiya verə bilmir ki, uşaqda bu cür informasiyalara, kadrlara maraq oyanır. Müəyyən bir dövrdə uşağın bu tip məlumatlara marağını başa düşmək olar.

 

2 yaşdan sonra uşaq ana-atası ilə birgə yatmamalıdır. Valideyn bunlara nəzarət etməlidir. Valideyn var ki, 11 yaşlı övladını özü çimizdirir. Əlbəttə ki, belə olduqda erkən yaşlarda uşaqda cinsi maraq yaranır. Övlad bunu dərk etmədikdə ana onu başa salmalıdır ki, bu vəziyyətdə valideynin qarşısına çıxa bilməz. Valideynlər övladlarının xoşagəlməz mövzulara maraqlı olduğunu müşahidə etdikdə onun pozulduğunu güman edir. Bəzən valideyn övladının davranışından özündə paranoid düşüncələr də yaradır. Valideyn daha çox qadağalar tərtib edərsə, uşağın cinsi mövzuda verdiyi sualları cavablandırmazsa, belə problemlər daha çox olacaq.

 

İnsan nə zaman axtarır? Özündə bu mövzuda bir boşluq hiss etdikdə. Valideyn erkən yaşlardan düzgün informasiya verərsə, bu problemlə daha az rastlaşar.

 

Bu gün internetdə uşaqlar üçün təhlükəli, zərərli oyunlar da var. Fiziki və mənəvi şiddət görən uşaqlar daha çox buna meylli olurlar. Bu cür oyunlar uşaqları yönləndirir, onlar kompüterdə kimisə vurur, döyür, güllələyir. Məkrli insanlar xoşagəlməz videoları paylaşaraq uşaqları tora salır, öz məqsədlərinə görə istifadə edirlər.

 

Valideyn övladının kiminlə dostluq etməsinə də nəzarət etməlidir. Ümumiləşdirsək, deyə bilərik ki, internetin uşaq təfəkkürü üçün faydalı və zərərli tərəfləri var. Uşaq elə bir oyun oynaya bilər ki, bu, onun hafizəsinə müsbət təsir edər. Elə oyunlar var ki, uşaqda diqqəti cəmləşdirər, ona faydalı təsir edə, təxəyyülünü inkişaf etdirə, şahmat oynaya bilər.

 

NARINC RÜSTƏMOVA

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri,psixoloq

aile.lent.az

Go Back

Psixoloq Narınc Rüstəmova - UŞAQLARI NECƏ TƏRBİYƏ ETMƏLİ

Həmişə kiminsə uşağının eqoistlik, ərköyünlük etdiyini görərkən  öz-özümüzə “mənim uşağım olsa, mən belə etməzdim” , “uşağı belə tərbiyə eləməzlər!” kimi düşünürük. Bəs, yaxşı, uşağa necə tərbiyə verməli?  Sərgilədiyi davranışları necə korreksiya etməliyik?

İstərdim ki, mövzumuza İslam dininin sonuncu peyğəmbəri (s.ə.s) Məhəmməd peyğəmbərimizin hədislərindən biri ilə başlayım. Yəqin ki, çoxlarımız bunu bilir.“Bir ailə təzə dünyaya gəlmiş 41 günlük körpəsini peyğəmbərimizin yanına gətirib ondan məsləhət almaq istəyir.

-Ey Allahın sevimli, seçilmiş bəndəsi, bu körpə bizim ailəmizə şənlik gətirib. Hamımız bu balanın vətənə, ailəyə faydalı övlad olmasını istəyirik. Sizcə biz bu balanı necə tərbiyə edək?

Peyğəmbərimiz isə:

-Ey dost, artıq gecikmisən, deyə cavab verir...

Ona görə ki, ailə körpənin tərbiyəsində 258 günü (ana bətnində 3-cü ayından etibarən) arxada buraxıb. Allah ana bətnindəki uşağa 10 həftəliyində ruh verir. Ona görə də hər bir valideyn övladının tərbiyəsi ilə ana bətnindən -10 həftəliyindən başlamalıdır.”

Gözəl hədisimizdən də görüldüyü kimi ana hamiləlik zamanı övladının fiziki inkişafı ilə bərabər psixo-nevroloji inkişafını da nəzarətdə saxlamalıdır. Hər bir uşağın daşıdığı genlərin onun həyatında rolu 7-10%-dən artıq deyildir. Yəni uşağın gələcəkdə şəxsiyyətinin düzgün formalaşmasında genlərdən də önəmli ona verilən tərbiyədir. Təbii, tərbiyəyə sosial mühit və ailə daxildir. Amma burada əsas yeri ailə tutur.

Tərbiyədə 3 əsas qızıl qayda:

1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir!

Biz nəzər salsaq görərik ki, 1yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşhidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davaranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!

“Ana, uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını  yumruqlamaya başlayır.” Əksər belə situasiyalarda analar ətrafın neqativ formada narahat etməsin deyə ya istədiyini edir ya da şərt kəsərək: “evə gedək sənə kompüterdə oynamağa icazə verəcəyəm”, “özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə alacaq” və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. “Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcik”, “dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!”

3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!

Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq xoş olmayan davranışları azaltmaq əvəzinə uğursuz olduqlarını düşünərək daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, uşağı necə tərbiyə edəcəyinizi təyin etdikdən sonra övlad sahibi olmağa qərar verin. Uşaq dünyaya gələrkən onun valideyn üçün hüquqi, maddi hazırlığı olmaqla bərabər mənəvi hazırlığı da önəmlidir!

“NARINC” Uşaq Psixologiya mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova 

Go Back

Soyqırımı uşaqlara necə izah edilməli?! -PSİXOLOJİ YANAŞMA

    Hər bir ölkənin sağlam gələcəyi onun vətandaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri xüsusən anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətən ilə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

 Ağır, acılı günlərimizi necə?! Bax burda hər kəs tərəddüt yaşayır. Necə edək ki, uşağımızda vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin fotogörüntüləri göstərilsinmi?

  İlk öncə onu qeyd edimki, uşaqlar ölümü 7yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə fotogörüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s.kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şerləri öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.

  Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim- pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu zaman uşaqlar artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s.fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instiktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənnlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhərisi gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.

Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqrım mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9yaşından sonra bu görüntüləri gizlətsəniz belə axtarıb tapacaq,bütün sənədli filmləri izləyəcəkdir.Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqrım övladlarımızda ruh düşgünlüyü yox, daha mətin, daha Mübariz olmağı formalaşdırmalıdır.

Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə övladlarımız çatdıracaq bu günün uşaqları, sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, Xalqımıza səbir arzulayıram.

 Narınc Rüstəmova

NARINC UPM-nin rəhbəri, uşaq psixoloqu

Go Back

Psixoloq Narınc Rüstəmova: "Uşaqlarda bağça qorxusu"

Uşaqlarda 3 -6 yaş arası dövrdə öz yaşıdlarına daha çox maraq yaranır.  Öncəki illərdə valideynlərinə və ətrafındakı böyüklərə qarşı meyil zamanla yerini öz yaşıdlarına verir. Bu dönəmdə uşağın yaşıdları ilə təması vacibdir. “ Evdəyəm, niyə bağçaya getsin, elə özüm baxaram” deyə,düşünən analar bəzən bu gözəl fürsəti onların əlindən almış olurlar. Bağça- çalışan valideynlərin uşaqlarına baxım göstərmək üçün deyil, uşaqların sosiallaşması, ələlxüsus psixo - motor nitq inkişafında əvəzsiz rolu olan qurumdur.

Valideyn uşağı ilk gün bağçaya apararkən uşağın ağlaması səbəbindən ( bu bəzən 1 həftə və daha çox davam edə bilir) nə etməli olduğunu bilməyərək , ya bağçadan imtina edir, ya da hər dəfə ağlaya- ağlaya bağçaya aparıb bir gün öyrəşəcək ümidi ilə günləri sayır. Belə bir çıxılmaz vəziyyətdə hər uşağın stressə davamlılıq qabiliyyəti fərqli olduğu üçün çox zaman ağlayaraq bağçaya məcbur aparılan uşaqlarda  “ağlayır, fikir verməyin, qoyub gedin” tövsiyyəsi ilə ağır alt islatma, kəkələmə, yuxu pozuntusu, davranış pozuntusu kimi fəsadlara gətirib çıxarır. Hər uşağın bu şəkildə alışması metodu heç də ideal deyildir. Hər uşaq fərqlidir və fərdi yanaşılmalıdır.

İlk öncə bu 3 suala aydınlıq gətirək.

1. Hansı uşaqlarda daha çox bağça qorxusu müşahidə edilir?

2. Bağçadan qorxan uşaqlara bağçada necə davranmalı?

3. Ən vacibi isə ailə uşağa bu halda necə rəftar etməlidir?

1. Gec uşaq sahibi olan ailələrin uşaqlarında, nənə- baba ilə birlikdə yaşayan, ana və ya atasında həyəcan- təşviş, hədsiz həssaslıq olan ailələrin uşaqlarında bağça qorxusu daha çox müşahidə edilir. Bu tip həssas valideynlər hər xırda detalda qüsur axtaraq bağçanı dəyişərək çarə tapmağa çalışırlar. Bunu unutmamalıyıq ki, biz övladlarımızı hər zaman qoruya bilmərik, cəmiyyətdə hər psixikaya malik uşaq və böyüklər var. Hər kəs bizim dəyərlərimizə uyğun gələ bilməz. Buna qarşı immuniteti formalaşan uşaqlar zamanla daha idarəedici, daha davamlı şəxsiyyətə çevrilirlər. Biz onları hər cür situasiyaya hazırlıqlı etməliyik. Qoruyucu və mükəmməliyyətçi valideynin yanında uşağa məsliyyət verilmədən qurulan rahat sistemi zamanla cəmiyyətdən bunu görməyincə, uşaq özünü evdə - valideynlərinin, nənə- babalarının yanında daha  güvəndə hiss edirlər. Əllərindən sanki krallıq alınacaq deyə müqavimət göstərərək taxtı uğrunda mübarizəyə başlayırlar. Yas və ya sevdiyi yaxınlarının xəstələnməsi, uzaq səfərə çıxmasında travma alan özgüvənsiz, stressədavamsız uşaqlarda da baxça qorxusu hədsiz müşahidə olunur.

2. Xüsusilə bu anda pedaqoqun doğru rəftarı, ailə ilə sıx təması vacibdir. Nəzərə alınmalıdır ki, 3- 4 yaşına kimi hər gün və hər anı bir yerdə keçən, xüsusən həssas valideynlərdə uşaqları ilə simbioz münasibət yaranır. Onu heç kimlə paylaşmaq istəmirlər. Pedaqoqlar bu zaman “biz övladınızı çox sevirik, Bizim yanımızda güvənlidir” mesajını uşağa ağlayan anda hədsiz qayğı göstərərək yalnış ötürə bilir ki, bu da valideynlərdə özlərinə qarşı bilmədən də qısqanclıq yaradır. Belə olan halda uşağın doğmaları şüuraltı müdafiə olunaraq qarşı tərəfdə qüsur taparaq konflikdə girməyə çalışacaqdır. Bu zaman pedaqoqlar daha təmkinli davranmaqla, ailəni məlumatlandıraraq təşvişə düşməməlidirlər. Adaptasiya gec gedən uşaqlara 2 ay valideynləri ilə təmasa, bağçada ilkin olaraq az saat vaxt keçirməyə, psixoloq dəstəyi almağa şərait yaradılmalıdır.

 3. Biz bir problemi ideal surətdə həll etməliyik ki, problem gələcəkdə qarşımıza daha başqa aqreqat halında çıxmasın. Valideyn ilk öncə evdə öz övladını müşahidə etməlidir. Uşaq səhər açılanda və ya gecə yatmağa hazırlaşanda sabah bağçaya gedəcəyi barəsində təşviş yaşayırmı, hansısa orqanik reaksiya baş qaldırıbmı?  (ürək bulanma, qarın ağrıma, qusma hissi, nahiyyələrdə ağrılar, xəfif temperatur, halsızlıq)  Bu hallar adətən uşaq bağçada 10 dəqiqə qalandan sonra tam unudulur. Heç nə olmamış kimi bağçada aqressivlik və ya özünəqapanma sərgiləməyərək rahat uyğunlaşırsa, öncə ağlayaraq ayrılmaq istəmədiyi doğmaları heç yadına düşmürsə, deməli, uşaqda bunlar sadəcə kapriz fonunda davranış pozuntusudur. Bu zaman valideyn həmin krizis anında daha təmkinli davranmalı , onunla göz kontaktı qurmayaraq bağçaya qoymalı, uşağın belə davranaraq onu utandırdığını, hətta evə gələndə ona kiçik sevdiyi şeylərdən məhrum edərək, və ya çox utandırdığı üçün bu gün onunla danışmaq istəmədiyini söyləyərək sabaha qədər danışmamalıdır. Bununla uşağın krallığının artıq sona yetdiyini, qaydaların həm evdə, həm də bağçada olduğunu göstərərək, evi çölə uyğunlaşdırmaq lazımdır. Uşaq hər dəfəsində özünü daha yaxşı apararsa həftə sonu onu mükafatlandıraraq sevimli oyun parkına, gəzintiyə aparmaq gərəklidir.

Yox əgər, uşaq bağçaya gedir, sona qədər ağlayaraq doğmalarının gəlməsini istəyirsə, deməli məsələ artıq bağça fobiası şəklindədir ki, psixoloq dəstəyi bir mənalı alınmalıdır. Altşüurda daha dərin itirmə qorxusu fonunda yas və ya hər hansı ciddi travma faktorları araşdırılmalıdır.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, zamanla övladlarımız böyüdükcə bizimlə keçirəcəyi zaman bölünərək bağçaya, məktəbə, hazırlıqlara, dostları ilə görüşə sərf olunacaqdır. Bu azalan zaman, azalan məhəbbətin göstəricisi deyildir. Onların sosial həyatını dəstəkləmək daha uğurlu şəxsiyyətə çevrilmələrini və bizim fəxrimiz olmalarına gətirib çıxarır.

 Hər birimizə başımızı uca tutacaq övlad arzu edirəm. Bunun üçün səbr və zəhmət kifayətdir!!!

 Narınc Rüstəmova

NARINC UPM-nin rəhbəri, uşaq psixoloqu 

Go Back

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir mi?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.

Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.

Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.

Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli:
Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.
Yemək az miqdarla başlanmalıdır.
İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.
Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.
Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.
Heç bir halda zorla yedizdirlməməlidir.
Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.


Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.

Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır. 

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

 

Go Back

Uşaqlar dənizdən niyə qorxur?

Bu qorxu yaşa uyğun olaraq dəyişir

Bu dəfə uşaqların mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən, 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq, özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, əsasən, yüksək səs (tozsovuran, ildırım çaxması), saç kəsimi (bərbər), həkim, su kimi qorxular müşahidə olunur. Məktəbəqədər yaşlı uşaqlarda müdafiə mexanizmi güclü olduğu üçün qorxularının kökündə bədənlərinə zədə dəymə, yaralanma kimi narahatlıqlar durur. Bu zaman uşaq ağlayır, anasından bərk bərk yapışır, əşyaların arxasında, maşının oturacağının altında gizlənir.
Bəzən valideynlər “qorxunun üzərinə getmək lazımdır” şüarı ilə uşaqları zorla suya salaraq, suyun necə gözəl olduğundan danışaraq, ələ salaraq, “qorxaq” adlandıraraq uşağın dəniz qorxusuna qalib gəlmələrini istəyirlər. Şüar doğru olsa da, tətbiq olunan üsulda bir az yalnışlıqlar var. Bu, əksinə, uşaqlarda gərginliyi daha da artırır və uzun müddət təzyiq olunarsa, zərərli vərdişlər- göz qırpma, dırnaq yemə, barmaq sovurma, hətta tik (uşağın istəkdən kənar çıxartdığı səs, müxtəlif baş və çiyin hərəkətləri) belə müşahidə olunmağa başlaya bilər.
Bunun üçün valideynlərə uşaqları incitməyərək istifadə edə biləcəyi praktik məsləhətlər vermək istəyirəm. İlk olaraq onu qeyd etmək istəyirəm ki, yaşından asılı olmayaraq, uşaqlar ətraflarında cərəyan edən hər bir şeyi yarış kimi görürlər. Bu səbəbdən, valideyn uşaqda dənizlə rəqabət hissi yaratsa, ideal olardı. Belə sual yaranır: Bəs necə? Öncə uşağınıza əhvalatlar danışaraq, suyun üzərində gəzə bilən qəhrəman uşaq haqda nağıl danışa bilərsiniz. Valideynin yaradıcılıq bacarığından asılı olan ssenarisiz nağıl oyunumuzda sadəcə əsas məzmun sizin uşağınızın yaşlarında olan, suyun üzərində gəzə, altında gözlərin aça bilən qəhrəman uşaq barəsindədir. Bununla da, uşaqda özü də hiss etmədən bu bacarığa sahib olmaq istəyi yaranır. Beləcə, qorxusunu arxa fona keçirərək onu bacarığa, istedada çevirməyə çalışır.
 Uşaqlar çimərkən valideynlər ona dəniz-dəniz oyunu adı altında vannaya su dolduraraq, köpük yaradaraq, ora sevimli oyuncaqlar qoyaraq suyu sevdirməlidir. Dənizə gedərkən isə uşaqların yavaş-yavaş suyu tanımasına şərait yaratmalıdırlar. Öncə suya ayaqlarını salaraq, sonra ata və ya anasının dəstəyi ilə rezin şarların köməyi ilə suyun üzərində qalmağına kömək olunmalıdır. Sonda görəcəklər ki, heç də “qanları qaralmadan” uşaqları necə həvəslə dənizə girmək istəyir. Əziz valideynlər, uşaqlar heç də ağlamadan, narahatlıq keçirmədən bütün qorxularının öhdəsindən gələ bilərlər. Sadəcə, bunun üçün onlara qorxduqlarını tanımağa vaxt verin.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narinc Rüstəmova

 



Go Back

Özümüzü əks cinsə sevdirməyin yolları

“Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır”. Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözləllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və s. – müəyyən komplekslər yaranmağa başlayır. Bununla da bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən “o, qadın məndən gözəldir mi? Mənim ondan nə əskiyim var?” , bəylər isə xəyanətlə rastlaşarkən “ məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?” kimi düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman seçilməmişlik, kişilər isə aldadılmışlıq duyğusu keçirir.

Amma artıq “vizual görüntü xəyanətdə böyük rol oynayır” tendensiyası son illər öz təsdiqin tapmayır. Alman alimlərin araşdırmalarına görə, kişilərdə bağlılıq duyğusu qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınların əksəriyyəti bunu görə və istifadə edə bilmir.

Kişilər xanımlarında öz analarını axtarırlar. Buna psixoanalizdə Edip kompleksi – oğlun anaya olan məhəbbəti deyilir. Əgər qadınlar bu həssas nöqtədən tuta bilsələr, özlərini kişilərə sevdirə bilərlər. Bunun üçün xanımlarımız qayınanalarını yaxşı tanımağa çalışmalıdırlar. Gəlin, əsasən, bir neçə sirri sizlərlə paylaşaq:

1. “Kişinin qəlbinə gedən yol mədəsindən keçər” sözlərini boşa deməyiblər. Qadınların onlara bişirdikləri yeməkləri özlərinə qarşı qayğı kimi görürlər. Yəni kişilər üçün bişirilən yeməyin dadı ikinci plandadı, əsas ona sərf olunan zaman və əziyyətdir.

2. Kişilərin qadınların onları uşaq kimi əzizləməyi üçün lap ürəkləri gedir. Məsələn, saçlarını tumarlamaq, xəstələnəndə uşaq kimi onu əzizləmək – bir sözlə, qayğı göstərmək.

3. Kişilərə tərif demək. Amma qadına deyilən tərif “necə də gözəlsən, ağıllısan” kimi deməkdənsə, onlara “necə də güclüsən, sənin yanında özümü rahat hiss edirəm, məni himayə edə bilirsən” kimi sözləri desəniz, uduzmazsınız. Çünki kişilər gücə daha çox önəm verirlər. Onu da qeyd etmək lazımdır ki, kişilərə bu tərifləri deyərkən bunların sizin yanınızda etibarlı olduğunu da qeyd edin. Mənim gözümdə beləsən. Yəni kişi özünü sizin yanınızda güclü hiss etsin.

4. Kişilər bir şeyi dəfələrlə eşitdikdə ona qarşı biganələşir. Kişinin qüsurlarını birbaşa üzlərinə dedikdə, utansanalar da, bir müddətdən sonra “mən onsuz beləyəm” kimi düşünüb onu düzəltməyə cəhd göstərmirlər. Qadınlar qusurlarını dolayı yolla, yumşaldılmış formada onlara çatdırdıqda daha uğurlu olur. Məsələn, kişinin yalanını tutan zaman qadın bunu onun üzünə söyləməkdənsə, “xəbərim var, eyib olsun, çox təəssüf” kimi baxışlarla xırda atmacalar atsa, kişiyə bu daha pis təsir edər, nəinki birbaşa söyləmək. Ümumiyyətlə, qadınlar bir az səbirli olsalar, kişilərdə daha çox olan günahkarlıq duyğusundan istifadə edə bilərlər.

Sonda isə onu qeyd etmək istəyirik ki, istər oxuduğunuz kitabla, istər baxdığınız filmlə, istər geyindiyiniz geyimlə, istərsə də istifadə etdiyiniz makiyajla həmişə maraqlı və baxımlı olmağa çalışın.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

 

Go Back

Körpələrin yuxu rejimi necə olmalıdır?

Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz, bəziləri üçünsə böyük bir problemdir. Buna görə də biz gərək əvvəl uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yanlışlar baş verdiyində bunu tez düzəltməyə çalışaq.

Körpə 3 ayına kimi gün ərzində 17-18 saat yatır. Burada bir detalı nəzərə almaq lazımdır ki, balaca fidanlar heç vaxt uzun müddətli yuxuya getmirlər. Tez-tez yemək yemək və ya altları dəyişdirildiyi üçün yuxuları daim bölünür. Ümumiyyətlə bu dövrdə körpəni 2-3 saatdan çox fasiləsiz yatmağı məqsədə uyğun deyil. Bununla bərabər 2 həftəliyindən etibarən körpəyə gecə ilə gündüzün fərqini hiss etdirmək lazımdır. Gündüz yuxu fasilələrində körpəylə oynamaq, söhbət etmək məsləhətdir. Ancaq gecə oyandığı zaman işıqları zəif yandırıb, yarıqaranlıq otaqda daha asta templə danışaraq ona gecə olduğunu hiss etdirməyə çalışmaq olar.

3-cü aydan körpənin yuxu saatı sutkada 15 saata enir. Bu yuxunun böyük bir hissəsi gecəyə, 4-5 saatlıq hissəsi isə gündüzün payına düşür. Artıq ilk aylardakı kimi tez-tez yatmamalıdır. Gecələr bir neçə dəfə oyandırıb yedizdirmək olmaz. Bundan sonrakı aylarda gecə yeməyini azaltmaq lazımdır. Gündüzlər körpə 2- 3 dəfə yataraq norma olan 5 saatını doldurmalıdı.

Çalışın körpənizi daima eyni saatda yatızdırasınız. Yatırmaqdan əvvəl isə körpə üçün planlaşdırdığınız müəyyən məşqləri edin. Artıq körpə hiss etməlidir ki, o yatacaq. Uşaq bunu acı və gərginlik olaraq qəbul etməməlidir. Körpədə əmələ gələn yuxu barəsində emosiyalar böyük yaşlarında da yuxuya münasibətini formalaşdırır. Yuxudan cəza kimi istifadə edilən ailələrdə bu problem daha çox müşahidə olunur. Amma yatmağı xoş rəftar və sevimli məşğuliyyət kimi formalaşdırmaq uşaqda yuxuya getməni asanlaşdırır. Məsələn, pijamalarını geyindirə-geyindirə xəfif musiqi dinlətmək və ya zümzümə etmək, əzizləyici sözlər demək, hekayə danışmaq ola bilər. Çimmizdirməyi də yatmazdan əvvəl edə bilərsiniz.

6 və 9-cu aylar arasında isə körpənin təxmini sutkada 14 saatlıq yuxu ehtiyacı var. Bunun 7saatında körpə heç oyanmaya da bilər. Bu period başladığı zaman artıq gündüz yuxuları da nizama salınır. Səhər və günortadan sonra körpəni 2 dəfə yatızdırmaq gecə yuxusunun sisteminə də uyğun gələcəkdir. Bu dövrdə körpənin yatmazdan əvvəl öyrəşdiyi məşğuliyyətlər varsa onlar başladığında o, artıq yatması gərəkdiyini qəbul edəcəkdir.

9-cu aydan sonra isə yuxu ehtiyacının böyük qismi gecə təmin olunduğu üçün gündüz yuxuları bir az qısala bilər. Gündüz yarım saatla 2saat arasında 2 dəfə yatarkən gecə 10-12 saatlıq yuxu müddəti normaldır. Burada vacib olan məqam yuxu öncəsi məşğuliyyətlərini pozmadan davam etdirmək özünün yatmasına çalışmaqdır.

12-ci aydan etibarən gündüz yuxusu 1 dəfə günortadan sonra ola bilər. 18-ci aya qədər çalışın gündüz 2 dəfəlik yuxu rejimini yavaş-yavaş 1 dəfəyə endirəsiniz. Bu aylarda körpəni öz-özünə yatmağa alışdırmaq lazımdır. 18- 24-cü aylardan isə gecələr 10-12 saat, gündüzlər 2 saatlıq bir yuxu kifayət edir. Artıq bu aylarda uşağınız üçün qurduğunuz məşğuliyyətlər intelektin artması ilə nəticələnir və bununla da o müxtəlif hiylələrə əl ata bilər.

Sonda isə, əziz valideynlər, onu demək istəyirəm ki, yuxu uşaqlarımızın 6 yaşına qədər psixo-fizioloji inkişafına böyük təsiri olan bir prosesdir. Yuxunun tam alınması balacalarımızın həm inkişafına, həm də günlük davranışlarına təsir edən faktordur. Bunun üçün gəlin onların yuxu saatını özümüzün rejiminə görə deyil onların rejiminə görə təyin edək.

 

“Narınc” UPM-nin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova


 

 

 

 

 

Go Back

Ailurofobiya

Pişikdən kim qorxur?

Adətən pişikdən qorxan adamlara “Bu balaca, şirin pişikdən qorxursan?”, “Gəl, əlini vur, heç nə olmayacaq”, “Sən, indi bu boyda adam pişikdən çəkinirsən?” kimi ifadələr deyirlər.

Pişikdən qorxduğunu etiraf etmək heç də asan deyil. Belə ki, ətrafdakılar pişikdən qorxan şəxsi ya gülüş obyektinə çevirir, ya da asanlıqla qınayaraq heyvanları sevməyən bir adam kimi qiymətləndirirlər.

Təbii ki, pişikdən qorxanların bu cür davranışı nə heyvanları sevməmək, nə də ki, artistizm demək deyil. Elmdə bu ailurofobiya adlanır. Ailurofobiya adlanan pişik qorxusu üzərində işlənməli psixoloji bir haldır. Əks halda zamanlaşəxsin emosional sferasında pozğunluqlar müşahidə olunur. Pişiyi görərkən ürək döyüntüləri, nəfəsin tez-tez və ya qısa alınması, ürək bulanma və s. kimi baş verən reaksiyalalar zaman keçdikcə dərinləşir. Hər bir qorxunun səbəbi olduğu kimi bu qorxunun da bir kökü var. Burda bir neçə faktorlar nəzərə alınmalıdır.

Çox vaxt pişikdən qorxan adam görərkən ilk növbədə nə vaxtsa pişikdən qorxduğunu, pişiyin onun üstünə atıldığını və ya cırmaqladığını düşünürlər. Əslində bu tip hadisələr tez-tez müşahidə olunsa da, bunun həmişə belə olduğunu deyə bilmərik. Əsasən zoofobiyası olan insanların keçmişini araşdırdıqda görürük ki, bu hallar valideynlərin ən azı birində müşahidə olunur. Ata və ya ananın hansısa heyvandan qorxması zamanla uşaq tərəfindən öz üzərinə köçürülür.

Bəs, belə bir sual sizi düşündürə bilər, niyə məhz pişik? Bu arxaiq olaraq keçmişdə həmişə dişli, tüklü və quyruqlu heyvanların məməliləri öldürməsi mifi iləbağlıdır. Pələng, şir, canavar, tülkü və s. bunlara misal göstərə bilərik. Bu fikrin şüuraltında kodlaşması zamanla ən yaxınımızda olan heyvana köçürülməsinə gətirib çıxarır. İlandan qorxan insan o qədər cəmiyyətdə aşkar olunmur, amma hər tərəfdə olan bu ev heyvanlarından qorxan insan getdiyi restoranda, oteldə, həyətdə və s. göstərdiyi emosional reaksiya ilə diqqət çəkir.

Həyatının müəyyən dövründən sonra pişikdən qorxma halları isə cinsi həyatda olan problemləri göstərir. Uşaqlarda isə bu öz cinsiyyətini dərk etməklə bağlı məlumatın azlığını və ya yanaşma ilə problemin olduğunu əks etdirir.

Pişik qorxusunu aradan qaldırmaq üçün psixoloqdan yardım almaq vacibdir. Korreksiya zamanı pasientə birinci növbədə bu qorxunun pişiklə əlaqəli deyil, bunun arxasında simvollaşdırılmış hansı fikrin olduğunu izah etmək, pişiyə qarşı neqativ hissləri pozitivlə əvəzləmək lazımdır. Bu uzun müddət tələb edən mərhələli bir prosesdir.

Sonda isə onu vurğulamaq istəyirəm ki, bütün qorxular öz normasında bizə həyat fəaliyyətimizi davam etdirmək üçün faydalıdır. Ancaq bu artıq 
sizə ziyan verməyə başlayırsa, buna dırnaq arası baxmamalısınız. Bu səfər “pişik təhlükəsini” keçərək bir də nə vaxt pişiklə rastlaşacağınız günü gözləməməlisiniz!

"Narınc Uşaq Psixologiya Mərkəzi"nin rəhbəri 

Psixoloq Narınc Rüstəmova

 

 

 

 

 

 

 

 

Go Back

Uşaqlar geyinir yoxsa geyindirilir?

Uşaqlarımızın geyimlərini 2 yaşa qədər özümüz seçirik. 2 yaşdan sonra artıq onlar yavaş - yavaş öz seçimlərini dilə gətirir, sevdikləri rəngi və ya cizgi film qəhramanının şəkli olan geyimləri seçirlər. Bəzən valideynlər şikayətlənir. “Əvvəlki sözə qulaq asan oğlum (qızım) dəyişib, indi çox şıltaqlıq edir, öz istədiyi olmasa, mağazada gileylənir, evə gələndə ağlayır, hətta bəzən aldığımız geyimi geyinmir”.  Əslində geyimin keyfiyyəti və qiymətindən, maraqlı görünən hissəsindən əlavə, onun hansı üslubda olmasının, rənginin, cizgi film qəhrəmanın öz məna və uşağınızın psixlogiyası üzərində təsirləri də əsas faktorlardan biridir. Bu o demək deyil ki, valideyn geyim seçimini tamamilə övladının öhdəliyinə buraxmalıdır. Xeyr! Sadəcə, geyim seçərkən əməkdaşlıqla hər iki tərəfin razılığı olmalıdır. Çünki valideyn seçilən geyimin hara geyinilməsini (bağça, məktəb, kurs, şənlik), fəslini (yaz, yay, payız, qış) nəzərə alır. Uşaqlar isə bu haqda heç düşünmürlər belə. Onları rənglər və üzərində olan şəkillər maraqlandırır. Rəng dedikdə, əsasən, 4 əsas rəng nəzərdə tutulur: qırmızı, sarı, yaşıl, mavi. Valideynlər geyim seçərkən övladlarının xarakterini, emosinal sferasını nəzərə alsalar, heç də uduzmazlar. Məsələn, hiperaktiv uşaqlar geyimlərində qırmızı rəngə meyl edirlər. Amma bu rənglər onları daha da aktivləşdirərək impulsiv edir. Onlar üçün mavi, sarı rəng xüsusən, uğurlu seçim olardı. Sarını uzun müddət seyr etdikdə, qan damarlarda daha nizamlı işləyərək sinir sistemini tənzimləyir və bu zaman zehn açılır və diqqət artır. Yaşıl rəngli geyimlər uşaqlarda özünə nəzarəti artırır. Narıncı rəngli geyimlər isə qapalı, ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar üçün idealdır. Bu rəng onlarda dialoq və analiz qabiliyyətini inkişaf etdirir. Yasəmən rəngli geyimlər isə fobiya və stress yaşayan uşaqlar üçün lap yerinə düşər. Valideynlər geyim seçərkən bu məsləhətləri nəzərə alsalar, övladlarındakı dəyişiklikləri qısa müddətdə müşahidə edəcəklər. Mümkün olsa, hətta otaqlarındakı əşya və divar kağızında da bu rənglərdən istifadə edə bilərlər.

Uşaqların geyimində sevdikləri və baxmaqdan doymadıqları cizgi film qəhrəmanlarını görmək istəmələri tez-tez rast gəlinən haldır. Əsasən, valideynlər şiddətlə əlaqələndirərək övladlarını bundan birbaşa məhrum edirlər. Amma nəzərə alınmalıdır ki, dövrümüzdə bütün cizgi filmlərdə şiddət var. Bu, uşaqların 20 il əvvəllə müqayisədə sürətli inkişafı ilə birbaşa bağlıdır. Keçmiş cizgi filmlər onlara maraqsız görünür. Təəssüflər olsun ki, bu, dövrümüzün tələblərindən biridir. Uşaqlar 11-12 yaşa qədər hər hansı cizgi film qəhrəmanına bənzəmək istəyir. Əslində bu, şəxsiyyətin inkişafı zamanı lazımlı prosesdir. Valideyn bu halda əsas cizgi film qəhrəmanının filmdə roluna - yəni mənfi və ya müsbət olmasına - diqqət etməlidir.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, siz övladlarınızı düzgün geyindirərək nəinki onların fiziki sağlamlığının, həmçinin, psixi sağlamlığının da keşiyində durursunuz. Hər bazarlıq əyləncədən əlavə, biz valideynlərin ən ciddi məşğuliyyəti olmalıdır.

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

Go Back

Uşaq rəsmləri bizə nə söyləyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?” ) ailəsinə münasibətini öyrənməyə çalışırıq.Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik.Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.

Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyl edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Öz güvən əksikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq (qurşaqdan aşağı çəkilmir)olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əksikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir.

Uşaq xətt şəklində ağız çəkərsə insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə bu ailədə uşağı danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısa saçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərar vermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə fərdi əsəbini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzularını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir.

Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışdan sadə və hər şeyə səthi yanaşan görünsələr də ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

Go Back

Uşağı döymək olarmı?

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insane sərbəst düşünə bilməli, hər vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:
• Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.
Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu döyülərək öyrənməsi onu utandırır və sarsıdır.
• Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
• Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.
• Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:
• Deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da yoxdur.
• Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa - üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu ana-ataya deyil, zülümkara yaraşır.

Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar:
• Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;
• Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq).

Yenə də, əsas qaydamızı təkrarlayaq:
Əlinizdən gəldiyi qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tədbiq etməməyə çalışın.

Sonda isə onu demək istəyirəm ki, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata birgə uşağın tərbiyəsinə ciddi fikir verməlidirlər. İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı xətər yetirmədən böyütmək mümkündür.

 

“NARINC” UŞAQ
PSİXOLOGİYA MƏRKƏZİ-nin
rəhbəri, Psixoloq
Narınc Rüstəmova

Go Back

Uşaqlarımız və din

Mücərrəd mövhum olduğu üçün uşağa Allah qavramının öyrədilməsi zamanı müəyyən çətinliklər yarana bilər. Hər ailənin dini yaşayışı müxtəlif olduğundan uşağın Allahı anlaması da fərqli olur. Dinin, insanların həyatında önəmli yeri var. Bu səbəbdən də böyüklərin yaşayış tərzi, dinə münasibəti evdə böyüyən uşaqlara da təsirini göstərir. Uşaqların dini fikir və hisləri də onların gündəlik həyatlarına, insanlarla münasibətinə nüfuz edir. Xüsusilə, məkəbəqədər dövrdə uşaqlar (xüsusi dini təhsil almasalar da) valideyn və nənə babalarının təsiri ilə müəyyən dini biliklərə yiyələnirlər. Məktəbəqədər dövrdə nənə-babanın təsiri çox böyük və danılmazdır.
Uşaqlara Allah qavramını öyrədərkən, müsbət şeylərdən bəhs etmək yaxşı nəticələrə gətirib çıxarar. Bəhs etdiyimiz müsbət maraq yaratma ailənin dini yaşayışı ilə sıx bağlıdır. Əgər ailədə təzyiq yaradan, doğru olmayan bir dini mühit varsa, uşaq dinə yaxınlaşır kimi görünsə də, müəyyən vaxtdan sonra onlarda müqavimət yarana bilər. Məsələn, bəzən ailələr intizam yaratmaq üçün uşaqlarda Allah qorxusu yaradırlar. Bu istiqamətdə “Allah səni daşa çevirər”, “Allah səni vurar” kimi ifadələrdən istifadə edirlər. Amma bu, həm intizam baxımından, həm də Allahı öyrənmə baxımından düzgün deyil. Yəni dini inancın bazası qorxu olarsa, gələcəkdə bu, uşaqların daha üsyankar olmasına gəirib çıxara bilər.
9-10 yaş yaşında uşaqlarda dini təsəvvürlər artıq tam formalaşır. Övladı olan hər bir ana bu yaşda uşağına “səncə Allah nəyə bənzəyir?” sualını verərək onun fikirlərini öyrənə bilər. Əgər Allahı ağsaqqallı, gülərüz bir insan kimi təsəvvür edirsə, - müsbət, əsəbi və sərt ifadəli kimi təsəvvür edirsə, - mənfi təsəvvürün formalaşdığı müəyyənləşir.
Allah, yaxud da inanc qavramının uşağa düzgün öyrədilməsi onun bəzi problemlərinin həllində də köməkçi ola bilər. Allah inancını güvən verici ailədə yaşayan və öyrənən uşaq bəzi sıxıntıları aradan qaldırarkən bu inancdan dəstək alırlar. Yəni güvənsizlik və ya yaşına uyğun qarşılaşdığı sosial problemlərin həlli zamanı Allaha inancı, dua etməsi ona mənəvi dəstək verir. Ancaq ana və atalar uşağa dua etməyi öyrədərkən Allahı hər diləyi qəbul edən kimi göstərməməlidirlər. Çünki bu, sonralar uşaqda müəyyən inamsızlıq formalaşdıra bilər. Onun yerinə “Sən sidq ürəkdən dua et, Allah sənin üçün nə xeyirlidirsə onu yerinə yetirəcək” demək daha yaxşıdır.
Aparılan statistik araşdırmalara görə, dua etmək imtahan zamanı uşaqları daha rahat və səmərəli edir. Daha sonrakı yaşlarda, xüsusən, yeniyetməlik çağında gənclər arasında son illərdə artan bir çox problemlər, o cümlədən – intiharın qarşısını almaq istiqamətində dini inanc çox təsirli ola bilər. Xüsusilə, İslam dinində intihar etmək günah olduğu üçün Allah anlamının uşaqlara düzgün anladılması mühüm və vacibdir.

Narınc Rüstəmova
Psixologiya və Konsultasiya
Mərkəzinin rəhbəri, psixoloq

Go Back

Uşağınızı çəkdiyi rəsmlər nə söyləyir

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən, yoxsa ananı?” ) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqda məlumat almaqda yardımçı olaq. Bunun üçün bir uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik. Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə (hansısa ailə üzvünü və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamə verməməliyik.
Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyl edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Özgüvən əskikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əskikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir.
Uşaq xətt şəklində ağız çəkərsə, insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə, bu ailədə uşağın danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısasaçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərarvermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə fərdi əsəbini idarə edə bilmir deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzılarını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir.
Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışda sadə və hər şeyə səthi yanaşan görünsələr də ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik.

Narınc Rüstəmova
Psixologiya və Konsultasiya
Mərkəzinin rəhbəri, psixoloq

Go Back

17 blog posts